Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır
MÜSAHİBƏ / 17.04.2018 15:04
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva
- Nurlana xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Müasir müstəqil Azərbaycan seçkilərə hansı reallıqlar fonunda gedir?
- Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilmiş VI qurultayı milli dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Azərbaycanın müstəqillik dönəmində böyük yeri və rolu olmuş, hüquqi dövlət quruculuğu proseslərinə, ölkəmizin demokratik inkişafına mühüm töhfələr vermiş bu partiya 11 aprel prezident seçkiləri ərəfəsində elan etdiyi mühüm qərarı ilə hər zamankı kimi yenə də ümumən Azərbaycan xalqının istək və arzularının tərcümanına çevrildi. Azərbaycan Respublikasının prezidentliyinə xalqımızın tarix boyu yetişdirdiyi ən uğurlu liderlərdən olan cənab İlham Əliyevin namizədliyini irəli sürməklə Vətənin gələcəyini növbəti 7 il müddətinə də əmin əllərə etibar etdi.
Bununla Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin bir zamanlar dilə gətirdiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” inamı bir daha özünü doğrultdu. Ulu öndərin bu inamında Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən qədəm basdığı çətin və şərəfli müstəqillik yolu, qarşıya qoyulmuş böyük milli hədəflər görünürdü. Heydər Əliyev ideyaları işığında təşəkkül tapmış Yeni Azərbaycan Partiyası çətin sınaqlarla dolu dünənimizdə tutduğu düzgün yolla, bu qurumda bir araya gəlmiş vətənpərvər, yüksək dövlətçilik təfəkkürünə malik insanların doğru qərarları ilə cəmiyyəti aydınlığa çıxardı. Dünyanın böyük azərbaycanlısı Heydər Əliyevin müəllifliyi ilə yaradılan, müstəqillik tariximizə mühüm töhfələri ilə seçilən partiyamız özü də bu tarixin şərəfli parçasına çevrildi.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ən qüdrətli çağlarını yaşayan müstəqil Azərbaycan dövlətinin bugünkü yüksəlişində də Yeni Azərbaycan Partiyasının möhtəşəm imzası var. Bu yüksəliş, tərəqqi Heydər Əliyev partiyasının gələcəyə baxışından, cəmiyyətə təlqin etdiyi dəyərlərdən, ən mühümü isə, ona rəhbərlik edən Liderin şəxsiyyətindən, mənəvi keyfiyyətlərindən başlanır. Yeni Azərbaycan Partiyası ona görə dünənin, bu günün və gələcəyin partiyasıdır ki, bu partiyanın liderləri Vətənin dünənini tarixiləşdirən, bu gününə rifah, tərəqqi gətirən və gələcəyini aydınlaşdıran şəxsiyyətlərdir.
Partiyanın VI qurultayında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycanın güclü Liderin ardınca xoşbəxt gələcəyə doğru tutduğu yolun ardıcıllığını, milli dövlətçilik tariximizin davamlılığını, müstəqilliyimizin əbədiliyini təmin etdi.
- Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2018-ci illər tərəqqi və sabitlik dövrü kimi xarakterizə olunur. Ötən müddət ərzində Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?
- 2003-cü ildən bəri yaşadığımız tarixin uğur və inkişaf reallıqları, dövlətimizin başçısının rəhbərliyi ilə dəyişən, yeniləşən Azərbaycanın hər bir nailiyyəti "niyə məhz İlham Əliyev?” sualına dolğun cavabdır. Bu mənada, bir sıra nüanslara toxunmaq məqsədəmüvafiqdir.
Əvvəla, prezident seçkilərinə namizədin müəyyənləşdirilməsi və ona dəstək verilməsi kimi mühüm qərar anında insanların gözü ən güclü lideri axtarır. Cəmiyyət onun meyarlarına uyğun şəxsiyyət ətrafında bir araya gəlib siyasi hazırlıq səviyyəsini, uzaqgörənliyini, təkcə milli məkan hüdudlarına deyil, ümumilikdə dünyaya sülh və rifah arzusunu bir lider kimi onun mənəvi keyfiyyətlərində ifadə edir.
Etiraf edək ki, bu gün bütün dünyada, sanki, bir lider böhranı yaşanmaqdadır. Əsrlər boyu böyük liderlərin, parlaq şəxsiyətlərin zəka gücü ilə qüdrətli dövlətlər, örnək olası cəmiyyətlər qurmuş toplumlar artıq, elə bil, lidersiz idarəetmə eksperimentlərinə başlayıblar. Bunun acı nəticələri isə dünyanın üzləşdiyi gözlənilməz durumlar, Yer üzərində getdikcə artan gərginliklərdir. Ölkələr, xalqlar arasındakı qarşıdurmaların, böhranların tez-tez qabarıb çəkilməsidir. Sadə insanların əsl liderlik keyfiyətlərindən məhrum təsadüfi kəslərin düşüncəsiz qərarlarından yaşadıqları əzab-əziyyətlər, dünyamızda meyarların dəyişməsi, getikcə dəyərdən düşməsidir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik ölkələrdə liderlik keyfiyyətlərindən məhrum hər cür təsadüfi insanların müxtəlif populist şüurlarla, qeyri-adekvat davranışlarla önə çıxıb müəyən müddət dövlətə rəhbərlik etməsi, ola bilər ki, o cəmiyyətlər üçün hələlik ciddi problem doğurmur. Çünki uzun illərboyu bu cəmiyyətlərdə qurulmuş sistem, özü-özünü tənzimləyən idarəetmə mexanizmi hər cür böhran vəziyətlərini yoluna qoymaq gücündədir. Amma zaman keçdikdə belə təsadüfi seçimlərin bu cəmiyyətlərə, ümumilikdə bəşəriyyətə hansı fəlakətləri yaşadacaqlarını kimsə təxmin edə bilməz. Ən azı, ötən əsrin tarixi salnaməsində öz qeyri-normal təfəkkürləri ilə dünyanı faşizm kabusuna qədər gətirib çıxarmış, səbəb olduqları II Dünya müharibəsi kimi dəhşətlərlə milyonlarla insanın ölümünə səbəb olmuş təsadüfi kəslərin nümunəsi var. Ona görə də şəxsiyətin, liderin cəmiyyət həyatındakı rolu barədə bütün elmi polemikalara, fərqli mövqelərə rəğmən, bu, inkaredilməz həqiqətdir ki, heç bir cəmiyyət tarixin heç bir dönəmində əsl şəxsiyət keyfiyyətlərinə malik lideri olmadan yaşaya bilməz. Qarşıya qoyduğu inkişaf hədəflərinə nail ola bilməz.
Dünyada lider böhranın müşahidə edildiyi müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl liderlik xüsusiyyətlərini öz şəxsində qoruyan, bu xüsusiyyətləri xalqımıza xas yüksək mənəvi-əxlaqi normalarla uzlaşdıran və bütün dünyada nümunə yaradan, çox az sayda tanınan parlaq siyasət adamlarındandır.
Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.
Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portetində tapa bilir.
- Bu gün əminliklə söyləmək olar ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət cəmiyyət üzvlərinin arzularının ifadəçisi olmaqla yanaşı, xalqımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Bu barədə nə düşünürsünüz?
-Cənab İlham Əliyev xalqmızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin davamçısıdır. Müstəqil Azərbaycan dövlətini qurub-yaratmış böyük tarixi şəxsiyyətin arzularını reallığa çevirərərk bu dövləti zamanın böyük inkişaf reallıqlarına yetirmiş varisdir. Azərbaycanla bağlı yarımçıq arzularını, başa çatmamaış planlarını, bu dövlət timsalında həyatının ən dəyərli mənəvi mirasını böyük inam və ümid hissi ilə Ona etibar etmiş Ümummilli liderin bu inamını xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə doğruldan şəxsiyyətdir. Dövlətə rəhbərlik missiyasına "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" bəyanatı ilə başlayan cənab İlham Əliyev bu illərdə ölkə başçısı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Xalq qarşısında vədlərinə əməl etdi. Bu illəri Azərbaycanın sürətli inkişaf mərhələsinə çevirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir nailiyyət Ulu öndər Heydər Əliyevin zəkasının təcəssümüdür, Onun milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ilə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolunda yeni bir mərhələ yaratdı. Ölkədə demokratikləşmə prosesləri geniş vüsət aldı. Cəmiyyətdə milli vəhdət daha da möhkəmləndi. Ölkəmizin qlobal proseslərə inteqrasiyası daha intensiv xarakter aldı. Azərbaycanın iqtisadi yüksəlişi üçün mühüm sosial-siyasi baza yarandı. Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələrə səbəb oldu, səmərəli islahatlar ardıcıl xarakter daşıdı.
Cənab İlham Əliyevin 2003-cü ildən bəri Azərbaycana rəhbərlik etdiyi dövr milli dövlətçilik tariximizdə böyük bir intibah mərhələsinin başlanğıcıdır. Bu illər ərzində uğurla həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının 3 dəfədən çox artımına şərait yaradıb. Azərbaycan dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına malik olan ölkə kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini – inkişafın Azərbaycan modelini təqdim etməyə müvəffəq olub.
Müstəqil dövlətimizin iqtisadi potensialının əsaslı şəkildə yüksəlməsi, maliyyə imkanlarının tarixi maksimuma çatdırılması, Azərbaycanın bölgədə əsas söz sahibinə çevrilməsi müasir tariximizin mühüm reallıqlarıdır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyevin möhkən siyasi iradəsi və prinsipiallığı ilə möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasını təmin etməsi ilə Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələri yazıldı. Ölkəmiz indi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycan beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Zamanın uzaq çağlarında karvanların əhatə addımları ilə tarixə nizam verən qədim İpək Yolu yenə Azərbaycandan keçir. Dünyanın müxtəlif səmtlərində ayrılan, kəsişən, çarpazlaşan yollar, ziddiyyətli geopolitik maraqlar Azərbaycanda birləşib öz axarında gələcəyə doğru davam edir. Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir. Azərbaycanın regional siyasətdə və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti getdikcə genişlənir. Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, Onun rəhbərliyinə etibar edir. Zəngin sərhədlərə malik bu ölkədə böyük perspektivlər görür. Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri, mütərəqqi ideyaları ilə müasir çağda təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə böyük faydalar gətirən Prezident İlham Əliyev beynəlxalq miqyasda sözünün böyük çəkisi olan Liderdir. Azərbaycanın milli maraqları ilə bağlı dünyada cərəyan edən proseslərə dair Onun Öz baxışları var. Heç bir amil Azərbaycan Respublikasının Prezidentini Öz qətiyyətli mövqeyindən çəkindirmək gücündə deyil. Bütün dünyada Onun rəyi ilə hesablaşırlar. Çünki cənab İlham Əliyev yürütdüyü siyasətlə, mürəkkəb qlobal proseslərdə tutduğu düzgün mövqe ilə, ən əsası isə, Azərbaycana qazandırdığı sarsılmaz güc ilə bu münasibətə layiq olub. Azərbaycanın regionda, ümumiyyətlə, dünyada söz sahibi olması, mövqeyinin qəbul edilməsi, zərgər dəqiqiliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın son nəticədə ölkəmizə böyük siyasi dividentlər qazandırması məhz bu amildən qaynaqlanır.
Son nəticədə isə bütün bunların hər biri Azərbaycan insanının rifahına xidmət edir. Vətəndaşlarımızın güzəranını yaxşılaşdırır. Azərbaycanda həyat şərtləri, standartları, yaşayış normaları getdikcə daha da yüksəlir. İnsanların tələbatları, həyat tərzi yaxşı mənada dəyişir.
"Elin gözü tərəzidir" deyiblər. Cəmiyyəti müxtəlif populist bəyanatlarla, başgicəlləndirici vədlərlə, bəlkə də, aldatmağa cəhd göstərmək olar. Amma insanlar o siyasətə dəstək verir ki, onun real nəticələrini gündəlik güzəranlarında, süfrələrinin ruzisində duyub hiss edə bilsinlər. Bu mənada İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan insanı üçün hər hansı mücərrəd təsəvvür deyil. Vətəndaşların həyat şəraitini getdikcə daha da yaxşılaşdıran, cəmiyyət həyatına möhtəşəm nailiyyətlər gətirən reallıqlardır. Ardıcıl, sistemli şəkildə davam etdirilərək səmərəli və effktiv nəticələr yaradan inkişaf prosesidir.
Faktlara diqqət yetirək: cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yoxsulluğun həddi 50 faizdən 5 faizə enib. Bu, ölkəmizdə yoxsulluq həddinin təxminən 10 dəfə azalması deməkdir. 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsi təxminən 5 faizə düşüb. Bu müddətdə maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Bu rəqəmlərin hər birinin ardında, məzmununda nə qədər insanın taleyi, firavan həyatı var. Bu göstəricilərin aid olduğu böyük insan qruplarının hamısını eyni anda təsvir etsək, xalqın cənab İlham Əliyevə sevgisinin səbəbləri bir daha əyan olar. Azərbaycan vətəndaşları cənab İlham Əliyevin timsalında onların arzularından gəlmiş insana dəstək verirlər. Onlara rifah gətirmiş, həyatlarrını yaxşılaşdırmış və getdikcə daha da yaxşılaşdıran Liderə inam və ehtiramlarının nümayiş etdirirlər.
- Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrü xarakterizə edən mühüm reallıqlardan biri də sosial infrastruktur quruculuğunun uğurla həyata keçirilməsidir...
- Bir liderin inkişaf hədəflərini, ölkənin və xalqın gələcəyi ilə bağlı uzaqgörən planlarını duymaq üçün onun maarifin, təhsilin tərəqqisinə diqqətini və qayğısını görmək kifayətdir. Hər məktəb xalqın gələcəyinə düşən işıqdır. Hər məktəb ətrafındakı böyük bir sosial mühitdə pis əməllərin önünü kəsən, insanların təfəkkürünü aydınlığa çıxaran, cəmiyyəti xoş məramlarına yetirən müqəddəs məbəddir. Bütün xalqların ən böyük ziyalıları cəmiyyəti inkişaf etdirmək üçün birinci məktəbdən başlayıblar. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün ölkə boyunca 3100 müasir məktəb inşa olunub. Azərbaycan tarixinin heç bir çağında belə bir fakta təsadüf etmək mümkün deyil. O, ölkəmizdə ən müasir təhsil standartlarına cavab verən bir sıra yeni təhsil müəssisələrinin, təhsil və elm mərkəzlərinin də yaradıcısıdır. Bu mənada, cənab İlham Əliyev zəmanəsinini ziyalısı, maarifçisidir. O, müasir təfəkkürünün, yenilik yaratma bacarığının, dövrün inkişaf meyillərinə həssaslığının və mütərəqqi ideyalarının motivasiya gücü ilə insan kapitalını cəmiyyətdə ən böyük sərvət kimi tanıdıb. İnsanlarımızın fərdi inkişafına dəstəyi ilə, minlərlə Azərbaycan gəncinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına yaratdığı şəraitlə, cəmiyyət həyatında innovasiyaları təşviq etməklə ölkəmizdə böyük bir intellektual potensial formalaşdırıb. Azərbaycan insanı fərqindədir ki, ən böyük zənginlik, var-dövlət məhz bilikdir. Ona nail olmağın yeganə yolu isə məktəblərdən, maarif ocaqlarından, kitablardan keçir.
Azərbaycan Prezidenti inşa etdirdiyi, yenidən qurduğu xəstəxanalarla, idman və mədəniyyət kompleksləri ilə, çəkdirdiyi yollarla, saldığı körpülərlə, ölkənin ən ucqar nöqtələrinə qədər gedib çıxan infrastruktur layihələri ilə insanlarımızın həyatına inkişaf, müasirlik gətirir. Zamanın sürəti ilə ayaqlaşa bilməkdən ötrü vətəndaşlarımıza imkanlar yaradır.
Çox vaxt möcüzələrə inanmırıq. Amma Vətənə, xalqa sevginin gücü, siyasi iradənin, qətiyyətin səfərbəredici təsiri bəzən elə nəticələr yaradır ki, onu bu nəticələrə sərf olunmuş zamanla uzlaşdıranda mahiyyətcə ancaq möcüzə kimi dəyərləndirə bilirsən. Çünki təkcə 2003-2017-ci illər ərzində Azərbaycanda 3100 məktəbin tikilməsi, yaxud əsaslı surətdə təmirindən başqa, 642 xəstəxananın da yenidən qurulması, 43 müasir idman kompleksinin yaradılması, 12,3 min kilometr müasir yolun, 443 körpünün və yol qovşağının istifadəyə verilməsi, ölkə üzrə qazlaşdırmanın 93 faizə çatdırılması, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsi, həqiqətən, möcüzəvi nəticələrdir. Buraya məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 92 qəsəbə və yaşayış kompleksinin, 48,3 min mənzil və ya fərdi evin tikintisi, ümumilikdə 245 min məcburi köçkünün müasir mənzillərlə təmin olunması faktını da əlavə etmək lazım gəlir.
Başqa ölkələrdə bütün bu işlər uzun onilliklər hesabına başa gələrdi. Azərbaycan isə cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində bütün bu nəticələrə cəmi 14 il ərzində nail olub. Bu siyasət Azərbaycanın qiyafəsini, mahiyyətini dəyişib, ölkəmizi modernləşdirib. Vətənimizi dünyanın ən maraqlı, cəlbedici ölkələrindən birinə çevirib.
- Azərbaycan Prezidenti həm də öz ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən Lider kimi tanınır...
- Cənab İlham Əliyev güclü sərkərdədir. Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən başladığı nizami ordu quruculuğu prosesinin artıq hansı səviyyəyə gəlib çatdığını, cənab Ali Baş Komandanın iradəsi, mətinliyi sayəsində Milli Ordumuzun necə yüksək döyüş qabiliyyətinə malik olduğunu bütün dünya 2016-cı ilin aprel döyüşləri zamanı bir daha gördü. Bu döyüşlərdə düşmənə endirilən sarsıdıcı zərbə, düşmən işğalından azad olunaraq cəmi bir neçə həftənin içində yenidən qurulan Cocuq Mərcanlı qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifələri, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrikliyinin parlaq nümunəsidir. Onun diplomatiya səngərlərində, müasir dünyamızın qlobal siyasi-iqtisadi prosesləri müstəvisində zəka silahı ilə qazandığı zəfərlər isə bundan daha böyük böyükdür. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü seçilməsi, mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın layiqincə təmsil olunması, tam müstəqil xarici və daxili siyasət yürütməsi dövlətimizin qüdrətinin və müstəqilliyinin ən bariz ifadələridir. Bu gün düşmən Ermənistan bütün cəbhələrdə Azərbaycanın gücü qarşısında küncə sıxılaraq dalana dirənir və getdikcə daha çıxılmaz vəziyyətə düşür.
Müasir dünya qlobal kommunikasiyalar dünyasıdır. Müasir dünya iqtisadiyyatı kommunikasiyalar iqtisadiyyatıdır. Belə bir dünyada bir dövlətin ən acı durumu, ən ağır məğlubiyyəti qlobal kommunikasiya imkanlarını itirməsidir. Özünütəcrid durumunda yaşamasıdır. Azərbaycan Prezidenti uzaqgörən yanaşmaları ilə işğalçı Ermənistanı belə bir duruma salıb. Bu dövlətin artıq heç bir perspektivi yoxdur. Azərbaycan bayrağının bir gün tarixi şəhərimiz olan İrəvanda dalğalanması artıq heç də uzaq reallıq deyil. Yeni Azərbaycan Partiyasının qurultayında cəmiyyətimizə bu hədəfi göstərdi və biz ölkəmizin getdikcə artan qüdrəti ilə bu milli hədəfimizə yetişəcəyik. Beləliklə, dünya tarixi ədalətin bərpasına gec-tez şahid olacaq.
-Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənin nəticəsi kimi, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Bununla bağlı nə söyləmək olar?
- Dövrünün görkəmli siyasi liderlərindən biri kimi cənab İlham Əliyev zəmanəsinin böyük ideya adamlarındandır. Dünyanın, mədəniyyətin, düşüncənin, insanın mənəvi kamilliyinin gücü ilə xilasına, bəşəriyyətdə sülh və rifahın bərqərar olmasının mümkünlüyünə inanan və Özü də bu məram uğrunda çalışan mütəfəkkir şəxsiyyətlərdəndir. Elə bu məramla da cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən elm, mədəniyyət, idman tədbirlərini dövrümüzün xoş intibah reallıqlarına çevirib. Ölkəmizin "Eurovision” beynəlxalq mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycan intibahının miqyasının və beynəlxalq etiraf dərəcəsinin aydın göstəricisidir. Məhz cənab İlham Əliyevin yürütdüyü nəticəsində Azərbaycan bu gün dünyada sülh və sabitlik məkanı, tolerantlıq ünvanı, mədəniyyətlərin təmas yeri kimi tanınır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq humanitar layihələr dövlətin bu sahədə yürütdüyü siyasətə böyük töhfələr verir. Ölkəmiz tarixən bu torpaqlarda mövcud olmuş tolerantlıq ənənələrini, fərqli mədəniyyətlərə hörmət ruhunu bütün dünyada təşviq edir. Bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır. Azərbaycanın hələ 10 il əvvəl bu sahədə irəli sürdüyü "Bakı prosesi” təşəbbüsü uğurla davam etdirilərək müsbət meyillərə yol açır. Bütün bu meyillərin əsasında dayanan, Azərbaycan dövlətinin qlobal inkişaf proseslərinin əsas mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradan isə xalq-iqtidar birliyidir. Cəmiyyətimizdə sabitlik və inkişaf mühitinin ideal səviyyədə olmasıdır. Azərbaycanın sosial-iqtisadi tərəqqisinin demokratik təkamül proseslərinə paralel aparılmasıdır. Cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən islahatların mahiyyətcə bir-biri ilə uzlaşmasıdır. Bu baxımdan, 2016-cı ildə keçirilmiş referenduma əsasən baş tutan Konstitusiya islahatları, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Hərtərəfli siyasi islahatlar sayəsində ölkənin siyasi sistemi daha da təkmilləşdirilərək müasir standartlara uyğunlaşdırılıb. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb. Bütün bu islahatlar Azərbaycan dövlətini daha qüdrətli, Vətənin nailiyyətlərini möhtəşəm edir.
- Cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Ölkəmizin perspektiv inkişafı ilə bağlı fikirləriniz nədən ibarətdir?
-Bütün zamanlarda cəmiyyətlər qarşısında dayanan əsas suallardan biri bu olub: "nə etməli?”. Bir zamanlar N.Q.Çernişevskinin öz məşhur romanı ilə gündəmə gətirdiyi bu sual ziddiyyətlər, gözlənilməzliklər, xalqlara və ölkələrə qarşı qlobal təhdidlərlə dolu indiki dünyamızda daha da aktualdır. Xalq, cəmiyyət o liderə dəstək verir ki, onun bu suala bəlli bir cavabı olsun. Azərbaycan Prezidentinin 2003-cü ildən bəri gördüyü bütün işlərin, uğurla həyata keçirdiyi layihələrin hər biri bu suala cavabdır. Dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VI Qurultayındakı proqram xarakterli nitqi göstərdi ki, Onun bu suala bütün zamanlara aid cavabı var. O, nəinki bu günün, həmçinin bir neçə on il sonranın Azərbaycanında da yerinə yetirilməli olan milli vəzifələr haqqında geniş təsəvvürə, aydın vizyona malikdir. Cənab İlham Əliyev müdrik bir strateq kimi Azərbaycanın gələcəyi barədə yalnız düşünmür, Onun siyasəti sayəsində insanlar öz təsəvvürlərində parlaq gələcəyi qurub yarada bilirlər. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanı bu təsəvvürün reallaşdığı gələcəyə doğru aparan yolu dəqiqliklə görə bilir. Cənab İlham Əliyev Azərbaycanın böyük gələcəyə gedən yolunu belə təsvir edib: "Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik”. Bu möhtərəm Prezidentimizin xoşbəxt gələcəyimiz haqqında inamla söylədiyi məqsəddir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqının 2018-ci ilin aprelin 11-də keçiriləcək prezident seçkilərində hər zaman inanıb güvəndiyi Liderinə - cənab İlham Əliyevə verdiyi dəstəklə bu böyük gələcəyə doğru yol başlanacaq!
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim