"Carçı TV" xəbər verir ki, oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.
Qeyd olundu ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.
Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Dövlətimizin başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verildi. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yüksək keyfiyyətlə aparılıb. Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.
Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verildi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.
Layihə çərçivəsində 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.