reklam
USD
7 ℃
EUR
BAKI

Stalini xilas edən ilk azərbaycanlı qadın pilot

XƏBƏR / 11.05.2019 21:06
Stalini xilas edən ilk azərbaycanlı qadın pilot 
 
Bu gün alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Bu qələbədə Azərbaycan həm insan resursu, həm də qara qızılı ilə misilsiz xidmətlər göstərib.

İstər ön cəbhədə, istərsə də arxa cəbhədə həyatı bahasına qələbə üçün çalışan insanlar arasında qadınlar xüsusi çəkiyə malik idi. Qəlbindəki odu, düşmənə nifrəti gülləyə çevirərək qələbəyə böyük töhfələr vermiş qadınlardan biri də Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədovadır.

CarçıTV xəbər verir ki, ilk azərbaycanlı qadın pilot, müsəlman şərqinin ilk döyüşçü pilotu Züleyxa Seyidməmmədovanın mənalı ömür yoluna nəzər salıb:
O, ilk baxışdan dövründən heç nə ilə fərqlənməyən bir ailədə dünyaya gəlmişdi. Mühasib bir ata, təhsilsiz və 11 yaşında ərə verilmiş bir ananın nikahından doğulmuş ikinci qız idi. Onun da arzuları anası tərəfindən "Bircə bu çatışmırdı" cümləsinə rast gəlmişdi. 
Züleyxa Seyidməmmədova ailəsinə baharın ilk nəfəsi ilə gəlmişdi - 1919-cu ilin martın 22-də doğulmuşdu. Atası Mirhəbib ağa Hacı Zeynalabdin Tağıyevin mühasibi idi, həm dini, həm də dünyəvi təhsil almışdı.
Anası, demək olar ki, uşaq yaşda ərə verilmişdi, 13 yaşında ilk övladı Simanı, 14 yaşında isə Züleyxanı qucağına almışdı.
Hələ körpə olanda dəcəl, dəlisov, inadkar Züleyxa həyətlərində qollarını geniş açır, uçduğunu xəyal edirdi.
Əla qiymətlərlə oxuyan Züleyxa ilə bağlı valideynlərinin öz planları vardı: qızları mühəndis olacaq, zavodlardan birində çalışacaq, sakit, xoşbəxt bir həyat sürəcəkdi.
Bir gün Züleyxa evə dönəndə anasında deyir: "Mən təyyarəçi olacağam". Anası Mina xanım isə "Elə bircə bu çatışmırdı", - deyə cavab verir.
Uçmaq sevdası səbəbsiz yaranmamışdı. Yeddinci sinifdə oxuyanda fizika müəllimləri Cümşüd Əfəndiyev şagirdləri Bakı təyyarə meydanına aparır. O gündən bu eşq onun köksündə qor kimi yanmağa başlayır.
Anasının müqavimətindən sonra uçmaq eşqini daha heç kimlə paylaşmayan Züleyxa orta məktəbi bitirir və Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - V.B.) mədən fakültəsinə qəbul olur.
"Heç kim öz taleyindən qaça bilməz", - deyiblər. Həyatında ikinci dəfə onu təyyarə meydanına aparan taledən qaçmaq heç Züleyxanın ağlına da gəlmir. "U-2" təyyarəsində səmaya qalxır, Xəzərə səmadan tamaşa edir.
Qəlbində aşıb-daşan duyğuların müşayiətində dostları ilə institutda tələbə aeroklubu yaratmaq qərarına gəlirlər. Bir "U-2" almaq onlara müyəssər olur. Tezliklə intitut aeroklubuna Zabrat yaxınlığında meydança verilir.
Və gözlənilən gün gəlib çatır. Təyyarə idarə etmək həyəcanı tezliklə yerini təkbaşına uçmaq həyəcanına verir. Bu xoşbəxt gün 1934-cü ilin oktyabrında ona qismət olur.
Ancaq Züleyxa bununla kifayətlənmək fikrində deyildi. Onu daha bir həyəcan gözləyirdi. Səmada təyyarədə yox, paraşütlə süzmək...
1935-ci ilin mayında bu arıq, çəlimsiz, qarayanız qız təyyarədən paraşütlə tullanır, külək onu dənizə atır.
Məlumatlara görə, onun tullanışını izləyənlər arasında ovaxtkı birinci katib Mircəfər Bağırov da olur.
Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı toplanışlardan əlidolu geri dönən Züleyxa institutu bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi-Hava Akademiyasına müraciət edir. Ancaq kişiləri qəbul edən akademiya ona rədd cavabı verir.
Əlbəttə, bu cavab onu amalından döndərə bilməzdi. İnadkar Züleyxa ruhdan düşmür, ağlına gələn bir variantı da dəyərləndirmək qərarına gəlir: Mircəfər Bağırovdan kömək istəmək.
Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxa bu görüşdən əliboş dönmür. Mərkəzi Komitə Züleyxanın akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir. Beləcə, o, Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.
Amalları yolunda bütün gücü ilə çalışan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq atasının harada olduğunu soruşur. Ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir.
Dərs qayğılarına başı qarışan Züleyxa bu xəbər qarşısında müvazinətini itirmir, son ümid kimi yenə Bağırova üz tutur. 
"Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumatlar veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Tələbələr arasında yeganə qızam. Bakıdan məlumat alandan sonra mənim burada oxuyub-oxumamaq məsələmə baxacaqlar. Xahiş edirəm, haqqı, ədaləti qoruyun ki, yanlış məlumat gəlməsin", - Züleyxa Bağırova ünvanladığı teleqramda qeyd edir.
Seyidməmmədova bu dəfə də ünvanı düz seçir. Bağırov tezliklə ölkənin adına xələl gəlməməsi naminə onun atasını həbsdən azad edir, dilindən bu barədə heç yerdə danışmaması üçün iltizam alınır.
Moskvaya Züleyxaya lazım olan məzmunda məktub gedir: "Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır".
Təhsilini uğurla başa vuran Züleyxa diplomunu alanda qardaşı Kamal Moskvaya - onu ziyarət etməyə gəlir. Qardaşı ilə söhbət edə-edə gedərkən radiodan yayılan səs, onu dinləmək üçün toplaşan insanlar diqqətini çəkir. Müharibə başlamışdı.
Əngin səmalarda süzmək eşqi qəlbində boy atanda döyüşçü olmağı ağlına gətirməmişdi. Labüd şərait ona seçim yeri qoymamışdı. Moskvanı qorumaq üçün müharibəyə qatılmalı idi.
Bir gün Sovet İttifaqı Qəhrəmanı Raskovanın onu axtardığını xəbər verirlər. Raskova ona qadın polku yaratmaq ideyasından bəhs edir. İdeya tezliklə real həllini tapmağa başlayır. Universitet, institutlardan tələbə qızlar, zavodlardan fəhlələr onların səsinə səs verir. Hərb tarixinin misli görünməmiş ideyası gerçəyə çevrilir: qadın hərbi təyyarə polkları yaradılır.
Züleyxa Seyidməmmədova qırıcı polkun komandiri Tamara Kazarinovanın müavini və polkun şturmanı olur. Gecə-gündüz, yaz-qış demədən davam edən təlimlərdən sonra döyüşə qatılmaq zamanı gəlir.
Onlara sonradan həyati əhəmiyyətli olduğu bəlli olan əmr gəlir: dörd qırıcı təyyarə ilə xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalinqradadək müşayiət etmək lazımdır! Alman təyyarələri də bu sirli təyyarəni vurmağı qət etmişdi. Züleyxa iki təyyarə ilə alman hücumunu dəf edə bilir. Sonradan xüsusi təyyarənin ölkənin baş katibi Stalini dağılmış Stalinqrada (indiki Volqoqrad) apardığı məlum olur.
Seyidməmmədovanın döyüş yolu Ukraynaya kimi uzanır. Beş yüzdən çox döyüşdə iştirak edir, 125 döyüş aparır, 38 alman təyyarəsi vurur.
Sevdiyi dostları gözləri önündə həyatla vidalaşır, mənəvi sarsıntılar, itkilər yaşayır. Müharibənin bitməsindən sonra qalib əsgər kimi - aviasiya kapitanı olaraq Bakıya dönür.
Bir müddət sonra onun vətən qarşısındakı xidmətləri nəzərə alınır və Azərbaycan SSR-nin Təminat naziri (sosial müdafiə) təyin olunur. Bu vəzifədə 1952-1974-cü illərdə çalışır.
Haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, atası Mirhəbib ağanın Hacı Zeynalabdin Tağıyevin mühasibi olması, özlərinin seyid nəslinə mənsubluğu sovet rejiminin Azərbaycanda bərqərar olmasından sonra onlara qarşı təzyiqlərinə rəvac vermişdi. Belə ki, onların şəhərdə və Şüvəlanda olan evləri əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi, Mirhəbib ağa qanlı repressiya illərində kulak kimi tutulmuşdu.
Züleyxa nazir təyin olunduqdan sonra atasının çox sevdiyi, özünün də bütün uşaqlıq xatirələri ilə bağlı olduğu, həyətində qollarını açaraq uçmaq xəyalları qurduğu bağ evlərini geri almaq üçün təşəbbüslər göstərir. O, varlı adamlara məxsus, dövlət tərəfindən müsadirə edilmiş evlərin siyahısını çıxarır, atasından onların içərisindən öz doğma evlərini tapmasını istəyir. Deyilənə görə, atası Şüvəlandakı evə gedəndə əyilib torpağı öpmüş, göz yaşları tökərək qızını qucaqlamışdı.
Qeyd edək ki, onun dayısı Azərbaycan Cümhuriyyətinin xarici ölkələrdə təhsil almağa göndərilmiş ilk tələbələrindən olmuşdu. Lakin Cümhuriyyətin süqutu ilə bir çox ziyalılar kimi, o da vətənə geri dönə bilməmiş, Parisdə həyata gözlərini yummuşdu. Bu faktı bir çoxları zaman-zaman ona qarşı istifadə etmişdi. Növbəti belə sıxışdırma hallarından birində Züleyxa xanım deyir:
"Birincisi, dayım Parisdə yaşamır, vəfat edib. İkincisi, ümumiyyətlə, bu məsələni burada müzakirə etməyiniz mənim xoşum gəlmir. Siz nəyi müzakirə edirsiniz? 1941-ci ildə mən ərizə yazmışdım ki, istəyirəm, döyüşə partiyaçı kimi gedim. Kommunist Partiyasına o zaman daxil oldum. İndi siz mənim partiyada olub-olmamağımı fikirləşirsiniz? Partiya biletini mənə siz vermisiniz ki alasınız? Mən sizin Mərkəzi Komitənin bürosunda heç iştirak etmək istəmirəm".
Onun bu "dikbaşlığını" qəhrəmanlığına bağışladılar.
Züleyxa Seyidməmmədova əksər səma döyüşlərində "Şahin" (Sokol") kod adından istifadə edib.
Çox gec ailə həyatı quran Züleyxa xanıma ana olmaq nəsib olmayıb. O, erkən həyatdan köçən qardaşlarının övladlarına ana qayğısı göstərib.
"Lenin" ordeni, iki "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" və başqa orden və medallarla təltif olunub. 1999-cu ildə həyata gözlərini yumub.


Oxunub: 420






SON XƏBƏRLƏR

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image

13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Product image

13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Product image

12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim