reklam
USD
7 ℃
EUR
BAKI

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib

REPORTAJ / 09.11.2021 01:14

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib


"carciTV" xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçiləri salamladı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin
çıxışı
- Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi. Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır.

Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı.

Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi.

Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.

Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.

Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. "Qarabağ Ermənistandır” deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma "parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.

Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax, burada, Cıdır düzündə "Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.

Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: "yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.

Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

X X X

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, "Qarabağ” ordenli Polad Feyzullayev dedi:

- Cənab Müzəffər Ali Baş Komandan.

Cənab generallar, zabitlər, gizirlər və əsgərlər.

Hörmətli tədbir iştirakçıları.

Mən fəxr edirəm ki, bu gün burada qarşınızda qalib bir Ordunun zabiti olaraq çıxış edirəm.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında və qətiyyətiniz, iradəniz sayəsində bu məsuliyyətli və taleyüklü vəzifəni yerinə yetirdiyimiz üçün, ərazilərimizi düşmən işğalından azad etdiyimiz üçün mən də bütün xalqımız kimi, qürur duyuram. Bəşəriyyət öz tarixi boyunca adı qələbə ilə simvollaşan müxtəlif xalqların, ölkələrin zəfər salnamələri yaratmasına şahidlik edir. Milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq, adını tarixə qələbə ilə, qəhrəmanlıqla yazdırmaq şərəfinə nail olublar.

Fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, öz adını bəşəriyyət tarixinə mütərəqqi, sivil dəyərlərə sadiq, humanist, sülhsevər, eyni zamanda, haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq kimi həkk etdirmiş Azərbaycan xalqı da Sizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Ordumuz Sizin əmrinizlə "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Sizin sərkərdəliyiniz sayəsində qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan tarixində indiyədək bundan böyük Qələbəmiz olmayıb. Qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən uca zirvəsində dayanır.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi və tarixi Zəfərimizin ilkin təməlləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu Zəfər Sizin, Ali Baş Komandanımızın qətiyyəti və mükəmməl sərkərdəlik bacarığı, xalqımızın dəstəyi, Ordumuzun yüksək döyüş hazırlığı sayəsində və şəhidlərimizin qanı bahasına qazanılmışdır. Bu Qələbə həm də ona görə qürurvericidir ki, Zəfərimiz naminə canından keçənlərin qısası döyüş meydanında alındı. Vətən müharibəsi bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, nə qədər qəhrəman olduğunu bir daha göstərdi. Milli birliyimizin, həmrəyliyimizin gücünü nümayiş etdirdi.

Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandanımızın tapşırığını istənilən yerdə, istənilən vaxt yerinə yetirməyə qadir olan rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

X X X

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Elvin Səfərov dedi:

- Möhtərəm cənab Prezident.

Vətən müharibəsinin iştirakçısı olmuş bir Azərbaycan zabiti, Şuşa uğrunda döyüşmüş bir Azərbaycan hərbçisi olaraq bu gün Zati-alilərinizin qarşısında dayanmaqdan, Azərbaycan tarixinin ən böyük sərkərdəsi qarşısında çıxış etməkdən qürur duyur, bu şərəfə layiq görüldüyümə görə özümü çox xoşbəxt hiss edirəm.

Cənab Ali Baş Komadan, 44 günlük savaş, düşmənin döyüş meydanında diz çökdürülməsi, məğlubiyyətini dərk edərək aman diləməsi xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin, şanlı qalibiyyətimizin təntənəsi oldu. Hər birimizi döyüşə və qələbəyə ruhlandıran dəmir iradəniz, sarsılmaz qətiyyətiniz, diplomatiya sahəsində və informasiya müharibəsində nümayiş etdirdiyiniz məharətiniz, xalqımızın bir yumruq kimi ətrafınızda birləşməsi, Silahlı Qüvvələrimizin rəşadəti və qəhrəmanlığı ərazi bütövlüyümüzün bərpa olunmasını və düşmənin əzəli torpaqlarımızdan əbədi olaraq qovulmasını təmin etdi.

Qırx dörd günlük Vətən müharibəsində qarşımızda qoyduğunuz bütün döyüş tapşırıqlarını Azərbaycan sərhədçiləri uğurla icra etmişdir. Sərhədçilər müharibənin ilk günlərində təmas xəttindən başlayaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhəri uğrunda gedən qızğın döyüşlərdə igidlik və rəşadət nümunələri göstərmiş, Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından azad etmiş, 24 saat ərzində 105 kilometrlik məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmiş, onun yüzlərlə canlı qüvvəsini məhv etmişdir.

Ötən il oktyabrın 18-də Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması və bir sıra yaşayış məntəqələrimizin azad edilməsi münasibətilə Azərbaycan sərhədçilərinə ünvanladığınız təbrik sözləri şəxsi heyətimizi daha böyük qələbələrə ruhlandırmış, qısa müddət ərzində Zəngilan şəhəri, Zəngilanın Ağbənd qəsəbəsi azad edilmiş, bununla da Azərbaycan-İran dövlət sərhədi tam nəzarət altına götürülmüşdür.

Dövlət Sərhəd Xidmətinin gözlənilməz döyüş tətbiqi Silahlı Qüvvələrimizin Qarabağ səmasında hakim olmasına öz mühüm töhfəsini vermiş, düşmənin hava hücumundan müdafiə sistemləri, o cümlədən səkkiz ədəd "S-300” raket kompleksi, beş ədəd "Elbrus” raketi, radioelektron mübarizə vasitələri və digər strateji hədəfləri, tankları, artilleriya qurğuları, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi, ümumilikdə 290 hədəfi darmadağın edilmişdir. Şuşa uğrunda döyüşlərdə mürəkkəb hava şəraitində düşmənin raket sistemləri və silah-sursat anbarları dəqiq atəşlə məhv edilmişdir.

Möhtərəm cənab Prezident.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Zəfər bayrağımız altında xidmət aparmaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri dövlət sərhədlərimizin toxunulmazlığını yüksək səviyyədə təmin edir. Hazırda İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilmiş sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Ermənistanla dövlət sərhədində infrastrukturun formalaşdırılması üçün ciddi tədbirlər görülür. Son bir il ərzində bu ərazidə yüzdən çox sərhəd döyüş məntəqəsinin, 19 hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlanılmasına nail olunmuşdur. 2021-ci ilin oktyabr ayı ərzində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin üç yeni hərbi hissə kompleksinə gəlişiniz, bölmələrimizin döyüş qabiliyyəti, silah-sursat və texnikası, şəxsi heyətin xidməti və yaşayış şəraiti ilə tanış olmağınız, verdiyiniz əmr və tapşırıqlar bizə olan inam və etimadınızın ifadəsi kimi hər birimizi şərəfləndirmişdir.

Cənab Ali Baş Komandan, Azərbaycan sərhədçiləri adından, bütün silahdaşlarım və döyüş yoldaşlarım adından bu gün Sizi əmin edirəm ki, Prezidentimizə, Vətənimizə və dövlətimizə hər zaman sadiq olacaq, dövlətimizin müdafiəsi uğrunda qanımızı və canımızı əsirgəməyəcək, dövlət sərhədlərimizdə milli maraqlarımızı bundan sonra da şərəflə qoruyacağıq.

Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

X X X

Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibov dedi:

- Cənab Ali Baş Komandan.

İlk növbədə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına etimad göstərərək düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak etməyimiz barədə əmr verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Çox xoşbəxtik ki, Vətən torpağı uğrunda döyüşmək bizə də nəsib oldu.

Döyüş əmrinizi bütün hərbi qulluqçular, o cümlədən Daxili Qoşunların şəxsi heyəti səbirsizliklə gözləyirdilər. Bu əmriniz çox qururverici idi. Bizə böyük sevinc və ruh yüksəkliyi bəxş etdi. İştirak etdiyimiz döyüşlərdə Sizin - Müzəffər Ali Baş Komandanın əsgər və zabitlərə hədsiz mənəvi güc verən dəstəyini daim hiss edirdik. Bu dəstək döyüş ruhumuzu qat-qat artırır, bizi daim irəliyə səsləyirdi. Məhz bu güc sayəsində şəhər və kəndlərimiz bir-birinin ardınca düşməndən azad edilirdi. Müharibə dövründə bir amalımız, bir məqsədimiz var idi: Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə endirib onu məhv etmək, torpaqlarımızı işğaldan qurtarmaq və cənab Ali Baş Komandan, Sizin etibarınızı doğrultmaq, elan edəcəyiniz Qələbə Gününü, Qələbə müjdəsini canımız bahasına olsa belə anbaan yaxınlaşdırmaq. Belə də oldu. Qarabağ Zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Onun Qələbə əzmini, milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik "Dəmir yumruğa” çevrilərək düşmənin başını əzdi, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı bir salnamə kimi əbədi həkk olundu.

Cənab Ali Baş Komandan, Sizin sərkərdəliyinizlə 44 günlük müharibədə tariximizə qızıl hərflərlə yazılmış şanlı Qələbədə iştirakımdan mən və silahdaşlarım şərəf və qürur duyuruq. Qələbəmizin zirvəsi sözsüz ki, Şuşanın azad edilməsi oldu. 8 noyabr Zəfər Günü olmaqla bərabər, həm də ədalətin bərqərar edildiyi gün idi. Biz nahaqdan axıdılan qanların və şəhidlərimizin qısasını düşməndən döyüş meydanlarında artıqlaması ilə aldıq. Buna görə mənəvi rahatlıq tapdıq. Biz bu müharibəni döyüşçü yoldaşlarımızın və şəhidlərimizin fədakarlığı, vətənpərvərliyi, şücaəti və döyüş əzmi hesabına qazandıq. Bu mənada, Vətən, torpaq uğrunda qurban gedən, sağlamlığını itirən döyüşçü yoldaşlarımız ən yüksək hörmətə, ehtirama layiqdir. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq, onlar heç vaxt unudulmayacaq.

Cənab Ali Baş Komandan, Qələbə münasibətilə minlərlə qəhrəman hərbçimizi dövlət mükafatları, o cümlədən orden və medallarla təltif etməyiniz hər birimizi şərəfləndirir. Məruzə edirəm ki, komandiri olduğum xüsusi təyinatlılar Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində döyüşlər zamanı qarşıya qoyulmuş bütün tapşırıqları var qüvvəsi ilə yerinə yetirməyə çalışırdı. Siz Daxili Qoşunların xüsusi təyinatlılarının da Vətən müharibəsindəki döyüş yolunu yüksək qiymətləndirmisiniz. O cümlədən məni "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görmüsünüz.

Cənab Ali Baş Komandan, icazə verin, bu ali diqqətinizə görə Sizə dərin minnətdarlığımızı bildirim. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları müsəlləh əsgərləriniz olaraq bundan sonra da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə canlarından keçməyə, hər bir əmrinizi yerinə yetirməyə hazırdır.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.


Oxunub: 287






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim