Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub
REPORTAJ / 06.05.2022 09:22
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində olub.
"carciTV" xəbər
verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan
İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün
önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.
Sonra Ali Baş Komandan şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə
gül dəstəsi qoydu.
Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət
Mirzəyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi
hissədə yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan
Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri
yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ
müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər.
Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında
birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və
onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət
yetirir. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi
nəzarətdədir. Heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək
hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi
vacib şərtlərdəndir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına
keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi,
asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı
ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə
yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə,
Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla
bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən idi.
Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə
yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə
"Azərbaycanın Milli Qəhrəmanı”, "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına
layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı
şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara
sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar,
tapançalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və
qumbaraatanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS
və sair var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da Xüsusi Təyinatlı
Qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib.
Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun
formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni
qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ
müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin
təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması
həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır.
Həmişə olduğu kimi – hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı
göstərmək şərti ilə.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev
Ali Baş Komandan İlham Əliyevə raport verəndən sonra dövlətimizin başçısı hərbi
hissənin şəxsi heyəti qarşısında çıxış etdi.
Prezident, Ali Baş
Komandan İlham Əliyevin
çıxışı
- İyirmi üç il
əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı
Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük
uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci
Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.
1999-cu ildə
vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna
baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində
xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi
təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük
qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol
oynamışlar.
Birinci Qarabağ
müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox
idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə
borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının
işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi
Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim
torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir.
Ulu Öndərin ordu
quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar
ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü
artırmışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən
Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi
ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel
döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur.
Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı
əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün
Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər.
Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini
aldı. "Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün "Qarabağ
Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına,
qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu
yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezident kimi
öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün
Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki
torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə
biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım
Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan
rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən
bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən
alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu.
Vətən müharibəsi
bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu,
bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi.
Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu
günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv
edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi
Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni
müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni
həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni
tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik.
İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş
etdirilir.
Biz cəmi 44 gün
ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu
Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək,
şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi,
düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu
əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan
xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa
verirdi.
Azərbaycan Silahlı
Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq
kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş
edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu
Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün
ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur
oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim
həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir,
bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim
həyatımda ən qürurlu hadisədir.
Xüsusi
təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali
Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz
sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir.
Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar
inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə
yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların
hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək
və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandıracağıq. Mən
demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik,
düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını
imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də
sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun
geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on
mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari
olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli
ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni
zamanda, hazırlıq, peşəkarlıq idi.
Bizim bütün əsas
həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi
birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların
rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz
Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından
sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar
inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən
gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar,
öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən,
cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız
bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər
hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni
tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi
təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o
dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca
bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə
getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu
alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu
ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə
Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan
vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında
qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz?
Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və
zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim
tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə
həkk etdik.
Zəfər yolu ilə
Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin
önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər
döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən
dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda
aciz idilər.
Həm gücünüz, həm
iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma
torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin
qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq
səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı,
Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir.
İkinci Qarabağ
müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə
məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və
mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar
verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci
Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, "öldü var, döndü yoxdur” deməyə
vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya
nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq.
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və
kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar,
qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə
müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş
meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və
vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və
belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə
vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz
sözlərinə əməl etdilər.
Bu gün isə
bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz
gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün
göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq
olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə
sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm.
Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı
qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar.
Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz
müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik.
Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq
borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki
Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də
Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət
mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ
müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü
ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq,
o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi
sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci
Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı,
indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər
çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən
önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir.
Digər silahlı
birləşmələrimizdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında
olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu
gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da
qüvvətlidir.
Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü
münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr
arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə
yekunlaşdırmaq istəyirəm: "Qarabağ Azərbaycandır!”
X X X
Aparıcı: Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubu Müzəffər Ali Baş
Komandanımızın qarşısında bundan sonra da Vətənin çağırışına hər an hazır
olduqlarını bir daha bəyan etmək üçün dəvət olunur.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubu: Cənab Müzəffər Ali
Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri
olaraq, "bordo beretlilər” və "mavi beretlilər” adından söz verirəm ki,
Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman,
hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün
dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və
canımızdan keçməyə həmişə hazırıq.
Sonra Müzəffər Ali Baş Komandana Azərbaycan xüsusi təyinatlılarının xatirə
bereti təqdim olundu.
Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümünə həsr olunmuş təntənəli mərasim hərbi orkestrin ifa etdiyi Qələbə marşı ilə başa çatdı.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim