Şəmsəddin Hacıyev: Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!
MÜSAHİBƏ / 03.11.2019 01:36
Şəmsəddin Hacıyev: Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!
Son günlərdə respublikamızın ictimai-siyasi həyatında gedən müsbət proseslər, həyata keçirilən kadr və struktur islahatları, cəmiyyətdə formalaşan sağlam xalq-iqtidar birliyi, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik istər ölkə daxilində, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.
Bununla belə, ölkəmizdə özünə müxalifət deyən "siyasətçilər”, yalnız iqtidar partiyasına deyil, eyni zamanda, müstəqil dövlətçiliyimizə, xalqımıza qarşı dağıdıcı, radikal və qeyri-konstruktiv anti-Azərbaycan, antimilli qüvvələrin davranışı, eləcə də son dövrlərdə onların bir qədər "fəallaşması” Azərbaycan cəmiyyətində birmənalı pislənilir.
Bu məsələlərlə bağlı Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyevin fikirlərini təqdim edirik.
- Respublikamızdakı mövcud ictimai-siyasi vəziyyəti, cəmiyyət həyatında gedən proseslərlə bağlı hazırkı situasiyanı necə qiymətləndirirsiniz? Radikal müxalifətin son bir ayda müşahidə etdiyimiz "fəallığı”nın hər hansı sosial-iqtisadi zəmini varmı?
- Təbii ki, heç bir zəmini yoxdur. 2018-ci ildən başlayaraq ölkəmiz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub, cəmiyyətdə əsaslı keyfiyyət dəyişiklikləri baş verir. Bu mənada postneft dövrünün yeni iqtisadiyyatının qurulması və şaxələndirilməsi, idarəetmədə rəqəmsallaşmanın, şəffaflığın yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində səmərəli sosial islahatlar paketinin reallaşdırılması, institusional islahatların dərinləşdirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi mühüm addımlardır. Həmçinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində sosial islahatlar paketi reallaşdırılır, sistemli struktur və kadr islahatları həyata keçirilir, gənc kadrlara, savadlı mütəxəssislərə geniş meydan verilir. Möhtərəm Prezidentimizin son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Azərbaycanda hər bir vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün hətta dünyanın əksər ölkələrinə nümunə ola biləcək səviyyədə şərait mövcuddur. Bir sözlə, müstəqilliyimizin xüsusilə son 16 ilində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib və sivil vətəndaş cəmiyyətinin inkişafı üçün hər cür şərait yaradılıb. Belə olan təqdirdə, özünü Milli Şura adlandıran müxalifət qüvvələrinin icazəsiz mitinqlər keçirmək niyyətləri və cəhdləri heç bir sağlam düşüncəyə sığmır. Dəfələrlə bu destruktiv müxaliflərin mitinq keçirmələrinə razılıq verilməsinə baxmayaraq, onlar müəyyən bəhanələrlə, əslində isə kifayət qədər ictimai dəstək, tərəfdar toplaya biləcək gücdə olmadıqlarından həm imtina edirlər, həm də şəhərin mərkəzi küçə və meydanlarında, nəqliyyatın və əhalinin gediş-gəlişinin intensiv olduğu yerlərdə, hətta metronun xüsusi mühafizə zonalarında yerləşən məkanlarda icazəsiz mitinqlər, yürüşlər keçirməyə və beləliklə, ictimai asayişi kobud şəkildə pozmağa cəhd göstərirlər. Mütəmadi olaraq icazəsiz mitinqlərə cəhd edən radikalların bu cür canfəşanlıqlarının nədən qaynaqlandığı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır. Hesab edirəm ki, nəinki partiya funksionerləri, vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bu məsələlərə öz münasibətini bildirməlidir. Çünki müxalifətin qeyd olunan davranışı anti-Azərbaycan, antimilli qüvvələr tərəfindən müstəqil dövlətçiliyimizin və xalqımızın əleyhinə yönəlmiş təxribatlardır. Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!
- Məlum həqiqətdir ki, hazırda müxalifətin cəmiyyətdə elektoratı, sosial dəstəyi çox zəifdir və reytinqləri də getdikcə aşağı düşməyə meyillidir. Bu qüvvələrin sosial şəbəkələrdə destruktiv təbliğatı, insanları mitinqlərə çağırışları və s. fəaliyyətlərinin məqsədi də əsasən bəllidir. Sizin bu məsələlərə münasibətinizi bilmək maraqlı olardı.
- Özlərini müxalifət adlandıran bu radikal qüvvələrin məqsədi nədir? Cavab aydındır: ölkədə gedən müsbət işlərə kölgə salmaq, ictimai-siyasi sabitliyi, asayişi və əmin-amanlığı pozmaq, vətəndaş-polis qarşıdurması yaratmaq, qəsdən özlərinə xəsarət yetirmək və ya polisi buna təhrik edərək sanki hakimiyyət tərəfindən onlara qarşı zor tətbiq edilirmiş kimi görüntülər yaratmaq, bununla da Azərbaycanın gündən-günə yüksəlməkdə olan beynəlxalq imicinə və nüfuzuna xələl gətirmək, ölkəmizdə guya demokratiyanın, insan haqları və azadlıqlarının pozulduğu haqqında xarici mətbuatda, xüsusilə sosial şəbəkələrdə, internet TV kanallarında səsləndirdikləri əsassız, sərsəm, tərbiyəsiz, şər-böhtan və qarayaxmalarla dolu bəyanatlarını sübut etməyə çalışmaq, ən başlıcası isə maliyyələşdirildikləri mənfur, Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizi xaos, anarxiya, vətəndaş qarşıdurması və itaətsizliyi ocağına çevirmək arzusunda olan xarici dairələrin məmnunluğunu qazanmaq, eləcə də onlardan aldıqları hər cür dəstəyi itirməməkdir.
Son günlərdə biz müxalifətin daha bir siyasi fiaskosunun şahidi olduq. İki noyabr icazəsiz mitinqinə hazırlıq və təyin olunan vaxta bir gün qalmış mitinqin müxalifət tərəfindən müxtəlif bəhanələrlə təxirə salınması özünə müxalifət deyən qüvvələrin əsl simasını, daha doğrusu simasızlığını və məqsədlərini bir daha nümayiş etdirdi. Müxalifətin birdən-birə öz mövqeyini 180 dərəcə dəyişdirməsi onların gücsüzlüyünün, cəmiyyətdə ictimai dəstəyinin yox dərəcədə olmasının bariz nümunəsidir. Azərbaycan cəmiyyəti bir daha şahid oldu ki, müxalifət olan-qalan elektoratını da itirmək ərəfəsindədir və xaricdən onlara verilən dəstəklə hərəkət etdiklərinə görə artıq xalqın, ictimaiyyətin haqlı qınağına çevriliblər.
- Bildiyimiz kimi, müxalifətin mövcudluğu demokratik vətəndaş cəmiyyətinin zəruri tərkib elementidir. Bu tezisi oxucularımız üçün bir az açıqlaya bilərsinizmi?
- Əgər qısa desək, bu sualın cavabını belə ifadə etmək olar: vətəndaşların etimadını, rəğbətini qazanaraq seçkilərdə üstünlük əldə etməklə sivil və demokratik yolla hakimiyyətə gəlmək. Bu baxımdan müxalifətin məhz seçki ərəfəsində fəallığının daha da artması başadüşüləndir və qanunlarımız da nəinki buna mane olmur, hətta geniş imkanlar yaradır. Ölkəmizdə bir sıra müxalifət partiyaları mövcuddur ki, onlar yaradılmış bu imkanlardan və demokratik mühitdən yararlanaraq öz sağlam siyasi mübarizəsini davam etdirirlər. Misal olaraq göstərmək olar ki, bu gün Milli Məclisdə rəsmi qeydiyyatdan keçmiş on iki partiyanın nümayəndələri təmsil olunur və seçilmiş deputatların 41 faizə qədəri bitərəf və qeyri-iqtidar partiyasının üzvləridir. Bütün bunlara baxmayaraq, məlum dağıdıcı müxalifət qüvvələri hər dəfə seçkiöncəsi proseslərdə xoşagəlməz, qanunazidd və iyrənc hərəkətləri ilə yadda qalır, həlledici məqamda seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır, hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar, hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər. Onlar budəfəki cəhdləri ilə hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər.
Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsində olmasına baxmayaraq, "müxalifətçilər” hələ də anlamırlar ki, bu, Prezident və ya parlament seçkiləri deyil, bir kəlmə də olsun bələdiyyə seçkilərindən danışmırlar, namizədlərini irəli sürmürlər, bütün seçkilərdə olduğu kimi konstruktiv platforma ilə deyil, özlərinə xas eyni şablon şüarlarla, əsassız və cəfəng fikirlərlə çıxış edirlər. Lakin dərk etmirlər ki, nə bugünkü müstəqil, azad, demokratik və qüdrətli Azərbaycan dövləti doxsanıncı illərin Azərbaycanıdır, nə də o illərdə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi-Müsavat cütlüyünün səriştəsiz, rüsvayçı və xəyanətkar fəaliyyəti nəticəsində böyük bəlalara və vətəndaş qarşıdurmalarına düçar olmuş xalqımız həmin xalqdır. Azərbaycan xalqı müdrik xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir. Son dövrdə aparılan sosial sorğular təsdiq edir ki, Azərbaycan xalqı bu qüvvələrə qətiyyən etimad etmir, ölkə başçımız, partiyamızın lideri cənab İlham Əliyevin reytinqi cəmiyyətdə 93 faizdən də yüksəkdir.
-Qeyd etdiyiniz kimi, müxalifət hazırda bələdiyyə seçkiləri haqqında danışmır. Onlar əsasən dövlət əleyhinə çağırışlar edir, ayrı-ayrı məmurların ünvanına qarayaxmalar və şər-böhtanlarla məşğuldurlar, hətta hakimiyyətin istefasını tələb edirlər. Bu nə ilə bağlıdır?
- Mən bu suala yuxarıda qismən cavab verdim. Amma əlavə etmək istəyirəm ki, bələdiyyə seçkilərində maraqlı olmayan dağıdıcı müxalifətin son dövrdə belə "fəallaşması”nın, hər həftə piket, mitinq keçirilməsi üçün dəridən-qabıqdan çıxmasının məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi və asayişi pozmaqdır. Bu tələblərin arxasında başqa məqamlar dayanır və müxalifətin bu kimi davranışının səbəbləri gün kimi aydındır. Azərbaycan son 16 ildə möhtəşəm uğurlara imza atıb, dinamik, dayanıqlı və davamlı surətdə inkişaf edir, müstəqil xarici siyasət yürüdür, iqtisadiyyatı yüksək artım templəri ilə böyüyür, şaxələnir, neftdən asılılığını gündən-günə azaldır, ÜDM-də qeyri-neft sektorunun payını ilbəil yüksəldir, xarici borc göstəricilərinə görə dünya ölkələri arasında ən əlverişli mövqelərdə yer alır, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılmasına nail olub. Ölkəmiz dünyanın çox güclü ordularından birinə sahibdir, əhalinin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb, xüsusilə cari ilin əvvəlindən başlayaraq iki mərhələdə inqilabi sosial islahatlar paketinin reallaşdırılması nəticəsində 4,2 milyondan çox əhalinin rifahı yüksəlib. Bu məqsədlə hər il 3,9 milyard manatdan çox əlavə vəsait nəzərdə tutulub və bütün bunların ardıcıl olaraq davam etdirilməsi üçün real zəminlər formalaşdırılıb. Ölkə başçısının güclü siyasi iradəsi və apardığı cəsarətli, müstəqil, praqmatik siyasəti sayəsində qısa müddətdə ictimai həyatımızın, istisnasız olaraq, bütün sahələrində əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə yüksəldir, beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə irəlilədir, dünyada və regionda söz sahibinə çevirir, beynəlxalq təşkilatlarda ölkəmizin maraq və mövqeyinə olan dəstəyi getdikcə artırır. Şübhəsizdir ki, bütün bunlar həm bizim təbii düşmənlərimizi, həm də onları dəstəkləyən bəzi bəlli qüvvələri narahat edir, buna görə də onlar hər vasitə ilə ölkəmizin güclənməsinin və qüdrətlənməsinin qarşısını almağa, pozitiv işlərə kölgə salmağa çalışırlar. Belə vasitələrdən biri də iradəsiz, əqidəsiz, xəyanətkar, şəxsi maraqlarını milli maraqlardan üstün tutan daxili "qüvvələri” ələ almaq və onlardan oyuncaq kimi istifadə etməklə öz çirkin niyyətlərinə nail olmaqdır. Məsələyə yalnız bu prizmadan yanaşdıqda, bilərəkdən və ya bilməyərəkdən fəaliyyətlərində xarici qüvvələrin tapşırıqlarını rəhbər tutan radikal müxalifətin dağıdıcı hərəkətlərinin əsas motivlərini başa düşmək o qədər də çətin deyil.
- Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ problemidir. Prezidentimizin son beynəlxalq tədbirlərdə bu məsələni dünya ictimaiyyətinin, dövlət başçılarının diqqətinə çatdırmasının, sizcə, hansı nəticələri olacaq? Müxalifətin bu məsələ ilə bağlı münasibətini necə qiymətləndirirsiniz?
- Əvvəlcə qeyd edim ki, möhtərəm Prezidentimizin son beynəlxalq tədbirlərdəki çıxışları, sözün əsl mənasında, tarixi və cəsarətli bəyanatlardır. Bu çıxışlar hər bir azərbaycanlının qəlbində böyük qürur, fərəh və problemin həlli ilə bağlı ümid hisslərini gücləndirdi. Əminliklə deyə bilərik ki, ölkə başçısının bu bəyanatlarından sonra Dağlıq Qarabağ məsələsinin həll olunması istiqamətində yeni bir pozitiv siyasi mərhələ başlayır. Yuxarıda qeyd etdiklərimizə məntiqi ardıcıllıqla yanaşsaq, son iki ay ərzində ölkəmizdəki radikalların daha çox "fəallaşma”sının digər səbəbləri də üzə çıxır. Qeyd olunduğu kimi, cənab Prezident Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında bundan iki ay öncə Paşinyanın Xankəndidə dediyi "Qarabağ Ermənistandır və nöqtə” sərsəm ifadəsinə tutarlı cavab olaraq "Qarabağ Azərbaycandır və nida işarəsi”, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında "MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, "erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir”, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə "dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” kimi ən ali tribunalardan səsləndirdiyi çağırışları ilə diplomatiya tariximizdə müdafiə taktikasından hücum taktikasına keçidin parlaq təzahürü olaraq Paşinyanı, sözün əsl mənasında, siyasi "nokaut” vəziyyətinə saldı və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsində prinsipial mövqeyindən heç bir zaman geri çəkilməyəcəyini, Ermənistanın faşizmi dəstəkləyən neofaşist və dinimizə qarşı vandallıq edən islamofob xislətini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.
Bir neçə gün əvvəl isə Bakı növbəti qlobal miqyaslı bir tədbirə – 120 dövlətin üzv, 17 dövlət və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu və BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etdi. Ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmək üçün olduqca geniş təsirlərə malik olan bu mötəbər qlobal platformada Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, ölkəmizə qarşı törədiyi soyqırımı və hərbi cinayətləri, işğal etdiyi ərazilərdə talançı və qanunsuz iqtisadi fəaliyyətləri haqqında məsələlərə geniş yer ayıraraq bir daha Ermənistanın dünyada sülhə, tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əngəl olan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz və saymazlıqla yanaşan dövlət kimi həqiqi simasını üzə çıxardı. Bütün bu hadisələrin fonunda nə edəcəyini bilməyən Ermənistan rəhbərliyi hələ də təşviş və qorxu içərisindədir və Paşinyanın təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmasını da məhz bu təşvişin əlamətlərindən hesab etmək olar. Çünki işğalçı Ermənistanın rəhbərliyi artıq dərk edir ki, Azərbaycan müharibə qərarı qəbul etsə, çox qısa müddətdə nəinki işğal altında olan əraziləri azad edəcək, hətta ordumuz tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur və İrəvana kimi gedib çıxacaq. Ona görə də heç bir şübhə yoxdur ki, erməni lobbisi və ölkəmizi sevməyən digər qüvvələr bu səbəblərlə Azərbaycan iqtidarının diqqətini Dağlıq Qarabağ probleminin həllindən yayındıraraq yalnız daxili məsələlərlə məşğul olmağa cəlb etmək üçün Əli Kərimli və onun kimi digər müxalifət dairələrindən ölkəmizdə ictimai-siyasi asayişi pozaraq qarşıdurma yaratmaq üçün çox məharətlə istifadə edirlər.
Lakin erməni lobbisi və onların dəyirmanına su tökən dağıdıcı küçə müxalifəti bilməlidir ki, Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaq, müstəqil Azərbaycan dövlətinin bu gün istər xarici, istərsə də daxili düşmənlərinə layiqincə cavab verməyə qadir olan həm hərbi-siyasi, həm inzibati, həm də iqtisadi gücü və iradəsi var. Bu gücün bünövrəsində sarsılmaz xalq-iqtidar birliyi və güclü lider faktoru dayanır. Digər tərəfdən isə təhlükəsizliyimizin və ictimai asayişimizin keşiyində şərəflə dayanan hüquq-mühafizə orqanlarının ayıq-sayıq, çevik və təmkinli fəaliyyəti ilə fərqlənən təqdirəlayiq əməkdaşları. Azərbaycan polisi vətəndaşlarımızı bu dağıdıcı və gözü dönmüş radikallardan çox məharətlə qoruyaraq hətta Avropa polisinə də örnək göstərdi. Avropada təşkil olunan etiraz aksiyalarında şahidi olduğumuz qeyri-insani davranışlara yol vermədən asayişi pozanları qanunlarımıza hörmətlə yanaşmağa və riayət etməyə çağırdılar, xəbərdarlıqlara məhəl qoymayanları isə müvafiq qaydada tənbeh etdilər və cəzalandırdılar. Bu, belə də olmalıdır, çünki qanuna tabe olmamağın adekvat cəzası olmalıdır. Bu hadisələrdən hamılıqla bir daha dərs almalıyıq, müstəqil dövlətçiliyimizi bütün təxribatlardan göz bəbəyimiz kimi qorumalıyıq, dağıdıcı qüvvələrə heç bir şans verməməliyik, unutmamalıyıq ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır, hakimiyyətə gəlməyin yeganə yolu isə demokratik və azad seçkilərdir.
Mən müxalifət düşərgəsində olan və Vətəninə, dövlətinə, millətinə sadiq gənclərə səslənirəm: Bu gün Azərbaycanın yeganə problemi düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsidir. Dövlət idarəçiliyindən tamamilə bixəbər olan köhnəfikirli və xəyanətkar qüvvələri öz sıralarınızdan süpürüb atın. Müstəqil Azərbaycan dövlətinə, xalqımıza, milli-mənəvi dəyərlərimizə xidmət edin. Bizim xalq olaraq milli varlığımız müstəqil dövlətçiliyimizin olmasındadır. Bizim bir Vətənimiz var, o da Azərbaycandır!
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim