Arif Əliyevin yersiz "göz yaşları” və KİVDF-nin ideya müəllifləri...
Çap mətbuatımızın yeni mərhələsini açmaq və onunla internet media resurslarının sərhədlərini daha dəqiq şəkildə bir-birindən ayırmaq, nəticədə elə internet media resurslarının özlərinin də inkişafı üçün təzə mərhələ açmaq məqsədilə müəyyən yeniliklər edən KİVDF-nin son addımlarını da ləkələmək fürsətini əldən qaçırmaq istəməyənlər yenidən ayaqlanıblar.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu on ilə yaxın bir müddətdə qəzetlərin maliyyələşdirilməsi meyarlarında növbəti dəfə dəyişiklik edib. 2010-cu ildən indiyədək Fond maliyyələşdirmə üçün əsas meyarlar olan çap tirajı və yayım sayını dörd dəfə yeniləşdirib. Nəticədə, məsələn, meyar olaraq çap tirajı 5 min, yayım nüsxələri 2 minin üstündə sonuncu dəfə qərarlaşıb. KİVDF bu yeni meyarları göydəndüşmə elan etmədi. Hələ ötən ilin yayında qəzetlərlə müqavilə imzalayanda icraçı direktor Vüqar Səfərli hamıya açıq demişdi ki, 2019-cu ildə maliyyələşmənin bir qədər sərtləşdirilmiş meyarları tətbiq olunacaq və hər bir qəzet yeni meyarlarla ayaqlaşmaq üçün işini indidən bilməlidir. Yeni meyarlara keçmək üçün KİVDF rəhbərliyi 2018-ci il dekabrın sonlarında 6 yox, 3 aylıq maliyyələşdirmə dövrü üçün müsabiqə şərtlərini elan etdi, bu il yanvarın əvvəllərində qəzetlərlə 3 aylıq dövr üçün müqavilə imzaladı, bir neçə həftədən sonra isə növbəti 3 aylıq dövr – aprel-iyun ayları üçün yeni meyarlar əsasında müsabiqənin şərtlərini elan etdi, qəzetlərlə az əvvəl imzalanmış 3 aylıq müqavilə öhdəliklərini pozmadan, sadəcə növbəti 3 ay üçün yeni meyarları iki ay qabaqcadan elan etməklə qəzetlərə özlərini toparlamaq üçün son dəfə iki aylıq hazırlıq fürsəti verdi. İndi əlində müqaviləsi olan 30-dan çox qəzet həm köhnə, lakin qüvvədə olan şərtlərlə çapını davam etdirir, həm də təzə meyarlar əsasında ikinci 3 aylıqda da çapını davam etdirmək üçün özündə güc hiss edən qəzetlər fəal hazırlıqlar içindədir. Məsələ bu qədər sadə olduğu halda bəzilərinin görünməyən qərəz və qisasçılıq motivləri ilə məsələni dolaşdırmaq cəhdləri, təəssüf ki, hələ də davam edir. Məsələn, ən son dəfə qərəzi bu gün də üzdə olan jurnalistlərin sabiq həmkarı Arif Əliyev püskürüb – Turan Agentliyinə.
Müsahibəni götürən müxbirin qərəzi Arif Əliyevdən qabaq özünü göstərir. Bəlkə sual da, cavablar da eyni adam tərəfindən hazırlandığı üçün belə oxşarlıq var. Bəlkə Arif Əliyev müsahibədən qabaq müxbiri qərəz tonu üstündə "silahlandırıb”, bilmirik, keçirik əsas məsələyə...
Yazının ilk cümləsini oxumaq kifayətdir ki, qalan hissələrin başdan-başa müxbir-müsahib duetinin "qərəzli yaradıcılıq məhsulu”ndan başqa bir şey olmadığını görəsən. Müxbirin ilk cümləsi – "KİVDF 20-yə yaxın qəzetin maliyyələşməsini ləğv etdi. Bundan sonra cəmi 10 qəzet KİVDF tərəfindən maliyyələşəcək.” Ən sadə və mədəni formada "yalançıya ayıb olsun” deyib, müxbirin günahının üstündən keçərdik. Ancaq bağışlanmaz haldır ki, hamıya "ağıl vermək” istəyən həmkarımız Arif Əliyev müxbirin ağ yalanı arxasınca başını aşağı salıb quzu kimi gedir, müxbirdən soruşmur ki, ay bacı, ay qardaş, maliyyəsi ləğv olunan o 20 qəzet hansıdır, bircəsinin adını göstər. Arif müəllim bunu etmir, edə də bilməz, çünki müxbirlə birlikdə "bıçağı itiləyib” ona görə meydana düşməyib ki, həqiqəti desin, KİVDF-nin çap mediasının inkişafı üçün gördüyü işlərə obyektiv qiymət versin, desin ki, KİVDF olmasaydı ötən on ildə hətta bundan sonra fəaliyyətini davam etdirmək gücündə olduğu deyilən bir neçə qəzet də ortadan çıxıb yox olardı, elə vaxtilə Arif müəllimin özünün rəhbərlik etdiyi, ancaq maliyyəsini beynəlxalq təşkilatlardan aldığı "Gün” qəzetinin maliyyə kəsilən anda yox olub getməsi kimi... Beləliklə, Azərbaycan çap mediasının 99 faiz sıradan çıxdığı ilk dünya dövlətinə çevrilərdi və sair. Azacıq ədalətli və obyektiv olmağı bacarsa, Arif Əliyev üçün bunun ardınca deyə biləcəyi şeylər çoxdu. Əvəzində isə qərəzli tonunu bir az da artırır...
Kim, nə vaxt, harada, hansı rəsmi tribunada "bundan sonra Azərbaycanda cəmi 10 qəzet KİVDF-dən maliyyələşəcək” deyə bəyanat veribsə, Arif Əliyev onu bizə də desin. Heç bir məsuliyyət hiss etmədən "müxbir dedi, mən də təsdiqlədim” prinsipi ilə mahiyyəti tam fərqli olan işlərə qara yaxmaq dürüstlük və mətbuat siyasətinin "ən bilicisi” roluna iddialı şəxsə qətiyyən yaraşmaz.
Arif Əliyevin "camaatın vergi kimi ödədiyi vəsait qəzetlərin yolunda göyə sovruldu” sözlərinə yekə-yekə danışmağın bir nümunəsi kimi baxmaq ən doğrusu olardı. Arif Əliyev son 10 ildə dövlət büdcəsinə hansı gəlirdən və nə qədər vergi ödədiyini açıqlasaydı, onun başqaları tərəfindən ödənmiş vergilərə vəkillik etməsini başa düşərdik. Arif Əliyevin "işini itirən jurnalistlərə” acıması da artıq yersiz canıyananlıq kimi görünür. Ortada qurban yoxdusa, qanı tökülən, işini itirən jurnalist yoxdusa, KİVDF-nin bağlatdığı deyilən bir qəzet yoxdusa, Arif Əliyevin səbəbsiz "göz yaşlarına” biz acıyırıq. Hələ dekabrda, həm də KİVDF-nin maliyyəni davam etdirdiyini açıq dediyi, tam başqa səbəblərdən özünü dayandıran iki qəzetdən başqa hansı qəzetin əməkdaşları işsiz qalıb? Əslində heç onlar da işsiz deyil...
Arif Əliyev, guya daha tutarlı arqument axtaranlar kimi, Prezidentin 2008-ci ildə imzaladığı KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını da "ələk-vələk etməyə” vaxt tapır. KİVDF-nin qəzetlərə təkcə maliyyə yardımı etdiyini, Konsepsiyada göstərilmiş başqa işləri görmədiyini öz aləmində irad tutur. Yox, Arif müəllimin burda qərəzdən allahsızlığa üz tutan ədalətsizliyinə emosiyasız baxmaq olmur. Artıq dedik ki, KİVDF yaranmasaydı, ötən on ildə qəzetlərin 99 faizinin qapı-bacası bağlanacaqdı. Gözü qərəzdən örtülmüşlərin bunu görməzdən gəlməsi ilə deyil ki... Azərbaycanda hamı bunu deyir, baş redaktorlar, jurnalistlər KİVDF-ni yaratdığı üçün Prezidentə təşəkkür edirlər. Etməyənlər bilirsiz kimlərdi? O adamlardı ki... Azərbaycan mediası KİVDF-nin əli ilə öz dövlətimizdən qanuni və şəffaf maliyyə almağa başlayan anda xaricdən bulanıq maliyyələr alan qəzet rəhbərlərinin "bazarı” daralmağa başladı, sonra isə tam bağlandı. Xaricdə kimə bağlı olduğu bilinməyən fondların maliyyəsi hesabına qəzet buraxmaq yaxşıdı, Azərbaycan dövlətindən maliyyələşmək niyə pis sayılmalıdı?! Pul alıb öz dövlətinə və onun Prezidentinin siyasətinə dəstək vermək vətənpərvərlik və şərəf işidir, xaricdən maliyyə alıb yarı yolda qalmaq isə, yumşaq desək, heç də şərəfli iş deyil...
Azərbaycan mediası heç vaxt son on ildəki qədər güclü olmayıb, çünki şəffaf qaydada aldığı maliyyə ilə dövlətinin yanında olub və var. Öz dövlətinin yanında olmayan, əcnəbilərin dəstəyinin ümidinə qalan media heç vaxt güclü ola bilməz. Heç uzun yol da gedə bilməz. Bir vaxtlar qəzet çıxarmış Arif Əliyev və başqa bəzi "dostlar” bunu yaxşı bilər... İflasa uğrayan KİVDF-nin media siyasəti yox, gözünü əcnəbilərin pul kisəsinə dikərək sonda həm Azərbaycan dövlətinin, həm də əcnəbilərin maliyyəsindən əli çıxan iddialı sabiq qəzetçilərdi...
Aprelin 1-dən, həqiqətdir ki, indiki meyarlara uyğunlaşa bilməyən bir sıra qəzetlər özlərinin çap versiyasını dayandıra bilər. Ancaq kimsə onlara əmr verməyib ki, aprelin 1-dən çap olunmayın. KİVDF rəhbərliyi yeni meyarlara uyğunlaşa bilməmək səbəbindən çapını dayandıran qəzetlərin onlayn versiyasını hələlik dəqiqləşməyən meyarlarla maliyyələşdirəcəyini bildirib. Yəqin ki, yaxın 2 ayda həmin meyarlar konkret məlum olacaq. İndidən "qəzetlər bağlanacaq, jurnalistlər ordusu işsiz qalacaq” kimi əsassız şüvənlər qoparmaq ciddi adamların işi deyil. Rəsmən bəyan olunub ki, qəzetlərin elektron versiyası maliyyələşəcək, jurnalistlər işsiz qalmayacaq, Arif Əliyevin nədənsə düşmən kimi baxdığı həmin jurnalistlər KİVDF-nin əli ilə dövlətdən pulsuz-minnətsiz hazır mənzilləri də almağa davam edəcəklər.
Yeri gəlmişkən, Arif Əliyevin tökdüyü qara-qura nə qədər qatı olsa da, KİVDF-nin 400-dən çox jurnalistin Prezidentdən hədiyyə olaraq mənzil almasının savabını batıra bilməz. KİVDF-nin gərəksiz olduğunu iddia edənlər özünü tam doğruldan bu təşkilata yox, ev-eşik sahibi olan jurnalistlərə düşmənçilik edir. Arif Əliyev öz dediklərinə bu qədər əmindirsə, bircə dəfə 400-dən çox jurnalistin mənzil aldığı həmin iki binanın həyətinə təşrif buyursun və uca səslə desin:”Bu binalarda evi olan jurnalistlər satqınlar, əsl vətənpərvər və peşəkar isə mənəm!”
Arif Əliyevin müsahibəsində bir az da "maniya” əlamətləri görünür. Mətbuat Şurasının, KİVDF-nin onun özünün, Elçin Şıxlı və Mehman Əliyevin ideyası ilə yarandığını iddia edir. Mətbuat Şurası ilə bağlı Arif Əliyevin hansı motivlərlə təftişçilik etdiyini "ucundan-qulağından” mən də eşitmişəm, "bir müddət sən sədr ol, sonra mən olum” kimi ortada yarımçıq qalmış bir təmənnadan umu-küsünün olduğunu da bilirəm. Ancaq daha konkret təfsilatlardan dostum Əflatun Amaşov, lazım bilsə, danışa bilər. Elçin Şıxlının və Mehman Əliyevin Mətbuat Şurasının və KİVDF-nin ideya müəllifləri olduqları barədə fikrə gəldikdə isə, ideyanın kimlərə məxsus olması önəmli deyil. Önəmli olan odur ki, ideya özünü tam doğruldur. Əgər kimlərsə bir zamanlar müəllifi olduqları ideyanın gerçəkləşməsindən fayda götürə bilmədiklərinə görə yanıb-tökülürlərsə, günahı özlərində axtarsınlar. Yetər ki, faydalı bir işin qulpundan yapışasan, qərəzli olmayasan, reallığı tərsinə görməyəsən, bu gün əli stabil çörəyə çatmış jurnalistlərin süfrəsinə düşmənçilik etməyəsən...
Sonda, KİVDF-nin ideya müəlliflərinin kim olmasından asılı olmayaraq, on(lar)a böyük hərflərlə TƏŞƏKKÜR halal olsun.
Aydın QULİYEV