BİR QƏRİNƏ, İKİ İL
CANLI TV / 19.01.2025 21:40
BİR QƏRİNƏ, İKİ İL
Həyat hər kəsi müxtəlif cür sınayır. Gah iti, gah da ləng addımlarla keçilən kələ-kötür yollarda qarşılaşdığı çətinliklər bəşər övladı üçün bir zərrə sevincin və ya kədərin təzahürüdür. Ruh halının fərqli notlarında zaman, məkan anlayışını unutdurub hərdən şükürü, hərdən də üsyanı zikr etdirən hadisələr insanlığın ən böyük yaşam təcrübəsinə çevrilir. Əslində həyat və insanların gerçək üzü məhz hadisələrlə aşkara çıxır. Bəlkə ona görə ömür boyu bitməyən yolun hər qarışında irili, xırdalı qığılcımlar gizlidir?
Bizim kiçik sayıb əhəmiyyət vermədiyimiz közərtilər belə nəzərdən yayınıb alova çevriləndə isə yalnız bir evin deyil, elin, yurdun, xalqın başına od ələnir. Yaşı ilk yaranışa bərabər bəşər tarixinin hər səhifəsi belə qığılcımların yol açdığı hadisələrlə doludur. Adına faciə, fəlakət dediyimiz hadisələr hər dövrdə cəmiyyətləri kölgə kimi izləyərək millətin taleyində dərin yaralar açıb. Yolu əzablardan keçən millətlərin qəhrəmanlıq tarixi də bax beləcə yaranıb.
Xalqı üçün heç bir fədakarlıqdan çəkinməyən vətən balalarının yazdığı tarixə sahib olan hər millətin qan yaddaşına köçürülən ömür payı qəhrəmanlıq zirvəsinin silinməyən imzasıdır. Əziz oxucu, yəqin mənimlə razılaşarsan ki, hər dövrdə bəlalara düçar edilib qəhrəmanlıq tarixini qanla yazan millətlər sırasında Odlar yurdunun da öz imzası var. Əsrlərdən bəri aldığı yaralar qəlbinin ən dərin guşəsində qövr edib. Yaşadığı sarsıntılardan sonra özünü toplayıb ayaq üstə qalxmağı zaman alsa da nə əzmini, nə də mətanətini itirməyib. Elə bu cəhəti ömür boyu onu sevməyənlərə göz dağı olub.
Od diyarının bağrında çatılan ocaqlar tarixin hər dövrünə işıq tutur. Dəyərli könül dostum, əslində bayaqdan bədii təsvirlərlə təqdim etdiyim duyğuların nüvəsində iki rəqəmli bir tarix dayanır. O gün yaşanan dəhşət nə dünyaya, nə də insanlığa sığırdı. Zənnimcə bundan 35 il əvvəli xatırlatmaq fikrimin ən mükəmməl izahı olar. 1990-cı ilin ilk ayında törədilən cinayətlər yüzlərlə günahsızın həyatını məhv etdi. Ananı bala, övladı valideyin itkisi ilə sınağa çəkən tarix xalqın yaddaşına qan donduran mənzərələrlə həkk oldu. Soyuq yanvar gecəsində hər kəsin taleyinə həyatla ölüm arasında çəkilmiş incə bir cizgi hakim idi.
İllərdən bəri səksəkələr içində boğulan əhalinin varlığı yaşanan vəhşət qarşısında sanki daş kəsilirdi. Şahidlərin zehninə ilmə-ilmə işlənən hadisələr mənim də uşaq xəyalımın ən qorxulu nağılına çevrilmişdi. Həmin gecə tarix səhnəsindən boylanan təsvirlərin hər rəngi qaraya məhkum idi. Ətrafı qorxu saçan nəzərlərlə izləyib anlamağa çalışdığım hadisənin məna yükü bütün ölçü vahidlərini üstələyirdi. Nə yeriməyə, nə dayamağa macal tapmayan adamların axını dünyanı öz ağuşuna almışdı. Adına insan deyənlərin insanlığa qarşı vəhşiliyi yer planetini orbitindən çıxarıb məhv etsə heç kimin cınqırı da çıxmazdı. Uşaq ağılımla vəziyyəti təhlil edəndə suallar zəncirinin halqaları sıxlaşıb boğazıma iz salırdı. Yaşım artdıqca fikrimin duman pərdəsi yerini aydınlığa ötürdü və dünyada əsl susqunların danışmağa sözü çox adamlar olduğunu öyrəndim.
Od-alov saçan səs-küydən qulaq tutulan gecənin mənim körpə zehnimin tozlu rəflərinə ölüm səssizliyi ilə həbs olacağı heç ağılıma gəlməzdi. İllər keçdikcə həm o tarixi, həm də hadisənin əsl mahiyyətini anlayıb dərin qatları və səbəbləri təhlil etdikcə ölkəmizə qarşı xüsusi amansızlıqla hazırlanmış cinayət planının nə o günün, nə də yaxın keçmişin deyil, əsrlərə dayanan kinin təzahürü olduğunu anladım. Başı bəlalı milləti yer üzündən silmək istəyənlər öz niyyətlərini sərhəd tanımadan yerinə yetirib cəmi bir neçə saatda misli görünməyən fəlakətin dırnaqarası qəhrəmanlarına çevrildilər.
Gecəni səhərə bağlayan xananın ərişi nazildikcə ilmələrin sayı seyrəlir, naxışların rəngi isə avazıyırdı. Bitmək bilməyən saatlardan sonra dan ulduzunun parıltısı zülmün ocağına su səpmiş, günahsızları qətl edən yarasalar da öz zülmətlərinə həbs olmuşdular. Açılan hər yeni səhər əzabların ən ağırı ilə sınanan vətənimin yaralarına məlhəm çiləmək üçün yerə-göyə yalvarırdı. Göz yaşlarının sel olub Xəzərə töküldüyü günlərdə şəhərin bütün yolları, küçələr, səkilər qərənfilə qərq olmuş, eyvanlara qaralar asılmışdı.
İyirmi yanvar faciəsindən sonra şəhid çiçəyinə çevrilən qərənfilin kövrək çiyninə ayrılıq dərdi yükləndi. Doğmalarının soyuq üzünü görmək istəyən insanlar axsaq bir ümüdün ətəyindən tutub hər çarəyə əl atırdılar. Ürək parçalayan talelərin sayı bir gecədə bəyaza boyanan tellər qədər idi. Ölkədə hər kəs səfərbər olub bu çarəsizliyi azaltmaq üçün çırpınırdılar. Küləklər şəhərinin ən uca guşəsi vətən balalarının son mənzili oldu.
Şəhidlər xiyabanını ziyarət edənlərin ardı-arası kəsilmirdi. Ötən əsrin son onilliyi xalqın qəhrəmanlıq tarixində qürurdan bir abidə ucaltdı. O illərdə düçar olduğumuz hadisələr burulğanı daha neçə günahsızın nəfəsini kəsəcəkdi. Çox keçmədən Qarabağ alovlara büründü. Hər gün şəhid, yaralı xəbərləri gəlir, doğma yurdlarından didərgin salınan insanlar qaçqın damğası yeyib digər bölgələrə pənah aparırdılar. İtirilən ərazilərin sayı gün keçdikcə artırdı.
Gücü tükənən insanların inamı sarsılmırdı. Millətin başına gələn bəlaların əsl səbəbi də bu inam və iradədə gizli idi. İnsanların "bəsdir fəraq odlarından kül ələndi başımıza!” şüarı zülmün buz tutmuş zindanında səsləndikcə zalımların hökmü sarsılırdı. Ötən əsrin son qərinəsində yaşanan haqsızlıqlara 44 günlük haqq savaşında qazanılan qələbə ən gözəl cavab oldu.
Vətən dərdi ilə böyüyən oğullar ataların qisasını alıb narahat ruhları hüzura qovuşdurmuşdular. Odlar yurdu əsir torpaqlarına qovuşmuşdu. Nakam taleli insanların üzü az da olsa gülürdü. Ancaq sayılan məqamlar belə yaşanan fəlakətləri unutdurmağa qadir deyildi. Çünki, biz haqq savaşında qazanılan zəfəri, havasını udub suyunu içdiyimiz vətənin hər qarış torpağını qanı ilə suvaran igidlərə borcluyuq.
Əgər sayılan və sayılmayan mübarizələr olmasa qələbəyə aparan cığırlar açılmazdı. Hər faciədə torpağa bir uğurun toxumu səpildi. Nə az, nə çox bir qərinə iki il əvvəl çiynimizə yüklənən mənəviyyat borcu da millət var olduqca unudulmayacaq.
Əziz oxucu, iyirmi yanvar faciəsinə həsr etdiyim yazı mənim könül dünyamda baş qaldıran təlatümlərin ifadəsidir. Qələmə aldığım fikirlərin dərin qatlarına insanların başına gələn fəlakətlər hopub. Oxuyub qiymət vermək ixtiyarı isə yalnız sənə məxsusdur. Mənə isə yazını təqdim edib, minnətdarlıq bildirmək və gözünün nurunu halal et demək düşər.
Rəfiqə RAFİQQIZI
2025-01-19
22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib
21:40 BİR QƏRİNƏ, İKİ İL
14:07 Qərənfil
13:51 20 Yanvar faciəsi
13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri
13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...
13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma
13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib
13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA
12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər
12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim