YAP Yasamal rayon təşkilatı partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib
YAP Yasamal rayon təşkilatı partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbiri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayıb.
Carci TV-nin məlumatına görə, YAP Yasamal rayon təşkilatının qərargahında Dövlət himninin səsləndirilməsi ilə davam etdirilən tədbirdə müstəqilliyimizlə yaşıd olan partiyanın yaranma tarixindən, o dövrdə Azərbaycanda baş verən çətin və mürəkkəb ictimai- siyasi hadisələrdən bəhs olunub.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, müxalif qurum kimi fəaliyyətə başlayan partiyanın qısa müddətdə iqtidar partiyası kimi yoluna davam etməsi təşkilatın yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin və inamının ifadəsi idi:
- Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə «91-lər» kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Ziyalıların çağırışına cavab 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı oldu. Həmin hadisə yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu.
T.Əhmədov vurğuladı ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə iqtisadi böhranla üzləşən Azərbaycanın inkişaf konsepsiyası, strategiyası müəyyənləşdirildi. YAP o ağır dövrdə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələbinə uyğun zərurətdən yaranmış bir partiya olmaqla qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu.
Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycanın qazandığı uğurlarda böyük rolu olan, ümumxalq tribunasına çevrilən YAP-ın tarixindən bəhs etdi:
- Hakimiyyətə qayıdışı ilə Azərbaycanı təhlükələrdən xilas edərək xilaskar adını qazanan ulu öndər Heydər Əliyevin adi ilə bağlı olan partiyamız tək ölkəmizdə deyil, regionda və dünyada vahid siyasi qüvvə kimi tanınır. Hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradan, müstəqil Azərbaycanın Milli Konstitusiyasını hazırlayan Ulu Öndər bildirirdi ki, Ali Qanunlarımızın hər maddəsində dinindən, dilindən, milliyyətindən asılı olmayraq bütün vətəndaşların sərbəst yaşamaq, azad düşünmək hüquqları əksini tapmalıdır. Onun ideyaları əsasında özünü doğruldan siyasətə uyğun davam etdirilən inkişaf ölkəmizə yalnız uğur gətirir.
Z.Əsgərov bildirdi ki, artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Ölkəmiz üç peyki ilə azsaylı üzvü olan kosmik ailədə təmsil olunur. Ulu Öndərin Azərbaycan vətəndaşlarının rahat, firavan yaşaması üçün həyata keçirdiyi siyasi, iqtisadi, sosial islahatları davam etdirməklə ölkə vətəndaşlarının etimadını qazanan cənab İlham Əliyevə ümumxalq ehtiramı və inamı sonsuzdur. Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə Şərqlə Qərbi birləşdirən körpü rolunu oynamaqla, ölkəmizdə keçirilən biri-birindən əhəmiyyətli beynəlxalq tədbirləri ilə təsdiqlədi ki, Azərbaycan ən zəngin bəşəri dəyərlərə malik inkişaf etmiş dövlətdir. Bu uğurların qazanılmasında beynəlxalq əlaqələri genilənən YAP-ın hər bir üzvü ictimai-siyasi fəallıqları ilə cəmiyyətdə nümunə olmuşlar.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, YAP-ın xalqın etimadı ilə yarandığı keçdiyi zəngin və şərəfli yol ilə bir daha sübut olunur. Ulu Öndərin adı ilə bağlı olan bu partiyanın Nizamnamə və Proqramının əsasında Azərbaycan xalqına xidmət daim öndə olub. Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını- üçrəngli bayrağını, himnini, gerbini bərpa etməklə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təşəbbüsü irəli sürməklə müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər dövlətimizin qanunvericilik bazasını da o illərdə hazırladı:
- Qeyd olunduğu kimi, YAP xalqımızın üzləşdiyi o ağır illərdə yarandı. Ölkədə anarxiyanın tüğyan etdiyi, iqtisadi tənəzzülün ölkəni iflasa sürüklədiyi, insanların çörəklə imtahana çəkildiyi o illərdə xalq ayağa qalxdı, öz liderini seçdi. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan partiyamızın yaxın zamanlarda sıralarının 800 minə yaxınlaşacağı YAP-a inamdan irəli gəlir. O insanlar partiyanın ətrafına birləşib ki, onlar yaşadıqları ərazilərdə, işlədikləri kollektivlərdə böyük nüfuz sahibi olmaqla Vətən, xalq naminə fədakarlığa hazırdırlar. Azərbaycan xalqının inkişafı naminə əllərindən gələni əsirgəmirlər. Tarixi bir sual hamını düşündürür: O ağır günlərdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün fəxrlə bəhs etdiyimiz uğurlardan söz aça bilərdikmi? Əlbəttə ki, yox. Birmənalı şəkildə qeyd edə bilərik ki, qüdrətli Azərbaycanın varlığı, müstəqilliyimiz Ulu Öndərin adı ilə bağlıdır. O illərdə xalq onu tələb etməsəydi və Ulu Öndər xalqın səsinə səs verməsəydi bu gün Azərbaycanı dünyada tanıdan enerji və nəqliyyat layihələrindən bəhs etmək qeyri-mümkün idi. Konstitusiya Aktının qəbulu, zəngin qanunvericilik bazasının formalaşdırılması da Ümummilli Liderin cəsarəti sayəsində mümkün olmuşdur. Yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələr Azərbaycandan nümunə götürürlər. Prezidentimiz İlham Əliyevin bu siyasətə sadiqliyinin məntiqi nəticəsi «Əsrin müqaviləsi»nin müddətinin 2050-ci ilədək uzadılması, «Cənub Qaz Dəhlizi»nin, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsidir. Tam əminliklə demək olar ki, ölkəmizdə keçirilən humanitar forum və dialoqlar ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycan tolerantlığı və mültikulturalmi ilə də nümunə göstərilir. Bu uğular Ulu Öndərin bir aforizmini təsdiqləyir: «Yeni Azərbaycan Partiyasına xidmət etmək Azərbaycan xalqına xidmət etməkdir.»
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirdi ki, Ulu Öndər heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan lider kimi xalqda milli məfkurənin, təfəkkürün formalaşması, süverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Yarandığı gündən dövlətçiliyin möhkəmlənməsini, müstəqilliyin əbədiliyini başlıca vəzifə kimi qarşıya qoyan ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın inkişaf yolu müəyyənləşdirildi.
İldə 2-3 qurultay keçirən, sədr və möhürdən ibarət «partiyalardan» fərqli olaraq kəmiyyət və keyfiyyət baxımından inkişaf edən YAP saflaşmaqla sıralarını mətinləşdirdi. Azərbaycanın bu gün qazandığı uğurların əsasını da Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin liderlik cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq üçün bütün məsuliyyəti üzərinə götürən, qarşıda duran bütün çətinliklərə əzmi, siyasi iradəsi, dövlətçilik təcrübəsi ilə qalib gələn Ulu Öndər bu ideyanı xalqın təfəekküründə formalaşdırmaqla liderlik vəzifəsini də yerinə yetirdi.
«Səs» Media Qrupunun rəhbəri Bəhruz Quliyev YAP-ın təsis olunduğu illərdə ölkədəki gərginlikdən, səbatsız hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirdi ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən Ulu Öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin etdi:
- Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı. Təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.
İldən -ilə güclənən, təşkilatlanan, ölkədə keçirilən bütün siyasi kampaniyalarda qalib kimi seçicilərin etimadını qazanan YAP ideya və amalına sadiq qalmaqla beynəlxalq aləmdə də güclü siyasi təşkilat kimi tanınır. Fəaliyyətini həm ölkə daxilində , həm də beynəlxalq müstəvidə genişləndirir. Hadisələrdən düzgün nəticə çıxarıb dəyərləndirmə qabiliyyəti ilə cavab verən, düşmənlərini həqiqətin dili ilə susduran Ulu Öndər bu sahədə də böyüklüyünü, siyasi iradəyə malik olduğunu göstərdi. Həmin siyasəti uğurla davam etdirən cənab Prezident, YAP sədri İlham Əliyevin sadiq qaldığı bu dəyərlər nəticəsində Azərbaycanın dünyəvi dövlət olması ölkəmizə artan marağın ifadəsində də əksini tapır. Ölkəmizdə uğurla davam etdirilən gənclər, gender siyasəti dövlət siyasətinin əsas amilllərindəndir.
Yasamal rayon İcra Hakimiyətinin başçısı Əziz Əzizov bildirdi ki, bu gün partiyanın keçdiyi yola nəzər salan hər kəs yaxşı xatırlayır ki, YAP yarandığı gündən xalqın istək və məqsədlərinin həyata keçirilməsində avanqard rolunu uğurla davam etdirir.
- Ulu Öndərin müdrikcəsinə müəyyənləşdirdiyi dövlətçilik məktəbinin yetirməsi Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünya siyasətində rolu, mövqeyi möhkəmlənən ölkə kimi tanınır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, milli təfəkkürün, azərbaycançılıq ideyasının formalaşması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın ətrafına toplaşan saf əqidəli insanlar üçün fəaliyyət proqramı oldu. O ağır günlərdə ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, siyasi və iqtisadi islahatlar olan YAP-ı yaratmaqla demokratik inkişafı gələcək üçün xilas yolu kimi seçən ulu öndər Heydər Əliyev illərin sınağında təkmilləşmiş, güclənmiş partiyanın siyasi xəttini müəyyənləşdirərkən müstəqilliyin qorunması, sabitliyin təminatı, qanunvericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində islahatlara üstünlük verdi. Ən çətin dövrlərdə ümummilli lider Heydər Əliyevin hakmiyyətə gəlməsini nicat yolu seçən xalq Ulu Öndərin ideyasını davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə həmrəyliyini bildirir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri, 9 rayon üzrə 50 komandanın iştirak etdiyi «Ölkəmizi tanıyaq» maarifləndirici tur- aksiyada qalib gələn Yasamal rayon məktəblilərinə Fəxri fərmanlar verildi. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən YAP-ın rayon təşkilatının fəallarına Fəxri fərmanlar təqdim olundu. YAP-ın həyata keçirdiyi tədbirlərdə fərqlənənlərə Yasamal rayon Heydər Əliyev Mərkəzinin Fəxri fərmanları verildi.