reklam
USD
9 ℃
EUR
BAKI

Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafındakı rolu

MÜSAHİBƏ / 07.05.2019 23:42
Heydər Əliyev ideyalarının Azərbaycanın
meliorasiya və su təsərrüfatının uğurlu inkişafındakı rolu

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. «Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik» sözlərini tarixə yazmış Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmitədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi- texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial- iqtisadi həyatında yüksəlişə təkan vermişdir. Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan «Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında» (1970-ci il), «Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» (1975-ci il), «1976-1980-cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında» (1976-cı il) və «Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu. Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökümətinin müvafiq qərarları olmuşdur. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşınında bir vəzifə kimi qoydu. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır. 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda CaqarCibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir. Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi. 1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı. Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir. Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər Ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir. Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğının əyani sübutudur. 1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır. Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır. Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hekatr suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir. Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır. 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmamazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir. Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi. Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu öndər Heydər Əliyevin1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi. Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusi ilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur. Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativhüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır. Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi. Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı. Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu. Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır. Baş Mil-Muğan kollektorunun İstismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır. Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və SamurAbşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur. Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və SamurAbşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur. Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur. Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur. Azərbaycan son 15 il ərzində böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmirbərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, su və torpaq ehtiyatlarından istifadə edilməsi səmərəliliyinin yüksəldilməsi istiqamətində su təsərrüfatı obyektlərində mutəmadi olaraq təmir-bərpa və təmizləmə işləri aparılmışdır. Suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpa edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax- daş, faşın- qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülmüşdür. Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyətlərin nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər artmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmışdır. Eyni zamanda bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 km –dən artıq muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir- bərpa edilmişdir. Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər Birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işlərinə başlanılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, respublikanın 4 rayonunda Regional Dəstək Mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq Sudan İstifadəedənlər Birliklərinin balansına verilmişdir. Layihədə nəzərdə tutulduğundan 39,4 % artıq, yəni 119 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri həyata keçirilmişdir. Eyni zamanda respublikanın 8 rayonunda (Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik, Masallı və Yardımlı) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü 28 km-lik hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir. Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxln olan Taxtakörpü- Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir. 2013-cü ilin sonlarında istifadəyə verilmiş Taxtakörpü su anbarı 2017-ci il 15 iyun Qurtuluş günü ərəfəsində tam layihə həcmində su ilə doldurulmuş və tam gücü ilə işləməyə başlamışdır. Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliotrativ tədbirlər nəticəsində 20719 hektar (ondan 10970 hektar yeni suvarılan) sahə əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda "Şabran Aqropark"a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 15 noyabr 2014-cü ildə Möhtərəm Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmış, Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də "Şəmkir Aqropark"ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir. Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2- ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,5 km-lik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 19 avqust 2017-ci il tarixində Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir. Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır. Sabirabad rayonu ərazisində «H» kanalının 7,8 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci ilin 1 may tarixinə başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 4 min ha əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 ha yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 ha yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 ha sahəyə suvarma suyu çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 ha yeni suvarılacaq və 970 ha mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. 2017-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 102977 (ondan 71466 hektar yeni suvarılan) hektar sahədə torpaqlara suvarma suyu çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq Sərəncamlarının icrası olaraq Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 7551 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 8,6 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, dəmir-beton üzlüklü magistral kanalın 23,0 km qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6,0 km-lik hissəsi qurğularla birlikdə tikilmişdir. Eyni zamanda Sabirabad rayonunun 9319 ha və Biləsuvar rayonunun 1631 ha qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 km uzunluğunda dəmir-beton üzlüklü magistral kanalın, 6,1 km uzunluğunda basqılı boru kəmərinin, 14 km uzunluğunda açıq kollektorların və 3277 pm monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirlmişdir. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 ha yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 km uzunluğunda olan hissəsinin və 26,5 km uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanmışdır. Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlər başa çatdırılmışdır. 2017-ci ildə torpaq məcrada inşa olunmuş 54,2 km uzunluğunda Araz çayının yeni qolkanalının beton üzlüyə alınması işləri 2018-ci ildə tamamlanmış və əlavə olaraq 13145 ha (Saatlı-2500 ha, İmişli -9645 ha və Biləsuvar – 1000 ha) yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli (8357 ha) və Biləsuvar (8506 ha) rayonlarının 16863 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır. Neftçala rayonunun 12433 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Neftçala magistral kanalının layihə ilə nəzərdə tutulan qalan 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi tamamlanmışdır. 2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Goranboy, Samux, Şabran və Qax rayonlarında yaradılmış aqroparkların cəmi 7986 ha torpaq sahələrinə suvarma suyunun verilməsi üçün suvarma kanallarının və hidrotexniki qurğuların tikintisi işləri başa çatdırılmışdır. Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılmış və 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə «Ulu Aqro» MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilmişdir. Eyni zamanda Xəzər rayonunun Qoşaqışlaq kəndi ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 7 km uzunluğunda təzyiqli boru kəmərinin və 50 min kubmetrlik basqılı hovuzun beton işləri tamamlanmışdır. Xəzər və Pirallahı rayonlarında yerləşən 1227 ha torpaq sahələrinə Abşeron Magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektar torpaq sahəsinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər başa çatdırılmışdır. Abşeron magistral kanalının 14,8 km-ə yaxın hissəsinin yenidənqurulması işləri davam etdirilmişdir. Obyekt tərkibində Mehdiabad və Novxanı qəsəbələrinin 590 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədləri hazırlanmışdır. Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilmişdir. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Göyçay, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geolojiaxtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə- smeta sənədləri hazırlanmışdır. Kanalın yenidənqurulmasında əsas məqsəd gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır. Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km, suburaxma qabiliyyəti 180 m3 / san olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcəkdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri tamamlanmışdır. Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların və Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsəldi ilə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılmışdır. Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Lerik rayonunda işlər yekunlaşdırılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2018-ci il tarixində şəhərin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak etmişdir. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə daxil olan «Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi» layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi işləri aparılmışdır.Şimal çaylarında sugötürən qurğuların və nəqedici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında su götürücü qurğunun və nəqedici kanalın tikintisi tamamlamış, Samur- Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olmuşdur. 2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) hektar sahədə torpaqlara suvarma suyu çatdırılmışdır. Respublika üzrə 1392,0 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9100 milyon kubmetr su götürülmüş, su ayrıclarından 6500 milyon kubmetr su verilmiş və bitkilər 3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Bunun üçün suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 5900 hidrotexniki qurğu, 156 subartezian quyusu, 270 nasos və mühərrik təmir edilmişdir. Bununla yanaşı, çay məcralarında 17 milyon kubmetr həcmində məcratəmizləmə, 10 min kbm həcmində şax-daş, faşın və qabion bəndlərin quraşdırılması, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmində möhkəmləndirilmə, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir. 2019 -cu ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Cari ildə respublika üzrə 1392,0 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 300 ədəd subartezian quyusunun layihə- smeta sənədləri hazırlanaraq hazırda 71 ədədində qazma işləri başa çatdırılmış, 17 ədədində isə bu işlərə başlanılmıdır. Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisinin davam etdirilərək son 8,5 km-lik hissəsinin tikintisi tamamlanmaqla Goranboy rayonunun daha 6796 ha (ondan 5743 ha yeni suvarılacaq torpaqlardır) sahəyə suvarma suyu çatdırılacaqdır. Eyni zamnda kanalın üçüncü növbəsinin layihə sənədlərinin hazırlanması işləri tamamlanacaqdır. Şəmkir maşın kanalının keçən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış Kür çayı üzərindəki mövcud 1-cı və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos aqreqatının quraşdırılması və 7315 pm (d=3040 mm) basqılı boru kəmərinin tikintisi ilə suvarma qabiliyyəti artırılacaqdır. Bununla da Şəmkir, Samux və Goranboy rayonlarında mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Xəzər və Pirallahı rayonlarında zeytun və badam bağları salınacaq ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün tikinti işləri davam etdiriləcəkdir. Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcəkdir. Sabirabad və Salyan rayonlarında yerləşən az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin aparılması istiqamətində Sabirabad rayonunda işlər davam etdirilir, Salyan rayonunun 12589 ha qış otlaq sahəsində isə kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. 2019-cu ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır. Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulmuş iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahələrinin suvarma syu ilə təmin edilməsi üçün layihə- smeta sənədləri hazırlanmaqla meliorativ tədbirlərin aparılmasına başlanılmış, Qobustan və Biləsuvar rayonlarında 2088 hektar sahədə yaradılacaq aqqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə- smeta sənədləri hazırlanır. Araz çayının yeni qol kanalından Saatlı, İmişli və Biləsuvar rayonları ərazisində 13145 ha sahəyə suvarma suyunun paylanması üçün paylayıcı kanalların, Ağcabədi rayonunun 3800 ha-a yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazqnmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər. 

Əhməd Əhmədzadə,
 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sədri


Oxunub: 721






SON XƏBƏRLƏR

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image

2024-03-13

23:37 Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim