reklam
USD
14 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

RƏSMİ / 22.11.2019 00:04
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib   


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

carciTV xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi
-Əziz sumqayıtlılar, əziz dostlar.

Mən sizi və bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını Sumqayıtın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.

Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir. Əldə edilmiş bütün nailiyyətlər münasibətilə sumqayıtlıları təbrik edirəm.

Sumqayıtın qədim tarixi var. Ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşdı. 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular.

Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək.

Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü.

1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır.

Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi.

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.

Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı.

Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.

Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə "otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı.

Heydər Əliyevin hakimiyyətə gəlməsi, əlbəttə ki, tarixi hadisədir. Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir.

Əlbəttə ki, Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat "Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə həyata keçirilir.

Şəhərin kommunal təsərrüfatı yenilənir. Lift təsərrüfatının təqribən 80 faizi yenilənib. Sumqayıtda 1300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyü vurulubdur və qalan binaların da dam örtükləri vurulacaq.

"ASAN xidmət” mərkəzi yaradılmışdır. İndi göstəriş vermişəm ki, ikinci "ASAN xidmət” yaradılsın. Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik.

Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik.

Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı. Biz bunu da edəcəyik.

Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə - yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş "SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.

Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi. Mən əvvəlki dövrlərdə də dəfələrlə şəhər rəhbərliyinə belə göstəriş vermişdim. Ancaq Zakir Fərəcovu mən vəzifəyə təyin edəndən sonra bu məsələ də həll olundu. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir. Onsuz da Sumqayıtın kifayət qədər istirahət zonaları vardır. Parkların hamısı abadlaşdırılıb. Amma bulvar, əlbəttə ki, ayrı bir məsələdir. Uzunluğu əvvəlki Bakı bulvarından təxminən 2 dəfə böyükdür. Çünki əvvəlki ənənəvi Bakı bulvarının uzunluğu 3 kilometr idi, indi 16 kilometrdir. Əlbəttə, mən demək istəmirəm ki, burada da 16 kilometr uzunluğunda bulvar tikilsin. Amma hər halda əgər imkan olacaqsa, biz gələcəkdə bulvarı genişləndirməliyik.

Yəni, bütün sahələr üzrə inkişaf var, inkişaf gedir. Bu Dram Teatrının, "Kimyaçı” sarayının binalarının əsaslı təmiri də bunun təzahürüdür. Bu Dram Teatrında Ulu Öndər Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni, bu teatrın böyük tarixi vardır. Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu.

Əziz dostlar, bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.

X X X

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir FƏRƏCOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli qonaqlar.

İcazə verin, sumqayıtlılar adından Sizi ulu öndərimiz Heydər Əliyevin "kiçik bir Azərbaycan” adlandırdığı gözəl Sumqayıtda salamlayaq və şəhərimizə "Xoş gəlmisiniz” deyək.

Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına xüsusi qayğı ilə yanaşırdı, şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev şəhərimizə 16 dəfə səfər etmişdi. Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Biz sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu münasibəti bu gün Sizin tərəfinizdən də uğurla davam etdirilir. Sizin hər gəlişiniz sumqayıtlılar üçün böyük bayrama çevrilir, şəhərimizin inkişafında yeni mərhələ açır.

Cənab Prezident, Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olundu, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirildi. Azərbaycanın iqtisadi potensialı gücləndi, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın qabaqcıl dövlətləri sırasında şərəflə addımlayır.

Sizin həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə, söz sahibinə çevrilməsi, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiqləyən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Sizin ideyanızla və iştirakınızla Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan müxtəlif xarakterli - siyasi, iqtisadi, idman, səhiyyə və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri olmasını artıq bütün dünya qəbul edir və bunlar dövlətimizin artan nüfuzundan xəbər verir.

Cənab Prezident, bu gün müstəqil Azərbaycan dövlətinin öz dəstxəti, dövlətçilik siması, inkişaf yolu var. Bu, Sizin milli maraqlara əsaslanan siyasətiniz, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinizin nəticəsidir.

Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Son illər ərzində ölkəmizdə baş vermiş inkişaf və tərəqqi, sözün həqiqi mənasında, qürur hissi doğurur.

Cənab Prezident, müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Sumqayıt şəhəri də dinamik inkişaf dövrünü yaşayır. Sizin rəhbərliyiniz, yüksək diqqət və qayğınız nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Birbaşa rəhbərliyiniz, yüksək diqqət və qayğınız nəticəsində həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərimizin simasını tamamilə dəyişib.

Məlumdur ki, hər bir işin icrası zamanı, ilk növbədə, dəqiq hədəflərin, aydın tezislərin müəyyən edilməsi tələb olunur. Bu baxımdan, Sumqayıtda görülən işlər xaotik xarakter daşımır, Sizin tövsiyələrinizi əsas tutaraq, sistemli, planlı və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, vahid yanaşmaya əsaslanan proqram çərçivəsində və konseptual şəkildə aparılır.

Möhtərəm cənab Prezident, Sizin qeyri-neft sektorunun inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq görülən işlər ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də öz bəhrəsini verməkdədir. Şəhərin inkişafı ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər mərhələ-mərhələ uğurla icra edilir. Bu prosesin əsasını Sizin verdiyiniz dəyərli tövsiyə və tapşırıqlar təşkil edir. Siz Sumqayıtdakı vəziyyətlə yaxından tanışsınız, ətraflı məlumata maliksiniz. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istərdim ki, Sizin son illərdə şəhərimizə səfərləriniz zamanı açılışını etdiyiniz "SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, Karbamid zavodları və digər müəssisələr hesabına minlərlə yeni iş yerləri yaradılıb. Hazırda Kimya Sənaye Parkında şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi başa çatmaq üzrədir. Artıq əminliklə deyə bilərik ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Son illərdə şəhərimizin iqtisadiyyatı sürətlə inkişaf etmiş, aparıcı sahələrdə müsbət irəliləyişlər təmin olunmuş, yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artmışdır.

2011-ci il avqustun 7-də Siz Sumqayıt şəhərində səfərdə olarkən, burada müasir bulvar kompleksinin yaradılmalı olduğunu vurğulamışdınız. Qeyd etmək istərdim ki, hələ 45 il əvvəl 1974-cü ildə, Ulu Öndər şəhərin 25 illik yubiley tədbirində bu səhnədə çıxış edərkən Sumqayıtda dəniz kənarında böyük park və bulvarın yaradılması fikrini irəli sürmüşdü. Cənab Prezident, 45 ildən sonra bu park və bulvarın yaradılması Sizin tapşırığınızla reallaşdı. Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə möhtəşəm bulvar yaradıldı. Burada şəhər sakinlərinin piyada gəzintisi, avtomobil yolu, istirahət obyektləri, uşaqlar üçün əyləncə mərkəzi, idman infrastrukturu quruldu, fərqli ölçülərdə və bir-birini təkrarlamayan yaşıl parklar salındı. Son günlərdə isə Sizin xeyir-duanızla Sumqayıt bulvarı, əlavə olaraq, daha 40 hektar genişləndirildi və bir kilometr uzadıldı.

Şəhərimizdə 60-dan çox küçə əsaslı təmir olunmuş, 10 mikrorayon, 17 məhəllədaxili ərazilərə, Hacı Zeynalabdin, Corat qəsəbələrinə, Sumqayıt Stansiyası, Ceyranbatan, Novxanı və Corat bağları yaşayış massivlərinə yeni asfalt döşənmişdir.

Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, şəhərin mərkəzi küçələrində asfalt salınmamış yerlər qalmamışdır. Ümumilikdə şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənmişdir.

Uzun illər şəhərdə həlli vacib olan məsələlərdən biri - dam örtüklərinin yenidən qurulması mərhələli şəkildə həll olunur. Sizin tapşırığınız əsasında şəhərimizdə 1361 yaşayış binasından 950-sinin dam örtüyü dəyişilmiş, 250 binanın fasadı isə yenidən qurularaq təmir olunmuşdur. Şəhərdə mövcud 594 liftdən istismar müddətini ötmüş 400-dən çox lift yenisi ilə əvəz edilmişdir.

Yaşayış fonduna daxil olan binaların 800-nün zirzəmisi çirkab sularından təmizlənmiş, kommunikasiya xətləri dəyişdirilmiş, dezinfeksiya edilmiş, yaşayış binalarında 3200 giriş və pilləkən qəfəsləri təmir olunmuşdur. 70 nümunəvi məhəllə yaradılmış, şəhər ərazisində 500 mindən çox ağac, milyondan artıq gül və kollar əkilmişdir. Küçə işıqlandırılması şəhərin 80 faizini əhatə edir. Bu sahədə görüləcək işlər hələ çoxdur.

Mövcud uşaq bağçalarından 48-də təmir işləri aparılmış, dam örtükləri yenilənmiş, istilik sistemi bərpa olunmuşdur. Məktəblərdə əsaslı və cari təmir işləri aparılmış, istilik sistemi bərpa edilmişdir. 9 nömrəli tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. Məktəblərdə şagird sıxlığı olduğundan yeni məktəbin və 8 məktəbdə əlavə tədris korpusunun tikintisinə ehtiyac var.

Səhiyyə ocaqlarının 11-i əsaslı və 3-ü cari təmir olunmuşdur. Sizin Sərəncamınızla ayrılmış vəsait hesabına 2 saylı Şəhər Xəstəxanası sökülərək yerində yeni müasir xəstəxananın tikintisi ilə əlaqədar müvafiq işlər aparılır. Şəhərin ən böyük ekoloji problemlərindən biri olan Acıdərə kanalının boruya alınması işləri davam etdirilir. Kanalın 1600 poqonmetr hissəsi artıq boruya alınmışdır.

Cənab Prezident, Sizin yaxından köməyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi tapşırığa uyğun olaraq, 2005 məcburi köçkün ailəsi yeni tikilən evlərə köçürülmüşdür. Bu işlər davam etdirilir. Şəhər icra hakimiyyəti tərəfindən məcburi köçkünlərə mənzil tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 30 hektar torpaq sahəsi ayrılmışdır.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, şəhərdəki şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu il 125 mənzil verilmişdir. Əsası 1968-ci ildə qoyulan Sumqayıt Dövlət Dram Teatrı uzun illər idi təmir olunmurdu. Minnətdarlıq hissi ilə bildirirəm ki, Sizin tapşırığınızla teatrın binası yüksək zövqlə əsaslı təmir və rekonstruksiya olunaraq yenidən quruldu, binanın bütün xidməti, dekorasiya və qrim otaqları estetik üslubda yaradıldı, bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşalar təqdim etmək üçün müasir avadanlıqlarla və işıqlandırma sistemi ilə təchiz olundu.

Şəhərimizin mədəni həyatını canlandıracaq davamlı infrastruktur layihələri də həyata keçirilib. Ümummilli Liderimizin adını daşıyan parkda möhtəşəm Heydər Əliyev Mərkəzi tikilərək istifadəyə verilib. Bu mərkəzdə 420 nəfərlik akt zalı, gənclər üçün müzakirə və diskussiya otaqları, nikah mərasimi zalı, elektron kitabxana hər gün insanlarımızın üz tutduğu müqəddəs bir məkana çevrilib. Müasir tipli Uşaq İncəsənət və şahmat məktəbləri qısa müddətə tikilib istifadəyə verilmişdir. Son dövrlərdə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı üçün yeni bina, Bayraq Muzeyi inşa olunmuşdur. Sizin tapşırığınızla əsaslı təmir olunan Kimyaçılar Mədəniyyət sarayı şəhərimizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Bir qədər sonra Sizin xeyir-duanızla açılacaq Muğam mərkəzini, Nizami kinoteatrını da bu sıraya aid etmək olar.

Şəhər ərazisində sərnişinlərin rahatlığının təmin olunması məqsədilə Türkiyə istehsalı olan 206 avtobus kreditlə alınaraq xətlərə buraxılmışdır. Planlı şəkildə salınan yeni parklar, xiyabanlar, asfalt yollar, gözəlləşən prospektlər, bütövlükdə abadlaşan məhəllədaxili yollar, tikilən sosial obyektlər, əlbəttə, Sizin böyük iradənizin, dövlətçilik qətiyyətinizin sayəsində meydana gəlib. Bütün bunlar Sumqayıtda aparılan abadlıq və quruculuq salnaməsinin bir hissəsinə çevrilib.

Cənab Prezident, görülmüş işlər şəhər sakinlərində dövlətimizin iqtisadi qüdrətinə, siyasi gücünə, iradəsinə inamı daha da artırır. Ən əsası odur ki, şəhərimizin sakinləri arasında sağlam mənəvi-psixoloji iqlim yaranıb. Şəhər sakinləri Sizin daxili və xarici siyasətinizi bəyənir, ürəkdən dəstəkləyir və həmişə Sizin yanınızdadırlar.

Fəxrlə demək olar ki, bugünkü Azərbaycan Ümummilli Liderimizin arzu etdiyi Azərbaycandır və Sumqayıt şəhəri də bu gün Ulu Öndərin arzuladığı kimi, güllü – çiçəkli, işıqlı və abad bir şəhərə çevrilib.

Sumqayıt - müstəqilliyimizin canlı simasıdır. Ötən illər onun tarixinə neçə-neçə gözəl anlar yazıb. İnsan zəkasının, əməyinin və birliyinin vəhdəti olan Sumqayıt islahatların nümunə göstərildiyi məkandır. Doğma şəhərimizə, onun inkişafına hər birimiz öz töhfəmizi verməli, nümunə göstərməliyik. Əminliklə bildirmək istərdim ki, illər ötəcək, xariqələr şəhəri Sumqayıt həmişə dövlət başçısına verdiyi sözə sahib çıxacaq. Çünki sumqayıtlılar etimadı doğrultmağa çalışan zəhmətkeş insanlardır. Onların həyat amalı Heydər Əliyevin bizə miras qoyduğu ideyalara sədaqət, Sizin diqqət və qayğınıza məsuliyyətlə yanaşmağımız, uğurlu işimizlə cavab verməkdir.

Sevinirik ki, indi Sumqayıtın gündüzü də, gecəsi də birdir, al-əlvandır, könül oxşayır, insanlarımız sağlam ruhla, rahat şəkildə işləyir və istirahət edirlər. Artıq Sumqayıtda sağlam mühit, sağlam atmosfer formalaşmış və mehriban bir Sumqayıt ailəsi yaranmışdır.

Cənab Prezident, yeri gəlmişkən, icazə verin, Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə sumqayıtlıları səmimi qəlbdən təbrik edim.

Fərəh duyuruq ki, bu gün Sizin sayənizdə Azərbaycanın adı dünya kürsülərindən çox ucadan səslənir. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, özü öz gələcəyini müəyyən edir, müstəqil və sabit siyasət yeridir. Bu, tarixi bir həqiqətdir. Biz bununla qürur duyuruq. İnanırıq ki, gələcəkdə də Sizin rəhbərliyiniz altında ölkəmiz yeni-yeni zirvələr fəth edəcək.

Möhtərəm cənab Prezident, Sizin dünənki Sərəncamınızla 66 nəfər sumqayıtlı fəxri adlar və medallarla təltif olunub. Bu, Sizin Sumqayıta və sumqayıtlılara göstərdiyiniz böyük diqqət və qayğınızın daha bir bariz nümunəsidir. Təltif olunanlar adından bu diqqət və qayğıya görə bütün sumqayıtlıların Sizə dərin minnətdarlığını bildirirəm. Siz artıq Sumqayıta 24-cü dəfədir səfər edirsiniz. Sizin hər səfəriniz Sumqayıtın tarixinə yeni səhifələr açır.

Cənab Prezident, Sizi sumqayıtlılar adından əmin edirəm ki, bu gündən sonra da Sizin tapşırıq və tövsiyələrinizin layiqincə yerinə yetirilməsi üçün əzmlə çalışacağıq.

Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş tədbirdə görməyə çox şadıq. Sizə Sumqayıtın çoxminli əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə, qayğıya görə minnətdarlığını çatdırıram.

Tanrı Sizi qorusun.

X X X

"Şöhrət” ordenli Əməkdar müəllim Ofelya BABAYEVA dedi:

-Hörmətli cənab Prezident.

Sizi bu möhtəşəm salonda salamlamaqdan böyük qürur və fəxarət hissi keçirirəm. Mən bu salonda dəfələrlə çıxış etmişəm. Ancaq ilk çıxışımı hər dəfə həyəcanla xatırlayıram. 1974-cü il - Sumqayıtın şəhər statusu almasının 25 illiyi.

Rəyasət heyətində ulu öndərimiz, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, bütün ölkənin sevimlisi Heydər Əlirza oğlu Əliyev əyləşmişdi. Düz 45 il əvvəl mənə - 26 yaşlı gənc müəllimə və şairə Sumqayıt ziyalıları adından çıxış etmək səadəti nəsib olmuşdur. Çıxışım Ulu Öndərin, o böyük insanın xoşuna gəldi. "Afərin!” dedi. Mən isə çıxışımı o zaman yazdığım misralarla bitirdim.

-Mən qızınam Azərbaycan,

Arzularım çiçək, çiçək.

Bilirəm ki, qayğın ilə

Bu arzular göyərəcək.

Bəli, cənab Prezident, taleyimə çox-çox minnətdaram ki, düz 45 il sonra Ulu Öndərin layiqli davamçısının, bu gözəl ölkənin Prezidentinin qarşısında da çıxış edirəm. Xatirələr heç zaman unudulmur, yaddan çıxmır.

Ulu Öndərin xeyir-duasını aldığım o gündən bu ana kimi hər cür qayğı və diqqəti hiss etmişəm. Sonralar Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun illər bu şəhərin məktəblərində direktor, Təhsil şöbəsinin müdiri, şəhər sovetinin deputatı, mədəniyyət komissiyasının sədri olduğum zamanlarda da o böyük İnsanın qayğısı və tövsiyələri mənim uğur yoluma işıq saçıb. Bu gün Azərbaycan bütün dünyada özünün uğurları ilə diqqəti cəlb edir. Bu günlərdə gözəl paytaxtımız Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşündə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etməsi, Sizin rəhbərliyinizlə Azərbaycanımızın 3 il bu hərəkata sədrliyi, Dünya dini liderlərinin II Sammitində dərin məzmunlu nitqiniz, il ərzində ölkə əhalisinin rifahının yüksəlməsinə yönəldilmiş sərəncamlarınız hər kəsdə minnətdarlıq hissi doğurur.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin, görkəmli ədiblərimiz Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, İsmayıl Şıxlının yubileyləri ilə bağlı sərəncamlarınız ədəbi irsə yüksək hörmətinizdən irəli gəlir. Bir neçə kəlmə ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyi günlərində təhsilimizin uğurları haqqında danışmaq istəyirəm.

Sizin göstərişinizlə şəhərimizdə 52 məktəb, 58 uşaq bağçası, idman məktəbləri təmir edilib və müasir tələblərə cavab verir. Qəzalı vəziyyətdə olan 9 saylı orta məktəb üçün yeni binanın tikilməsi, orada təhsil alan yüzlərlə şagirdin, onların valideynlərinin, pedaqoji kollektivin hədsiz sevincinə səbəb olub. Pedaqoji kollektivlər, şagirdlər, valideynlər də bu qayğınıza əməli işlə cavab verirlər. Neçə illərdir ki, Sumqayıt təhsili ali məktəblərə qəbula görə ilk üçlükdədir.

Yüksək balla ali məktəblərə daxil olan məzunlarımızın hər il ən azı 8-10 nəfəri Prezident təqaüdünə layiq görülür. Bütün bunlara görə mən Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezident! Son illər Sumqayıtın bu inkişafı Sizin şəhərimizə olan böyük diqqətinizin bəhrəsidir. Mənim sadə əməyimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın yüksək dövlət mükafatları olan "Tərəqqi” medalını, "Şöhrət” ordenini, "Əməkdar müəllim” fəxri adını Sizin sərəncamlarınızla almağım ömrümün ən xoş yaşantılarıdır.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə göstərdiyi qayğıya görə minnətdarlığımızı ona çatdırmağı xahiş edirəm.

Allah Azərbaycanımızı, Sizi, xeyirxah ailənizi qorusun!

X X X

"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim TALIBOV dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Ölkəmizin son illərdə iqtisadi inkişaf sahəsində qazandığı böyük nailiyyətlər heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik istedadı, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hələ ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sumqayıtda kimya sənayesinin yenidən qurulması, yeni istehsal müəssisələrinin yaradılması sahəsində xeyli işlər görülmüşdür.

Həyata keçirilmiş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəticəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş Sovet İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdır. Sumqayıtda istehsal olunan məhsullar SSRİ-nin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu. Həmin dövrlərdə Sovetlər Birliyində istehsal olunan kimya məhsullarının təqribən 40 faizi Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrin payına düşürdü.

Təsadüfi deyil ki, Sumqayıtın sənaye sahəsində keçmiş şöhrətini qaytarmaq məqsədilə, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən 2011-ci ildə ölkəmizdə ilk sənaye parkı məhz şəhərimizdə yaradılmışdır.

Ötən müddət ərzində bu parkda fəaliyyət göstərən rezidentlərin biznes fəaliyyətinin dəstəklənməsi, o cümlədən investisiya xərclərinin azaldılması üçün dövlət tərəfindən sənaye parkının infrastrukturunun yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmiş, sənaye parkının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri müəyyən edilmişdir.

Cənab Prezident, Sizin Sumqayıt Kimya Sənaye Parkına göstərdiyiniz yüksək diqqət və dövlət tərəfindən görülən kompleks təşviqedici tədbirlər sənaye parkına yerli və xarici investorların marağını getdikcə artırır. Siz gərgin iş qrafikinizə baxmayaraq, vaxt tapıb ötən dövrdə Sumqayıt Kimya Sənaye Parkına 6 dəfə səfər etmiş, 5 sənaye müəssisəsinin təməlqoyma, 12 sənaye müəssisəsinin isə açılış mərasimlərində iştirak etmisiniz.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında investisiyalarının həcmi 3 milyard dollar olan 20 rezident qeydiyyata alınıb. Sənaye Parkının təməlinin Sizin iştirakınızla 2013-cü ildə qoyulmasına baxmayaraq, artıq burada 13 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur və parkda 5 mindən artıq insan daimi işlə təmin edilib. Bunların əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləridir.

Möhtərəm cənab Prezident, bu gün təkcə Sumqayıt Kimya Sənaye Parkının nümunəsində deyil, Sizin fərman və sərəncamlarınıza uyğun olaraq yaradılmış təkrar emal, gəmiqayırma, yüngül sənaye və əczaçılıq sahələrində ixtisaslaşmış digər sənaye parklarının da müsbət səmərəsini görə bilərik.

İlk növbədə, sənaye parklarının iqtisadi inkişafda və sənayedə əsas əhəmiyyətli rolu heç şübhəsiz ki, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Azot gübrəsi, polimerlər, şpris, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar və ölkəmiz üçün ənənəvi olmayan bu kimi onlarla yeni məhsulun istehsalı sənaye parklarında həyata keçirilənədək, həmin məhsullar demək olar ki, 100 faiz həcmdə idxal olunurdu. Bu məhsullar üzrə idxalın əvəzlənməsi, eləcə də həmin məhsulların daha çox ixraca hesablanması və nəticədə ölkəmiz üçün yeni ixrac imkanlarının yaranması nəinki ölkədən valyuta çıxarılmasının qarşısını alır, əksinə, ölkəyə əlavə valyuta gəlməsinə zəmin yaradır ki, bu da nəticədə iqtisadiyyatın vacib amillərindən biri kimi milli valyutanın möhkəmlənməsinə öz töhfəsini verir.

Eyni zamanda, sənaye parklarının iqtisadiyyatda digər vacib rolu ölkəyə yeni texnologiyaların gətirilməsidir. Bu gün sənaye parklarında dəyəri 100 milyonlarla dollar olan zavodlarda dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilir. Bu texnoloji yeniliklərin tətbiqi bizə rəqabətqabiliyyətli məhsul istehsal etməyə imkan verməklə yanaşı, həm də sosial səmərə yaratmaqla insan resurslarının inkişaf etdirilməsində, bilikli kadrların cəlb olunmasında, eləcə də mövcud kadr potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Digər əhəmiyyətli məsələ sənaye parklarının ölkənin xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməsindəki roludur. Ölkəmiz ənənəvi olaraq neft və qaz ixracatçısıdır, lakin bu göstərici qeyri-neft sektorunun xeyrinə dəyişməkdədir. Misal üçün, Sumqayıt Kimya Sənaye Parkında reallaşan karbamid zavodu və "SOCAR Polymer” layihələrinin icrası nəticəsində karbohidrogen ehtiyatlarına söykənən yeni məhsullar istehsal olunur ki, nəticədə neft və qaz xammal şəklində deyil, daha dəyərli məhsula çevrilərək ixrac edilir. Bundan başqa, Mingəçevir Sənaye Parkındakı pambıq ipliyi istehsalı fabrikinin timsalında pambıqçılıq sahəsində də analoji prosesi müşahidə etmək olar.

Möhtərəm cənab Prezident, hörmətli tədbir iştirakçıları, bu günədək sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal olunmuş, təqribən 400 milyon manatlıq məhsul ixrac edilmişdir. Əksəriyyəti ölkəmiz üçün yeni olan sənaye məhsullarının ixrac coğrafiyasında MDB ölkələrini, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal göstərmək olar.

Statistik göstəricilərə nəzər saldıqda, 2018-ci ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 170 milyon manatlıq məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 2,6 dəfə çox - yəni, 440 milyon manatlıq məhsul istehsal olunmuşdur. İxrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon manat təşkil etmişdir. Diqqətinizə çatdırıram ki, 2018-ci ildə bu göstərici 52 milyon manat olmuşdur.

Həmçinin bu ilin 9 ayında parka 600 milyon manat investisiya yatırılmışdır ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil etmişdir.

Eyni zamanda, bu ilin 9 ayında 440 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 5,3 faiz olmuşdur.

Bundan əlavə, bu il 190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 11 faiz təşkil etmişdir.

Beləliklə, deyə bilərik ki, cənab Prezident, bilavasitə Sizin təşəbbüsünüzlə Sumqayıt şəhərində yaradılmış Kimya Sənaye Parkı müsbət nəticələrini verməkdədir və ölkənin qeyri-neft sektoru üzrə makroiqtisadi göstəricilərinə birbaşa müsbət təsirini göstərir.

Möhtərəm cənab Prezident, sonda fürsətdən istifadə edərək Kimya Sənaye Parkının kollektivi adından Sumqayıt əhalisini şəhərin 70 illik yubileyi münasibətilə təbrik edirəm. Əminəm ki, möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Sumqayıt bundan sonra daha da inkişaf edəcək, şəhərin sənaye potensialı, o cümlədən Kimya Sənaye Parkı ölkəmizin iqtisadiyyatına daha da böyük töhfələr verəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sumqayıtdakı 1 nömrəli poliklinikanın baş həkimi Arzu BƏNDƏLİYEVA dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Sizi bu gün 70 illiyini qeyd etdiyimiz, öz gözəlliyi, möhtəşəmliyi ilə hər kəsi heyran qoyan doğma şəhərimizdə çoxsaylı səhiyyə işçiləri adından salamlayıram.

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Siz Ulu Öndərimizin uzaqgörən siyasətini bütün sahələrdə davam etdirdiyiniz kimi, sosial sahə olan səhiyyənin inkişafına da daim xüsusi diqqət və qayğı göstərirsiniz. Mən bir həkim kimi səhiyyəmizin inkişafını diqqətlə izləyirəm. Bu sahədə əldə olunan nailiyyətlərə, tərəqqiyə hədsiz sevinirəm. Bu uğurların təməlində Sizin sosial siyasətinizin əsasını təşkil edən insan amili, insan sağlamlığı dayanır. Eyni zamanda, mətbuatda gedən məlumatlarla da tanış oluram. Təkcə bir faktı demək kifayətdir ki, son illər Sizin və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın qayğısı sayəsində ölkəmizdə 600-dən çox tibb müəssisəsi yenidən tikilmiş və yaxud əsaslı təmir edilmiş, ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.

Göstərdiyiniz yüksək diqqət və qayğı nəticəsində bütün sahələrdə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri nəticəsində doğma Sumqayıtımız hazırda ekoloji cəhətdən təmiz, füsunkar bir şəhərə çevrilmişdir. Şəhərimizin səhiyyəsinə olan dövlət qayğısı nəticəsində son illər burada 10-dan çox tibb müəssisəsi əsaslı təmir olunaraq ən müasir avadanlıqlarla təchiz edilmiş və sakinlərin istifadəsinə verilmişdir. Hazırda Sumqayıtda 5 min səhiyyə işçisi yüksək zövqlə təmir olunmuş həmin sağlamlıq müəssisələrində şəhərimizin əhalisinə keyfiyyətli tibbi xidmət göstərir.

Son illər səhiyyənin prioritet sahələri üzrə qəbul edilən 11 Dövlət proqramı əsasında həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəlikləri, böyrək çatışmazlığı olan və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşdırılmışdır. Təbii ki, səhiyyəni prioritet sahə kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri əvəzsizdir. Həyata keçirilən çoxlu sayda irimiqyaslı layihələrə dəstək olan çox hörmətli Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunmasına və möhkəmlənməsinə böyük önəm verir. "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı diridoğulmanın yeni beynəlxalq meyarlarına əsasən, 2017-ci ilin dekabrından Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt 1 nömrəli doğum evi Perinatal Mərkəz kimi fəaliyyət göstərərək, şəhərin perinatal patologiyalı yenidoğulmuşları ilə bərabər, ətraf rayonların da patologiyalı yenidoğulmuşlarına da beynəlxalq standartlara uyğun tibbi yardım göstərir. Bu da yüzlərlə yarımçıq doğulmuş, azçəkili uşaqların həyatda qalmasına və yaşamasına səbəb olur.

Cənab Prezident, Sizin ölkə əhalisinin sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, tapşırığınıza əsasən hər il respublikamızın bütün bölgələrində olduğu kimi, şəhərimizin də minlərlə sakini pulsuz tibbi profilaktik müayinədən keçirilir. Bu da onların xəstəliklərinin vaxtında aşkar olunaraq sağalmalarına imkan yaradır. Bu, bir daha göstərir ki, Siz bu siyasətinizlə bütün dəyərlər sırasında insan sağlamlığını hər şeydən üstün tutursunuz.

Möhtərəm Prezident, qeyd etmək istəyirəm ki, mənim də uzun müddət çalışdığım, şəhərin aparıcı müalicə ocaqlarından biri olan, əsaslı təmirinə ehtiyac duyulan, rentabelliyini çoxdan itirmiş çoxprofilli 2 nömrəli şəhər xəstəxanasının sökülərək yenidən tikilməsi barədə verdiyiniz Sərəncam Sumqayıtın 70 illik yubileyinə töhfə olmaqla bərabər, bütün şəhər sakinlərində və tibb işçilərində hədsiz sevinc hissi doğurmuşdur.

Əziz Prezidentimiz, bütün sosial sahələrə, o cümlədən səhiyyə sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə çoxsaylı tibb işçiləri adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, tibb işçiləri həmişə olduğu kimi, bundan sonra da səhiyyə sahəsində fədakar xidmətləri ilə bərabər, Sizin ətrafınızda sıx birləşərək dövlətə və dövlətçiliyimizə töhfələrini layiqincə verəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Əməkdar inşaatçı Maqsud MAQSUDOV dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Bizə çox xoşdur ki, cənab Prezident, bu gün Sumqayıtın şəhər statusu almasının 70 illik yubileyini Sizinlə birlikdə qeyd edirik. Əlli dörd il bundan əvvəl - 1965-ci ildə Sumqayıt şəhərindəki Qırmızı Əmək Bayrağı Ordenli 1 nömrəli Tikinti Trestinə ali təhsilli inşaatçı-mühəndis kimi göndərişlə gəlmişəm. İşlədiyim kollektiv Sumqayıtın şəhər statusu almasından xeyli əvvəl burada fəaliyyət göstərib. Sonradan Azərbaycanın Sənaye Tikintisi Nazirliyinin tərkibində 1 nömrəli tikinti tresti yaradılmış və Sumqayıt şəhərində yerləşdirilmişdir. Bu kollektivdə çoxsaylı xalqların nümayəndələri çalışmışlar. Sumqayıtda istifadəyə verilən zavod və fabriklər, uşaq bağçaları, məktəblər, xəstəxanalar və mədəniyyət saraylarının əksəriyyəti bu kollektivin əməyinin məhsuludur. Sumqayıtda çox güclü inşaatçılar ordusu yaradılmışdır. Onların çoxu hazırda Sumqayıtda yaşayır.

Əsas diqqətçəkən məqam odur ki, Sumqayıt şəhərinin yaranmasında, inkişafında və ittifaq səviyyəsində tanınmasında əməyi olan insanlar Sizin diqqətinizdədir. Onlar orden və medallarla təltif olunur, şəhər tədbirlərinə dəvət edilir, onlara qayğı göstərilir. Necə deyərlər, bizim respublikamızda heç kəs unudulmur, heç kəs yaddan çıxmır.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sumqayıtda tikinti-quraşdırma işləri 1969-cu ildən ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra daha geniş vüsət almışdır. Qara və əlvan metallurgiya, kimya, neft-kimya, məişət kimyası, mineral gübrə zavodlarında yeni istehsal sahələri işə salınmışdır. Bu zavodlarda istehsal olunan məhsullar Sumqayıtı İttifaq səviyyəsində tanıtmış və respublikanın ikinci sənaye şəhəri səviyyəsinə yüksəltmişdir. 1978-ci ildə Sumqayıtda istehsal gücü 100 min ton olan yuyucu vasitələr zavodunun istismara verilməsində ulu öndər Heydər Əliyevin iştirakı biz inşaatçıların həyatına ömürlük həkk olunmuşdur. Ulu Öndər kollektivlə görüşdü, məsləhətlərini verdi və təbriklərini çatdırdı.  

Ulu Öndər daha bir kompleksin - sintetik kauçuk zavodunun təməlini qoymuş və bu tikintini Mərkəzi Komitənin nəzarətində olan obyektlərin cədvəlinə daxil etdirmişdir. Mən çox fəxrlə qeyd etmək istəyirəm ki, bu kompleks vaxtında istismara verilmiş və bu gün də öz fəaliyyətini davam etdirir.

Şəhərimizdə ən böyük "Kimyaçı” Mədəniyyət Sarayının tikintisi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sarayın tikintisinə Moskva vəsait ayırmırdı və tikinti uzadılırdı. Ulu Öndərin yaxından iştirakı və köməyi nəticəsində maliyyələşmə həll olundu və bu saray tikilib istifadəyə verildi. Hazırda burada ən vacib tədbirlər keçirilir.

Möhtərəm cənab Prezident, Sumqayıt son illərdə daha sürətlə inkişaf edir. Sumqayıtda nəhəng sənaye, yaşayış, sosial-mədəni və məişət obyektləri inşa olunur. Şəhər gündən-günə gözəlləşir, yeni ünvanlar yaranır.

Respublikada aparılan islahatlar, yeniliklər, Prezident sərəncamları Sumqayıt şəhərində öz uğurlu bəhrəsini verir. Bilirsiniz ki, Sumqayıt şəhərindəki qaçqın və məcburi köçkünlər uzun illərdir ayrı-ayrı insanlara məxsus mənzillərdə, bağçalarda, məktəblərdə, mədəniyyət evlərində yaşayırdılar. 12-ci mikrorayonda və Stansiya Sumqayıtda tikilən yaşayış binaları istismara verildikdən sonra ayrı-ayrı şəxslərin mənzillərində, bağçalarda, məktəblərdə, mədəniyyət evlərində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin müəyyən hissəsi o evlərə köçürüldü. Bunun nəticəsində ayrı-ayrı insanların mənzilləri özlərinə qaytarılmış və onların həyat şəraiti yaxşılaşdırılmış, bağçaların, məktəblərin müəyyən hissəsi boşaldılmışdır. Sumqayıtda aparılan geniş tikinti-quraşdırma və abadlıq işləri insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.

Cənab Prezident, görülən bütün bu işlər Sizin Sumqayıta və sumqayıtlılara diqqət və qayğınızın, şəhər rəhbərinə isə inamınızın nəticəsidir. Siz Sumqayıtın inkişafı üzrə bir neçə sərəncam imzalamış, maliyyə vəsaiti ayırmısınız. Sumqayıtın inkişafında əməyi olan insanları orden və medallarla təltif etmisiniz.

Bütün bu diqqət, qayğı və inama görə şəhərimizin inşaatçılar ordusu adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

X X X

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Cəlal MƏMMƏDOV dedi:

-Çox hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, əziz sumqayıtlılar.

Cənab Prezident, şəhərimizin 70 illik yubileyi münasibətilə bizimlə görüşə gəldiyinizə görə Sizə bütün Sumqayıt ictimaiyyəti adından, xüsusilə mədəniyyət və incəsənət xadimləri adından dərin təşəkkürümüzü bildiririk.

Son illər Sumqayıtın sürətli inkişafı şəhərimizin mədəni həyatında da yeni uğur və nailiyyətlərin qazanılmasına güclü təkan verib. Sizin Azərbaycan mədəniyyətinə verdiyiniz dəyər, onun inkişafına göstərdiyiniz diqqət və qayğı parlaq surətdə özünü göstərir. Məhz Sizin çox böyük sevgi ilə bu kövrək sahəyə, xüsusilə teatra və teatr xadimlərinə göstərdiyiniz diqqət və qayğı mədəniyyətimizin bütün sahələrində yeni uğurların əldə edilməsinə, onun daha da zənginləşməsinə münbit şərait yaradır. Həmçinin vurğulamalıyam ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri çox hörmətli Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ olunmasında, tanınmasında, dünya irs siyahısında yer almasında və mədəniyyətimizin bir bəşəri dəyər kimi qiymətləndirilməsi yolunda Sizinlə çiyin-çiyinə çalışır və böyük xidmətlər göstərir.

Cari ilin martında Sizin və Mehriban xanımın mədəniyyət və incəsənət xadimləri ilə görüşünüz, onların problemlərini dinləməyiniz, bir çox məsələlərin yerindəcə həllini tapması bizləri çox sevindirir, teatr xadimlərinə diqqət və qayğınız bizə gələcəkdə daha da həvəslə işləmək üçün böyük stimul verir.

Cənab Prezident, qısaca olaraq Sumqayıt Dövlət Dram Teatrı haqqında danışmaq istərdim. 1968-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə şəhərimizdə ilk professional kollektiv – H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yaradıldı. Öz pərdəsini 1969-cu il mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesinin tamaşası ilə açdı. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı. Müxtəlif dövrlərdə bu teatrda Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Nəsir Sadıqzadə və bir çox başqa görkəmli sənətkarlar çalışıblar.

Bir faktı böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, 1981-ci ildə Moskva şəhərində keçirilən "Ümumittifaq teatr festivalı”nda N.Həsənzadənin "Bütün Şərq bilsin” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edən Sumqayıt teatrı festivalın fəxri diplomuna, Nəriman Nərimanov obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə 1-ci dərəcəli diploma layiq görülmüşdür.

O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən ulu öndər Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatrın kollektivini təbrik etmiş və teatr sənətini mükəmməl bilən teatrşünas kimi tamaşa haqqında müsbət fikirlərini söyləmişdir.

2003-cü il aprelin 3-də ulu öndər Heydər Əliyev Sumqayıt şəhərinə tarixi səfəri zamanı teatrımızın işini yüksək qiymətləndirmiş, teatra xüsusi diqqət və qayğı göstərilməsini vacib hesab etmişdir.

Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Aqşin Babayevin ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş "Xilaskar” əsərinin tamaşası 2005-ci ildə məhz bizim Sumqayıt teatrında hazırlanıb. Azərbaycanda ulu öndər Heydər Əliyevin bədii obrazı ilk dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yaradılıb.

Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən son dövrlərdə Sumqayıtda mədəniyyət və incəsənət sahəsinə, ədəbiyyata böyük diqqət və qayğı var. İnşa olunan yeni binalar, inzibati tikililər, böyük zövqlə yaradılan istirahət guşələri, yeni çəkilən yollar, salınan parklar şəhərin iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də mədəniyyət nümunələri kimi estetik bir mənzərə yaradır.

Mən xüsusilə bu gün işləyib çalışdığım, uzun illər təmirsiz qalan, məhz Sizin diqqət və qayğınız sayəsində yüksək maddi-texniki baza ilə təmin olunmuş bu möhtəşəm teatrımızın binasına görə kollektivimiz adından və şəhərimizin mədəniyyət işçiləri adından Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Son illər şəhərimizdə gedən sürətli abadlıq və quruculuq işləri biz sumqayıtlıları həqiqətən sevindirir. Ulu Öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzi, Uşaq İncəsənət Məktəbi, Sizin möcüzə adlandırdığınız, qısa müddət ərzində inşa olunan Sumqayıt Bulvarı, bulvarımıza xüsusi gözəllik verən Bayraq Muzeyi, 750 yerlik "Kimyaçı” Mədəniyyət Sarayı, bu gün açılışını etdiyiniz möhtəşəm Muğam Mərkəzi, həmçinin dahi Nizaminin adını daşıyan kinoteatrın şəhərimizin yubileyi ərəfəsində istifadəyə verilməsi biz Sumqayıt sakinlərini çox sevindirir. Bu mədəniyyət ocaqları şəhərimizin mədəni həyatına çox böyük töhfələr verir.

Cənab Prezident, çıxışımın sonunda bildirmək istəyirəm ki, Sumqayıt teatrı heç vaxt ölkədə digər teatrların qazandığı nailiyyətlərdən kənarda qalmayıb. Teatrımız dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq teatr festivallarında iştirak edib və böyük uğurlar qazanıb, Hindistan, Türkmənistan, Gürcüstan, Rusiya, Türkiyə və başqa ölkələrdə Azərbaycanı və şəhərimizi layiqincə təmsil edib.

Cənab Prezident, fürsətdən istifadə edib paytaxt Bakıda fəaliyyət göstərən bir neçə teatrın statusunun, həmçinin teatr xadimlərinin əməkhaqqının artırılmasına görə Sizə dərin təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.

Yaşasın Sumqayıt!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!


Oxunub: 422






SON XƏBƏRLƏR

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image

13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

Product image

13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges

Product image

13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO

Product image

2024-11-13

12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

Product image

2024-11-06

13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO

Product image

12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Product image

12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim