Prezident fəaliyyətinin uğur hesabatı
İlham ƏLİYEV bəyan etdi: Ölkəmiz davamlı inkişafdadır, Azərbaycan hər istiqamət üzrə irəliləyir, heç kim bizim iradəmizə təsir edə bilməz!
Uğurlu idarəçiliyi təmin edən əsas faktorlardan biri hakimiyyətin öz fəaliyyəti və hədəflədiyi məsələlər barədə ölkə ictimaiyyətinə məlumatların, hesabatların verilməsidir.
Bütün bunları öz idarəçilik konsepsiyasında əsas prinsiplərdən biri kimi müəyyən etmiş Prezident İlham Əliyev hər bir məsələdə xalqın məlumatlandırılmasını zəruri hesab edir. Dövlət başçısının sədrliyi ilə hər bir ilin və ya ilin müəyyən dövrünün yekunlarına, yaxud digər məsələlərə həsr olunan müşavirələrin keçirilməsi də bu istiqamətdə atılan addımlardan biridir. "Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik", - deyə dövlət başçısı belə müşavirələrin birində deyib.
Qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir
İyulun 15-də keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev ötən dövrün siyasi, iqtisadi, sosial yekunları ilə bağlı məsələləri diqqətə çatdırdı. Dövlət başçısının toxunduğu, qeyd etdiyi hər bir məsələ göstərdi ki, Azərbaycan hakimiyyəti qarşıda dayanan bütün vəzifələri layiqincə yerinə yetirir, hər bir məsələdə dövlətin milli maraq və mənafeləri qətiyyətlə təmin edilir.
Bu baxımdan ötən yarım ilin siyasi və iqtisadi yekunları Prezident İlham Əliyevin növbəti hesabatı idi. Dövlət başçısı nitqinin əvvəlində bütün istiqamətlər üzrə vəzifələrin icra olunduğunu bəyan etdi: "İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir".
Bu ilin geridə qalan 6 ayında respublikamız beynəlxalq mövqelərini daha da gücləndirib. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi qətiyyətli fəaliyyəti həm də respublikamızın beynəlxalq nüfuzuna təsir edən mühüm amildir. Eyni zamanda bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirilərək əlaqələrin inkişafı istiqamətində razılaşmalar əldə olunub.
İlin birinci yarısı Azərbaycanın ABŞ-la münasibətləri baxımından da əlamətdar olub. Dövlət başçılarının əlamətdar hadisələrlə bağlı bir-birilərinə məktublarında əlaqələrin inkişafından söz açılıb, önəmli məsələlərə toxunulub. Bütövlükdə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, ayrı-ayrı dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə görüşləri, xarici səfərləri Azərbaycanın yürütdüyü siyasətin müstəqil və qətiyyətli olduğunu, dövlətimizin milli maraqlarını layiqincə təmin etdiyini göstərib. "Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq", - deyə İlham Əliyev bildirib.
Ermənistan öhdəliklərini yerinə yetirməyə məhkumdur
İlin ilk yarısının əsas siyasi prosesləri sırasında əsas məqamlardan biri Azərbaycanın Vətən müharibəsindəki qələbədən sonra bölgədə yaratdığı yeni reallıqlar fonunda mövqelərini daha da gücləndirməsidir. Ermənistanın Azərbaycanın beş prinsipini qəbul etməsi, delimitasiya üzrə işçi qrupların görüşünün keçirilməsi göstərir ki, Azərbaycan yeni reallıqlar fonunda uğurlarını davam etdirir.
Lakin görünən həm də odur ki, Ermənistan məcburən üzərinə götürdüyü öhdəlikləri hər vəchlə yerinə yetirməkdən yayınır. Müşavirədə Prezident İlham Əliyev bu barədə ətraflı bəhs etdi. Ermənistanın öhdəlik olaraq yerinə yetirmədiyi əsas məsələlərdən biri Zəngəzur dəhlizinin Mehri hissəsindəki dəmir yolunun tikintisinə hələ də başlamamasıdır. O cümlədən avtomobil yolunun marşrutu da Azərbaycana təqdim olunmayıb.
Ermənistanın yerinə yetirmədiyi başqa bir öhdəlik erməni silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılmaması ilə bağlıdır. Bu məsələ indiyə qədər öz həllini tapmayıb və Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir.
Prezident İlham Əliyev müşavirədə bununla bağlı Azərbaycanın haqlı narazılığını bir daha diqqətə çatdırdı. Ermənistana xəbərdarlıq etdi: "Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".
Prezidentin toxunduğu məsələlərdən biri də Ermənistan rəsmilərinin son vaxtlar gündəmə gətirməyə cəhd göstərdikləri "status" mövzusu oldu. Qeyd edildi ki, 44 günlük müharibədən sonra Azərbaycan ermənilərin status iddialarına tamamilə son qoyub. Məlum olduğu kimi, "Brüssel prosesi" çərçivəsində keçirilən danışıqlarda nə status barədə danışılır, nə də Minsk qrupu barədə. Yeni reallıqlar fonunda artıq bunlar keçmişdə qalıb. Prezident İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, çünki Azərbaycan da Zəngəzur üçün status tələb edə bilər.
Prezident İlham Əliyev hərbi quruculuq məsələlərindən danışarkən mühüm mesajlar da verdi. Bildirdi ki, müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb. Ordumuzun döyüş qabiliyyətinin hər zaman yüksək səviyyədə saxlanılması üçün hərbi texnika və silah-sursatlar alınır: "Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək".
Ermənilər və onlara dəstək verənlər bilməlidirlər ki, Bakı öz qətiyyətli siyasəti ilə İrəvanı bu öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Azərbaycanın təzyiqləri qarşısında Ermənistan öhdəliklərini yerinə yetirməyə məhkumdur.
İslahatlar real nəticə verir
Ötən 6 ayın iqtisadi yekunları olduqca müsbətdir. Bu dövrdə iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində isə 11,5 faiz artım qeydə alınıb. Bu makroiqtisadi göstəricilər bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yeni iqtisadi islahatları artıq öz bəhrəsini verməkdədir. Ötən 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat vəsaitin yığılması da iqtisadi sahədə aparılan islahatların, şəffaflığın, dürüstlüyün və hesabatlılığın nəticəsidir. Ötən altı ayda Azərbaycanın ixracı 2 dəfədən çox artıb, o cümlədən qeyri-neft ixracımız 25 faizdən çox yüksəlib. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Dövlət başçısının müşavirədə vurğuladığı kimi, bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər.
Qeyd edilən makroiqtisadi göstəricilər eyni zamanda onu göstərir ki, bu dövrdə iqtisadi artım da proqnozlaşdırılandan yüksəkdir. Bir müddət əvvəl dövlət büdcəsinin gəlir və xərclərinin artırılması da 2022-ci ilin mühüm iqtisadi uğurlarından biridir. İqtisadiyyatda baş verən artım həm də iqtisadi müstəqilliyimizin güclənməsi deməkdir. İqtisadi müstəqillik isə öz növbəsində Azərbaycanın regionda və qlobal miqyasda mövqelərini daha da möhkəmləndirən siyasi amillərdən biridir.
Beləliklə, ötən ayın yekunlarına həsr olunmuş müşavirədə qeyd olunan məsələlər həm də İlham Əliyevin uğur hesabatı oldu. Dövlət başçısı bir daha bəyan etdi: Ölkəmiz davamlı inkişafdadır, Azərbaycan hər istiqamət üzrə irəliləyir, islahatlar real nəticə verir, heç kim bizim iradəmizə təsir edə bilməz!
"carciTV"