reklam
USD
8 ℃
EUR
BAKI

“Azerspace-1” peykindən 72 milyon dollar gəlir əldə olunub

XƏBƏR / 07.02.2018 13:20

Son illər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənaye davamlı inkişaf yolundadır. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” sayəsində 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın 8-i) Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycanda hazırkı yerüstü rabitə infrastrukturuna alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür. "Azərkosmos” ASC-dən  carci.tv-ə bildirilib ki, "Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Respublikanın televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırır. Hazırda Naxçıvan Muxtar Respublikası ilə fasiləsiz peyk rabitəsi "Azerspace-1” vasitəsilə təhlükəsiz və etibarlı şəkildə təmin edilir. Ölkədə geniş şaxələnmiş şəbəkəyə malik bir sıra dövlət qurumları arasında peyk rabitəsi "Azerspace-1” üzərindən təmin edilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti "Azerspace-1” vasitəsilə təmin edilir.

"Azerspace-1” peykinin texniki layihəsi hazırlanarkən Azərbaycanın coğrafi mövqeyi və digər texniki xüsusiyyətlər nəzərə alınıb, habelə peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. Bunun nəticəsi olaraq, "Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bundan əlavə, "Azerspace-1” peyki respublika əhəmiyyətli kanallarla yanaşı, Dünya TV, ARB TV, ARB:24, ARB Ulduz və ARB Günəş kimi region kanalları üçün dünya yayımına çıxış imkanı yaradıb.

Azərbaycanda peyk xidmətləri bazarında lider olan "Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. "Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var. "Azerspace-1” peyki teleradio yayımı sahəsində qonşu Gürcüstan bazarında lider mövqeyə və Türkiyədə özünəməxsus bazar payına sahibdir. Peyk Mərkəzi Asiyada müştərilərinin sayını artırmağa başlayıb. Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir. Hazırda Reuters, MTV, National Geographic kimi media nəhəngləri və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı dövlət mobil operatoru olan "Etisalat” şirkəti ilə əməkdaşlıq edilir.

"Azərkosmos” operatoru olduğu "Azerspace-1” peyki vasitəsilə "Bakı-2015” birinci Avropa Oyunlarının, ötən ilin ən böyük idman hadisələrindən olan "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin, "2017 Formula-1 Azərbaycan Qran Prisi” yarışlarının görüntülərinin beynəlxalq yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı funksiyasını həyata keçirib. Bunun nəticəsi olaraq "Azerspace-1” peyki "İSB” və "Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilib. Beləliklə, "Azərkosmos” "Azerspace-1” peyki vasitəsilə oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyonlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb. Həmçinin "Azerspace-1” peykinin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin – Gürcüstanda yüngül atletika üzrə Avropa çempionatı, Qırğızıstanda Dünya Köçəri Oyunları, Türkiyədə parlament seçkiləri və digər tədbirlərin yayımlanmasında istifadə olunub.

"Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib.

İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda "Azerspace-1” peyki ilə yanaşı, "Azersky” – Yer səthinin məsafədən müşahidəsi və "Azerspace-2” – telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. "Azərkosmos” ASC tərəfindən həyata keçirilən bu layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət edib və milli iqtisadiyyata birbaşa və dolayı faydalar verib.

2014-cü ilin dekabrında Fransanın "Airbus DS” şirkəti və "Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky” "Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da, "Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

"Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Bu gün "Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində "Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. "Azerspace-1” peyki ilə yanaşı, "Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Belə ki, 2015-ci ildən etibarən "Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da "Azersky” peykinin imkanları tətbiq edilib. 2015-ci ildə Xəzər dənizində "Günəşli” yatağında baş vermiş qəza nəticəsində neft çirklənmələri barədə xarici mətbuatda yayılan xəbərlərin əsassız olması operativ qaydada sübuta yetirilib.

Artıq iki ildir ki, "Azərkosmos” tərəfindən həyata keçirilən "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsi çərçivəsində elmi-tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumları təmsil edən tədqiqatçılara coğrafiya, dendrologiya, botanika, zoologiya, torpaqşünaslıq və aqrokimya kimi ən geniş sahələri əhatə edən innovativ elmi layihələrin həyata keçirilməsi məqsədilə "Azersky” peykindən əldə edilmiş təsvirlər təmənnasız olaraq təqdim olunur.

Yerin məsafədən müşahidəsi bazarında Azərbaycanın mövcudluğu və bu sahədə qurulan beynəlxalq əməkdaşlıq sayəsində xarici ölkələrin digər yüksək, çox yüksək və radar peyk təsvirlərinə də daha asan və sərfəli şərtlərdə çıxış imkanları əldə olunub. Bu imkanlardan istifadənin texniki cəhətdən də mümkünlüyünü təmin etmək məqsədilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması üçün ölkədə Universal Yerüstü Stansiya istismara verilib.

Azərbaycanın kosmik peyk layihələrinin daha bir faydası da insan kapitalının inkişafına gətirdiyi töhfə ilə əlaqədardır. Hazırda bütün peyklərin idarə edilməsi Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu isə peyk xidmətlərinin etibarlığının və təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, ölkədə yeni, texnoloji iş yerlərinin açılması, ölkədə və xaricdə təhsil almış yüksək potensiallı gənclərin işlə təmin edilməsi, onlara özünü reallaşdırma imkanının verilməsi və ölkədən "beyin axını”nın qarşısının alınması deməkdir. Bununla yanaşı, peyk layihələri yüksək texnologiyaların ölkəyə transferi, eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə xidmət etməkdədir. "Azərkosmos” ASC toplanmış bu təcrübəni bölüşmək və gələcəkdə Azərbaycanda kosmik cihazların hazırlanması üzrə bilik və vərdişlərin gənclər arasında formalaşdırılması məqsədilə bu ildən Təhsil Nazirliyi ilə birlikdə tələbələr arasında "Cansat Azərbaycan” model peyk müsabiqəsinə start verib. Bu layihənin Azərbaycanda keçirilməsində əsas məqsəd ölkədə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır. Cari ildən etibarən start verilən "Cansat Azərbaycan” müsabiqəsi çərçivəsində ölkənin artıq 11 universitetindən 31 komanda qeydiyyatdan keçib.

Kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə "Azərkosmos” ASC-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi qurulub. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

Bu ildən etibarən "Azərkosmos” ASC ölkədən kənarda da beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə beynəlxalq əməkdaşlıq aparmağa başlayıb. Kosmik layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın, xüsusilə də ixracın genişləndirilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun artmasına xidmət edir. "Azərkosmos” ASC-nin nümayəndə heyəti 2017-ci il 23-24 noyabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin ikinci iclasında fəal iştirak edib. Eyni zamanda, 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu "Smart Africa” Təşəbbüsünün rəhbərliyi layihələrində peyk texnologiyalarının tətbiqi istiqamətində "Azərkosmos” ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bunlarla yanaşı, Azərbaycan özünə məxsus peyk resurslarını regional və qlobal problemlərin həlli üçün digər ölkələrə təqdim etmək və eyni məqsədlər üçün digər ölkələrin peyk resurslarından istifadə etmək və beləcə dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafına töhfə verə bilmək imkanlarına malikdir. Misal üçün, ötən il qonşu Gürcüstan ərazisində baş vermiş meşə yanğınları zamanı təbii fəlakət ərazisinin "Azersky” peykindən çəkilmiş təsvirləri operativ qaydada qonşu dövlətin müvafiq qurumlarına təqdim edib və dəymiş ziyanın qiymətləndirilməsi üzrə təhlillər vasitəsilə yardım edilib.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra – 2018-ci ilin birinci yarısında "Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki – "Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. "Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan "Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. İkinci telekommunikasiya peykinin mövcudluğu irihəcmli tenderlərdə iştirak edərək irihəcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbi ilə miqyas effektindən istifadə edilməsi və nəticədə "Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün imkanlar yaradır.

Oxunub: 429






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim