Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər
RƏSMİ / 28.05.2022 01:17
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "Ağıllı kənd”
layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər
Mayın 27-də Zəngilan rayonunun Ağalı
kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.
"carciTV” xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım
əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın
müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin
olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva fəvvarəni işə saldılar.
Sonra dövlətimizin başçısı və birinci
xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar.
Bildirilib ki, burada "Azərpoçt” MMC-nin rayon şöbəsi, "ASAN xidmət” mərkəzi,
DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.
Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin
etməkdir. Məsələn, kənd sakinlərinin "ASAN” və ya "DOST” xidmətlərinə müraciət
üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd
sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn
formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə "DOST” mərkəzlərinin
sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.
Kənd ağıllı idarəetmə mərkəzi (situasiya
mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, "Ağıllı kənd”
üçün "ağıllı həllər” də nəzərdə tutulub. Bundan əsas məqsəd istismar
xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir.
Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə
üzrə orta sürətdən dəfələrlə artıqdır.
Dövlətimizin başçısı və birinci xanım
Ağalı kənd meydanında "Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı
təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər
ictimai iaşə obyektləri ilə də tanış oldular.
Ağalı kəndində müasir şəhərsalma
standartları tətbiq olunub. Küçələrin "ağıllı” işıqlandırılması, isti və
soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması,
günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu
konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva "golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə
baxdılar.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Ağalı kəndində "Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi
(tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.
Ailə sağlamlıq mərkəzində tele-tibb
sisteminin təqdimatı zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat
verildi ki, tele-tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen
təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz
bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə
platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz),
dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin
müayinəsində istifadə edilir.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva "Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən
azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət etdilər.
Mehriban xanım
Əliyeva: Salam.
Prezident İlham
Əliyev: Salam.
Danimarkada
yaşayan həkim Məsud Aşina: Möhtərəm cənab Prezident, salam.
Mehriban xanım, salam.
Sizi öz adımdan və
həmkarlarım adından Danimarkadan salamlayıram. Mən Bakıda anadan olmuşam, 33
ildir Danimarkada yaşayıram, nevrologiya üzrə professoram. Bakıdan olan
travmatoloq Siyamak Nani, - beş ildir İsveçdə yaşayır və mənim kiçik qardaşım
Harvarddan, Bostondan Sait Aşina da bizimlə bir yerdədir. O da Bakıda anadan
olub, amma Tibb Universitetini Danimarkada bitirib.
Həkim Cavid
Baloğlanov da bizimlə bir yerdədir, "Salam Doktor”u təmsil edirik. Fürsətdən
istifadə edərək Sizə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir imkan
yaradılıb. Biz bu texnologiyadan istifadə edəcəyik. Əsas məqsəd ondan ibarətdir
ki, seminarlar, konsultasiyalar, konsiliumlar keçirək, tele-tibb imkanından
maksimum istifadə edib hər zaman Qarabağ zonasında, bizim Zəngəzurda olaq. Sizə
təşəkkürümü bildirmək istəyirəm, çox sağ olun.
Prezident İlham
Əliyev: Çox sağ olun.
"Salam Doktor”
şirkətinin tibbi direktoru Cavid Baloğlanov: Möhtərəm cənab
Prezident, hörmətli Mehriban xanım, bir məsələni də vurğulamaq istəyirəm, bizim
"Salam Doktor” platformamızın xüsusiyyəti ondan ibarətdir ki, bu, Azərbaycanda
ilk milli platformadır və tərəfimizdən istehsal olunmuş milli proqram
təminatıdır.
Prezident İlham
Əliyev: Sağ olun. Sizi görməyimə şadam. Bu təşəbbüsə
qoşulduğunuza görə sizə minnətdaram. Mən çox şadam ki, xaricdə yaşayan
azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar,
işləyirlər. Bu platformanın həyata keçirilməsində, əlbəttə ki, xaricdə yaşayan
soydaşlarımız da mühüm rol oynayıblar. Bildiyiniz kimi, keçən ay Dünya
Azərbaycanlılarının Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın
böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq.
Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini
deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda
bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu
görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.
Bildiyiniz kimi,
biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük
bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında
bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən
tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz
istədiyimizə nail ola bilərik.
Bu gün biz
videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz
buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də
olasınız və bu gediş-gəliş daimi olsun.
Mən Qurultay
zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər
biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və
bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun.
Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.
Həkim Məsud
Aşina: Təşəkkür edirəm, cənab Prezident, biz hər zaman hazırıq. Mən özüm də
Şuşa Qurultayında iştirak etdim. Mənim üçün çox qürurlu gün idi. Mən sonuncu
dəfə 1984-cü ildə Şuşada olmuşdum. Artıq bu il Şuşaya gəlmişdim. Çox böyük
həyəcan keçirdim. Biz hər zaman orada olmalıyıq, həmişə bir yumruq kimi Sizin
yanınızda olmalıyıq.
Prezident İlham
Əliyev: Sağ olun. Qarabağ Azərbaycandır!
Azərbaycanlı
həkimlər: Qarabağ Azərbaycandır! Sağ olun.
x x x
Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan
şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı
distant təhsil həllərinin təqdimatı keçirildi.
Bakıdakı Heydər
Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham
Əliyev dedi: Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan
uşaqlar gələcəklər Bakıya, sizin şagirdlərinizlə, eyni zamanda, müəllim heyəti
ilə görüşəcəklər. Yəni, bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə
bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk
vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz
müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz,
necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin.
Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 360 şagird
yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının
binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri,
kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa
çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, "Ağıllı
kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə
yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.
Dövlətimizin
başçısına və birinci xanıma "Ağıllı kənd” layihəsinə dair stendin təqdimatında
"Ernst & Young” şirkəti ilə birgə hazırlanmış "İqtisadi səmərəliliyin
təhlili”nin əsas məqamları, kəndin perspektiv inkişaf planı və kənd bazarının
planı, həmçinin şəhər evi tipli üç nəfərədək ailələrin məskunlaşması üçün
evlərin planı barədə məlumat verildi.
Sonra Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə
görüşdülər.
Dövlətimizin
başçısı görüşdə çıxış etdi.
x x x
Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan
şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı
distant təhsil həllərinin təqdimatı keçirildi.
Bakıdakı Heydər
Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident
İlham Əliyev dedi: Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına
Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək.
Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şaridlərinizlə, eyni zamanda,
müəllim heyəti ilə görüşəcəklər. Yəni, bu təmaslar davamlı olmalıdır, həm
distant təhsillə bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var.
Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı
olardı ki, siz müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu
gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya
keçsin.
Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 360 şagird
yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının
binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri,
kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa
çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, "Ağıllı
kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə
yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.
Dövlətimizin
başçısına və birinci xanıma "Ağıllı kənd” layihəsinə dair stendin təqdimatında
"Ernst & Young” şirkəti ilə birgə hazırlanmış "İqtisadi səmərəliliyin
təhlili”nin əsas məqamları, kəndin perspektiv inkişaf planı və kənd bazarının
planı, həmçinin şəhər evi tipli üç nəfərədək ailələrin məskunlaşması üçün
evlərin planı barədə məlumat verildi.
Sonra Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə
görüşdülər.
Dövlətimizin
başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin
çıxışı
- Əziz dostlar,
ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram.
Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn
Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən
qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin
möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər
bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi
möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
İlk Xalq
Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus imperiyasının
dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə
qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə
yaxın müddət ərzində yaşamışdır. Düzdür, bir çox önəmli addımlar atılmışdır və
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə
anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il
çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya
bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız
yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq
Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan
xalqı böyük əzablar yaşamışdır.
Onu da artıq
nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət müstəqilliyimiz elan olunandan
bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı
Ermənistana təhvil verdi və bu, bağışlanmaz bir cinayət idi. Beləliklə, bizim
qədim diyarımız bizdən ayrı düşdü.
Amma Azərbaycan
Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim
əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında
sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi
Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı
növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində
də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan
Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan
xalqına məxsus idi.
Müasir Azərbaycan
müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Çünki iki il
ərzində - 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana
qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan dörd ay sonra
Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay
keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində
Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında canlı bağlantı
yaradıldı.
Biz 1993-cü ildə
də eyni vəziyyətlə üzləşə bilərdik. Yəni, müstəqilliyimiz faktiki olaraq böyük
təhlükə altında idi, sözdə var idi, amma de-fakto yox idi. Çünki Azərbaycan
müstəqil siyasət apara bilmirdi. Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən
müstəqil siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu, sadəcə olaraq,
şərti xarakter daşıyır.
1993-cü ildən
başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra
əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin
açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır.
Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır.
Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ
işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu
gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ
müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində
düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.
Biz
müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi
cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu
artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın
mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər
kəsdən bu hörməti tələb edir və bunu əldə edir.
Biz iqtisadi
cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər
də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən
asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə
ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.
Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm
ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz
gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini
aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı
müntəzəm olaraq məlumatlandırılır.
Siyasi və iqtisadi
müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan
xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat
yaşayaq. Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan
sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün
dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl
mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu
işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər. Ermənistan
özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət
sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu
xarici amilləri nəzərə almalıyıq. Amma, eyni zamanda, bu, bizi dayandıra
bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən demişdim ki, heç kim
və heç nə bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix
verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz dayanmağa hazırıq və
sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər
ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin
bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi.
Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə
ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.
Bu gün güc amili
ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın
hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü
aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa, düşməni
güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də.
Bundan sonra da
güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə
bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi
göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq.
Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və
bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi
yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra
heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət
qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs
oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur.
Mən Prezident kimi
hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə
arxalanıram, o cümlədən hərbi, iqtisadi və siyasi gücünə. 44 günlük Vətən
müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz
ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq. Biz
ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan
fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq,
bu, bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və
dədə-babalardan qalan miras bunu qoymaz. Bütün dünya bunu gördü ki,
azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə
vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini
müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni həll etmişik,
Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq
Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı
ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur.
Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son
Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə
bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara
vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar.
Dağlıq Qarabağ
münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Minsk qrupu ilə
bağlı mən öz fikirlərimi demişdim, bir daha təkrar etməyə ehtiyac yoxdur və
indi postmünaqişə dövrüdür. Biz bu dövrdə yaşayırıq və postmünaqişə dövründə də
biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi
istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki,
nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq
təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür
də ola bilərdi. Bu, bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim
gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi
götürülür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik.
Ermənistan bundan imtina edirdi, ilyarım imtina edirdi. Amma nəticə nə oldu?
Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü
keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu
sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri
də zəbt etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist,
faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da
rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası
"Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ
diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci
iclasının çox böyük əhəmiyyəti var.
Digər məsələ, biz
demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.
Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin
ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə
biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha
bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da
maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına
baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan
keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail
olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki,
müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub
edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu
amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır.
Digər səbəb nədir?
Bizim gücümüz. Ermənistan xarici dəstək olmadan ayaqda dura bilməz. Bunu onlar
da yaxşı bilirlər. Amma biz? Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara
rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq. "Öldü var, döndü yoxdur”
demişik, buna əməl etmişik və indi qalib xalq kimi üzümüz ağ, alnımız açıq
yaşayırıq.
Əlbəttə, bu gün
postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz
həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli
sürmürük. Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən
edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik
və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin
mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək
prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul
edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur.
O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində,
istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların
nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt
Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə
Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan
digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa
xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var.
İndi Avropada müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu
konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar
və rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend,
yəni, meyil məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli
sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox
da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz
Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar
bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var.
Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru
bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında.
O ki qaldı,
ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran
müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan
ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda
məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik. O ki qaldı, 1923-cü ildə Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu,
qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına
yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi
daşıyırdı. Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət
yaradılsın. Özü də Şuşanı da salmışdılar onun içinə.
Mən nə üçün bunu
deyirəm, çünki Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd
göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar
müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir
ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox!
Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu
tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu
Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an
onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi
zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi
zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Köçaryan cütlüyü. Əgər onlar belə
qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturardılar, vuruşardılar. Hər ikisi
Xankəndidə idi, o cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə
çalışırlar. Niyə qaçmısınız dovşan kimi? Axı, gərək bunu unutmasınlar. Bizim
gücümüzü hər an görüb buna adekvat addım atsınlar.
Biz isə bundan
sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi
bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi
bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax,
həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu
bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər
bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd
zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə
veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.
Dünən mən Zəngilan
şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik.
Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim
ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o
qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti
daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii
qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da
zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir
ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan
şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri
başlanacaq.
Əlbəttə ki, bunu
artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı
kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət
gözəl kənd salınıb - "Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, -
bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə
deyərlər, mütərəqqi bir addım atmışıq.
Bilirəm ki, Ağalı
kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim
edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən
ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – "ASAN”, "DOST”,
kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın
həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər
xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan
rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda
inşaat işləri daha sürətlə gedəcək.
Mən sizi tarixi
hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
x x x
Ağalı kənd
sakini Fərmayıl İsmayılov: Cənab Prezident. Biz çox qürur hissi
duyuruq ki, həqiqətən də bugünkü gün bir Ağalı kənd sakini kimi mənim həyatımda
tarixə yazılası bir gündür. Çünki bu gün mən Sizinlə bir masa ətrafında
əyləşmişəm. Bu, mənim həyatımda tarixə yazılan bir gündür. Bu, mənə nəsib
olduğu üçün Sizə minnətdarlığımı bildirirəm. Dərin təşəkkürümü bildirirəm ki,
Siz tarixi Qələbə qazanan bir Prezident kimi vaxt tapıb bizimlə görüşə
gəlmisiniz. Bu, bizim üçün qürurverici bir haldır, şəxsən mən bunu çox yüksək
dəyərləndirirəm. Çünki biz bu 28 il müddətində, - mən şəxsən özümdən danışıram,
- valideynlərimizin qəbirlərini ziyarət edə bilmirdik, gecə-gündüz onu yuxuda
görürdük. Kəndimizdə bir daş var idi, mən həmişə onu yuxuda görürdüm, öz
tay-tuşlarıma da danışırdım ki, belə bir yuxu görürdüm, o daşı həmişə gedib
görmək istəyirdim. Öz həyətimizə gedə bilmirdim. Amma Siz onu bizə bəxş
etdiniz.
Sizə dərin
təşəkkürümüzü bildiririk. Allah Sizi həmişə var eləsin, bizim başımızın
üstündən əskik etməsin. Biz də Ağalı kəndinin sakinləri həmişə Sizin
siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Həyata
keçirdiyiniz quruculuq işlərində əlimizdən gələni etməyə canla-başla hazırıq.
Çox sağ olun, var
olun, Allah Sizi qorusun.
Prezident İlham
Əliyev: Çox sağ olun.
x x x
Ağalı kənd
sakini Gəray Hüseynov: Cənab Prezident. Sizi qədim Zəngəzur
diyarının ən gözəl guşələrindən biri olan Zəngilanımızda salamlayırıq. Cənab
Prezident, bir ilə yaxındır ki, bu Ağalı kəndinin təməlini qoymusunuz. Artıq bu
gün Ağalı kəndi Sizin sayənizdə çox gözəl şəkildə tikilib, qurulub, yaradılıb.
Sizə öz dərin təşəkkürümü bildirirəm, Sizə cansağlığı arzulayıram ki, Ağalı
camaatı üçün belə gözəl şəraiti yaratmısınız. Sizi əmin edirəm, bizim Ağalı
sakinləri səbirsizliklə o günü gözləyirlər ki, tezliklə bu kəndə köçüb
yaşasınlar. Çox sağ olun.
Prezident İlham
Əliyev: Sağ ol.
x x x
Ağalı kənd
sakini Gülüş Səmədli: Hörmətli Ali Baş Komandan, dəyərli Birinci
vitse-prezidentimiz Mehriban xanım. Sizləri əzəli torpağımızda - Zəngilanda
salamlamaq mənim üçün qürurverici hadisədir. Bu, mənim Zəngilana ilk səfərim
deyil, üçüncü səfərimdir. İlk səfərim Sizinlə təməlqoyma mərasimində olmuşdu.
Az müddət ərzində Zəngilanda dirçəlişi görmək həqiqətən bizə qürur verir. Az
müddətdə xeyli dəyişiklik olmuşdur. Eyni zamanda, biz Azərbaycan xalqı olaraq,
Zəngilan sakinləri olaraq hər zaman Sizin siyasətinizi dəstəkləyir, bir yumruq
kimi Sizin ətrafınızda birləşirik.
Zəngilanda "Ağıllı
kənd”in təməlinin qoyulması və bu gün "Ağıllı kənd”in ərsəyə gəlməsi təkcə
Azərbaycan Respublikasında ilk deyil, eyni zamanda, MDB ölkələrində də ilkdir.
Biz bununla bütün dünyaya sübut etdik ki, yoxdan var yaratmışıq. Yəni, biz az
müddətdə xeyli dirçəliş etmişik. Şəxsən mən Zəngilan rayonunun ən gənc sakini
və həm də hüquqşünas olaraq canla-başla gəlib burada məskunlaşıb xalqıma xidmət
etməyi arzulayıram. İnşallah, o günləri də səbirsizliklə gözləyirəm. Çünki mən
bilirəm ki, burada həm gənclər, həm də yaşlı sakinlər üçün xeyli iş yerləri var.
Mən də öz hüquqşünas ixtisasıma uyğun olaraq işlə təmin olunacağıma və xalqıma
vicdanla xidmət edəcəyimə əminəm.
Bir daha Sizlərə
təşəkkür edirəm. Allah Sizləri var eləsin. Biz hər zaman Sizinləyik.
x x x
Prezident İlham
Əliyev: Sağ ol. Mən çox şadam ki, gənclər də öz dədə-baba
yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram. İkinci Qarabağ
müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi
köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim qayıtmaq
istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il
böyük bir zaman kəsiyi idi. Məsələn, Zəngilan 27 il işğal altında idi, digər
şəhər və rayonlarımız da bir qədər çox, bir qədər az. Elə insanlar var ki,
artıq onlar həyat qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç
yerə getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük
şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər
kəs anlamalıdır. Nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə
şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin. Ona görə dedim ki, sorğu
keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk,
yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər
adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki, məcburi
köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən
belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının
yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq
istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ
uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın
şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün
şəhidlərimizə rəhmət eləsin.
Ancaq insanların
qayıdışı üçün şərait olmalıdır. Bax, biz birinci layihəni icra etdik, bunu
təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim
gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox
kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar
qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk
növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam,
Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan
şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda
yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə
gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi
dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç
bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz
gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər
nailiyyətlər də əldə etmişik.
Bu il də
investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün
bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki
iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha
çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər
etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş
görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə
baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər
güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa
edəcəyik.
Ancaq hər kəs
bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd
Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin,
nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə
işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan
təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki,
ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də
var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq
üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox
minalar basdırmışlar.
Bu gün biz
Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il
Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm
və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki,
Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin -
Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər
qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü
ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur
azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə
edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin
təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir,
qoruyuruq və əbədi qoruyacağıq. Bu gün "Böyük Qayıdış” dediyimiz prosesə start
verildi. "Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi
təbrik edirəm.
x x x
Sonra xatirə şəkli
çəkildi.
x x x
Görüşdən sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Aqroservis” ASC
tərəfindən təqdim edilən "ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış
oldular.
Məlumat verildi ki, "Ağıllı kənd”
təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq
olunacaq. Belə ki, burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə
bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava
məlumatını almağa imkan verəcək. Bundan başqa, burada zərərvericilərin uzaqdan
izlənilməsinə və əkin ərazilərinin, araşdırma sahələrinin mövsümi olaraq yüksək
keyfiyyətli fotoşəkillərini çəkə bilən sistemlər də quraşdırılacaq.
Həmçinin heç bir sahə məhdudiyyəti olmadan
sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli
şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib
platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri
vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə
olunmasında mühüm rol oynayacaq.
Diqqətə çatdırıldı ki, Zəngilan pivot
suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada
5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına
imkan verəcək.
Daha sonra dövlətimizin başçısı və birinci
xanım "Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı
üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə tanış
oldular.
Məlumat verildi ki, süni gölün yaradılması
üzrə qazma və 3-cü gil izolyasiya qatının kipləşdirilmə işləri başa çatdırılıb,
4-cü qat gil izolyasiya işləri davam edir.
Göründüyü kimi, Ağalı kəndində "Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim