reklam
USD
15 ℃
EUR
BAKI

Nicat günü

CANLI TV / 16.06.2020 19:43
Nicat günü


Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu tarix onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı və qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən Heydər Əliyev ölkəni üzləşdiyi faciə və məhrumiyyətlərdən qurtarmaq üçün əzmlə, qətiyyətlə fəaliyyətə başladı. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi və xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazılan həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 illik dövrün hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Bu illər ərzində dahi insan vətənini parçalanıb məhv olmaqdan, ölkəsini vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən, cəmiyyətimizi terrorlardan, sui-qəsdlərdən, düşmən təcavüzündən qorudu, qeyri-bərabər müharibədə ona ilk qələbəni bəxş etdi, müstəqilliyinin qarantı oldu.
Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalmışdır. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Ulu öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilir.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Atatürk kimi nəhənglərlə müqayisə edirlər.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Ulu öndər dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun əsgəri olmuş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim: Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir.
Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.



Oxunub: 344






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim