reklam
USD
17 ℃
EUR
BAKI

Fərid Abbasov: Aydın Süleymanlının dünya çempionu olması onun güclü potensialının göstəricisidir

XƏBƏR / 17.10.2019 23:54
Fərid Abbasov: Aydın Süleymanlının dünya çempionu olması onun güclü potensialının göstəricisidir

Şahmatçılarımız oktyabrın 1-dən 13-dək Hindistanın Mumbay şəhərində 14, 16, 18 yaşlılar arasında dünya çempionatında çıxış ediblər. Yarışda komandamızın üzvü Aydın Süleymanlı 14 yaşlı şahmatçılar arasında böyük uğur əldə edərək dünya çempionu adını qazanıb. O, bu nəticə ilə Azərbaycan şahmat tarixinə yeni səhifə yazıb.

Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq qrossmeyster Fərid Abbasov Azərbaycanda şahmatın inkişafı, gənc şahmatçıların perspektivləri ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Fərid müəllim, dünya çempionatında komandamızın çıxışını necə qiymətləndirirsiniz?

- Dünya çempionatında ümumilikdə 64 ölkədən 460-dan çox şahmatçı mübarizə aparırdı. Bu nüfuzlu turnirdə Azərbaycanı 9 şahmatçı təmsil edib. Komandamızın heyəti kifayət qədər güclü idi və onlardan yüksək nəticələr gözləyirdik. Aydın Süleymanlı 14 yaşlılar arasında dünyanın ən güclüsü olduğunu sübut etdi. Ondan başqa digər şahmatçılarımızın da şansları yüksək idi. Bu baxımdan Gövhər Beydullayevanı da xüsusi qeyd edərdim. O, 16 yaşadək qızlar arasında 3-4-cü yerləri bölüşüb. Əlavə əmsallara görə isə 4-cü yeri tutub. Eyni yaşda mübarizə aparan hazırkı Azərbaycan çempionu Ləman Hacıyevanın da mükafatçılar sırasına düşmək şansları vardı. O, xüsusilə turnirin ikinci yarısında medallar uğrunda daha fəal mübarizə aparırdı. Təəssüf ki, mükafatdan kənarda qaldı. On dörd yaşlıların mübarizəsində çıxış edən Ayan Allahverdiyeva 2-5-ci yerləri bölüşüb. Əlavə göstəricilərə görə 5-ci olub. Bizim digər qruplarda da medal şanslarımız var. Vüqar Əsədli, Xanım Balacayeva, Məhəmməd Muradlı və digər şahmatçılarımız var ki, çox istedadlıdırlar. Onlar da bu yarışa qatılsaydılar medal qazana bilərdilər.

Bu yarışdan qabaq "Baku Open” turniri keçirilib. Dünya çempionatı ərəfəsində şahmatçılar bu yarışda özlərini bir daha sınadılar. Bu da dünya çempionatında daha yaxşı nəticə qazanmaq üçün zəmin yaratdı. Ümumilikdə, komandamızın çıxışını yaxşı qiymətləndirirəm.

- Aydın Süleymanlı turnirin əvvəlindən inamla mübarizə aparırdı. Onun son üç turda liderliyə yüksəlməsi və onu əldən verməməsi şahmatçımızın yarışa çox yaxşı hazırlaşdığını sübut edir. Yetirmənizin dünya çempionu olacağına inanırdınızmı?

- Bu qrupda dünyada çox güclü rəqabət var idi. Hindistanda 14 yaşlılar arasında güclü potensiala malik şahmatçılar yetişib və onlar öz oyunları ilə bunu nümayiş etdirdilər. Hindistanlı şahmatçılar bu yarışda da sürpriz nəticələrlə diqqəti cəlb etdilər. Hətta əmsalı aşağı olan şahmatçılar belə çox gözəl oyun sərgilədilər. Turnirin 8-ci turunda az tanınmış, əmsalı 1830 olan Hindistan təmsilçisi vahid lider idi. Şahmatçımız həlledici turda onu qara fiqurlarla məğlub edərək daha güclü olduğunu sübut etdi. Sona qədər liderliyi əldə saxlamaq Aydın üçün həm psixoloji, həm fiziki baxımdan çox çətin idi. Çempion olacağı təqdirdə Azərbaycanın dövlət himni səsləndiriləcəkdi və bu, qürurvericidir. O, bunu bacardı və dünya çempionu oldu. Aydın yarışa mükəmməl hazırlaşmışdı və biz onun dünya çempionu olacağına inanırdıq.

- Siz Aydın Süleymanlının həm də şəxsi məşqçisisiniz. Onun şahmatda ilk addımlarını necə xatırlayırsınız? Sizcə yetirməniz dünyanın ən güclü şahmatçısı adını qazana bilərmi?

- Aydın Süleymanlı ilə əvvəl məşqçi Xalid Atababayev məşğul olub. Mən 2015-ci ildən onunla mən məşğul oluram. Aydın 5 yaşında olarkən şahmatda ilk addımlarını atıb. Onun ilk ən böyük nailiyyəti 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında Avropa çempionluğudur. O, həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. 2014-cü ilin noyabrında şahmatın blits və rapid növləri üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub. Aydın 2015-ci, 2016-cı illərdə də mükafatçılar sırasında yer almağa çox yaxın idi. O, 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adına layiq görülüb. Bu il beynəlxalq usta normasını yerinə yetirib. Bu qədər sabit çıxış nümayiş etdirməsi onun yüksək perspektivindən xəbər verir. Aydın Süleymanlı güclü potensiala malik idmançıdır.

- Bu gün Hindistanda 20 yaşlılar arasında dünya çempionatı start götürüb. Həmin yarışda çıxış edən Məhəmməd Muradlının şanslarını necə dəyərləndirirsiniz?

- Gənc şahmatçımız Məhəmməd Muradlı 12 yaşlılar arasında dünya çempionu, bir sıra digər nüfuzlu yarışların qalib və mükafatçısıdır. Kişilər arasında hazırkı Azərbaycan çempionudur. İnanıram ki, ölkəmizi bu yarışlarda layiqincə təmsil edəcək.

- Qarşıda yeniyetmə və gənc şahmatçılarımızın iştirak edəcəyi yarışlar barədə məlumat verərdiniz.

- Oktyabrın 28-dən noyabrın 6-dək 16 yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Komandamızın üzvləri Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva bu yarışda mübarizə aparacaqlar. Gənc şahmatçılarımız klublararası Avropa çempionatında da iştirak edəcəklər. Komandamızı bu çempionatda "Vüqar Həşimov” klubu təmsil edəcək. Gənc şahmatçıların da həmin yarışda iştirakına imkan yaratdıqlarına görə baş məşqçi kimi, həmin klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. "Vüqar Həşimov” komandasında birinci taxtada üçqat Avropa çempionu Rauf Məmmədov da mübarizə aparacaq. R.Məmmədovla eyni komandada medallar uğrunda mübarizə aparmaq gənc şahmatçılar üçün böyük stimuldur. İnanıram ki, gənc qrossmeysterlərimiz gələcək yarışlarda da etimadı doğruldub yüksək nəticələrə imza atacaqlar.


Oxunub: 441






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim