Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib.
carciTV xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına tanker barədə məlumat verdi.
Bildirildi ki, özünəməxsusluğu ilə seçilən "Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.
Rauf Vəliyev: Ümumiyyətlə, Azərbaycan tarixində bu, bir ilkdir. Buna böyük ehtiyac var idi. Özü də Azərbaycanda sıfırdan inşa olunub.
Prezident İlham Əliyev: Bu, bir daha göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Gəmiqayırma zavodunun tikintisi doğrudan da böyük hadisədir. İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə, həm tanker, həm də ki, gəmi-bərə tikilib.
Rauf Vəliyev: Cənab Prezident, tankerin uzunluğu 141 metr, eni 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur.
Prezident İlham Əliyev: Bu layihə burada işlənilib?
Rauf Vəliyev: Bəli, Volqa-Don MAX layihəsidir. Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malik tankerdir. Başqalarından fərqli olaraq, 4-5 min tondan artıq yüklə ölçülərinə görə bu kanaldan keçmək imkanına malikdir.
Prezident İlham Əliyev: Volqa-Dondan adətən daha kiçik gəmilər keçir. Bu da keçə bilir?
Rauf Vəliyev: Bəli, maksimum 5600 ton yüklə oradan keçmək imkanına malikdir.
Prezident İlham Əliyev: Çox yaxşı, bu tankerlərdən bizdə neçəsi inşa edilib?
Rauf Vəliyev: Ümumiyyətlə, bizdə 20 tanker var. Sizin dəstəyinizlə hazırda dördü sifariş olunub və inşa edilir.
Prezident İlham Əliyev: Zavod da işləyir. İş yerləri açılıb. İndi zavodu sifarişlərlə biz özümüz təmin edirik və gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz üzərinə götürüb. Elədirmi?
Rauf Vəliyev: Bəli, 30 faizi dövlət tərəfindən təmin olunur.
Prezident İlham Əliyev: 30 faiz dövlət, 70 Gəmiçilik. Bu da onu göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda qalır. Azərbaycanda tankerlər, bərələr inşa edilir. Yəni, pul qalır ölkəmizdə. Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.
Rauf Vəliyev: Çox sağ olun, cənab Prezident, Sizin dəstəyinizlə.
Prezident İlham Əliyev: Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq.
Qeyd edək ki, "Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Hazırda zavodda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri vardır.
Prezident İlham Əliyev "Laçın” tankerinin istismara verilməsini bildirən düyməni basdı.
Prezident İlham Əliyev: Zavodu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq.
Rauf Vəliyev: İlk gəminin də adını Siz qoydunuz, "Azərbaycan”.
Prezident İlham Əliyev: Bəli, adı da "Azərbaycan” olmalıdır. Bu layihə harada hazırlanıb?
Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bizim müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.
Prezident İlham Əliyev: Bizdə olan bərələrdən daha böyükdür?
Rauf Vəliyev: Bu, 56 vaqon götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksiyalı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.
Sonra Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax” tipli "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak etdi.
Məlumat verildi ki, gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik "Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.
Prezident İlham Əliyev "Azərbaycan” gəmi-bərəsinin suya salınmasını bildirən düyəni basdı.
Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və onun alyans tərəfdaşı olan "Caspian Marine Services” tərəfindən alınan 5 platforma-təchizat gəmisinin istifadəyə verilməsi mərasimində də iştirak etdi.
Məlumat verildi ki, "Xocalı”, "Quba”, "Murovdağ”, "Savalan” və "Şahdağ” adlarını daşıyan müasir platforma-təchizat gəmiləri İtaliyanın bu sahədə aparıcı gəmiqayırma zavodunda inşa edilib. Əsas təyinatı neft-qaz platformalarının təchizatı olsa da, bu gəmilər seysmik və tədqiqat işləri, sualtı əməliyyatlara dəstək, dəniz səthinin neft və neft məhsullarından təmizlənməsi kimi əməliyyatları da həyata keçirir.
Rauf Vəliyev: Cənab Prezident, son 20 ildə öz tərəfdaşlarımızla bu tip 10 gəmi gətirmişik. Amma onların hamısı bunun bir az kiçik formasıdır.
Prezident İlham Əliyev: Bu 5 gəmi bizə kifayətdir?
Rauf Vəliyev: Hələ ki, bu günə kifayətdir. Adətən bu tip gəmilər öncədən uzunmüddətli kontraktlarla gətirilir. Sadəcə, biz gələcək tələbatı və yaranmış vəziyyəti nəzərə alaraq gətirdik və bu gün alınan gəmilərin hamısı artıq kontraktdadır. Bunun 5-ni bu il gətirmişik, 4-nü isə keçən il. İkisini isə ondan əvvəl. İki ilə gətirdiyimiz bu 11 gəminin hamısı kontraktdadır.
Prezident İlham Əliyev: Boş dayanan gəmi yoxdur?
Rauf Vəliyev: Xeyr, yoxdur.
Prezident İlham Əliyev "Xocalı”, "Quba”, "Murovdağ”, "Savalan” və "Şahdağ” platforma-təchizat gəmilərinin istifadəyə verilməsini bildirən düyməni basdı.
Rauf Vəliyev: Bayaq Sizə məruzə etdiyim kimi, bu gəmilərdən təchizatla yanaşı, həm də yanğından mühafizə işlərində istifadə olunur. "Xocalı” və "Quba” gəmiləri Xəzərdə bu tipli gəmilərin ən böyükləridir.
Prezident İlham Əliyev: Bunlar digər gəmilərdən fərqlənir?
Rauf Vəliyev: Bəli, bu gəmilər həcmcə daha böyükdür. Şükürlər olsun, gəmilərin 5-i də gəldi, 5-i də kontraktdadır.
Prezident İlham Əliyev: Çox yaxşı. Heyət də formalaşıb?
Rauf Vəliyev: Bəli, heyət də 100 faiz azərbaycanlılardan formalaşıb. Ən önəmlisi odur ki, adətən neft-qaz layihələrini yerinə yetirmək üçün operator olan xarici şirkətlərlə uzunmüddətli kontraktlar bağlanırdı. Bu gəmilər bəzən 1 il müddətinə sifariş olunurdu, lakin altı aydan sonra növbəti kontrakt imzalamaq lazım gəlirdi, beləliklə, qalan 6 ayın pulu xarici şirkətlərə ödənilirdi. Bizim isə Dövlət Neft Şirkəti, BP, Total ilə danışıqlarımız belə oldu ki, onlar bizə öz proqnozlarını verirlər. Biz çalışırıq ki, verilən proqnoz əsasında burada gələcək layihələr üçün tələb oluna biləcək sayda gəmi saxlayaq. Onlar yalnız lazım olan dövrün pulunu ödəyirlər.
Prezident İlham Əliyev: Çox yaxşı, əlbəttə, bu, daha məntiqlidir.
Rauf Vəliyev: Bəli, çox sağ olun.
Qeyd edək ki, sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verən DP-2 sisteminə, eləcə də dəniz obyektlərində yanğın zamanı hadisəyə ilkin müdaxilə etməyə şərait yaradan FiFi-1 təsnifat dərəcəsinə malik bu yeni gəmilər Xəzərdə neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərə xidmət göstərəcək.
Bu gün istismara verilən gəmilər Xəzərdə aparıcı mövqeyimizin qorunub saxlanılmasında, xarici sularda fəaliyyətin genişləndirilməsi ilə bir bazardan asılılığın aradan qaldırılmasında, Azərbaycan ərazisindən artan tranzit yüklərin daşınmasında, dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında gəmilərin sayının artması dənizçilər üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir.
X X X
Sonda xatirə şəkli çəkdirildi.