Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib
RƏSMİ / 31.01.2022 11:02
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib
Xəbər verildiyi
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə
şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.
Müsahibəni təqdim
edirik.
Müxbir: Cənab
Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı
bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli
işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik.
Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci
səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə
illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci
şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona
görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası
davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də
uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə
Gəncədə olmuşam.
Son illərdə biz
Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin
böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz
həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı
təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını
tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı
da nəzərə alınacaqdır.
Qazlaşdırma
layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar
olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm
də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir
layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və
kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata
görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə
tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin
bu problemi də öz həllini tapsın.
Avtomobil
yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi,
Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun,
həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu
yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər
şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri
aparılmışdır.
Bildiyiniz kimi,
Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində,
Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da
buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu
qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda
Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə
ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu
ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan
vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava
Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur.
Yəni, bunlar əsas
infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət
gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil
sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245
çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200
çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan
çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini
tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər
ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə
alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır,
bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik
idi.
Eyni zamanda,
Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası
tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı
işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları
yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin
nəticəsidir.
Bir də ki, İkinci
Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı
ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə,
yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir.
Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə
bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox
təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi.
Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla
Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından
böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin
gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni
zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil
ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası,
vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi
postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan
gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da
ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu
olacaqdır.
Əlbəttə ki,
şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq
üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda
Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə
Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də
dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə
göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün
zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada
xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik
olubdur. Bu gün də belədir, sabah da belə olacaq.
- Cənab Prezident,
bu gün də bir neçə mühüm obyektin açılışını etdiniz. Bu açılışlar nəyi
göstərir? Bu açılışlar barədə nələri deyə bilərsiniz?
- Əslində, bu
açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli
daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas
diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda,
bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur. Əgər mənim təkcə
bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı
oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, "ASAN xidmət”
Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl
Gəncədə "ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki,
növbələr yarandı. Əlbəttə ki, "ASAN xidmət”in xüsusiyyətlərindən biri həm
şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə
biz xidmətin adını "ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla
növbədə dayanırsa, bu, artıq "ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə
ikinci "ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq
bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə
açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək.
Eyni zamanda, bu
gün Gəncə Dram Teatrının açılışı oldu. Təəssüf edirəm ki, pandemiyaya görə
teatrın truppası ilə görüşə bilmədim. Ancaq yadımdadır ki, mən bir neçə il
bundan əvvəl Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə dram
teatrının tikilməsi ilə bağlı mənə müraciət etmişdilər. Mən də onlara söz
vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq
baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Yenə də deyirəm, ölkə
qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini
gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına
töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il
bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması
Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin
ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir
binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri
və tamaşaçılar üçün gözəl şərait yaradılıb.
Bu gün, eyni
zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim
təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki,
Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki,
Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin
bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş,
boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün
xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu,
yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu,
ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə
edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım
dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin
yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa
olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm
mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də
uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər
istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı
olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul
olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki,
şəhərə olan qayğının təzahürüdür.
Gəncədə lokomotiv
deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki
qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu
yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı. Görün,
bugünkü proqramın nə qədər böyük əhatə dairəsi var. Bütün bu açılışlar və
təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf
getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə
kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib
insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq.
- Cənab Prezident,
bu gün Siz, eyni zamanda, Vətən müharibəsi ərzində erməni faşist ordusu
tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydunuz. Bununla
bağlı fikirlərinizi bilmək istərdik.
- Bilirsiniz, bu
dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir
azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə
cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb,
onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş
raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu
nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız
yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6
uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş
nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm
"Toçka-U”, həm "SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz
sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı
Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan
özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır.
Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı
soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər,
qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük
dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı
dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış
məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş
deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını
öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini
torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi
cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan
Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə
aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər
- Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan
bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz
ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha
xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.
Ermənistan isə
döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq,
görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma
Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan
insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa
getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız
insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz
çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik.
Bu gün, burada
təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial
Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi
qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq.
Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt
erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını
unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt
unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir
daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də
bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib
dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi
bundan sonra heç vaxt baş qaldırmasın.
- Cənab Prezident,
bildiyimiz kimi, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında
filmin yayımı dayandırıldı, aradan qaldırıldı. Bu məsələni Azərbaycan
dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirmək
olarmı? Bu barədə də fikirlərinizi bilmək istərdik?
- Mən hesab edirəm
ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya
ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da
həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən
olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz
çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr
qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan
vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz
çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında -
İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam
faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra
İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə
yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun
qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı
olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti
faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor
təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə
sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə
ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə
dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli
şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin
baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı
təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq.
Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu
fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması
ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist
Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük -
altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib.
Yəni, bu, nəyi göstərir? Onu göstərir ki,
erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində
biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi
əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş
qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri,
uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa
çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər.
Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində
Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan
Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi
qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar.
Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı
aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub
etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni
faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq
gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun.
Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə
olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın
arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim
tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz
təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli
qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə
yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş
qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni
faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də
Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə
məhv edəcəyik. Bunu hər kəs bilməlidir.
- Cənab Prezident, AZƏRTAC-ın
suallarını ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirik, minnətdarıq.
- Sağ olun.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim