Prezident İlham Əliyev: Gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür
Gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür.
CarciTV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq.
Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır.
O illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmişdir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmışdır, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir.
Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Biz Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da atılacaq.
Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir.
O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun.
Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.
Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin.
Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.
O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam.
Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar:
"Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.
Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək.
Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir".
Dövıət başçısı deyib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb:
"Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət”dən başladı və "ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün "ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.
Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.
Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin.
Yəni, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.
Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm".
Azərbaycan Prezidenti vurğulayıb ki, ölkədə daxili vəziyyət sabitdir:
"Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir".
Dövlət başçısı bildirib ki, sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır:
"Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcəkdir.
Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi".
Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir:
"Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.
Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük.
İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq.
İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, - əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq.
Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.
Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm və gənclərə "Eşq olsun!” deyirəm. Sağ olun".