Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
CANLI TV / 15.05.2022 13:25
Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.
"carciTV” xəbər
verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində
iştirak ediblər.
Yeni hava limanına ilk
dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan
Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş etdi.
Hər iki ölkənin dövlət
başçılarının təyyarələri nəhəng su tağının altından keçdi.
Rize-Artvin Hava
Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti
İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.
Dövlətimizin başçısı
fəxri qarovul dəstəsini salamladı.
Qardaş ölkələrimizin
prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəldilər.
Əvvəlcə Azərbaycan
Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü
oldu.
Görüşdə Azərbaycanla
Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Söhbət zamanı siyasi
əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Şuşa Bəyannaməsinin
önəmi xüsusi vurğulandı.
Prezident İlham Əliyev
Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb
Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi,
nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata
keçirildiyini məmnunluqla qeyd etdi və yeni hava limanının açılışı münasibətilə
təbriklərini çatdırdı.
Dövlət başçıları
energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini,
həmçinin bölgədəki vəziyyəti müzakirə etdilər.
Söhbət zamanı
postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan
arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla
qəbul olundu.
X X X
Türkiyənin Milliyyətçi
Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Prezident İlham Əliyevə ulu öndər
Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində "Qarabağ Fatehi”
yazısı olan tapança hədiyyə etdi.
X X X
Sonra Rize-Artvin Hava
Limanının təntənəli açılış mərasimi keçirildi.
Dövlət başçıları
mərasimdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Əziz və dəyərli
qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.
Əziz qardaşlarım, əziz
dostlar.
Yenidən qardaş Türkiyə
torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən
salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.
İlk növbədə, əziz
qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün
təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi
ürəkdən təbrik edirəm.
Bu hava limanının
açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə
gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan
siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki
dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda,
ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə
insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su
anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin
inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan
amili dayanır, dövlət siyasəti dayanır.
Bu gün sizinlə bərabər
olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan
Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz
hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və
İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk
saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş
Türkiyə xalqı bizim yanımızda idi.
İkinci Qarabağ savaşı
bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və
savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın
"Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları
üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız
ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və
Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
Bu gün də biz bir
yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox
Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa
edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk
qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz
sözünü deyir.
Biz dünya miqyasında
bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir.
Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə
Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi
müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq
rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın
vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.
Əziz dostlar, əziz
qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm.
Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq
buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin,
Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma
ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə
Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!
Mən bu gün qardaşımın
məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük
lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə
minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.
Əziz dostlar,
qardaşlar, bacılar, sizi bu gözəl hadisə - hava limanının açılışı münasibətilə
bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın
Türkiyə-Azərbaycan birliyi!
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
çıxışı
- Azərbaycan Prezidenti
qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli
Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.
Hörmətli rizeli və
artvinli həmyerlilərim, hörmətli qonaqlar.
Sizləri ən səmimi
duyğularımla, məhəbbətlə salamlayıram.
Ölkəmizin qürurverici
əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə,
bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.
Qardaşım Əliyevə, cənab
Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə
bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.
Xalqa xidmət
siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada
dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını
etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki
hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.
Prezident Rəcəb Tayyib
Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini
vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o
cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin
reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin
Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
Türkiyə Prezidenti
çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət
ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd
etdi.
Prezident Rəcəb Tayyib
Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum
diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını
vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla
müdafiə etdiyini bildirən dövlət başçısı dedi:
- Türkiyənin ikiəsrlik
demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi
üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim
mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu
Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda,
Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut
etdiniz.
Prezident Rəcəb Tayyib
Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə
irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan
ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi,
Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam
etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha
təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:
- Bu duyğularla bir
daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını
diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda
nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı
firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın
açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı
bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun.
X X X
Azərbaycan Prezidenti
İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri
təqdim olundu.
Birgə foto çəkdirildi.
Sonra Rize-Artvin Hava
Limanının açılışını bildirən lent kəsildi.
X X X
Daha sonra birgə
naharda dövlət başçıları arasında görüş davam etdi.
X X X
Mayın 14-də Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin
yolasalma mərasimi oldu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını yola
saldı.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çay süfrəsinə dəvət etdi.
Çay süfrəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmayıl
Qəhrəman iştirak edirdi.
X X X
Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun
aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə
beşinci hava limanıdır.
Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu
aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün
dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması
və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3
milyon sərnişinə xidmət edəcək.
Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava
limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel
tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.
Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı
Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin
həyata keçirilməsinə böyük töhfələr verəcək.
Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran
suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən
mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların
inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına
uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və
avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm
istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr
bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.
Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də
beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil
olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə
daşımalar və turizm üçün böyük imkanlar yaradır.
2025-01-12
01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)
00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq
23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO
2025-01-04
01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
2024-12-30
02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb
02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib
01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO
01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO
2024-12-28
14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim