Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 14-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
"carciTV" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin səfəriniz ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malikdir. Səfər dünən başlanıb. Dünən biz ətraflı söhbət apardıq, ikitərəfli gündəliyə aid praktiki olaraq bütün məsələləri, habelə regional problemləri müzakirə etdik. Mən Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra yaranmış vəziyyət barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Müzakirə etdiyimiz bütün məsələlər barədə tam qarşılıqlı anlaşma var.
Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik. Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim.
Siyasi baxımdan müntəzəm surətdə həm dövlət başçıları, həm də xarici siyasət idarələrinin başçıları səviyyəsində məsləhətləşmələr aparılır. Biz fəal əməkdaşlıq edirik, beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyirik və gələcəkdə də belə edəcəyik.
Bu gün hökumətlərarası komissiyaların həmsədrləri və nümayəndə heyətlərinin üzvləri görülmüş işlər barədə məruzə etdilər. Nazirlər və nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər. Beləliklə, dünənki gün həm də münasibətlərimizin daha da möhkəmlənməsi məsələlərinə həsr edilib, əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib. Ötən il əmtəə dövriyyəsi xeyli artıb, lakin bu əsas etibarilə Belarusa xam neftin çatdırılması hesabına mümkün olub.
Bu ilin birinci rübündə xam neftin çatdırılması daha böyük həcmdə davam edib və düşünürəm ki, keçənilki həcmi əhəmiyyətli dərəcədə üstələyəcəyik. Marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik.
Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ "yaşıl enerji” zonası elan edilib və birinci "ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik.
Sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir. Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara –avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim "Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz. Bu ərazidə hər şey dağıdılıb.
Bizim hazırladığımız ilk nəşrin bir nüsxəsini Aleksandr Qriqoryeviçə təqdim etdim. Həmin nəşrdə bizim azad etdiyimiz şəhərlərin işğaldan əvvəlki fotoşəkilləri və erməni işğalçılar tərəfindən həmin torpaqlarda törədilmiş vandalizmin və barbarlığın fotoşəkilləri var.
Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib. Bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib.
Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik.
Əlbəttə, Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər.
Mən Aleksandr Qriqoryeviçə onu da dedim ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb. Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik. Bizim xarici işlər naziri mənə bu gün məruzə etdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı mənim dünənki şərhimdən sonra həmin qrup bəyanat verib. Təbii ki, mən o bəyanatla tanış olacağam. Lakin necə deyərlər, ümidvaram ki, Minsk şəhəri ilə bağlı bütün başqa formatlar sülh yolu ilə nizamlanacaq. Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır. Biz ədaləti, o cümlədən tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.
Beləliklə, Aleksandr Qriqoryeviç, Sizi bir daha ürəkdən salamlayıram. Sizin rəhbərliyinizlə qardaş Belarus xalqına yeni uğurlar, yeni zəfərlər diləmək istəyirəm. Siz öz ölkənizi inkişaf, tərəqqi yolu ilə inamla irəli aparır, sabitliyi təmin edirsiniz. Biz də dostlarınız kimi həmişə Sizin yanınızdayıq və həmişə Sizin yanınızda olacağıq.
Bir daha xoş gəlmisiniz və Sizə xoş əhval-ruhiyyə arzu edirəm. Düşünürəm ki, bu gün komandalarımıza verdiyimiz impulslar bizi daha genişmiqyaslı əməkdaşlığa aparacaq. Sağ olun.
X X X
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış etdi.
Prezident Aleksandr Lukaşenkonun
bəyanatı
- Hörmətli İlham Heydər oğlu, Belarus xalqının ünvanına, mənim ünvanıma dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Həqiqətən Prezidentlə biz dünən və bu gün münasibətlərimizi hərtərəfli təftiş etdik, həll etməli olduğumuz məsələləri nəzərdən keçirdik. Həm Azərbaycan tərəfdən, həm də Belarus tərəfdən bizim nazirlər çox yaxşı işləyiblər. Bu gün həmsədrlər görülmüş işlər barədə məruzə etdilər, nazirlər yaxşı işləyiblər. Bugünkü dialoqumuzdan sonra bu iş hələ davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu səfər müddətində bizim dövlət nümayəndə heyətini əhatə edən ənənəvi dostluq şəraitinə görə səmimi təşəkkürümü bildirirəm. Bu dialoqun gedişində biz Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik və qeyd etdik ki, beynəlxalq gündəlik barədə bizim aramızda praktiki olaraq heç bir fikir ayrılığı yoxdur. Dünyada vəziyyəti dəyərləndirmələrimiz tamamilə üst-üstə düşür, dünya iqtisadiyyatında böhran, pandemiya və ən başlıcası, perspektiv üçün birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyət barədə aydınlıq var. Biz sabah, birisi gün nələr olacağını bilmirik. Son vaxtlar bizim münasibətlərimizdə əhəmiyyətli irəliləyişlər olub. Mənim dostlumla görüşlərimizin açıq və səmimi şəraitini çox yüksək qiymətləndirirəm. Bizdə həmişə belə olub. O dedi ki, biz müntəzəm olaraq bir-birimizin dövlətlərinə səfər edirik. Mən buraya beşinci dəfədir gəlmişəm. İlham Heydər oğlu bu və ya digər məsələlərin həlli üçün beş dəfə Belarusda rəsmi səfərdə olub. Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları səmimi qəlbdən alqışlayırıq. Bu mühüm siyasi qərar regionda möhkəm sülhün təməli olmalıdır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə münasibətilə dövlətimizin başçısına artıq təbriklərini çatdırdığını dedi, 30 il davam edən və onun da qeyd etdiyi kimi, bu dəhşətli faciənin bitməsinin Azərbaycan və Ermənistan xalqları üçün önəmini vurğuladı.
Prezident Aleksandr LUKAŞENKO dedi:
- Mənim mövqeyimi bütün dünya bilir, Azərbaycan və erməni xalqları da bilirlər. Mən həmişə həyatı əsas götürmüşəm. İlham Heydər oğlu həmişə şahid olub, hələ onun atası Heydər Əliyev ilə görüşlərdə bu barədə söhbət düşəndə mən həmişə sual edirdim: deyin, Qarabağdakı insanlar son hadisələrə, bu hərbi əməliyyatlara qədər daim zülm altında yaşadıqlarına görə xoşbəxtdirlərmi? Orada onlara yaxşıdırmı? Bir də ki, orada sovet dövründə olanların ondabir hissəsi, bəlkə də daha az hissəsi qalıb. Dözülməz həyatdır. Deməli, bu problemi necəsə həll etmək lazımdır. Mən həmişə açıq danışmışam, bəzən tənqid atəşinə məruz qalmışam, amma bu problemi necə həll etməyin lazım olması barədə öz mövqeyimi bildirmişəm. İlham Heydər oğlu tam səmimi və açıq şəkildə dedi ki, biz problemi sülh yolu ilə həll etmək istəyirdik. Mən bütün bunların şahidi və tərəfdarı olmuşam. Bu gün isə mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam. Yəni, mən həmin suala cavab vermişəm, mən hər iki xalqı təbrik etmişəm. Bu problemin həllində onun çox böyük rolunu qeyd etmək istəyirəm. Dünən İlham Heydər oğlu ilə söhbətdə dediyimiz kimi, indi onun necə hisslər keçirdiyini düz duymuşam. Düşünmək olardı ki, bəli, qələbə qazanılıb, məsələ həll edilib, vəssalam. Amma ertəsi gün yuxudan oyandım və fikirləşdim ki, bu, yalnız ilk addımdır. Sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər, hər halda Livandan kiçik olmayan bu ərazilərdə hələ nə qədər iş görülməlidir! Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. Çox istərdim ki, bu, sülh epopeyası olsun.
Azərbaycanın qarşısında bundan sonra da görüləcək çox işlərin olduğunu qeyd edən Prezident Aleksandr LUKAŞENKO dedi:
-Mən bunları ona görə deyirəm ki, dünən İlham Heydər oğluna da demişəm, Siz bilməlisiniz, belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb. Bu gün mən açıq etiraf etməliyəm ki, yaxşı mənada heyrətlənmişəm ki, Azərbaycan təkcə, məsələn Böyük Vətən müharibəsi illərində Sovet İttifaqını xilas etmiş çox böyük qaz və neft ehtiyatları demək deyil. Mən tarixdən yaxşı bilirəm. Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar, onda işimiz bitərdi. Lakin sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış. Ona görə bu, çox zəngin, perspektivli ölkədir, onun böyük gələcəyi var.
Prezident Aleksandr LUKAŞENKO münaqişənin başa çatmasında Azərbaycan Prezidentinin rolunu bir daha xüsusi vurğulayaraq bildirdi:
- Allaha şükür, hər şey bitib. Sadəcə, sağ olun ki, bitirdiniz və əminəm ki, Siz tarixin bu səhifəsini çevirəcəksiniz. Azərbaycan məsələyə bu cür yanaşmaqla Azərbaycanda yaşayan ermənilərin boyunlarını əyməyə hazırlaşmır, axı onlar təkcə Qarabağda deyil, başqa yerlərdə də yaşayırlar. Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır, mən belə nümunələr görməmişəm. Siz bizi haraya çağırsanız hər cür kömək göstərəcəyik. Biz öz variantlarımızı təklif edəcəyik.
Belarus Prezidenti əlaqələrimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edərək, eyni zamanda, onun işğaldan azad olunmuş ərazilərimizin bərpası və ölkəmizdə pandemiyaya qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident Aleksandr LUKAŞENKO dedi:
- Əlbəttə, ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz buraya, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq.
Bu baxımdan Belarus Prezidenti ölkəsinin Azərbaycan ilə birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayaraq bildirdi:
- Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının "Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.
Prezident İlham ƏLİYEV: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.
Prezident Aleksandr LUKAŞENKO: Bunu bilirik, bu, onun başucalığıdır.
Prezident İlham ƏLİYEV: Bakıda oxuyub.
Prezident Aleksandr LUKAŞENKO: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.
Elmi-texniki sahədə qarşılıqlı əlaqələrimizi dərinləşdirmək üçün yaxşı perspektivlər görünür. Hərbi-sənaye kompleksinə gəldikdə isə Belarusun keçmiş müdafiə naziri, indiki səfir buradadır. O, sərhədlərdən başlamış ta bizim istehsal etdiyimiz müasir vasitələrə qədər hər şeyi bilir. O, istənilən məsələni həll edə bilər və nazirlər də eşitdilər, səfirin istənilən tələbi hərbi-sənaye kompleksi sahəsində reallaşdırılacaq, bizim bacardığımız və Azərbaycandakı dostlarımıza lazım olan bütün istiqamətlər üzrə.
İlham Heydər oğlu, pandemiyaya və başqa qorxulu məqamlara baxmayaraq, bu gün görüşməyimizə görə Sizə təşəkkür edirəm. Biz razılaşdıq ki, danışıqlarımızı davam etdirəcəyik və bizim hökumətin üzvləri televizor vasitəsilə deyil, bir-birinin yanına gəlməklə səfər mübadiləsi aparacaqlar. Sizi Belarusa dəvət etmək istəyirəm, indi növbə Sizindir. Sizi gözləyəcəyik. Xüsusən ona görə ki, dünən biz Sizin Belarusa səfərinizin əsas bəndlərini, Belarus ərazisində gedəcəyiniz ayrı-ayrı yerləri və müəssisələri nəzərdə tutduq.
İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm, Siz bunu bilirsiniz, istəyirəm ki, ölkə rəhbərləri, Azərbaycanın digər rəhbərləri və xalq bilsin ki, biz həmişə Sizin və ölkənizin etibarlı dostları olmuşuq və dostlar kimi qalacağıq. Sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun.