Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib
XƏBƏR / 03.02.2022 17:03
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib
Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25
illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.
"carciTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Forumda iştirak edib.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar,
müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin
gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider
aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını
milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda
formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan
Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi
vəzifələr müəyyənləşdirdi.
2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev
gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da
təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi,
2007-ci il "Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı,
2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı” təsis olundu,
Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində
milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində
həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham
Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc
sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid
ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial
inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər.
Dövlətimizin başçısı Forumda çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu
münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.
İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin
Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər
fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin
təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu
keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin
prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün
bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca
uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.
Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik
ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi,
Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük,
ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi
üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər
tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var
idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o
illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn
nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil
apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.
O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq
etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli
deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni
lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar
ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran
məsələlərdən biri idi.
İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt
iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan
sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl
sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə
üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə
verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz
kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax, bu salonda, bax, bu yerdə
"Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt
bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var
idi, amma əminlik yox idi. 1996-cı ildə "Şahdəniz” qaz yatağı üzrə kontraktın
imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il
bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir
verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.
Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz
doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz
binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl, nizami ordu
yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki
məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana
göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki,
o vaxt Azərbaycanda nizami ordu yox idi.
Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis
edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə
tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər
vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu
kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara
öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və
hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi
ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu
gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox
önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə
görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə
sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer
tutur.
Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə
qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ
məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son
illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq.
Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha
genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə
yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz
haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz
gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum
xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda,
Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü
deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu
həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir
daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki
bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm
ki, artıq müzakirələrə başlayaq.
XXX
Sonra Forum işini müzakirələrlə davam etdirdi.
XXX
Tədbirin aparıcısı Jalə Həsənli: Çıxışınız üçün təşəkkür edirik, cənab Prezident. Bu
gün zalda əyləşən gənclərimizin Sizə çoxsaylı sualları var. İcazənizlə ilk
sualımızdan başlayaq. Buyurun xanım, zəhmət olmasa özünüzü təqdim edin.
Bakı Dövlət Universitetinin doktorantı və əməkdaşı Əfsanə
Surxaylı: Əvvəla, Gənclər
Günündə bizimlə olduğunuz və bizə vaxt ayırdığınız üçün bütün Azərbaycan
gəncləri adından Sizə təşəkkürümü bildirirəm. Bir az həyəcanlıyam, əgər
nitqimdə səhvlər olarsa, üzrlü sayın. Çox şadam ki, bu gün buradayam və qürur
hissi duyuram. Sizin çıxışlarınızı televiziyadan canlı izləyəndə bir məqamı
müşahidə etmişəm ki, gənclərimizin milli-mənəvi dəyərlərini xüsusi
qiymətləndirirsiniz, hər dəfə xüsusi vurğulayırsınız. Milli-mənəvi dəyərlər
bizi digər ölkələrin gənclərindən fərqləndirən əsas üstün cəhətlərimizdən
biridir, deyə düşünürəm. Sualım ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizin
qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin
fəaliyyətini necə qiymətləndirirsiniz?
Prezident İlham Əliyev: Sağ olun, çox yaxşı sualdır, təşəkkür edirəm.
Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və
mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər
üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz
daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.
Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər,
əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı.
Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli
xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli
dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq.
Baxmayaraq ki, məsələn, əgər sovet dövrünü nəzərə alsaq, o vaxt
marksizm-leninizm ideologiyası hökm sürürdü. Ancaq buna baxmayaraq, qapalı bir
cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli
bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli
ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü
assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə
dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün
tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə,
həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub
saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq.
İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç
bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola
bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq
digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da
mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə
sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir
gəncin borcudur.
Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır.
Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu
cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq
qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas
məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma,
yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər
ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra
o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz
tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və
məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll
etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə,
qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni, hegemonluq uğrunda
mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü
təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr
xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi
üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu
niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu
təhlükələri dəf edə bilmişik. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan
iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident
kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi
müdafiə edəcəyəm. Yəni, müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram -
real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa
kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan
heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq
və qalib gəlmişik.
Ancaq gənclər, əlbəttə ki, daha tələbkar olur, onlar həyata
yeni başlayır. Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan
çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti
olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə
fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl
məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki,
gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz
dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər.
Bizim gənclərimiz bunu bilir və mən dəfələrlə müxtəlif forumlarda, həm
gənclərlə təmaslar əsnasında, həm müxtəlif çıxışlarda bu məsələyə toxunurdum.
Çünki bu, aktual məsələdir və bu məsələ aktuallığını heç vaxt itirməyəcək. Bu
siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır,
bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq sözün düzü, mən onların
arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm
bunu deməyə əsas verir. Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim
mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi
daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq
üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var,
ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib
hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana
dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya
məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir - ya təbii olaraq,
ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər
üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.
Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz
hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə
müstəqil olacaq və həmişə uğur qazanacaq.
Aparıcı: Təşəkkür
edirəm. Cənab Prezident, Sizin başçılığınız ilə və qəhrəman oğullarımızın
sayəsində biz cəmi 44 gün ərzində uzun sürən bir həsrətə son qoyduq və
torpaqlarımızı işğaldan azad etdik. Bu gün bütün dünya Azərbaycan oğullarının,
Sizin qəhrəmanlığınızdan danışır. Aramızda müharibə iştirakçıları var. Mən
istərdim onların da suallarını eşidək.
Vətən müharibəsi iştirakçısı Orucəli Abbaszadə: Mən Vətən müharibəsi iştirakçısı, gənclər üçün
Prezident mükafatçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru və Sizin
iştirakınızla açılan Hərbi Qənimətlər Parkının meneceriyəm.
Cənab Prezident, mənim 24 yaşım var və mən Sizin Ali Baş
Komandan olduğunuz dövrdə yetişən gənclərdənəm. Siz Şuşaya səfəriniz zamanı
Cıdır düzündə Azərbaycan gəncləri haqqında danışdınız. Milli ruhda böyüyən bu
gənclərin, xüsusən də Sizin prezidentlik dövrünüzdə yetişən gənclərin Vətən
müharibəsindəki rolunu vurğuladınız. Sualım belədir: milli ruhda yetişən bu
gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin
Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir
Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə
vermiş olsun? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ ol. Həqiqətən bu, belədir.
Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər
belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci
dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki,
fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək.
Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin
əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir
gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər
Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid
oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.
Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə
almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox
səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki
fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun
müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq,
xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an,
necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm
ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da
reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə
aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin
bir çox dərsləri var - həm bizim üçün, həm bütün dünya üçün, region üçün.
Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq
çox baha başa gələ bilər.
Əlbəttə ki, bu nəslin yetişdirilməsi üçün biz, sadəcə
olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz
işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın
ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər
bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir.
Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə
bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər.
Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi
nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var.
Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu
tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza
atdıq. Dediyim kimi, müharibədə sinəsini qabağa verənlər arasında gənclər
əksəriyyət təşkil edir. Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi
adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən
əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs
Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin
məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə
nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər,
gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti
bərpa etdi.
Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu
gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla
təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20,
25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda
özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində
olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər.
Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan
gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk
edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar.
Aparıcı: Təşəkkür
edirik. Növbəti sualı kim səsləndirmək istəyir? Buyurun.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul
Babazadə: Cənab Prezident, ilk
öncə biz gənclərə verdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür
edirəm. Mən şuşalı olsam da, Şuşanı nə görmüşdüm, nə havasını duymuşdum. Lakin
ailəmdə uşaqlıqdan həmişə Şuşa haqqında danışılardı. Valideynlərim Şuşa
xatirələrindən danışdıqca mənim qəlbimdə Şuşaya qarşı olan məhəbbət daim
artırdı. Eyni zamanda, bir inam da var idi ki, biz bir gün mütləq Qarabağa
qayıdacağıq, bir gün mütləq Şuşaya qayıdacağıq və belə də oldu. Sizin uğurlu
siyasətiniz nəticəsində, qəhrəman gənclərimizin sayəsində, heç vaxt
unutmayacağımız şəhidlərimiz sayəsində artıq biz Qarabağa qayıtmışıq. Mən
Şuşaya qayıtmışam, Şuşanın havasını duymuşam. Şuşada olduğum müddətdə o
gözəllikləri gördükcə, o mənzərələri seyr etdikcə mənim qəlbimdə belə hisslər
var idi ki, bir narahatlıq hissi də duyurdum ki, "görəsən, görmədən ötüb-keçdiyim
yer oldumu?”, - deyə bir az narahat olurdum.
Cənab Prezident, Siz Şuşa şəhərinin işğaldan azad
olunmasını xalqa müraciətinizdə bildirdikdə Sizi televiziya qarşısından izləyən
Azərbaycan xalqı, eləcə də biz şuşalılar Sizin çıxışınızın hər saniyəsində fərqli-fərqli
hisslər keçirdik. Həm sevindik, həm kədərləndik, həm qürurlandıq. Mənim sualım
belədir ki, Siz bütün bu hərbi əməliyyatlara rəhbərlik edən şəxs olaraq,
Müzəffər Ali Baş Komandan olaraq, Şuşa şəhərinin işğaldan azad olunması xəbəri
Sizə məruzə edildikdə hansı hissləri keçirdiniz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ ol. Şuşa hamımız üçün əziz, doğma şəhərdir.
Şuşada olmayanlar, əlbəttə ki, mütləq Şuşada olacaqlar. İndi, bilirsiniz,
avtobus turları təşkil edilir, hər Azərbaycan vətəndaşı Şuşaya gedə bilər. İndi
oraya getmək üçün gözəl imkanlar yaranıb.
Mən Şuşada, yəni, müharibəyə qədər 1982-ci ildə olmuşam -
iki dəfə, atamla birlikdə. O vaxt – 1982-ci ildə həm yay, həm qış aylarında
tədbirlər keçirilmişdi, qışda o şaxtalı, qarlı havada Molla Pənah Vaqifin
məqbərəsi açılmışdı. Yay aylarında – avqust ayında Vaqif Poeziya Günləri
keçirilmişdi. O xatirələrimi mən daim yaddaşımda saxlayırdım. Şuşa işğal
olunanda, hamımız hesab edirdik ki, bu müvəqqətidir, bir azdan sonra Şuşa
qayıdacaq. O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə
boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və
sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa
əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan
görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə
götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün
sintezidir. Bu, fədakarlığın zirvəsidir. Ancaq Şuşa düşmənə təhvil veriləndə,
faktiki olaraq, bu, bir xəyanət aktı idi və bu xəyanəti törədənlər Allah
tərəfindən cəzalandırılıb.
Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən
bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə
bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir
neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz
yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi.
Əlbəttə ki, Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi,
natamam ola bilərdi. Bizim məqsədimiz bizim mədəniyyət incimizi qaytarmaq idi
və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Ermənilər isə
artıq biz Şuşanı azad edəndən sonra Şuşanı "İsgəndər-M” raketləri ilə
bombaladılar. Düzdür, sonra onu inkar etdilər, sonra hansısa gülməli sözlər
dedilər, guya ki, bu "İsgəndər” 10 faiz partladı, yəni, bu, uşaq söhbətidir.
"İsgəndər-M” raketi qar əriyəndən sonra orada tapıldı və bu gün bax, buradan o
qədər də uzaqda olmayan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Yəni, Şuşa ermənilər üçün yad şəhər idi. İkinci Qarabağ
müharibəsindən sonra Ermənistan rəhbəri də bunu demişdi, mənim sözlərimi
təkrarlamışdı. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir?
Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz? Bütün
tarixi abidələri sökmüsünüz? Yaxşı, bu tarixi abidələr Azərbaycan xalqına
məxsusdur. Erməni faşist xislətini nəzərə alaraq, bu, bizim üçün sürpriz deyil.
Saraylar, məscidlər, erməni vəhşiləri tərəfindən dağıdılıb. Amma bulaqları niyə
dağıtmısınız? Yəni, bu, onlar üçün yad şəhərdir. Biz Şuşanı azad edəndə orada
cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar
oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə
üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə
bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?
Bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox
şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə
malikdir. Mənim üçün, sözün düzü, şəhərlər, bölgələr arasında heç bir fərq
yoxdur. Hər qarış torpaq mənim doğma torpağımdır və hər bir bölgənin
özünəməxsus olan gözəlliyi var. Şuşanın da təbii ki, gözəlliyi var: landşaftı,
relyefi, qaya üstündə yerləşməsi, əlbəttə ki, havası, gözəlliyi. Amma Şuşanın
Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı.
Şuşanın çox böyük rəmzi mənası var idi və onu da deməliyəm, xüsusilə işğal
dövründə.
İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı
üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan
şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti
tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə
salındı. Yəni, bəli Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi.
Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı
var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa
şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər. Yəni, mən hesab edirəm,
Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki
yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni
zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin
tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər -
Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı. Məhz ona görə
Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr
yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də
asan məsələ deyildi.
İşğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu
ədalətsizliklə bağlı idi. Çünki mənim üçün Ağdamın da, Zəngilanın da,
Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı
qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında
Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın
azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra
artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi
qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk
günündən biz Şuşaya doğru gedirdik. İndi müharibənin gedişatı təhlil edilir,
mən bir neçə dəfə bəzi məlumatları artıq ictimailəşdirdim, hamısını yox. Bizim
apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və
biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı.
Şuşanın azad edilməsi,
artıq dediyim kimi, əməliyyat planı əsasında baş vermişdi. Hadrutdan sonra
bizim aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq
getmişdilər. İndi "Zəfər yolu” adlandırdığımız yol yox idi. Şuşaya müxtəlif
yerlərdən yaxınlaşaraq, biz hamımız yaxşı bilirdik ki, Şuşanın götürülməsi çox
çətin məsələdir. Çünki orada böyük istehkamlar quruldu, biz artilleriya apara
bilmədik, zirehli texnikanı apara bilmədik. Yəni, yüngül silahlarla, kim öz
üzərində nəyi apara bilib, orada maksimum qumbaraatanlar var idi. Ermənilərin
isə tankları, topları - orada güclü istehkamlar qurmuşdular.
Əlbəttə, Şuşadan əvvəl
Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən
nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır.
Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün
davam etdi. Mən əmin idim ki, bizim əsgər və zabitlərimiz Şuşanı azad
edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq.
Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də
ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün
qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi.
Bu xəbəri alanda mən
qürur hissi keçirdim. Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə
borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu
günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat
gedib - Şuşanı görmədən, azadlığı görmədən. Eyni zamanda, əminlik hissi var
idi, çünki müharibə hələ bitməmişdi. Düzdür, mən bilirdim ki, artıq müharibənin
taleyi həll olundu. Ancaq müharibə hələ bitməmişdi. Ertəsi gün Şuşa, dediyim
kimi, "İsgəndər-M” raketləri ilə bombalandı. Xoşbəxtlikdən orada heç bir
xəsarət alan olmadı. Əmin idik ki, biz Ermənistanı axıra qədər məğlub edəcəyik.
Eyni zamanda, həmin gün mən artıq fikirləşməyə başladım ki, biz müharibədən
sonra Cənubi Qafqazdakı yeni reallıqları dünyaya qəbul etdirməliyik.
Ertəsi gün Ermənistan
təslim oldu və biz, necə deyərlər, bu bayramı heç bir gün də qeyd etmədən fəal
işə başladıq ki, orada möhkəmlənək, bütün mövqelərdə möhkəmlənək və artıq
siyasi-diplomatik səylərimizi gücləndirək ki, dünya, aparıcı ölkələr bu
reallığı qəbul etsinlər. Bu, bir qədər vaxt apardı. Amma buna da nail olduq.
Aparıcı: Təşəkkür edirik,
növbəti sualı eşidək. Kim səsləndirmək istəyir?
Heydər Əliyev Fondunun
Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Şəhla Talıbzadə: Cənab Prezident,
mən, Sizin təşəbbüsünüzlə Şuşada Topxana meşəsinin bərpası layihəsində iştirak
etmişəm. Həmin gün mənim həyatımda qürurverici anlarla yadda qaldı. Biz orda
Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri
ilə tanış olduq. Biz gənclər işğaldan azad olunan torpaqlarımızın
dirçəldilməsi, yenidən qurulması və bərpası işlərində iştirak etməyə hər zaman
hazırıq. Cənab Prezident sualım da elə bununla bağlıdır. Bütün bu abadlıq,
quruculuq, yenidənqurma işlərində növbəti addımlarda biz gənclərin üzərinə
hansı vəzifələr düşür və bununla bağlı bizi hansı təşəbbüslər, hansı layihələr
gözləyir?
Prezident İlham Əliyev: Sağ olun. Bərpa
işləri geniş vüsət alıb. Keçən il gördüyümüz işlər haqqında kifayət qədər
məlumat verilib. Həm mən məlumat vermişəm, həm aidiyyəti qurumların
nümayəndələri, eyni zamanda, media vasitəsilə geniş işıqlandırılıb, təkrar
etmək istəmirəm. Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni
zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da
artıq başlanacaq.
İnfrastruktur işlərinə
gəldikdə, biz keçən il bütün enerji şəbəkəmizi qurmuşuq. Ancaq bildiyiniz kimi,
ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edəndə, onlara vaxt verilmişdi.
Əfsuslar olsun ki, onlar bu müddət ərzində bizim meşələrimizi qırmışlar, evləri
yandırmışlar, eyni zamanda, orada mövcud olan su elektrik stansiyalarını da
söküb dağıtmışlar. Ona görə keçən il biz artıq buna başlamışıq. Azad edilmiş
torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Bu, həm ümumi enerji
potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur obyekti
iş yerlərinin yaranmasına gətirib çıxarır. Məsələn, Şuşa şəhərində oteldə və
digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır.
Düzdür, onlar uşaq olublar, onlar sizin kimi gəncdirlər. Amma onlar orada artıq
fəaliyyət göstərirlər. Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk
növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan
gənclər işləməlidirlər.
Bu il nəzərdə tutulan
layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd
etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il
ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim
istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək
istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu
layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə
ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və
növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük
rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş
biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada
yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük
rəmzi mənası var.
Zəngilan Hava Limanı bu
il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər
üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi... Biz 2023-cü ildə dəmir
yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi
gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada
müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş
torpaqlar həm "Ağıllı şəhər” modeli əsasında qurulacaq, "Ağıllı kənd”, yaşıl
enerji zonası - bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin
sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər,
ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə
biz bu siyasəti icra edəcəyik. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd
təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda
əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək.
Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu
işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya
qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə
onlar daha bələddir. Ona görə bax, bu torpaqlarda hansı işlər görülməlidir ki,
oraya qayıdacaq insanlar, 30 il həsrət içində yaşamış insanlar çox gözəl
şəraitlə təmin edilsin.
Mənim o bölgələrə
səfərlərim əsnasında o bölgələrdən olan nümayəndələrlə də görüşlərim olub.
Onlara da bizim planlarımız təqdim edilib və birlikdə müzakirə etmişik. Onlar
öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə
alınmalıdır. Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə
alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq.
Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm
real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində
fəal olacaqlar.
Aparıcı: Cənab Prezident,
aramızda fiziki məhdudiyyətli olan insanlar da var. Sizin bu istiqamətdə
atdığınız doğru addımların nəticəsidir ki, biz bu gün həmin şəxsləri də
cəmiyyətdə aramızda görürük. İstərdim ki, elə həmin xanımın özündən eşidək.
Yazıçı Cəmilə Məmmədli: Salam cənab
Prezident.
Prezident İlham Əliyev: Salam.
Cəmilə Məmmədli: Mən yazıçı və
aktrisayam. Düşünürəm ki, artıq "Cəmiyyətimizdə əlilliyi olan gənclər nə
bacarır” sual olunmaqdan çıxır. Bunun bir çox isbatlarını görürük. Lakin
təəssüf ki, Vətən müharibəsindən sonra əlilliyi olan gənclərin sayı artıb.
Artıq əlilliyi olan gənclərin özlərini inkişaf etdirə biləcəkləri,
bacarıqlarını nümayiş etdirə biləcəkləri, aparıcı rollarda ola biləcəkləri
inklüziv platformalara ehtiyac var. Əlbəttə, biz bu istiqamətdə inkişafı
görürük, lakin əlavə olaraq hansı tədbirlər nəzərdə tutulur? Bunları bilmək
istərdim.
Prezident İlham Əliyev: Əlbəttə, bu işlər
görülür və əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş
gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Bütövlükdə deyə bilərəm ki,
son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var və mən özüm dəfələrlə yeni
obyektlərin açılışında iştirak etmişəm. Əlilliyi olan insanlar indi fəal işə
cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə
meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var.
Haradasa, bir neçə ay bundan əvvəl Bakıda yeni bir mərkəzin açılışında olmuşam
və mən bunu çox qiymətləndirirəm, təqdir edirəm. Çünki Azərbaycan cəmiyyəti,
indi belə bir söz var leksikonda - inklüziv olmalıdır. Bu söz yeni olsa da,
mənası çox yaxşıdır və əslində, həmişə belə olub. Çünki bu xalqımızın
xarakterində var, köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox
gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra
etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək.
Tapşırıqlar verilib və bu istiqamətdə əlavə addımlar atılacaqdır.
Şəhid ailələri, müharibə
əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir
ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm
hansı ölkələrdə buna oxşar proqram icra edilir. Çünki əfsuslar olsun ki,
dünyada müharibələrdən, qanlı toqquşmalardan, münaqişələrdən çıxmış bir çox
ölkələr var, amma bu ölkələrdə buna oxşar proqram yoxdur. Mən Ermənistanı
demirəm, orada ümumiyyətlə, əlilliyi olan şəxslər cəmiyyətdən kənarlaşdırılıb
və müharibədə əlil olan şəxslər də heç bir qayğı ilə əhatə olunmur. Mən
bütövlükdə deyirəm. Mən bilmirəm, bu sahədə Azərbaycan qədər bu işləri görən
ikinci ölkə var, yoxsa yox. Amma yenə də müqayisə üçün yox, sadəcə olaraq,
bizim siyasətimiz bundan ibarətdir. Bax, bu günə qədər 10 mindən çox şəhid
ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Bu, çox böyük
rəqəmdir. Yeddi mindən çox minik avtomaşını, mən bilirəm ki, heç bir başqa
ölkədə bu proqram yoxdur. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ
müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib - 850 Birinci, 750
İkinci Qarabağ müharibələri iştirakçılarına. Onu da deməliyəm ki, Birinci
Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ
mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ
müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu
kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək.
Bildiyiniz kimi, bu mənzillər də çox keyfiyyətlidir və demək olar ki, əksər
açılışlarda özüm iştirak etmişəm.
Əlini, qolunu, ayağını
itirmiş hərbçilərə protezlər quraşdırılır. Mənə verilən son məlumata görə,
haradasa, protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var
ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son
texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var.
Onu da bildirməliyəm ki,
mənim göstərişimlə biz mənzil proqramına Vətən Müharibəsi qəhrəmanlarını da
daxil etdik. Onların bir qismi ölümündən sonra bu yüksək ada layiq görülüb,
şəhid kimi onların ailələrinə dəstək veriləcək. Digər Vətən Müharibəsi
qəhrəmanlarına dövlət tərəfindən keyfiyyətli, geniş mənzillərin verilməsi də
artıq başlamışdır. Doxsana yaxın Vətən Müharibəsi Qəhrəmanımız var, haradasa,
onların 95-97 faizinə mənzillər verilib. Yəni, dövlət imkan daxilində bu işləri
görəcək və biz buna daha geniş prizmadan yanaşırıq. Təkcə müharibə əlilləri
yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə
əhatə olunmalıdır. Onları fəal işə, həyata cəlb etmək üçün, onların
intellektual potensialından istifadə etmək üçün şərait olmalıdır. Bu, çox böyük
əhəmiyyət daşıyır və yenə də deyirəm, bu siyasətin aparılması üçün bizdə gözəl
milli ənənələr var. İndi dövlətin də imkanları genişlənir və bu məqsədlər üçün
ayrılan dövlət büdcəsi də ildən-ilə artır, o cümlədən bu il. Bu, mütləq daim
diqqət mərkəzində olacaqdır.
Aparıcı: Bəli, elə o
diqqətin nəticəsidir ki, bu gün bizim cəmiyyətdə artıq fiziki qüsurlu sözü
yoxdur. Fiziki məhdudiyyət var və biz həmin gəncləri cəmiyyətdə gördükdə o
məhdudiyyətin xarici görünüşlə bitmədiyinin şahidi oluruq.
Növbəti sualı kim vermək
istəyir? Buyurun xanım, sizin sualınız varsa, eşidək.
Ülviyyə Axundova: Cənab Prezident,
mən Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyini və Gənclər Təşkilatları Milli
Şurasını təmsil edirəm. Hazırda sosial şəbəkələr əsas məlumat mənbəyinə və
reallığa çevrilib. Sizin bütün fəaliyyətlərinizi yaxından izləyirik. Həmçinin
Vətən müharibəsində həyəcanla bütün paylaşımları izləyirdik. Bu, bizə həm
sosial şəbəkələrin əhəmiyyətini göstərdi, həm də bütün məlumatları dəqiq,
operativ və birbaşa mənbədən almağımıza şərait yaratdı. Biz gənclərin də bu
istiqamətdə müəyyən fəaliyyətlərimiz var və bizim üçün maraqlıdır ki, sosial
şəbəkələrdə fəaliyyətimizi necə dəyərləndirirsiniz və bizimlə bağlı bundan
sonrakı gözləntiləriniz necədir? Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Vətən
müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və
deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də
biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək, eyni
zamanda, sosial şəbəkələrdən istifadə edərək. Biz bir daha gördük ki, gənclər
arasında Vətənə nə qədər böyük sevgi var. Onu da bildirməliyəm ki, təkcə
Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular -
könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş
vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir
əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu, təkcə
bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki,
Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki
həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları
hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media
qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana
qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni, hər kəs gözləyirdi ki,
informasiya məkanında Ermənistan, yəni, necə deyərlər, erməni tezisləri
üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik,
təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə,
ikinci növbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu.
Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün əlbəttə ki, orada paylaşılan
məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara
uyğun olmalıdır. Çünki Ermənistan da çalışırdı ki, sosial şəbəkələrdə bizimlə
mübarizə aparsın, amma onların mübarizəsi müharibədəki mübarizəyə bənzəyirdi -
çox alçaqcasına, çox namərdcəsinə. Onların mübarizə üsulu böhtan, yalan və
təhqir idi. Bizimki isə həqiqət və necə deyərlər, ümumi davranış qaydalarına
riayət etmək əsasında atılan addımlar idi.
Eyni zamanda, biz
həqiqəti deyirdik. Hər gün həm mən öz müraciətlərimdə, həm digər orqanlar
həqiqəti deyirdik. Ermənilər isə yalan danışırdılar və bu gün də erməni
hərbçiləri və orduda mediaya cavabdehlik daşıyan insanlar da orada artıq lağa
qoyulur. Yəni, onların adları yalanın rəmzinə çevrilib. Adam nə qədər yalan
danışa bilər?! Özü də bu, mənasız bir yalan idi. Çünki gec-tez bu yalanın üstü
açılacaqdı. Həm Füzulinin azad edilməsi, həm Hadrutun azad edilməsi, Şuşanın
azad edilməsi ilə bağlı erməni rəsmi təbliğatı öz işini yalan üzərində
qurmuşdu. Bu da əlbəttə ki, dünya ictimaiyyəti və şəbəkələrdə fəaliyyət
göstərən müxtəlif ölkələrdən olan insanlar üçün də hər şeyi göstərirdi və bizə
olan hörmət daha da artdı. Ona görə sosial şəbəkələrdəki fəaliyyət, hesab
edirəm ki, müharibə dövründə çox uğurlu olub və bütövlükdə indi Azərbaycan
həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrin çox böyük rolu var.
Çünki bu, bir yenilikdir və biz hər bir yeniliyə hazır olmalıyıq. Biz o məkanda
öz mövqelərimizi əldən verə bilmərik, əksinə, orada daha da güclənməliyik və
əlbəttə, Azərbaycan haqqında həqiqətləri çatdırmağa hələ ki, ehtiyac var. Çünki
birinci ona görə ki, tam dəqiq məlumat hələ də yoxdur, ikinci, Azərbaycan
haqqında, Qarabağ məsələsi ilə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat
ötürülür. Görün, 30 il keçib, ancaq bu günə qədər dünyanın bəzi aparıcı
ölkələrində informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir.
Ona görə yox ki, onlar o nağıllara inanırlar. Ona görə ki, o ölkələrin siyasi
maraqlarına cavab verir, yaxud da erməni lobbisinin səslərinə, seçkilərdəki
səslərinə ehtiyac var. Ona görə Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir
ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz
qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu
orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında biz erməni
lobbisinin, necə deyərlər, uzun erməni qulaqlarını görürük. Yəni, yazıların 90
faizi ermənilər tərəfindən təşkil edilib. Onlar başqa adlar altında
gizlənirlər, pərdələnirlər, amma biz bilirik, bu, hansı mənbədən qaynaqlanır və
biz buna hazır olmalıyıq. Çünki müharibə başa çatdı, mən demişəm ki, biz üçüncü
müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım
atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu
müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə
hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim
qalib gələsən və bütün ilkin şərtlər bizim xeyrimizə işləyir. Çünki həqiqət
bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Müharibədəki
Qələbə ölkəmizə, xalqımıza olan hörməti daha da artırdı. Sadəcə olaraq,
fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif
istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi –
bütün bunlar, əlbəttə ki, böyük səriştə tələb edir, məharət tələb edir. Dövlət
orqanları da bu sahədə fəal olmalıdırlar və bizim bir çox dövlət qurumlarımız
artıq bu imkanlardan istifadə edirlər. Bu, kütləvi xarakter daşımalıdır ki, biz
bu yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sual. Buyurun xanım.
Tələbə Güllü Hüseynli: Cənab Prezident,
mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət
verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya
mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc
sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq
Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara,
innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında
nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə
məsləhətlər verə bilərsiniz? Öncədən çox təşəkkürlər.
Prezident İlham Əliyev: Sağ olun, siz
tamamilə haqlısınız, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə
qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Məncə artıq iki il oldu
ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye
İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və
regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd
imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi
Forumu, - bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur
və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak
edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur -
istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan
seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün. Nə üçün?
Birinci ona görə ki, bizə inam var. İkinci ona görə ki, Azərbaycan sabit
ölkədir və Davos Forumunun hesabatlarında - onlar hər il dərc edilir - Azərbaycan
bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin
islahatlara meyilliliyi indeksinə görə biz birinci onluqdayıq. Təsəvvür edin,
dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox
şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz
nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq,
texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları,
üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd
etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda,
dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və
innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq,
siyasətimiz budur.
Əlbəttə ki, Dördüncü
Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda,
geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki
dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil
edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu
bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq
Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa
məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır.
Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş
yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin
ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye
İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır
olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır
olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu,
inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq?
Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək.
Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi
startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini
qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da
birbaşa təhsillə bağlıdır.
Amma prinsip etibarilə
biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq,
texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar
buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə,
inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır.
Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi
siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul
verək, təkan verək, insanların peşə profilini dəyişdirək. Bu da çox böyük
zəhmət və bilik tələb edən sahədir. Yəni, biz Dördüncü Sənaye İnqilabına
uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə
bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və
daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də
deyirəm, dövlət qurumları tərəfindən çox ciddi iş aparılmalıdır. İlk növbədə,
Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər.
İqtisadiyyat Nazirliyi, çünki İqtisadiyyat Nazirliyinin əlində olan alətlərlə
biz müxtəlif sahələri inkişaf etdirə bilərik, stimullaşdıra bilərik. Bu, elə
bir genişmiqyaslı işdir ki, hökumət bütövlükdə, bütün hökumət üzvləri burada
fəal olmalıdırlar ki, biz geridə qalmayaq.
Aparıcı: Təşəkkür edirik.
Buyurun, sualınızı eşidək.
Tələbə Orduxan
Qəhrəmanzadə: Cənab Prezident, Ümummilli Liderin bizə miras qoyduğu bu gündə
bizi qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mən ADA
Universitetinin Beynəlxalq münasibətlər ixtisasının sonuncu kurs tələbəsiyəm.
Eyni zamanda, Qoşulmama Hərəkatının Sizin təşəbbüsünüzlə təsis olunan Gənclər
Şəbəkəsinin rəhbəri vəzifəsini icra edirəm. Həm Azərbaycanda, həm də xaricdə
beynəlxalq təhsil mübadiləsi proqramları çərçivəsində təhsil aldığım müddətdə
könüllülük hərəkatının bir parçası olmağa, aktiv iştirakçısı olmağa çalışmışam.
Ölkəmizdə Sizin dəstəyinizlə son illərdə könüllülük hərəkatı geniş vüsət
almışdır. Xüsusilə də 2020-ci ilin "Könüllülər İli” elan olunmasının bu
prosesdə müstəsna rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Sualım da elə
könüllülüklə bağlıdır. Mən bilmək istəyirəm ki, Sizin Azərbaycanda könüllülük
hərəkatının inkişafı üçün, könüllülüyün təbliği üçün bizimlə, gənclərlə bağlı
düşüncələriniz nələrdir və bizə tövsiyələriniz nədir? Sağ olun.
Prezident İlham Əliyev: Könüllülər
hərəkatı Azərbaycanda artıq genişlənir və bildiyiniz kimi, bu hərəkat bizdə
"ASAN xidmət” mərkəzlərində başlamışdır, ASAN könüllüləri ilk könüllülərimiz
olmuşdur. Ancaq onu deməliyəm ki, yenə də əgər bizim adət-ənənələrimizə
qayıtsaq, Azərbaycan xalqı ehtiyacı olanlara həmişə kömək edirdi. Bizim milli
xüsusiyyətimiz bundan ibarətdir. Ona görə könüllülük bizim elə bil
qanımızdadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrinə gətirmək üçün təşkilati
addımlar olmalı idi, bunlar da atıldı. İndi "ASAN xidmət”dən sonra bir neçə
digər dövlət qurumunda könüllülər qrupları var, mən bunu alqışlayıram. Bu, həm
gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə
toplayırlar. "ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatıb. Bu günlərdə 22-cisi
Gəncədə açılıb və artıq orada da 80-dən çox könüllü işə cəlb olunur. Bütövlükdə
"ASAN xidmət” yarandıqdan bu günə qədər bəlkə də on minlərlə könüllü bu
mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib.
Çünki orada əldə edilən həm iş təcrübəsi, eyni zamanda, mədəni davranış və
orada insanlara aşılanan xeyirxahlıq, əlbəttə ki, hər bir gəncin
keyfiyyətlərini daha da artırır. Beləliklə, könüllülər hərəkatı Azərbaycanda
indi, yenə də deyirəm, genişlənib, geniş vüsət alıb.
Mən göstəriş vermişdim
ki, dövlət qurumlarında könüllülərdən ibarət qruplar yaradılsın. Hesab edirəm
ki, özəl şirkətlər də bu işə cəlb edilməlidir. Əslində, bu, çox nəcib bir
işdir, təmənnasız kiməsə kömək etmək doğrudan da çox nəcib bir işdir. Yenə də
bu ictimai xidmətlərə qayıdarkən demək istəyirəm ki, adətən ictimai xidmətlər
sektoru ən ağrılı, problemli, korrupsiyalaşmış və kobud davranış ənənəyə
çevrilmiş bir sektor idi. Ona görə bax, yeni yanaşma bu cəmiyyəti
sağlamlaşdırır. Bu, təkcə korrupsiya, rüşvətxorluqdan azad etmək yox, sadəcə
olaraq, eyni zamanda, cəmiyyətin elə bil ki, saflığını artırır. Çünki
Azərbaycan xalqı həmişə mədəni xalq olub. Bizdə, cəmiyyətdə davranış qaydaları
da çox özünəməxsusdur. Ona görə Azərbaycana gələn xaricilər həm Bakıya aşiq
olurlar, eyni zamanda, mən bir çoxlarından eşitmişəm ki, onları ən çox
təsirləndirən insanların münasibətidir. Yəni, bu, reallıqdır, bizim böyük
sərvətimizdir. Biz bunu qorumalıyıq. Bu da haradan gəlir? Birincisi
ənənələrdən, ikincisi, dövlət siyasətindən. Çünki siyasətimiz də ənənələrə
bağlıdır. İndi biz bəzi yerlərdə eşidirik, görürük ki, məsələn, xaricdən
gələnlərə münasibət fərqlidir, yəni, o qədər də xoş deyil, əksinə, hansısa
ziddiyyətlər, qarşıdurmalar yaranır. Bizdə bu, ümumiyyətlə ola bilməz.
Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona
görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal
uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması
nöqteyi-nəzərindən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl
gələcəyi var.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sual? Buyurun, sizi eşidək.
Tələbə Aybəniz Həşimova: Salam, cənab
Prezident. Mən, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsiyəm, Milli
Qəhrəman Polad Həşimovun qızıyam. Bir az həyəcanlıyam, üzr istəyirəm. Mən
fürsətdən istifadə edərək şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğı
üçün Sizə təşəkkür etmək istəyirəm. Sualım yoxdur, çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ ol, sənə
uğurlar arzulayıram.
Aybəniz Həşimova: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Milli Qəhrəmanımız
Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak
olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox
tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını
dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında,
həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamalı
idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov
kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir
hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək
mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə
peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.
Deyə bilərəm ki, onun
həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir
daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun,
biz torpaqlarımızı azad etməliyik. Onsuz da biz bunu bilirdik və mən artıq bunu
demişəm. Sirr deyil, uzun illər artıq mən görürdüm ki, danışıqlar yolu ilə,
mənasız, boş-boş danışıqlar yolu ilə bu məsələ həll olunmayacaq. Danışıqlardan
nə üçün çıxmırdıq, onu da deməliyəm. Çünki biz əgər danışıqlardan çıxsaydıq,
başlayacaqdılar bizi ittiham etməyə. Onsuz da bu məsələ ilə məşğul olanlar
fürsət axtarırdılar ki, bütün o yükü yıxsınlar bizim üzərimizə. Onsuz da
1993-cü ildə qəbul edilmiş 4 qətnaməni elə bil ki, kənara qoymaq istəyi
olmuşdur. Halbuki, orada açıq-aydın göstərilir ki, erməni qüvvələri dərhal və
qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxmalıdır. Ona nəinki əməl edilmədi, eyni
zamanda, biz onu unutdurmaq istəyi ilə də üz-üzə gəldik. Ona görə mən çoxdan
bilirdim ki, müharibə qaçılmazdır. Ordumuzun gücləndirilməsi və bütün digər
tədbirlər bu məqsədi güdürdü. Ancaq Polad Həşimovun qəhrəmancasına və onunla
bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni
zamanda, sarsıtdı və hərəkətə gətirdi. Çünki müharibəni aparmaq üçün bütün amillər
olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə
deyərlər, birliyi və xalqın hazır olması. Baxın, bizdə müharibə dövründə bir
nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə
üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar
Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar
isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan
əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə
ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın
yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, biri-birini
ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş
idi. Ona görə xalq da hazır olmalı idi. Polad Həşimov öz şəhadəti ilə, deyə
bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu
olmasaydı, müharibəni belə aparmaq çətin olardı.
Mən bu yaxınlarda
Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o
dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli
getməliyik. Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir
sual bu günə qədər yadımdadır. Bir jurnalist demişdi ki, ya Bərdədə, ya
Tərtərdə dəfn mərasimində olub. Bu müsahibədən sonra söhbət əsnasında dedi ki,
təəccüb etdim, gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur.
Mən gözləyirdim ki, orada Sizi ittiham edəcəklər, deyəcəklər, nə üçün İlham
Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir
çox yerlərdə, döyüş yerlərində olmuşam, belə ruh yüksəkliyi görməmişəm. Hamı
deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın.
Bilirsən, bax, budur, xalq. Xalq buna hazır olmalı idi və hazır oldu. Ona görə
Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin
üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan
olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq.
Aparıcı: Allah bütün
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Davam edirik suallarla.
Buyurun, özünüzü təqdim edin.
Ramtiq Alızadə: Mən, Sizin 2019-cu
il 1 oktyabr tarixli Sərəncamınızla fəaliyyətə başlayan Gənclərin İnkişaf və
Karyera Mərkəzinin rəhbəri, eyni zamanda, "Yüksəliş” müsabiqəsinin
qaliblərindən biriyəm. Həm təmsil etdiyim qurumun fəaliyyəti çərçivəsində, eyni
zamanda, "Yüksəliş” müsabiqəsinin gedişatı dövründə ölkəmizdə kifayət qədər
potensiallı, təcrübəli gənclərin, gənc kadrların olduğunun şahidi olmuşam.
Həmçinin Sizin bildirdiyiniz kimi, gənclər üçün həm ölkə daxilində, həm ölkə
xaricində müxtəlif imkanlar yaradılmaqdadır. Mən xüsusilə gənclər üçün
yaradılan xaricdə təhsil imkanları ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, bir çox gənclər dövlət proqramları vasitəsilə xaricdə təhsil
aldıqdan sonra ölkəyə qayıdıb burada səmərəli fəaliyyət göstərirlər. Lakin bir
qisim gənclər isə təhsil aldıqları həmin ölkədə qalırlar. Sözsüz ki, bu,
cəmiyyətdə də müəyyən müzakirələrə səbəb olur. Bir qrup düşünür ki, bu, ölkədən
kapital və beyin axınıdır, digər bir qrup isə hesab edir ki, bu, bizim xaricdə
qeyri-formal təmsil olunmağımız, eyni zamanda, lobbiçilik fəaliyyətimiz üçün
yeni imkanlar yaradır. Mən bilmək istərdim ki, Siz bu barədə nə düşünürsünüz,
eyni zamanda, dövlətin bu prosesi tənzimləməklə bağlı hər hansı bir planları
varmı?
Prezident İlham Əliyev: Sağ olun. Mən
hesab edirəm ki, hər iki tərəf haqlıdır. Həm əlbəttə ki, beyin axınıdır, eyni
zamanda, xaricdə qalan azərbaycanlılar, onların böyük əksəriyyəti Azərbaycana
bağlı olurlar, onların ürəkləri Azərbaycanla bir döyünür və öz fəaliyyəti ilə
bizə yaşadıqları ölkələrdə xeyir gətirirlər. Xaricdə təhsil alan gənclərlə
bağlı proqramı biz 2007-ci ildə başlamışıq. 2006-cı ildə qərar verildi,
sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı
proqram icra edilməyə başlandı. Onu da deməliyəm ki, burada da bir yenilik yox
idi, çünki sovet vaxtında Heydər Əliyevin göstərişi ilə Azərbaycan gəncləri,
yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə ezam
edilirdi, özü də güzəştli şərtlərlə. Onlar o ali məktəblərə daxil olurdu.
İmtahanlar Bakıda verilirdi və elə bil ki, onlar müsabiqədənkənar bir formatda
oxuyurdular. Hər il bu proqram icra edilirdi, heç bir başqa sovet
respublikasında buna oxşar proqram yox idi və məqsəd gəncləri yetişdirmək və
yaxşı biliklər vermək idi. Çünki sirr deyil ki, o vaxt Sovet İttifaqının,
xüsusilə Rusiya Federasiyasının ali məktəblərindəki təhsilin səviyyəsi
Azərbaycan ali məktəblərindəkindən çox fərqlənirdi və beləliklə, hər il
haradasa, 800-ə qədər gənc ezam edilirdi. Onların arasında indi bir çox
tanınmış adamlar da var və onların böyük hissəsi Azərbaycana qayıdıb. Düzdür, o
vaxt biz vahid ölkədə yaşayırdıq, amma yenə də atam istəyirdi ki, daha çox
qayıtsınlar bura və burada çox güclü bir mütəxəssislər sinfi yaradılsın. Ona
görə bax, bu təcrübəni əsas götürüb mən də bu təşəbbüslə çıxış etdim.
Yadımdadır, o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər ki, biz
mütləq şərt qoymalıyıq. Bir halda ki, dövlət onları oxudur, şərt qoymalıyıq ki,
onlar qayıtsınlar və Vətənə xeyir versinlər. Mən isə buna razılaşmadım. Mənim
arqumentlərim o idi ki, birincisi, biz bunu nə üçün edirik? Ona görə edirdik
ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar,
mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intellektual potensialının
möhkəmləndirilməsi. Deməliyəm ki, biz gəncləri 30-dan çox ölkəyə, müxtəlif
ölkələrin 300-dən çox ali məktəbinə ezam edirdik. Bu məqsədlər üçün 200 milyon
manat vəsait xərcləndi.
Onu da deməliyəm ki, bu
xərclər Neft Fondundan təşkil edildi. Bununla da biz bu proqramın əhəmiyyətini
bir daha qeyd edirdik. Çünki bildiyiniz kimi, Neft Fondundan vəsait əsasən
məcburi köçkünlərin evlərinin tikintisi üçün istiqamətləndirilirdi. O vaxt mən
demişdim ki, yox, biz belə bir şərt qoymamalıyıq. Birincisi, belə bir şərt
qoysaq, nahaq iş görərik. İkincisi və ən önəmlisi, biz Azərbaycanda elə şərait
yaratmalıyıq ki, onlar özləri gəlsinlər, zorla yox. 2006-cı ildə biz bu
proqrama başlayanda, Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də
orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə
oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar
qayıdıb. Ondan sonra biz bu proqramı dayandırdıq, çünki təhlil aparmaq lazım
idi: Qayıdanların neçə faizi işlə təmin edilib, neçə faizi dövlət, neçə faizi
özəl strukturlarda işlə təmin edilib, onların karyerası necə inkişaf edir. Bütün
bu məlumat Təhsil Nazirliyində var, bütün bu təhlil aparılıb. Yəni, çox uğurlu
proqram idi. Ona görə yeni proqram artıq işlənilib və müvafiq sərəncam keçən il
verilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni
formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın, tutaq ki,
çatışmazlıqları nəzərə almaq şərtilə. Haradasa, ildə 400-ə qədər gənc dünyanın
aparıcı ali məktəblərinə göndəriləcəkdir.
İndiki şəraitdə isə
mənim tövsiyəm odur ki, onlar qayıtsınlar. Çünki indi Azərbaycan ovaxtkı
Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir.
Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər.
Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat
hiss edirlər. Heç bir təhlükə yoxdur - sabitlik, əmin-amanlıq, xoş ab-hava.
İndi əfsuslar olsun ki,
dünyanın bir çox yerlərində o günlərdən bu günə qədər vəziyyət dəyişib. 2006-cı
ildə, baxın, nə qədər ölkə alov içində idi və bu gün alov içində olan ölkələrin
sayı nə qədər artır. Eyni zamanda, 2006-cı ildə biz bu proqrama start vermişik,
əgər biz indiki günü müqayisə etsək, görərik ki, Qərbdə islamofobiya nə qədər
artıb. Yəni bu, həqiqətdir və bu həqiqət artıq bir çox ölkələri sarsıdır. Bir
tərəfdən demoqrafik problemlər, insan resurslarının çatışmazlığı, digər
tərəfdən miqrantlara - onların da böyük əksəriyyəti müsəlmanlardır - mənfi
münasibəti, onlara qarşı təhqiredici addımları, onları qəfəsdə saxlama
görüntülərini biz hamımız görmüşük. Yəni mən bunu, sadəcə olaraq, reallıq kimi
deyirəm. Biz real həyatda yaşayırıq, virtual həyatda yaşamırıq. Ona görə, o
vaxtdan bu günə qədər bir çox dəyərlər də o istiqamətdə dəyişib və mən onlara
heç dəyər deməzdim. Amma orada qalacaq azərbaycanlı uşağı necə böyüdəcək, hansı
mühitdə böyüdəcək, onun uşağına kim dərs verəcək, nəyi öyrədəcək ona? Bunu
düşünmək lazımdır və bütün bu amilləri nəzərə alaraq mən çox tövsiyə edərdim
ki, qayıtsınlar öz Vətəninə, Vətənə xidmət etsinlər. Bizim iqtisadiyyatımız
indi dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da, həmçinin.
İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu
ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar
ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni
böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər,
top-menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya
pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada
yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni
zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər.
Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu
vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sual. Buyurun, eşidək sizi.
Dağ Yəhudi İcmasının
nümayəndəsi Rolan Yusupov: Salam, hörmətli cənab Prezident. Mən Dağ Yəhudi
İcmasının nümayəndəsiyəm və hazırda Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin dördüncü kursunun tələbəsiyəm. Mən Sizi gördüyüm üçün çox
xoşbəxtəm. Dörd gün əvvəl biz İcma ilə birlikdə Qubada yerləşən dünyanın ilk
Dağ Yəhudi Muzeyini ziyarət etdik. Bu, mənim üçün çox möhtəşəmdir. Mən onunla
fəxr edirəm. Çünki Azərbaycan bu muzeyə malik olan ilk və yeganə ölkədir. Bu da
Azərbaycanın tolerantlığını və multikulturalizmini bir daha vurğulayır. Mən
qeyd etmək istərdim ki, bir çox xarici ölkələrdə yaşayan yəhudilər ksenofobiya
və rasizmə məruz qalırlar. Onun nümayişi Ermənistan ölkəsidir. Bağışlayın, bir
az həyəcanlıyam. Ermənistan monoetnik ölkədir və antisemitizmin ən yüksək
səviyyəsi məhz oradadır. Mənim sualım ondan ibarətdir ki, cənab Prezident, bu
tolerantlığı və sərvətimizi qorumaq üçün nə etməliyik, bizim gənclərimiz nə
etməlidir?
Prezident İlham Əliyev: Sağ ol. Bəli,
dediyin kimi, Ermənistan monoetnik dövlətdir və Ermənistan adlandırılan indiki
ərazi heç vaxt monoərazi olmayıb. Çünki orada yaşamış, əzəli torpağında olan
azərbaycanlılar tədricən oradan qovuldu və digər millətlər də qovuldu. Mənə verilən
məlumata görə, Ermənistanda hansısa qondarma, yalançı bir yəhudi icması da
yaradıblar, amma onun rəhbəri ermənidir. İndi təsəvvür edin, Ermənistanda bu
ksenofobiya, antisemitizm və irqçilik nə dərəcədə geniş vüsət alıb. Ermənistan
adlandırılan ərazidə azərbaycanlılarla yanaşı, digər xalqlar da yaşayıb və
onlar tədricən oradan qovulub və təbii ki, ən böyük ədalətsizlik xalqımıza
qarşı edilib. Çünki azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ
ilə qovulmuşdur. Əlbəttə, biz 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O
vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı - qədim Azərbaycan şəhərini
Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Göstərilən səbəblər
də, necə deyərlər, keçərsizdir, yəni, onları səbəb kimi adlandırmaq olmaz və bu
cinayəti heç vaxt bağışlamaq və əsaslandırmaq olmaz. Halbuki, o vaxt İrəvandan
olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar.
1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti
Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Bu da böyük
ədalətsizlik idi. Onu da deməliyəm ki, o vaxt Zəngəzuru bizdən alanda indiki
Ermənistan ərazisində yerləşən Zəngəzur indiki sərhədlərdə olmayıb, daha az
ərazini əhatə edib. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında
yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses
ancaq 1969-cu ildə dayandı. 1969-cu ilə qədər bu proses gedirdi. Heydər Əliyev
Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana
verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya
məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz
ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran
zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı - nə su var idi, nə
yaşamaq üçün şərait var idi - bir çoxları da orada həlak oldular. Bunun da
bəhanəsi o idi ki, guya xaricdə, Avropada yaşayan ermənilər qayıdacaq. Amma
birincisi, onların bir çoxu heç qayıtmadı, ikincisi, əsas məqsəd yenə də
azərbaycanlıları öz doğma torpaqlarından didərgin salmaq idi.
Nəhayət, axırıncı etnik
təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən
azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş
verdi. Yəni, bu, xalqımıza qarşı sovet hakimiyyəti tərəfindən törədilmiş
cinayətdir və ədalətsizlikdir. O xalqa ki, İkinci Dünya müharibəsində həlledici
rol oynayıb. Əgər bizim neftimiz olmasaydı, faşist Almaniyası Sovet İttifaqını
məğlub edəcəkdi. Bunu hər kəs bilməlidir. Azərbaycan nefti faktiki olaraq sovet
ordusunun İkinci Dünya müharibəsindəki qələbəsini böyük dərəcədə şərtləndirdi.
Ancaq bizə qarşı müharibədən üç–dörd il sonra belə ədalətsizliyin edilməsi nə
dərəcədə əsaslı idi. Bu, vicdansızlıq idi, xalqımıza qarşı cinayət idi. Ondan
sonra erməni separatçıları baş qaldıranda onu elə yerində də dayandırmaq
olardı. İstəmədilər, əksinə, separatizm meyillərinə rəvac verdilər və öz
ölkələrini də məhv etdilər. Sovet İttifaqının dağılması ermənilərin
separatizmindən başlamışdır. Yəni, bu, real tarixdir. Biz heç vaxt bunu
unutmamalıyıq və bilməliyik.
Bizə gəldikdə isə
Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim
ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş
olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış
kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu
dəyəri daim qoruyun. Çünki bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir.
Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir
məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz
demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə,
bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib.
İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi
vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda,
Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan
bütün xalqları daha da birləşdirdi. "Dəmir yumruq”, sadəcə, güc deyil, bu,
birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün,
multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax,
bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən
asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu
ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün
xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq
şəraitində yaşayacaqlar. Əminəm ki, bu, belə olacaq.
Baxın, indi siz də qeyd
etdiyiniz kimi, Ermənistana. İndi onlar bütün xalqları Ermənistandan qovub, ilk
növbədə, azərbaycanlıları və digər xalqları. İndi monodövlətdir, heç bir başqa
millət orada yaşamır. Amma bu, onlara kömək etdimi? Yox. Bu monodövlət böyük
problemlərə gətirib çıxaran amillərdən biridir. Onlar hesab edirdilər ki, bu,
onların üstünlüyüdür. Hətta onların rəhbərləri və onların ictimai fəalları
müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın
bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif
xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə
başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq.
Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini
qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha
göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir. Ona görə
Ermənistanın gələcəyi isə bax, necə deyərlər, indiki rəzil durumdakı kimi
olacaq. Çünki baxın, indi ermənilərdən başqa heç kim yaşamır, amma onlar
bir-birilərini hər gün didirlər, bir-birilərini satqınlıqda, xəyanətdə və sair
ittiham edirlər. Bütün o daxili aqressiyanı bir-birilərinə yönəldiblər. Əvvəlki
iqtidar indiki iqtidara qarşı, indiki iqtidar əvvəlki iqtidara qarşı
bir-birilərini ittiham ediblər, edirlər, kim Qarabağı əldən verdi, kim bu
məğlubiyyətdə günahkardır. Onların hər biri günahkardır, hər biri, Ermənistanın
başında duranlar, hamısı. Çünki öz zəhərli ideologiyası ilə erməni xalqının
beynini zəhərlədilər, bizə qarşı qaldırdılar, özləri haqqında olmayan mifləri
uydurdular, özləri də o miflərə inanmağa başladılar. Sonra bizim yumruğumuz
onların başını əzəndə təəccüb edirdilər ki, necə oldu. Ona görə ki,
monodövlətdir və monodövlətlərin axırı, bax, belə olacaq.
Bir daha demək
istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti
bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sual. Buyurun, sizi eşidək.
Ruslan Qasımov: Çox hörmətli Ali
Baş Komandan, cənab Prezidentimiz. Mən, Yeni Azərbaycan Partiyasının üzvüyəm,
həm də Sizin dediyiniz kimi, dövlət dəstəyi ilə xaricdə beynəlxalq münasibətlər
və diplomatiya üzrə təhsil alan bir gəncəm. Bilirsiniz ki, müasir qlobal
dünyamızda müəyyən siyasi toqquşmalar, dini etiqadlar uğrunda mübarizələr
gedir. Məhz belə halda, Siz bayaq çıxışınızda da vurğuladınız ki, gəncliyi ələ
almaq asandır. Belə hal olduğu təqdirdə, bütün hədəflər gəncliyə yönəlir. Bu
gün müasir Azərbaycan gəncliyi, əlbəttə ki, bu mövzuda Sizdən çox gözəl ilham,
böyük güc, qüvvət alaraq düzgün hədəflərə doğru irəliləyir. Amma ətrafda
əfsuslar olsun ki, bəzi kənar qüvvələrin müdaxiləsinə tuş gəlmiş gənclik də
var. Mən, ilk öncə bilmək istəyirəm, Siz bu gəncliyə nə tövsiyə edirsiniz ki,
bu cür kənar hədəflərə tuş gəlməsinlər.
Prezident İlham Əliyev: Bilirsiniz, kənar
təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu
təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq
əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında
konkret planlar var və yenə də gənclər ən məqbul kateqoriya hesab olunur. Çünki
gəncdirlər, onlar daha fəaldırlar. Hər bir cəmiyyətdə qüsurlar var, hər bir
cəmiyyətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. Biz görürük ki, bir çox
yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu
dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli
inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun
arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə
deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində
ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto
bölünür. İndi Yaxın Şərq ölkələrinə baxın. Faktiki olaraq artıq bu böhranla
üzləşmiş ölkələr öz sərhədlərini formal olaraq saxlasalar da, de-fakto o
sərhədlərə nəzarət etmirlər. Yəni, belə çıxır ki, Yaxın Şərqdə yeni de-fakto
sərhədlərin müəyyən edilməsi prosesi davam edir. Hələ bu ərəb inqilablarından
əvvəl belə fikirlər dolaşırdı ki, vaxtilə sərhədlər düzgün müəyyən edilməyib.
Biz yaxşı bilirik ki, o sərhədləri kim müəyyən edib. Bir neçə ölkənin nümayəndəsi
karandaşla yeni sərhədlər cızıblar və hesab edirdilər ki, buna onların haqqı
çatır. Sonra gördülər ki, artıq o ölkələr böyüyür, əhali böyüyür, bəzi ölkələr
zənginləşir və sözə baxmır. Ona görə qərara gəldilər ki, yeni bölgü aparılsın
və de-fakto bu bölgü aparıldı. Daha mən xırdalamaq istəmirəm, hər kəs başa
düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki
olaraq öz müstəqilliyini itirdilər. Bölündülər - biri üç yerə, biri dörd yerə,
biri beş yerə. Bəzi yerlərdə, ümumiyyətlə bilinmir ki, kim nəyi idarə edir.
Yəni, elə bil, necə deyərlər, ibtidai quruluşa doğru yuvarlanırlar. Kim bundan
faydalanır? Yenə də pərdənin arxasında gizlənənlər. Çünki "böl və hökm sür”
tezisi hələ də qüvvədədir. Bu, dərs olmalıdır? Əlbəttə, dərs olmalıdır.
Yadımdadır, ərəb baharı
olanda burada da bəziləri deyirdilər ki, Azərbaycan da bu ərəb baharının bir
parçası olmalıdır. Halbuki bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda
daxili təhlükə mənbəyi də yoxdur. İndi postsovet məkanına baxaq. Orada da demək
olar ki, ifaçılar eyni idilər. Postsovet məkanında neçə rəngli inqilab oldu? O
ölkələrin xalqları daha yaxşı yaşamağa başladılar? Yox. Nə oldu? Xaos,
anarxiya, idarəolunmaz vəziyyət. Bu günə qədər davam edən siyasi çəkişmələr,
siyasi repressiyalar və iqtisadi cəhətdən deyə bilmərəm ki, üstünlük oldu.
Əksinə, sabitlik pozulan yerlərə investisiya qoyulmur, nə yerli, nə xarici.
Biz də bu təhlükə ilə
üzləşmişdik və mən yaxşı xatırlayıram 2003-cü ildə Prezident vəzifəsinə
seçilmişdim. O vaxt da mənim qələbəmi şübhə altına almaq istəyənlər olubdur.
Ancaq əsas gücü onlar 2005-ci ilə - parlament seçkilərinə saxlayırdılar. O vaxt
bir çox postsovet ölkələrində rəngli inqilablar olmuşdu və hətta növbəti
istiqamət Azərbaycan hesab olunmuşdu. Amma alınmadı. Nə üçün? Çünki xalq
dəstəkləmədi, bir. İkincisi, o oyunçuları düzgün seçməmişdilər. Yəni, o
marionet oyunçular o vəzifəni icra edə bilmədilər, özləri də biabır oldular.
Amma bundan sonra o cəhdlərə ara verildi ki? Yox, yeni formalara keçdi. Yəni,
2005-ci ildə keçmədi, çalışdılar, ərəb baharı 2012-də keçmədi, ondan sonraya
saxladılar.
Bununla yanaşı,
informasiya təxribatları davam edir, informasiya agentliklərindən istifadə
olunur. Amerika Prezidenti Donald Tramp "Washington Post” və "New York Times”
qəzetlərini feyk-nyus adlandırıb. Bunu mən demirəm, o deyir. O, hər halda
bizdən yaxşı bilir, nə nədir. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna
çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu
yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan
sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi
ötürülür. Bu, çox bəsit bir texnologiyadır, amma əfsuslar olsun ki, bəzi
yerlərdə bu, işləyir. İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları,
dünyanın əsas qeyri-hökumət təşkilatları. Hamısı da Azərbaycana qarşı uzun
illərdir mübarizə aparır, o cümlədən Qarabağ məsələsində. Hamısında da
ermənilər aparıcı rollardadır. Onların adları da məndə var, sadəcə olaraq, bunu
siz də tapa bilərsiniz - "Freedom House”, "Amnesty International”, "Human
Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz
reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək
istəyən QHT-lərdir. Haradan maliyyə alırlar? Ona da baxmaq olar, böyük
dövlətlərin büdcələrindən. Kim deməli musiqini sifariş edir, o da, necə
deyərlər, söz sahibidir. Hədəf Azərbaycandır, Azərbaycan rəhbərliyidir. Çünki
bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş
alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə
edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar
axtarılır və hədəf gənclərdir. Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki,
daha asandır.
Bu səylər davam edəcək.
Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq,
bu, davam edəcək. Deməli, biz elə etməliyik ki, bu, daim davam etsin. Elə
etməliyik ki, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər
elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Biz onları bütün
meydanlarda məğlub etmişik – həm siyasi, həm də bütün başqa meydançalarda.
Onların axırıncı arqumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən
çıxdı. Ona görə indi onlar Ermənistanla birlikdə yeni planlar cızırlar.
Məsələn, indi internetdə məşhur şəkil var - Soros və Nikol Paşinyan. Bilmirəm,
görmüsünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi,
bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı
əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət,
bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar,
o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür.
Azərbaycan gəncləri
əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki
həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə
göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan
sonra da fəal və uğurlu olacaqlar.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sualı olan var? Buyurun, sizi də eşidək.
Rəssam Elçin Hüseyn: Salam, cənab
Prezident, mən rəssamam, eyni zamanda, Azərbaycan Dövlət Rəsm Qalereyasında
Ekspozisiya şöbəsinin müdiriyəm. Rəssamlar, ümumiyyətlə, cəmiyyətin mənəvi
cəhətdən ən həssas təbəqələrindən biri sayılır. Baş verən bütün proseslər, -
istər siyasi, istərsə də iqtisadi olsun, - bizim yaradıcılığımızda öz əksini
tez tapır. Böyük bir Qələbə qazandıq, böyük müharibə keçdik. Sizə təşəkkür
etmək istəyirəm ki, artıq Qarabağla bağlı sərgilərə girəndə əvvəlki kimi, matəm
ab-havası yox, toy-bayram ab-havası canlanır. Eyni zamanda, Qarabağ
Azərbaycanın incəsənət məkanlarından biri olub, incəsənətin beşiyi olub və bir
çox sənətkarlarımız məhz Qarabağdan çıxıblar. Soruşmaq istəyirəm ki, bu
yenidənqurma işlərindən sonra ümumiyyətlə, kreativ sənayenin Azərbaycan
iqtisadiyyatına öz təsirini göstərə biləcəyini planlayaraq hansı addımlar
atılacaq və Qarabağın incəsənətin beşiyi olması imicini yenidən bərpa etmək
üçün hansı planlar düşünülür?
Prezident İlham Əliyev: Sağ ol. Əlbəttə,
qaldırdığın məsələ çox vacibdir. Bilirsiniz, bu yeni vəziyyət, torpaqlarımızın
işğaldan azad edilməsi qarşımızda geniş bir fəaliyyət meydanı açır. Onu da
deməliyəm ki, bu gün bəribaşdan bütün istiqamətlər üzrə dəqiqliklə addımları
planlaşdırmaq bir qədər çətindir. Çünki biz hökumət, dövlət olaraq, əlbəttə ki,
qarşımızda duran əsas vəzifələrin üzərində öz fəaliyyətimizi qururuq. Qeyd
etdiyim kimi, ilk növbədə, əlbəttə, bərpa işləri, orada minalardan təmizləmə
işləri, ondan sonra infrastruktur, daha sonra yaşayış yerlərinin, iş yerlərinin
tikintisi və ondan sonra vətəndaşların oraya qayıtması. Yəni, bu, bizim
gündəliyimizi, əgər belə demək mümkündürsə, zəbt edən əsas məsələdir. Ancaq
bununla yanaşı, - artıq biz bunu həyatda görürük, - Qarabağın və Zəngəzurun
mədəni həyatının dirçəldilməsi istiqamətində də önəmli addımlar atılmalıdır.
Biz artıq buna başlamışıq. Məsələn, "Xarıbülbül” festivalı, Vaqif Poeziya
Günləri bunun gözəl nümunəsidir. Yəni, bunlar artıq ənənəsi bərpa olunmuş
tədbirlərdir.
Məsələn, bir təklif də
var idi və hesab edirəm ki, bu, sizin də sözünüzlə uzlaşır - azad edilmiş
torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək. Məsələn, mən hətta Operativ
Qərargaha təklif etmişdim ki, bu il yaz-yay aylarında dünyanın müxtəlif
yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək.
Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu
dağıntılar bir azdan sonra olmayacaq. Düzdür, biz hər bir şəhərdə müəyyən
kvartal saxlayacağıq ki, xalqımız erməni vəhşiliyini heç vaxt unutmasın. Amma,
əlbəttə, biz bütün bu mənzərəni görməyəcəyik, çünki dağıntılar aradan
götürüləcək. Amma biz bunu indi foto, video sənədlərdə sənədləşdirmişik. Bunu
təsviri sənətdə, rəngkarlıqda əks etdirmək, əlbəttə ki, böyük işdir. Yəni,
xarici ölkələrdən geniş bir qrup gənc rəssam gəlib orada öz gördüklərini özü
istədiyi kimi təsvir etsin. Ondan sonra ikinci istiqamət Şuşa. Şuşanın
gözəlliklərini biz göstərməliyik. Ona görə burada fəaliyyət üçün çox böyük
meydan var və xahiş edərdim ki, siz və sizin kimi gənclər öz təkliflərinizi
verəsiniz, bunu necə edək?
Tətbiqi sənətin inkişafı
ilə bağlı bizim indi bir neçə layihəmiz var. ABAD xətti ilə bir layihə icra
edilir. Ondan sonra İçərişəhərdə bir layihə icra edilir. Ancaq hesab edirəm ki,
bu, azdır. Bu, daha geniş vüsət almalıdır və azad edilmiş torpaqların çox
zəngin tarixi var. Bu torpaqlar 30 il işğal altında olduğu üçün indiki gənc
nəsil orada olmayıb. Hətta mən o vaxt Şuşada olmuşam, amma Kəlbəcərdə, Laçında
olmamışam, çünki oraya yol olmayıb və yolum da düşməyib. Ona görə biz bu
bölgələri, bu yerləri yenidən özümüz üçün kəşf etməliyik. Onun zəngin tarixi
mirasını qorumalıyıq və əlbəttə ki, mədəniyyət, incəsənət sahəsində
təşəbbüslərin ortaya qoyulması bizə kömək göstərəcək. Ona görə xahiş edərdim
ki, bəlkə siz özünüz belə bir təkliflər verəsiniz və biz dövlət, hökumət
olaraq, əlbəttə, mədəni sahəyə aid olan bütün bu məsələləri planlı şəkildə
aparacağıq.
Aparıcı: Təşəkkür edirik.
Növbəti sualı olan var? Buyurun.
Denis Quzlayev: Cənab Prezident,
mən İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Siz məni "Füzulinin azad
edilməsinə görə” medalı ilə təltif etmisiniz. Cənab Prezident, Sizə ayrıca
təşəkkürümü bildirmək istərdim ki, Siz bizim Qarabağı geri qaytarmağımıza imkan
yaratdınız. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 il işğal altında
olub. Sizi bu yaxınlarda qeyd etdiyiniz 60 illik yubileyiniz münasibətilə
gənclərin adından təbrik etmək istərdim. Allah Sizə möhkəm cansağlığı, uzun
ömür, xoşbəxtlik bəxş etsin. Sizə bir sual vermək istərdim. Siz həmişə
deyirsiniz ki, gənclər idmanla məşğul olsunlar. Sizin turnikdə necə
dartıldığınızı, xizək sürməyinizi də görmüşük. Bizim gənclər bəzən maraqlanır,
soruşurlar, Sizin sevdiyiniz idman növü hansıdır?
Prezident İlham Əliyev: Sağ ol. Sən sağ ol
– xidmətə görə, Vətənə sədaqətinə, borcuna sadiqliyinə görə. Dövlət təltifinə
layiq görülməyin sənin müharibə zamanı göstərdiyin qəhrəmanlığa dəlalət edir.
Səni irəli aparan da məhz Vətən sevgisi olub. İndicə danışdığımız mövzuya
qayıdaraq demək istəyirəm ki, bu, bir daha bizim cəmiyyətin vəhdətinə dəlalət
edir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu faciəni, bu
ədalətsizliyi öz ağrısı kimi qəbul edir və xidməti borcuna görə, qəlbinin
çağırışı ilə ölümə gedir, necə deyərlər, candan keçir, şəhid, qazi olur, ən
yüksək keyfiyyətlər nümayiş etdirirlər. Buna görə sən də sağ ol, Vətən uğrunda
döyüşmüş bütün şanlı gənclərimiz də sağ olsunlar.
İdman məsələsinə
gəldikdə, mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə
idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk
növbədə, cəmiyyət üçün faydalıdır. Məsələn, elə həmin Vətən müharibəsini
götürək. Axı, aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz
olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib
gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu. Bundan ötrü ölümə
getmək lazım idi. Məsələnin nədən ibarət olduğunu başa düşürsünüzmü? Bundan
ötrü çox böyük fədakarlıq və üstəlik, bunu etməyə güc lazım idi. Şuşaya gedən
Zəfər Yolu ilə dəfələrlə getmişəm. Birinci dəfə yanvar ayında getmişdim.
Əhmədbəylidən Şuşaya 4 və ya 5 saata gedib çatdım. Ona görə ki, yol yox idi,
palçıq və buz, vəssalam. Maşın gedəndə sürüşürdü. Lakin mən hər dəfə gedəndə -
indi, artıq yol çəkiləndən sonra da - həmişə gözlərimin qabağında sizi və bu
yol ilə gedənləri görürəm, başa düşürsən? Mən fikirləşirəm, bəli, mən gedirəm,
bu yolu tikmişik, hamı razıdır. Lakin bu yol olmayanda, meşələrdən, dağlardan keçərək,
özü də hava artıq sərin olanda bir neçə gün getmək, sonra da Şuşa qalasına
dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük
sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş
yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki
ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki
cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu
deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən. Bəzən mən eyni sözləri
tez-tez təkrar edirəm, ona görə yox ki, mən dediklərimi unuduram, xeyr, sadəcə,
ona görə ki, bilirəm, məqsədə nail olmaq lazımdır. Mən rayonlarda olanda
tez-tez təkrar edirdim ki, hamı tibbi müayinədən keçməlidir. Deyirdim ki, hər
bir insan ildə bir dəfə tibbi müayinədən keçməlidir. Mən bunu ona görə deyirdim
ki, buna inanırdım, ona görə ki, bunun lazım olduğunu bilirdim. Nəhayət biz
pandemiyaya gəlib çatdıq, o dövrdə biz hər il yüz minlərlə, milyonlarla insanın
dispanserizasiya keçməsinə, xəstəxanalarda tibbi müayinədən keçməsinə nail
olduq. Deməli, dediklərimin təsiri olub, insanlar başa düşüblər ki, bu,
lazımdır. Mənə hər il statistika veriblər: nə qədər xəstəlik aşkar edilib, neçə
xəstəlik aşkar edilib, neçə adam həmin xəstəliklərdən rayonlarda müalicə
olunub, neçə adam Bakıya gətirilib və neçə insan xilas edilib. Amma əgər onlar
buna riayət etməsəydilər, Allah bilir nələr olardı. Eyni sözlər idmana da
aiddir, inanın mənə. Mən turnikdə bu hərəkətləri öyünmək üçün göstərmirdim, bu,
mənə lazım deyil. Mən ondan ötrü göstərirdim ki, gənclər bilsinlər, 60 yaşında
da bunu etmək olar. Əgər 60 yaşında 15 dəfə dartılmaq olarsa, 20 yaşda, 30
yaşda bunu hökmən etmək lazımdır. Buna çalışmaq lazımdır. Bu, təkcə fiziki
sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi
vəziyyətdir, sən özünə əminsən, təbii ki, onda sən daha cəsarətlə hərəkət
edirsən. Müharibədən əvvəl bizim özümüzə inamımız yox idi, hərçənd onun nə ilə
başa çatacağını kim bilirdi? Desəm ki, biz hamımız bunu qabaqcadan bilirdik,
düz olmayacaq. Kimin müdaxilə edəcəyini, kimin müdaxilə etməyəcəyini, necə
müdaxilə edəcəyini, nələr baş verəcəyini kim bilirdi? Kimsə bunu bilə
bilərdimi? Yox. Mən də bilə bilməzdim. Düzdür, mən bütün amilləri təhlil
etmişdim, amma yenə də zəmanət yox idi. Yəni, özünəinam təkcə mənəvi ruh
yüksəkliyi deyil, həm də fiziki vəziyyətdir. Buna görə, əziz dostlar, əziz
gənclər, məsləhət görürəm ki, idmanla məşğul olun, fiziki sağlamlığınızı
qoruyun, gücləndirin. Bu, mümkündür. Məşq etmək lazımdır və hədəfə çatmaq üçün,
necə deyərlər, tər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.
Sevimli idman növü
məsələsinə gəldikdə isə deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün
təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir
şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də
mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür. O, travmatik deyil və
xoşagələndir. Buna görə mən dənizi sevirəm, hovuzda üzməyi xoşlamıram, bu,
darıxdırıcıdır. Amma hava yaxşı olanda, vaxtım olanda dənizdə üzməyi
xoşlayıram. Ona görə sizə də bunu məsləhət görürəm.
Aparıcı: Biz bu istiqamətdə
gənclərdən çox az suallar eşitdik. Zəhmət olmasa, yaxınlaşın.
Tələbə Azelma
Ağakişiyeva: Cənab Prezident, mən Bakı Ali Neft Məktəbinin İnformasiya
təhlükəsizliyi fakültəsində ikinci kursda oxuyuram və İnformasiya Olimpiadası
üzrə respublika birincisi olmuşam. İKT-nin əsas vəzifələrindən biri də ekoloji
sistemin qorunmasıdır. Ekoloji problemlər bir çoxları kimi, məni də çox narahat
edir. Mən bilmək istərdim ki, ermənilərin ziyan vurduğu azad olunan
torpaqlardakı ekologiya və ətraf mühiti qorumaq, bərpa etmək üçün hansı
tədbirlər görülür?
Prezident İlham Əliyev: Sağ ol. Ermənilər
bizə çox böyük ziyan vurdular, bizim ekoloji vəziyyətimiz çox acınacaqlıdır.
Əlbəttə ki, görüləsi işlər çoxdur, ancaq bizdə olan təcrübə deməyə əsas verir
ki, biz bu işin öhdəsindən gələcəyik. Çünki Azərbaycanda, ümumiyyətlə, azad
edilmiş torpaqları nəzərə almasaq ən çətin vəziyyət Bakıda, Sumqayıtda və
Abşeron yarımadasında idi. Bu da neft-qaz hasilatı ilə və Sumqayıtdakı kimya
sənaye müəssisələri ilə bağlı idi. Biz çox böyük işlər gördük və illər
keçdikcə, əlbəttə, unudulur və bəzilərinə elə gəlir ki, həmişə belə olub. Amma
mən bu işin təşkilatçısı kimi hər bir layihəni yaxşı xatırlayıram. Bakının
ekoloji vəziyyəti çox ağır idi, havanın çirklənməsi çox yüksək idi. 20 il
bundan əvvəl və bu gün böyük fərq var. Görün, Bakıda biz hansı böyük işlərə,
onların icrasına nail olduq. Birinci, bu Bibiheybət buxtası. Bu, bir ekoloji
fəlakət zonası idi. Şəhərin mərkəzində bütün neft gölməçələri artıq
buxarlanırdı. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururdu və o
mənzərə də çox acınacaqlı idi. Hətta Ceyms Bond filmlərinin biri də, bax,
burada çəkilmişdi. O filmdə həmin o Bibiheybət buxtası göstərilir. Həqiqətən,
ekoloji fəlakət zonası idi. Amma mən bu məsələni qaldıranda bəziləri deyirdilər
ki, bu, mümkün deyil, bu, əbədi belə qalmalıdır, bunu saflaşdırmaq mümkün
deyil. Amma göründü ki, mümkündür. Bu gün baxın, bu, şəhərin ən gözəl
yerlərindən biridir, istirahət zonasıdır, böyük parkdır. Bulvar salmışıq, Su
İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl
rekreasiya zonasına çevrilib. Ondan sonra Ağ şəhər. İndi "Qara şəhər” nədir
bəlkə də gənclər heç bilmir. Yəni, sizdən sonrakı nəsil, ümumiyyətlə,
bilməyəcək ki, Bakıda Qara şəhər adlı bir yer olub. Amma bunun adı Qara şəhər
olub. Nəyə görə? Bu tüstüyə görə, mazuta görə. Biz o Qara şəhəri Ağ şəhərə
çevirməyə başlayanda da bir çoxları şübhə ilə yanaşırdılar ki, bu, mümkün
deyil. Amma baxın, şəhərin bu tərəfində və o tərəfdə - iki yerdə şəhəri əhatə
edən iki fəlakət zonası idi. Biz o neft çöküntülərini oradan götürməyə
başlayanda gördük ki, minimum bir metr dərinliyində neft çöküntüləri vardır.
Onlar hamısı utilizasiya edildi, çıxarıldı və bu gün şəhərsalma
nöqteyi-nəzərindən bəlkə də ən uğurlu dünya miqyasında layihələrdən biri Ağ
şəhərdir. O çirklənmiş yerlərdən əsər-əlamət qalmayıb və keçən ilin son
günlərində "Nizami” parkını da yenidən bərpa etdik və açdıq.
Üçüncü çox təhlükəli yer
Balaxanı zibilxanası idi. Yəqin ki, sizin yadınızda deyil. Amma o zibilxana
daim yanırdı, altdan tüstü çıxırdı və şəhəri belə böyük bir bulud bürümüşdü.
Oradan keçəndə artıq bu, hiss olunurdu, maşınla keçəndə hiss olunurdu. Biz
oranı da təmizlədik, böyük zibilyandırma zavodu tikildi, poliqon tikildi. Ondan
sonra orada Olimpiya Stadionu inşa edildi, böyük bir park salındı. Onun
böyüründə Böyükşor gölü, hansı ki, ondan İkinci Dünya müharibəsi zamanı açıq
neft rezervuarı kimi istifadə edilirdi və oraya müxtəlif yerlərdən, həm neft
laylarındakı sular, həm də kanalizasiya suları yığılırdı. Onun böyük hissəsi
təmizləndi. Yəni, belə hallar çox olub. Məsələn, Bakıda yod-brom zavodu, - indi
bəlkə də bir çoxları, heç gənclər bilmir, - nə dərəcədə zərərli bir müəssisə
idi. Yəni, Bakı şəhəri faktiki olaraq təbii fəlakət üstündə idi və bu,
insanların sağlamlığına təsir göstərirdi. Ümumiyyətlə, havanın tərkibində çoxlu
zərərli maddələr var idi. Yəni, bunları biz bacarmışıq və bu proses davam edir.
Hələ ki, təmizləməyə ehtiyac olan yerlər çoxdur.
Sumqayıt şəhəri. Sovet
vaxtında hesab olunurdu ki, ən ekoloji cəhətdən çirklənmiş şəhərdir. Doğrudan
da o vaxt Sumqayıtdan o tərəfə, şimal istiqamətinə gedən hər maşında oturanlar
bu zəhərli iydən şüşələri bağlayırdılar. İndi Sumqayıt öz sənaye potensialını
qoruyub, amma artıq ekoloji cəhətdən çox təmiz şəhərdir. Hətta deyərdim ki,
Bakıdan da təmiz şəhərdir. Amma, eyni zamanda, Sumqayıtda elə sənaye
müəssisələri, texnoparklar və digər obyektlər yaradılıb ki, Sumqayıt bu gün də
Cənubi Qafqazın Bakıdan sonra ikinci ən böyük sənaye şəhəridir. Yəni, demək
istəyirəm ki, bu, mümkündür.
O ki qaldı, azad edilmiş
torpaqlara, əlbəttə ki, orada fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə
bizim təbiətimizə də qəsd ediblər. İndi Tərtər çayının suyunun kəsilməsi öz
yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər.
Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya,
Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Əfsuslar olsun ki,
onlarla həmrəy olan, əlbir olan bəzi aparıcı Avropa şirkətləri də bu cinayəti
törədiblər. Biz indi hüquqi prosedurlara başlamışıq. Qanunsuz istismar edilən
bizim qızıl yataqlarımız təkcə sərvətimizin talanması deyil, eyni zamanda, o
hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya
olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim
təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim
bunu edib? Ermənilər! Bizim meşə fondumuz məhv edilib. Statistika var. 1988-ci
ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar
idi, 230 min hektar. Müharibədən sonra mən tapşırıq verdim, bizim peykimiz
"Azersky”, - onlar görüntüləri mənə təqdim ediblər. Artıq o görüntülərdən
görünür ki, 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, yəni,
kəsilib, satılıb. Bu, böyük cinayətdir. İndi bu prosesləri biz artıq
sürətləndiririk. Topxana meşəsini, onun böyük hissəsini qırıblar. Bəsitçay Təbii
Qoruğu hansı ki, öz əhəmiyyətinə görə Avropada ikincidir. Ona görə biz bu bərpa
işlərinə start vermişik. Bizim təbii sərvətlərimizi qanunsuz istismar edən
xarici şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik. Onların bir çoxu
əslən ermənilərdir. Onlara qarşı artıq vəkillər də tutulub və indi görəcəklər
onları nələr gözləyir. Biz onların yaxasını buraxmayacağıq. Əlbəttə, bununla
paralel olaraq, çox genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür və
görüləcək. Bilirəm ki, Azərbaycanda bu sahədə də gənclər, o cümlədən könüllülər
çox fəaldır. İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan
təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram və
əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək
üçün fəal olacaqlar.
Aparıcı: Təşəkkür edirik.
Buyurun, siz sualınızı səsləndirin.
Ülvi Osmanlı: Mən İsmayıllı
rayon Elbrus Həsənov adına Mücühəftəran kənd tam orta məktəbinin Azərbaycan
dili və ədəbiyyat müəllimi, karate üzrə Avropa çempionuyam. İlk öncə belə bir
canlı mükalimə üçün Sizə təşəkkürümü bildirirəm. Bildiyimiz kimi, hazırda
ölkəmizdə gənclik üçün fiziki və mənəvi cəhətdən sağlam bir mühit formalaşıb.
Bir gənc müəllim, gənc idmançı kimi bu fiziki və sağlam mühitin qorunması
həmişə mənim diqqət mərkəzimdə olub. Bundan sonra gənclərin pis vərdişlərdən,
narkotik vasitələrdən qorunması, ölkədə ictimaiyyətə açıq idman
infrastrukturlarının yaradılması üçün hansı planlarınız, tədbirləriniz var?
Zəhmət olmasa, bu barədə fikirlərinizi bilmək maraqlı olardı. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ ol. Ölkəmizdə
idman qurğularının yaradılması geniş vüsət alıb və hələ mən Prezident olmadığım
dövrdən bu təşəbbüsü irəli sürmüşdüm. O gündən bu günə qədər 50-dən çox şəhərdə
müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla
məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa
edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq.
Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək
üçün daha fəal olmalıyıq. Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni
zamanda, mənim üçün bu, daha çox kütləvi məna daşıyır. Çünki idmanın
kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi
deməkdir. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük
əhəmiyyətə malikdir. Xüsusilə son vaxtlar biz görürük ki, indi idman
avadanlıqları istehsal edən firmalar çox belə müasir avadanlıqlar təqdim
edirlər. Hətta Bakıda, Bakının bütün yeni parklarında mənim göstərişimlə açıq
idman meydançaları yaradılıb. Yaxşı olar ki, kənd yerlərində də bunlar
yaradılsın, həm hazırlıq, eyni zamanda, sağlamlıq üçün. Çünki hər bir gənc
əlbəttə ki, idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını
gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu,
istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. Əgər insan idmanla ciddi məşğul
olursa, o, siqaret çəkməyəcək. Çünki siqaret çəkən idmançı idmanda uğur qazana
bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu
içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur.
Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da
bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir.
Yaxşı olar ki, siqaret də çəkməsinlər, alkoqollu içkilər də içməsinlər. Çünki
buna bilirsiniz ehtiyac yoxdur. Təmiz hava udmaq əvəzinə, insanlar götürürlər
öz içinə zəhər salırlar. Nəyə lazımdır? Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman
çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün hesab
edirəm ki, yeni proqram tərtib edilməlidir və yeni yarışlar təşkil oluna bilər.
O yarışlar ki, bütün ölkəni əhatə edir. Hesab edirəm ki, Gənclər və İdman
Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu məsələ ilə məşğul olacaqlar.
Aparıcı: Cənab
Prezident, gənclərin suallarını cavablandırdığınız üçün təşəkkür edirik. Cənab
Prezident onsuz da hər zaman gənclərlə belə görüşləri təşkil edir. Təşəkkür
edirik bir daha, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən təşəkkür edirəm, Gənclər Günü
münasibətilə sizi bir daha təbrik edirəm.
X X X
Sonra 2022-ci il Gənclər üçün Prezident mükafatlarının
verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.
2025-01-04
01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
2024-12-30
02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb
02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib
01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO
01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO
2024-12-28
14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim