Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib TƏBRİK EDİRİK!
RƏSMİ / 06.05.2022 09:15
Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edib.
"carciTV” xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.
Prezident İlham
Əliyevin
çıxışı
- Siz bu gün Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə
təyin edilirsiniz. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Sizə böyük etimad
göstərilir və siz bu etimadı öz işinizlə doğrultmalısınız.
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara
məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki,
yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o
binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə
də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu,
bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də
onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan
– erməni faşizmindən xilas etmişdir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər
tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə
başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi
indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu
məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad
edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu
sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə
oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı
kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və
rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və
ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş
torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara
hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və
sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik,
rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri
icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat
infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı
istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları
olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi
kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər
amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava
limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə
tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də
təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır.
Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun
ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas
hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda,
beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq.
Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və
altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun
hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan
rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki,
Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri
gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində
idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil
yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı
ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni,
yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yol boyunca yol
infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə,
vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri
öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan
ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında
birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir
yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən
Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn
il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq
yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə
Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi
açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq
hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək
istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi
bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat
sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü
qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanlarımız
daha da artacaq.
Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu məsələ nəzərdə
tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən
göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman
artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm
də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar
çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox
böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq
təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər
görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda
ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə
tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas
məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad
olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki
xidmətin göstərilməsidir.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm
heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o
cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam,
Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında.
Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda
yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə
birlikdə "DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda
aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey
plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad
edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye
zonaları yaradılır, həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas
hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox
əlverişlidir və yenə də "DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün
torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı
işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat
verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də
mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə
və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni,
kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa
ediləcək kəndin Baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki,
şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş
planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər
ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş
üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz
nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün
nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş
planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o
cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.
Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da
böyük zərər vurmuşdur və mən həmin rəqəmləri səsləndirmişdim. Əlli-altmış min
hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə
müşahidə edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında
meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu, faktiki olaraq
vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir
etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və
talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində
təbiətə çox böyük ziyan vurulmuşdur.
Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar
meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət
qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş
ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da
görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən
dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün,
iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə
etmişdilər. Onlara məxsus olmayan, azərbaycanlıların tikdirdikləri və onların
qanunsuz yaşadıqları evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş,
yandırmışlar. Bütün əşyaları ya məhv etmiş, ya da ki, söküb aparmışlar. Bu
biabırçı kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəs görə
bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik çıxarmağa
nail olmuşdular. Amma, eyni zamanda, ağacları kəsib yandırmışdılar.
Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi Zəfərdən sonra
ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm. Göstəriş verilib və təbii ki,
biz Bəsitçay təbiət qoruğunu bərpa edəcəyik. Amma, buna, əlbəttə ki, çox vaxt
lazım olacaq.
Eyni zamanda, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər
qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda
Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət
zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb
satılmışdır.
Biz indi bütün
hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini
məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş
bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması
prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların
video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də
müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl
yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici
vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz
o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə
təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər.
Eyni zamanda,
təbii fəlakət zonaları arasında yenə də Zəngilanın ərazisindən keçən Oxçuçay
çayının taleyini biz əfsuslar olsun ki, ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay
da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir
xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur.
Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc edilib, həm foto,
həm videogörüntülər var. Yəni, Ermənistanda istismar edilən mis kombinatının
bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji
terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis
kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və
qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının
işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə
subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib.
Ermənistan
rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq
olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl
atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə
orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün
də çəkə bilərəm: "Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir?
Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır?
Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin "Cronimet” şirkətinə müraciət
etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur.
Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada
ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım
dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul
edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb
edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə
boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən
nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni
qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir.
Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar
deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi
olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta
rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da
əlində sübutlar var. Amma bir addım atıldı? Yox.
Ona görə bu
məsələni də indi bizim mərkəzi icra orqanları qaldırıblar və məşğul olurlar.
Əlbəttə ki, siz mənim nümayəndəm kimi bütün bu məsələləri daha dərindən təhlil
etməlisiniz və vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının
qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas
məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən minatəmizləmə
işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə məşğul olurlar. Əlbəttə ki,
mənim yerlərdəki nümayəndələrim də burada fəal iştirak etməlidirlər, öz
köməklərini göstərməlidirlər.
Qarşıda duran
digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad
edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə
mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib.
Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait
nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi
inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7
faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz
işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların
bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş
verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox
işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur.
Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd
etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq
başlamaq lazımdır.
Zəngilan şəhərinin
Baş planının ilkin versiyası mənə təqdim edilmişdir. Prinsip etibarilə bu,
məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar,
müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun. Zəngilan
şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək. Həm xarici
görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji
standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və
ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün
yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə
Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə
getməsi, əlbəttə ki, təmin ediləcəkdir.
Zəngilanda kənd
təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Mən artıq bəzi
fikirlərimi bildirmişəm. Amma rayonun bütün kənd təsərrüfatı potensialı tam
dəqiqliyi ilə təhlil edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün
də tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları - Kənd
Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və mənim nümayəndəm kimi siz birgə işləməlisiniz. Zəngilan rayonunun
kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün tövsiyələr
verilməlidir - harada hansı iş görülməlidir? Əlbəttə ki, sovet vaxtında orada
kənd təsərrüfatı ilə bağlı aparılan işlər təhlil edilməlidir. Ancaq təbii ki,
bu, bizim üçün əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar,
tam fərqli texnologiyalar var idi. Biz Zəngilan rayonunda kənd təsərrüfatı
sahəsinə ən qabaqcıl texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra
orqanları qarşısında vəzifə kimi qoymuşam – dünyada ən mütərəqqi texnologiya
nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə
yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük
hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını
görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün
xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq
təhlükəsizliyi, həm də ixrac deməkdir.
Zəngilan rayonu
həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox
yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan
rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac
bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və
biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir
yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq
Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq
keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə
ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın
genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir,
texnologiyalar gətirilməlidir.
Təbiətin
qorunması, əlbəttə ki, ön planda olmalıdır. Zəngilan rayonunun çox gözəl
təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərindən hesab edirəm ki,
ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan rayonunda böyük
turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və
beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir
sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər
rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi
Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox
rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil
edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər,
istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya
qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni, burada
dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq
edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm.
Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün
rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq.
İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba
torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya
qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli
olsunlar. Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər
arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki
görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi
köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma,
əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar,
bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var,
nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa
yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları
oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini
rahat hiss eləsinlər.
Mən bir daha sizi bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə təbrik
edirəm, uğurlar arzulayıram.
x x x
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev dedi:
Çox sağ olun, möhtərəm cənab Prezident.
Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə
təşəkkür edirəm və fəaliyyətimə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir.
Bu ərazilərdə, Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün çox
şərəfli olacaq. Yəni, Sizin rəhbərliyinizlə, Sizin tapşırdığınız prinsipləri
əsas götürməklə biz sevimli Qarabağın inkişafı üçün əlimizdən gələni edəcəyik.
Mən də bir qarabağlı olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin
ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizin kimi müdrik siyasi Liderin rəhbərliyi altında
çalışmaq mənim üçün ən böyük şərəfdir. Yüksək etimadınıza görə Sizə bir daha
dərin təşəkkürümü bildirmək istəyərdim. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim