Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib
RƏSMİ / 14.04.2022 00:50
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci
rübünün yekunlarına həsr olunan müşavirə keçirilib
Prezident İlham
Əliyevin giriş nitqi
–İlin üç ayı arxada qaldı. Bu gün biz görülmüş
işləri təhlil edəcəyik, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında
danışacağıq. Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz
bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi
qiymətləndirməliyik.
Keçən il ölkəmizin həyatında çox əlamətdar bir
il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı
dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən
il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda,
beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət
üzrə nəticələr göz qabağındadır.
Postmünaqişə
dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün
vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz
təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı
beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti
ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın
BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə
idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam
tanıyan qurumdur.
Əlbəttə ki,
biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun
Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu
qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ
münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda,
BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha
demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki,
Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur.
Digər aparıcı
beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən böyük
beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda
Azərbaycan sədrlik edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin razılığı və
dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş
böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv
olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş
etdirmişdir və hesab edirəm ki, müharibədən sonra bu istiqamətdə əlavə önəmli
hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən
əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra
Azərbaycanla həmrəy olmuşdur.
Digər böyük
beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı
işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən
qərar-qətnamələr qəbul etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının
xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə -
Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini
abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr
qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər
etmişlər.
ATƏT, hansı
ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu
yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir
daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox
əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra
Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana
müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda
kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı
olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni
tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik.
Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr
ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər
etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də
Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə
göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu
münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna
münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da,
de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna
müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi
bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə
müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin
görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub,
Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz
nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək.
Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif
verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki
olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin
yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı
bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir
mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd
etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən
bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri,
digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti
çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki,
Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ
budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə
öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.
Eyni zamanda,
Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter
almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul
etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə
dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında
məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq,
əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun
kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki
Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da
təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel
görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə
edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri
normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi
də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar
verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da
yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi
qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan
Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə,
- bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib
hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin
normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də
sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz
kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında
hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon
söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə
arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək
istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan
ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna
qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin
hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz
çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun
tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq.
Beləliklə,
bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət,
beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə
əlaqələrimiz, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və
hadisələr, bax, bu reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz
beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə idik. Bütün qonşu
ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal
kimi qiymətləndirilməlidir. Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi
də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi
yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci
görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada
müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də
keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə
olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə
verməsə, onda onun əhəmiyyəti də itəcəkdir.
Biz real
işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın
təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da
çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmünaqişə dövrü ilə
bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə,
bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, bizə imkan verir ki, əgər bütün
bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda
sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və
beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək
xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik. Bunu edirik və bu haqda da
bu gün danışacağıq.
Eyni
zamanda, əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini
unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür,
Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə
söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan
tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını,
işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda
olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq.
Əlbəttə,
gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün
digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu
görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın
qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır
ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf
edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa
gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il
ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və
iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz
sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son
şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf
üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə
əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.
Qeyd
etdiyim kimi, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən
dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi
sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail
şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası
başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası
davam edir.
Müharibənin
44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan
verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq.
Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir.
Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları
aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da
gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü -
Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının
açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm
ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə
sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların
sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə
tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq.
Bununla
paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.
Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait
ayrılacaq və ayrılır. Ermənistanda isə bu, tam fərqlidir. Ermənistanda xaricdən
nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o
qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm.
Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın
silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur,
heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5
milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir
hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə
Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər
pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu
qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi,
mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü
gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı,
bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa
mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul
ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz
addımlarımızı buna uyğun şəkildə atacağıq.
Biz isə
əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir
daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq.
Postmünaqişə
dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə
bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz
qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə
yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi
nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha
da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində
görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi
- bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470
meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və
gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz
ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar
üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir. Hazırda həm aparılan
islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda,
İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük
maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər
çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər
marağı özünə cəlb edə bilib.
Bizim
iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu
rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8
faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə
qədəm qoyur və bəlkə də "postpandemiya" sözünü işlətmək bir qədər
tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə
verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük
nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə
ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı
sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18
faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki
iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması,
həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi -
bütün bunlar reallıqlardır.
Xarici
ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb.
Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft
ixracımız da kifayət qədər artıb - 45 faiz. Bu da məhz aparılan islahatlar
nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt
müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar statistika
olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz
azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin
aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil
edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici
borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu
da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün
olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına
çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki,
vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra
da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni
zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi
heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz.
Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq
vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan
layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə.
Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz
xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula
nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən
rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə
inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır.
Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard
dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər
ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir,
nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir -
bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm
daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni
zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da
valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı
olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə
kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir.
Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə
bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri
qalxır. Biz bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün
bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək
almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli,
xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu
günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza
güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı
müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların
dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar
olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı
icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq
kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa
etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də
50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə
yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal
dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi
adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq
təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız
danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini
o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi
aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar,
ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna
müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və
məşhur "Bayraktar" dronlardan istifadə edəndə xarici ekspertlər və
mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna
müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur,
bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni
reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ
də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul
olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam
Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam
kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən
bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab
edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası,
nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət
göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım
etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım
keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi
ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır
yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var.
Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən
gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika
almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir.
Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç
olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz
gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da
nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan
yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq
təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini
rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili
standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər,
göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin
sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar
var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.
İndi isə
bəzi məsələlərlə bağlı mən məlumat dinləmək istərdim. Birincisi, indi ilin üç
ayı arxada qaldı, büdcənin icrası ilə bağlı vəziyyət nə yerdədir, maliyyə
naziri məlumat versin.
Maliyyə
naziri Samir Şərifov: Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.
2022-ci
ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının
əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən
ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Vətən müharibəsində böyük
Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər
edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur. Belə ki, ötən ilin ümumi
daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir,
yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu ildə də biz bu
tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari
ilin birinci rübündəki göstəricilərində də özünü büruzə vermişdir. Birinci
rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon
manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10
milyon manat təşkil etmişdir.
Onu da qeyd
etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti
üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə
236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilmişdir. Sosial sığorta
haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra
təmin edilmişdi. Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların
artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi
qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə,
qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi
daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini
təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə
tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon
manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki,
dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi.
Möhtərəm
cənab Prezident, onu da qeyd etməliyəm ki, birinci rüb üzrə büdcənin
xərclərinin icrası adətən o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faiz
olmuşdur. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin
gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə
yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat
məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard
380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət
büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon
manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin
büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam
təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq
orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır.
Qeyd etmək
istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət
büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon
manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur. Dövlət əsaslı vəsait
qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir.
Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası təmin olunmuşdur.
Ərzaq
təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə
əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da
kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır.
Büdcənin icrası ilə bağlı bu qədər.
Prezident
İlham Əliyev: Aydındır. İndi xarici dövlət borcumuzun gələcək parametri ilə
bağlı məlumat verin. Çünki mən qeyd etdim ki, strategiya var və uğurla icra
edilir. 12,5 faiz o rəqəmdir ki, hər bir ölkə bu rəqəmlə fəxr edə bilər. Amma
bilirsiniz, mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna
yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər də götürməliyik,
bundan tam imtina etməməliyik. Ona görə, builki vəziyyət haqqında məlumat
verin. Bu il dövlət büdcəsində xarici borcun qaytarılmasına nə qədər vəsait
nəzərdə tutulur, təxminən nə qədər kredit alınacaq və növbəti illər üçün
strategiyanın qısamüddətli parametrləri nədən ibarət olacaq? Bu barədə məlumat
verin.
Samir
Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin 2018-ci il 24
avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət
borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası
davam etdirilməkdədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin
10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam
etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun,
yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici
valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə
alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi
çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya
qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət
borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla
bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni,
daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət
qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul
edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5
milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.
Şübhəsiz
ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal
orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz
bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.
Möhtərəm
cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi
dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması,
xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə
endirilməsi nəzərdə tutulub.
Bu gün
vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər
əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu
yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası
üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə
nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin
çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat
məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi
daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət
8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək
borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə
edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə
imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni
borc 3 milyard manat məbləğində nəzərdə tutulub.
Möhtərəm
cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili
məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən
nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi
tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim
edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə
əlavə imkanlarımız ola bilər.
Cənab
Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə
borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən
çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun
bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə -
Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı
vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə
qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox
olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da
Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük
həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, "top bizim
tərəfdədir". Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda
qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik.
Prezident
İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici
borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna
yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə
qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri,
əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra
Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində
idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala
bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket
elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda,
mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc
götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və
ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və
ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan
istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni
olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir
koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat
bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə
alınmalıdır. O ki qaldı, aparıcı beynəlxalq maliyyə qurumları ilə
əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası
gəlmişdi. Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki,
ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf
Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına.
Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya
İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o
ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada.
Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə
olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc
götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və
təkliflər verin.
Xarici
borcla bağlı başqa hansısa fikirlər var, məlumat vermək istəyən var? Buyur.
Samir
Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki,
Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla
növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.
Prezident
İlham Əliyev: Yəni, güzəştli şərtlər.
Samir Şərifov:
Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini
nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə
kreditlər verə bilərlər.
Prezident
İlham Əliyev: Ondan istifadə etməliyik.
Samir
Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində
bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn,
avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb
etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi
nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.
Prezident
İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da
kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər.
Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən
bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik
stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə
yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli
sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim
özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir.
Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və
İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin
verilməsinə mütləq baxmaq lazımdır.
Hər kəs
yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu
proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna
müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və
Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq
məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss
olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki,
diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir.
Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat
yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət
ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk
növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər
verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı
aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki,
burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara
bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni
qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib
məsələlərdən biridir. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat
naziri məlumat versin.
İqtisadiyyat
naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu istiqamətdə Sizin müvafiq
tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq,
biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq. Bu
fəaliyyət üç istiqamətdən ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri
mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər
məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət
agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik
tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər
Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik
ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim
idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi
ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac
potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə
istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji
şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun
olaraq həyata keçirilə bilsin.
Nəhayət,
üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət
tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son
məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq
tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə
yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji
ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin
müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq
subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət
subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik.
Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək
məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının
artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox
dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki,
bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət
qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.
Möhtərəm
cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki,
2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı
ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında
bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o
dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş
nəticələr əldə olunubdur.
Müvafiq
tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki,
başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında
imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə,
müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də
idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu
prosesləri də əlaqələndirilmiş şəkildə quraq.
Məruzə
etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin
etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min
ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac
etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar
üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata
keçiririk.
İnflyasiyanın
təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan
qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və
uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin
müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq
istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital
yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək
Sizə təşəkkürümü bildirmək istərdim.
Prezident İlham
Əliyev: Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu,
əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal
edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların
qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni
zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz
artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada
yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd
yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi
zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının
alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz
sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan
qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir. Ərzaq təminatı ilə
bağlı sənin bir sözün var?
Baş nazir
Əli Əsədov: İnflyasiyanı iki hissəyə bölmək olar. Yəni, söylədiyiniz 18 faiz
ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2
faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən
artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq
iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu
situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var.
İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında
"zavod çörəyi" deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən
sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və
sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir.
Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə qeyd edim.
Hələ
pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla
bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən
respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması
istiqamətlərində aparıldı. İctimaiyyət də bilir, cənab Prezident,
Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə
qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün
ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və
Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il
çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da
demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın
azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan
tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad
olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş
gedir.
Cənab
Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən
də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə
olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada
olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün
elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk
prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili
ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac
verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün
ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün
Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var.
Prezident
İlham Əliyev: Aydındır. Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə,
ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq.
Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir,
ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ
qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna
nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm
ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya
xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər,
güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda
əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni
zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz
özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı
ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq.
Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il
haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad
edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək
tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri,
gübrələr və digər məsələlər öz həllini tapmalıdır.
Bizim şəhid
ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı
artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ
müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur
ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ
müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri
tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar
atılmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri məlumat versin, bu işlər
nə yerdədir və ilin sonuna qədər hansı işlərin görülməsi nəzərdə tutulur?
Əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev: Möhtərəm cənab Prezident, Sizin
ali rəhbərliyiniz ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin
işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas
istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən
şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə,
eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi.
Bu istiqamətdə Sizin tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə
aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə
103 min sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm
müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən
xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman, sərəncamlarınızla
2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu
ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək
artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş
təyin olunmuşdur.
Digər bir
istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min
şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların
yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik
ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə
işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq
marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması
nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və
müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən
biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç
minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari
ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim
edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin
təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış
kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da
sürətlənəcəkdir.
Cənab
Prezident, xüsusi olaraq vurğula
yım ki, son
üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan
olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min
500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı
çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim
olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin
yaxşılaşdırılması üçün çox önəmlidir.
Digər bir
istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8
min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib.
Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu
günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq,
müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim
olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir.
Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz
qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə
proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə
təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata
keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq,
avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı -
həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional
filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə
Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç
mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26
min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6
müxtəlif mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti
orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.
Prezident
İlham Əliyev: Sağ olun.
***
Dövlətimizin
başçısı müşavirəyə yekun vurdu.
Prezident
İlham Əliyevin yekun nitqi
-Bu ilin
sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq
Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında
deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım
olacaq. Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər
plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr
vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən
məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident
Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə
əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki,
yerlərdən gələn təkliflərə üstünlük verilir.
O ki qaldı,
Qarabağ və Şərqi Zəngəzurdakı işlərə, orada hələ ki, heç kim yaşamır. Ona görə
biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən
il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur
layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt
gedəcək.
Bu ilin
sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz
tapşırıqlarımı bir daha vermək istəyirəm. Birincisi, şəhərlərin Baş planları
ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları
təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin
gedişatı ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu
yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı
şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır,
bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid
olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu,
2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon
manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq
olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə,
yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı
layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu
il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu,
bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları
o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər
minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik.
Qeyd
etdiyim kimi, yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir
texnika, dronlar və digər müasir cihazlar alınır. Burada, əlbəttə ki, beynəlxalq
mütəxəssislərin dəstəyinə böyük ehtiyac var. Bizim indi üç qurumumuz - ANAMA,
Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə
işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin
buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli
şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına
təkan verəcək, - əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi
uzunmüddətli olacaq, - eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz
xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi,
əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul
olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin
verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki,
üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər
yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması
da təmin edilməlidir.
Azad
edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək.
Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası
inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində,
biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı
tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o
stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında
olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına
başlamışıq. Bu il beş stansiya "Azərenerji" tərəfindən bərpa ediləcək
və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların
bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar.
Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər
başqa xərcləri çoxdur - bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də
əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr
bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona
görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab
edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki,
İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və
təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin
və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da
həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan
stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər
tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər,
Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici
şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa,
deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici
şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında
Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün
bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji
növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu
göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii
qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik.
Qeyd
etdiyim kimi, artıq bütün bölgələri birləşdirən xətlər var. Keçən il azad
edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük
göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər
dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların
hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq.
"Azərenerji"nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il
"Xudafərin" və "Qız qalası" Su Elektrik stansiyalarının
tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə
danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz
tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox
böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun
yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik.
"bp" şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi
üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq.
Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq.
Bütövlükdə
artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan
stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı
xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu
ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən
il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada
doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal
bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər
haqqında danışarkən məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni
zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji
sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran
məsələlərdəndir.
Keçən ay
İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə
bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda elektrik
xətlərinin çəkilişi ilə bağlı müddəa var. Ona görə biz bu işlərə də tezliklə
başlamalıyıq. Hər halda, Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il
konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər
xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən
sonra artıq İran üzərindən bu xətt gedə bilər.
Eyni
zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə
tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur
dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu
məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır.
İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına
çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə
təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat
dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan
bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm
dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər
infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki,
yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz
nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda
yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış
addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu
imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə
qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər
üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da
artıracağıq.
Onu da
bildirməliyəm ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60
kilometri artıq hazırdır. Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı
avtomobil yolu da çəkilir.
Mən bir
məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim
planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü
itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10
noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə
Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın
öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər
hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət
daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz
istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az
cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.
Digər
infrastruktur layihələrinə gəldikdə isə deyə bilərəm ki, Bərdə-Ağdam dəmir
yolunun inşası bu il davam edir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir.
Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa
edilməlidir. Layihələr təqdim edilməlidir və aidiyyəti qurumlar tərəfindən
nəzərdən keçirilməlidir və mənə təqdim olunmalıdır.
Nəqliyyat
infrastrukturu ilə bağlı digər məsələ Zəngilan Beynəlxalq Hava Limanının
istifadəyə verilməsidir. Bu da bu ilə nəzərdə tutulur. Azad edilmiş torpaqlarda
Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. O ki qaldı, Laçın
Beynəlxalq Hava Limanının inşasına, bunu biz 2024-cü ilə planlaşdırırıq. Orada
işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir
və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq.
Avtomobil
yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan Talış kəndinə qədər yollar
tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla
birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan
artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox
qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi - həm
turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz
Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla
gedə biləcəyik. Ona görə bu il bu yol istismara verilməlidir.
Laçın
şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə
planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il
istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında
Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O
cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi
davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə
keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan
sərhədinə qədər bu yollar çəkilib.
İndi
sərhəddə rahat xidmət etmək mümkündür. Davam edən layihələrlə bağlı Azərbaycan
ictimaiyyətini məlumatlandırmaq istəyirəm. Deməli, avtomobil yolları arasında
Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil
yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya,
oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa
olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli magistral yol,
Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri
Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel
çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat
tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam
etdirilir. Bunun da böyük rəmzi mənası var. İstisu sanatoriyası sovet vaxtında
çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif
yerlərindən oraya gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda
dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm
bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan
ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir
otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz
müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi.
İndi ilkin təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük
rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər. Eyni zamanda, əminəm ki,
necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə də beynəlxalq səviyyəli
kurort yaranacaq. Çünki Laçın aeroportu istifadəyə veriləndən və
Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə
istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq.
Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq. Azad
edilmiş torpaqlarda indi içməli su mənbələrinin layihələndirilməsi gedir.
Onların arasında, əlbəttə ki, Şuşa şəhərinin içməli su layihəsi prioritetdir.
Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və
tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam
istifadəyə verilməlidir. Ermənilər müharibə zamanı Şuşadan qaçarkən o su
xətlərini də partlatmışdılar, növbəti vəhşilik törətmişdilər və işğal dövründə
17 bulağın 17-sini də yararsız vəziyyətə salıb qurutmuşdular. Bunlar vəhşiliyin
təzahürləridir və bu, bir daha onu göstərir ki, Şuşa ermənilər üçün həmişə yad
şəhər olub. Həmişə Şuşaya paxıllıq edirdilər, öz çirkin arzularını yaşadırdılar
ki, nə vaxtsa Şuşanı onlar işğal edəcəklər. Əfsuslar olsun ki, 1992-ci ilin
mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya
qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq.
Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox
önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu
yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi
abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm.
Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə
bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq
yer müəyyən olundu, biz onun təməlini qoyduq.
İndi digər
tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə ki,
biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq
ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada
yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim
ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb,
90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt
binasında "ASAN xidmət", DOST mərkəzi və əhaliyə xidmət göstərən
digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı
şəkildə təmir olunacaq.
Onu da
bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına
start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir
ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və
digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi
orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun
gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və
onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada böyük tədbir
keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına bitişik olacaq
və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.
Gələn ay
Şuşada "Xarıbülbül" festivalı yenidən keçiriləcək. Keçən il Heydər
Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz
istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif
ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat
var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı
festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi,
TÜRKSOY Şuşanı 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı"
elan etmişdir.
Azad
edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur.
Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır.
Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir.
Harada kanal çəkiləcək, harada su anbarı tikiləcək - bu, doğrudan da vaxt
aparan məsələdir. Ona görə mən heç kimi tələsdirmirəm. Amma, eyni zamanda,
artıq təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait
tapmalıyıq. Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə icra edirik.
Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və
gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Yəni, bizim indi
imkanımız var.
Suvarma
işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq
təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə
icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun.
Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların
relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə
tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama,
Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya
edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə
etməliyik. İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır,
çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi.
Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər
çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin
əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror
törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu.
İndi
Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və
bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada
humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar.
Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı,
naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum
etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti.
Bir adam,
bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə
Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan
tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada
qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək
istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada
humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar
fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi.
Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz
indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə
olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə
bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar
da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında
yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o
qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik. Amma Naxçıvanı
qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma
əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına qaz xətti
çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə
təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz
kəsilmişdir.
Avropa
Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə
hazırlandı və qəbul edildi - Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə
bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi
məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə
Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar
torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana
qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Digər
çaylar, - qoy, bunu həm Azərbaycan vətəndaşları, həm dünya bilsin, ermənilər
bizi nədən məhrum etmişlər, - Həkəri çayı - ən böyük çaylardan biri, istifadə
edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun,
Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları
ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının
fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni
qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu
təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif
verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu,
böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə,
korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin
nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə
orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti
korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır.
Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir,
yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi
mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik,
hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri
törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici
şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl
yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər
hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə
gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan
"Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər
ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və
unutmayacağıq.
Görün,
işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon
kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın,
Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd - bax, bu su
anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik.
Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də
bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı
olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2
kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi
mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri.
Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır,
Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının
istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə
oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını
məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux
dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır.
Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük
əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2
su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam,
Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması,
o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet
vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu
kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin
hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif
əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının
tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın
zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki,
bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir.
Digər
layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il
Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq.
Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il
başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha
böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən
qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də
bərpa edəcəyik.
Üç məktəbin
inşası bu il başa çatmalıdır - Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində
məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960
yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara
veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start
verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
Mən Ağdam
və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda
iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq
böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın,
bəlkə də 1-2 ilə, 3 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə
çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük
həvəslə, ürəklə bu işlərə qoşulurlar. Başa düşürəm ki, bəlkə də ilkin mərhələdə
iqtisadi cəhətdən o qədər də böyük səmərə verməyəcək. Ancaq mən bunu onların
necə deyərlər, vətəndaşlıq borcu kimi qəbul edirəm və şadam ki, onlar mənim
çağırışıma cavab veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını,
nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir manat xeyir
gətirəcək.
Beləliklə,
keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış
binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq
imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq
azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki,
bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad
edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da
müntəzəm məlumat veriləcəkdir.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim