Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.
carciTV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.
carciTV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi. Bildirdi ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.
Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.
Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.
Dini ziyarətgahlarımız da xalqımızın qürur doğuran keçmişinə, milli–mənəvi dəyərlərinə maksimum həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə və daha da zənginləşdirilməsinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahıdır.
***
Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.
carciTV xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.
Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparılır. Arxeoloqlar hesab edirlər ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. 133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvarı formada olan giriş qapısı cənub tərəfdəndir. Türbənin içərisində kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası, şirəli və şirəsiz keramika nümunələri, müxtəlif tarixi dövrlərə aid pullar aşkar olunub. Ziyarətgahın ətrafında çoxlu sayda insan dəfn olunub. Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər.
Tədqiqatların davamlı və səmərəli aparılması, ziyarətgahın təbii və antropogen təsirlərdən qorunması məqsədilə abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb.
***
Prezident İlham Əliyev Şamaxıda yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olub
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular.
carciTV xəbər verir ki, istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas təsiri özünü insanların yaşayış səviyyəsində göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllinə çalışır. Bu zaman dövlət məsələyə həm də kompleks yanaşır və bu yanaşma bütün əhali təbəqələrini əhatə edir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir. Dövlət həm də təbii fəlakətdən zərər görən vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır. Baxmayaraq ki, təbii fəlakət hər bir ölkədə baş verir, amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur. Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə gələn dövlətimizin başçısı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verdi və sərəncamlar imzaladı. Bunun nəticəsi olaraq indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilmiş və bərpa olunmuşdur.
Dövlətimizin başçısı və birinci xanım daha sonra zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş 110 mənzilli binalardakı mənzillərə baxdılar. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. 1560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.
Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.