reklam
USD
12 ℃
EUR
BAKI

Xalqın qəti qərarı İlham Əliyevdir

MÜSAHİBƏ / 17.04.2018 15:40

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli

- İsa müəllim, məlum olduğu kimi aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Sizcə, ölkəmiz bu seçkilərlə hansı uğurlarla gedir?

- Müstəqil Azərbaycan dövləti özünün yeni tarixinin məsuliyyətli və şərəfli bir dövrünü yaşayır. Varlığını Dünya Birliyində isbat etmiş müstəqil dövlətimiz mühüm siyasi-ideoloji və iqtisadi-mədəni təməllər üzərində inkişaf edərək yeni hədəflərə doğru sürətlə addımlayır. Artıq hərtərəfli şəkildə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik olan əhəmiyyətli bir ölkə olaraq qəbul olunur. İndi nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da əsas tarazlıq nöqtələrindən biridir. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və səmərəli şəkildə fəaliyyət göstərməyin ən müasir modelidir.

Müstəqil Azərbaycan qısa müddətdə inkişaf etməkdə olan ölkələrin cərgəsindən inkişaf etmiş dövlətlərin sıralarına doğru inamla irəliləməkdədir. Bütün bu mühüm tarixi nailiyyətlərin əldə olunmasının əsas şərtlərindən biri ölkəmizdə siyasi varisliyin təmin olunması, ardıcıl və sistemli dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədardır. Demokratiya pərdəsi altında əslində böyük güclərin maraqlarına xidmət edən mənasız siyasi eksperimentlərin həyata keçirilməsinin yaxın və uzaq ölkələrdə yaratdığı acınacaqlı vəziyyət, dərin böhran və münaqişələr müstəqil dövlətçiliyin Azərbaycan modelinin danılmaz reallıqlarını bir daha diqqət mərkəzinə çəkir. Bu böyük və sürətli inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə formalaşdırdığı möhkəm dövlətçilik təməlləri mühüm yer tutur. Müstəqil dövlətçiliyin Heydər Əliyev təlimi Azərbaycan Respublikasının böyük inkişafının sınaqlardan çıxmış strategiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, ən əsası isə davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.

-Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. Partiyamızın namizədinin seçkilərdə şansını necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir. O, mövcud siyasi reallıqları inkişafda olan qlobal ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Ona görə də siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da həmişə nikbin və realist görünür və daim irəliyə baxır.

Ölkəmizin başçısı İlham Əliyev miqyasına görkəmli bir dövlət xadimi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimizcə, yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını da çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialını nümayiş etdirən bir siyasətçi kimi dərk olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik qəbul olunmuş siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.

Dövlət rəhbərimiz böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir. Möhtərəm Prezidentin müxtəlif məqamlardakı parlaq nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı sərrast aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən hələ cavan yaşlarında ikən bacarıqla gəldiyini isbat etmişdir.

-Prezident İlham Əliyevin siyasəti həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir...

-XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimi İlham Əliyev möhkəm siyasi iradəyə və hərtərəfli yüksək hazırlığa malikdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyrinədir. Çünki lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvi tərkib hissəsinə çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır və inkişaf edir. Prezident İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə başçımızın qəti siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti daim inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik düşünülmüş məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir.

-Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə əsl, həqiqi, geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik əsl dövlət xadimini görür və yüksək dəyərləndirir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə əsl, həqiqi, geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik əsl dövlət xadimini görür və yüksək dəyərləndirir.

Müasir tarixi mərhələnin meydana çıxardığı mühüm siyasi-ictimai gerçəkliklərin iqtisadi-hərbi proseslərin, ideoloji-etnik problemlərin mövcud siyasi kursun işığında yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada İlham Əliyev daim inkişafda olan müstəqil Azərbaycan dövlətçiliyi təlimini yeni tarixi epoxada qətiyyətlə irəli aparan qüdrətli liderdir.

Məhz bütün bunlara görə O, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanan Prezident İlham Əliyev məqamına çatmağı bacarmışdır.

Müstəqillik illərində Azərbaycanda ölkə maraqlarına uyğun məqsədyönlü humanitar siyasət geniş şəkildə həyata keçirilmişdir. Buna görədir ki, ölkəmizdə milli maraqlarla dövlətçilik mənafeləri bir-birini tamamlayır və daha da möhkəmləndirir. Milli-mənəvi dəyərlər, azərbaycançılıq idealı hər bir ölkə vətəndaşı üçün ali meyarlardır. Azərbaycançılıq - milli mədəniyyət və ədəbiyyatın başlıca mahiyyəti və əsas inkişaf istiqamətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm siyasəti Azərbaycan elmini və milli ziyalılığın inkişafında yeni bir tarixi mərhələnin formalaşması ilə nəticələnmişdir. Elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən yüksək qayğı bu istiqamətlərdə yeni inkişafa stimul vermişdir. Prezident İlham Əliyevin apardığı uğurlu elm siyasəti bütün sahələrdə, xüsusən də humanitar sahədə yeni vətənpərvər nəsilləri meydana çıxarmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş "Elm haqqında” Azərbaycan respublikasının Qanunu ölkə elminin cəmiyyət həyatı, istehsal prosesləri və sahibkarlıq mühiti ilə üzvi əlaqədə inkişaf etdirilməsinə geniş meydan açmışdır.

Müstəqil Azərbaycan Respublikası ölkəmizin çoxəsrlik tarixində bütün sahələr üzrə ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Azərbaycanın yeni tarixi mərhələdəki hərtərəfli və sürətli inkişafı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.

İlham Əliyev - yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.

İlham Əliyev - yeni siyasi təfəkkürə və yaradıcı yanaşmalara malik novator dövlət xadimidir.

Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.

İlham Əliyev - yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.

Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə İlham Əliyev kimi geniş formatda, böyük masştabda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır.

Hazırda Azərbaycanın yaxından iştirakı, maraqları təmin olunmadan, nəzərə alınmadan regionda heç bir problemin həllindən danışmaq olmaz. Dünyada belə yüksək nüfuzu ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.

Bütün bunlara görə ölkənin rəhbərini seçmək üçün Azərbaycan xalqının yenidən düşünüb-daşınmasına xüsusi bir ehtiyac yoxdur. Xalqımız Prezident seçkisi üçün artıq özünün qəti seçimini etmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayında çoxmilyonlu həmkarlar təşkilatı üzvlərinin adından Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilmək üçün yekdilliklə namizəd göstərilməsi dövlət başçımıza olan ümumxalq etimadının real təntənəsidir. Yeni Azərbaycan Partiyasının Qurultayında da siyasi cəbhədəki həmfikirlərimiz özlərinin vahid namizədlərini irəli sürmüşlər: İlham Əliyev! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da ölkə Prezidentliyində İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər.

Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir.

Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev!

Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. İndiki müdrik seçimin ən böyük nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və yüksək xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edən, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır.



Oxunub: 320






SON XƏBƏRLƏR

2024-03-28

23:10 Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur

Product image

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim