Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib
RƏSMİ / 26.11.2022 01:35
Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
"carciTV" xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev konfransı açıq elan edərək dedi:
-Zati-aliləri, Prezident İlham Əliyev.
Beynəlxalq konfransın hörmətli iştirakçıları.
Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə bizə şərəf verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Bu zaldan səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir.
Biz bu gün qiymətli vaxtını bizə ayırdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfə biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan "Orta Dəhliz” məsələsinə yönəltməyə qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, 2010-cu ildə ADA Universiteti Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutları ilə birlikdə Azərbaycanı və Xəzər regionunu qitənin nəqliyyat qovşağına necə çevirmək üçün tədqiqatı nəşr etmişdir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Biz bu gün və sabah keçirilən müzakirələrin regional nəqliyyat və bağlılıq gündəliyini daha da irəli aparacağına, regiona daha dayanıqlı sülh gətirəcəyinə ciddi surətdə inanırıq. İcazə verin, bu müzakirələrdə iştirak etdiyinə görə bütün beynəlxalq ekspertlərə təşəkkürümü bildirim.
İndi isə dəyərli vaxtını bizə ayırdığına görə Prezident Əliyevə dərin təşəkkürümü bildirərək, sözü Zati-alilərinə verirəm. Buyurun, cənab Prezident.
Dövlətimizin başçısı konfransda çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Çox sağ olun. Əvvəlcə bizimlə burada olduqları üçün qonaqlarımıza, beynəlxalq ekspertlərə minnətdarlığımı bildirmək istəyirəm. Belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürümü bildirirəm. Cənab Paşayev dediyi kimi, yaxın tariximizdə artıq üçüncü dəfədir ki, biz burada yığışırıq. Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - "geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”, - bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.
Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.
Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.
Yəqin burada giriş sözümü bitirəcəyəm ki, müzakirələrimiz üçün daha çox vaxt qalsın. Bir daha xoş gəlmisiniz. Bilirəm ki, siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm. Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz. Təşəkkür edirəm.
X X X
Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırdı.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə:
-Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan "Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var.
Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.
İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.
Bilirsiniz ki, bu ilin iyul ayında biz Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalamışıq və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən "Abşeron”u qeyd etdim. "Ümid” və "Babək” yataqlarını qeyd edə bilərəm. "Asiman”ı, "Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.
Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm:
- Cənab Prezident, ilk növbədə, bizi dəvət etdiyinizə görə çox sağ olun. Mən üçüncü dəfədir ki, buradayam. Son ilyarım ərzində biz Sizin tərəfinizdən Mərkəzi Asiyanı, Pakistanı və digər Asiya ölkələrini əhatə edən çox intensiv diplomatik səylərin şahidi olduq. Siz Səmərqənddə də oldunuz. Son ilyarım ərzində Siz demək olar ki, bütün regional platformalarda iştirak etmisiniz. Sualıma keçməzdən əvvəl, ilk növbədə, növbəti 5 il ərzində Pakistan düyüsünü hər növünü idxal vergisindən azad etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Biz buna görə çox minnətdarıq. Sizin jestiniz Pakistanla Azərbaycan arasında ticarətin inkişaf etdirilməsi baxımından çox müsbət qarşılanıb. İndi isə Sizdən soruşmaq istərdim. Siz bütün Mərkəzi Asiyada və digər Asiya ölkələrində, Avropa İttifaqı ölkələrində səfərdə olmusunuz. Necə düşünürsünüz, Sizcə gələcəkdə Cənubi Asiyanı, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyası həyata keçəcəkmi? Sizcə gələcəkdə İran və Ermənistan hər hansı problem yaradacaqlar, yoxsa region ölkələrinin gördüyü işləri qəbul edəcəklər? Çünki bütün bu ölkələr çoxlu səy göstərir və biz Sizin səfərlər edərək dünya liderləri, xüsusilə region ölkələrinin liderləri ilə danışıqlar apardığınızın şahidi olmuşuq. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik.
Prezident İlham Əliyev: Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri Cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz, həmçinin Baş nazirlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi yollarını müzakirə etdik və sizin qeyd etdiyiniz qərar, Pakistandan gətirilən düyü üçün xüsusi qaydalar bunu əks etdirir. Çünki biz bu addımı qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkədə yüksəkkeyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb.
Mənim region liderləri ilə təmaslarıma gəlincə, bəli, bu təmaslar çox böyük dinamizm səviyyəsinə malikdir. Xüsusilə indi – postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevriləndən sonra mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim. Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda səfərdə oldum, rəsmi səfər və beynəlxalq tədbirlərlə əlaqədar. Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram. Prezidentdən dəvət almışam. Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində biz həmişə vaxtdan istifadə edib söhbət edirik. Çünki çox hadisələr baş verir və biz buna hazır olmalıyıq.
Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən mən təhlükəsizlik məsələsinə toxundum. Çünki indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.
Bir daha, bizə gəlincə, Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Bu, belədirmi? Xeyr. Lakin biz müsbət dinamika görürük. Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı. Bu layihə uzun illər dayandırılmışdı. İndi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. Ona görə də, bildiyim qədəri ilə Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə vermək üçün böyük imkana malikdir.
Bizim Pakistanla mükəmməl əlaqələrimiz var. Bilirəm ki, Pakistanın Qvadar limanı böyük beynəlxalq qovşağa çevrilir. Qvadar limanını bizim infrastrukturumuzla birləşdirmək çətin deyil. Bizim, sadəcə, tarif məsələsini, hüquqi çərçivəni lazımi şəkildə həll etməyimizə, tənzimləmə ilə bağlı əlaqələndirmə və komanda işinə ehtiyacımız var. Məsələn, biz Azərbaycan, Türkiyə və Qazaxıstan arasında fəal əməkdaşlığın üçtərəfli formatına başlamışıq. Xarici işlər və nəqliyyat nazirlərinin ilk görüşü bir neçə ay əvvəl keçirilib. İndi ikinci görüşdür və qonşumuz Gürcüstan dəvət olunub. Bu, 4 ölkənin görüşü olacaq, çünki biz hamımız bir-birimizlə qarşılıqlı şəkildə əlaqədəyik və vahid siyasətə ehtiyacımız var. Çünki əgər hər hansı bir ölkə bacardığından çox şeyə nail olmağa çalışsa, bu, alınmayacaq.
Başqa nə işlər görmüşük? Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir. Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik.
Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim:
-Cənab Prezident, çox sağ olun. İcazə verin, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edim. Mübaliğəsiz, bu dialoq Azərbaycanla əlaqələrlə məşğul olan hamı üçün olduqca faydalıdır. İcazə verin, ilk növbədə, Sizi Təl-Əvivdə səfirlik yaratmaq qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən ölkənin, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident, torpaqlar azad ediləndən sonrakı proseslər, eynilə Sizin dediyiniz kimi gedir, görünür ki, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün belə gedəcək. Mənim daha çox məlumat əldə etmək istədiyim məsələ rəqəmsal kommunikasiya ilə, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz qlobal səviyyədə məlumatların qorunması sahəsində 3 əsas fərqli versiya görürük - ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik.
Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki indi bu, inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq.
Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən "Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.
Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher:
- Zati-aliləri, bu görüşdə iştirak etdiyinizə görə çox sağ olun. Siz Əlcəzairdə Ərəb Liqası Dövlətlərinin görüşünə qatıldınız. Biz Sizin çıxışınızı məmnunluqla dinlədik. Siz Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin dərin olduğunu qeyd etdiniz. Sualım belədir: Azərbaycan ilə ərəb ölkələri, xüsusən də Misir arasında əlaqələrin gələcəyini, ümumiyyətlə, necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Ərəb Liqası Sammitində iştirak etməyə dəvət olunmağım mənim üçün böyük şərəf oldu. Mən bunu dostluq və hörmət nümunəsi kimi qəbul edirəm. Bu ilin əvvəlində mən Ərəb Liqasının Baş katibi cənab Əbul Qeyti qəbul etdim və biz gələcək əməkdaşlığımızı müzakirə etdik. Hazırda biz, həmçinin müzakirə aparırıq və ola bilsin ki, Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ideyasını həyata keçirək. Biz bütün lazımi şəraiti yaratmağı öz üzərimizə götürməyə və prosesə dəstək verməyə hazırıq, çünki bu, əməkdaşlığımızın mahiyyətini əks etdirəcək.
Biz Ərəb Liqasının üzv dövlətlərinə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdarıq. İşğal dövründə və işğaldan azad edilmə zamanı bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul edilmişdir. Beləliklə, biz bunu həmin dəstəyin bariz nümunəsi kimi görürük. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışırıq. Biz burada bir sıra beynəlxalq tədbirləri təşkil etmişik. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişik.
Bilirik ki, potensial böyükdür. Lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Çünki siyasi əlaqələrə gəldikdə, hər bir şey aydındır. Biz dostuq. Mənim Zirvə Görüşündə iştirakım bunu bir daha əks etdirir. Lakin ticari və iqtisadi sahələrdə fəaliyyətimiz, əlbəttə ki, bizi qane edə bilməz.
Misirlə münasibətlərə gəldikdə, bunun yaxşı tarixi var. Azərbaycanın müstəqilliyinin ilk illərindən biz siyasət, iqtisadiyyat, ticarət və turizm kimi müxtəlif sahələrdə fəal şəkildə əlaqə saxlayırıq. Mən Misirdə rəsmi səfərdə olmuşam. Həmçinin Misir Prezidenti bir neçə il əvvəl Azərbaycanda rəsmi səfərdə olub. Bir sözlə, əməkdaşlığımızın bu formatı da var. Fikrimcə, həmin iş birliyinin potensialı həqiqətən çox böyükdür. Sağ olun.
Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts:
- Mənim sualım Mətyu Brayzənin verdiyi sualın davamıdır. "Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yataqlarının işlənilməsi və "Şahdəniz”də hasilatın artırılması ilə bağlı BP ilə danışıqlarınız nə dərəcədə irəliləyib? Mən bəlkə də, artıq tamah göstərərək, Sizə bir sual da verim: Sizi gecə yatmağa qoymayan nədir?
Prezident İlham Əliyev: Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi "yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.
Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur.
BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji sərmayədardır və bildiyiniz kimi, "Azəri-Çıraq-Günəşli”nin və "Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. "Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki "Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur. Siz, həmçinin enerji şirkətlərinin "yaşıl enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq.
Bizim Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir. Əminəm, digər əsas enerji şirkətləri də diqqətini Xəzər dənizinin potensialına yönəldəcək, çünki belə qənaətə gəlmişik ki, Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Əlbəttə, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.
Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal:
- Sağ olun, cənab Prezident. Özüm üçün qeyd etdim ki, Azərbaycan tam aydın şəkildə enerji, təhlükəsizlik sahəsində, eləcə də Türkdilli Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrika, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyin. Əlaqələrimizi gələcəkdə daha da gücləndirməli və genişləndirməliyik. Bu barədə baxışlarınız maraqlı olardı.
Prezident İlham Əliyev: Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır. Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik. Bir daha bildirirəm ki, bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdılar. Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır. Əgər sizin güclü silahlı qüvvələriniz olmasa, siz ola bilsin ağır günlərdə əziyyət çəkəcəksiniz.
Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.
Afrika ölkələrinə gəldikdə, biz hazırda Afrika qitəsinin ölkələri ilə daha fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik açmaq qərarı Albaniyada və Afrika ölkəsi - Keniyada səfirliyin açılması qərarı ilə birgə qəbul olunub. Bizim Afrika İttifaqı Təşkilatında səfirimiz var. O, eyni zamanda, Efiopiyada səfirdir. 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başladığımız dövrdən etibarən qarşılıqlı fəaliyyətimiz daha dinamikdir. Azərbaycanda keçirilmiş Zirvə Görüşündə bildirmişəm ki, biz üzv dövlətlərin milli maraqlarını, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə 120 ölkənin yekdil qərarı bu ölkələrin, o cümlədən Afrika dövlətlərinin bizə verdiyi dəstəyin və bəslədiyi hörmətin əlamətidir.
Qeyd etdiyim kimi, pandemiya vaxtı biz 80-dən artıq ölkəyə yardım göstərdik. Onların əksəriyyəti Afrika qitəsinin ölkələridir. Eyni zamanda, biz Afrika ölkələri üçün əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində yardım etdik. Fikrimcə, onlar da anlayırlar ki, Azərbaycan onların dostudur. Qoşulmama Hərəkatında bizə dəstəyin verilməsi faktı və yeri gəlmişkən, gələn ilin yazında Azərbaycanda növbəti Zirvə Görüşünü keçirməyi planlarımız bunun böyük potensialını göstərir.
Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Pol:
- Sabahınız xeyir, cənab Prezident. Mən Sizin Avropa İttifaqı ilə münasibətlərinizdən bir qədər bəhs etməyinizi xahiş edəcəyəm. Prioritet sahələr hansılardır? Siz Avropa İttifaqının, xüsusən də Şarl Mişelin Ermənistanla münasibətlərdə vasitəçilik rolunu necə görürsünüz? İkinci sualım da Avropa İttifaqı ilə əlaqədardır. Siz bu yaxınlarda, yayda Praqada "Avropa siyasi birliyi” Zirvə Toplantısının açılışında idiniz. Sizin bu yeni təşəbbüs haqqında fikirləriniz nədir? Çünki hələ də bir çox insana bu qurum haqqında məlumat qeyri-aydındır. Nəhayət, Siz Şərq Tərəfdaşlığının gələcəyini necə görürsünüz? Onun bir gələcəyi var, yoxsa artıq ölü bir qurumdur?
Prezident İlham Əliyev: Bir çox önəmli sual verdiniz. Mən çalışacağam ki, hamısına cavab verim. Birincisi, bizim Avropa İttifaqı ilə əlaqələrimiz. Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir və mən dəfələrlə bu haqda çıxışlarımda bəhs etmişəm. Biz Avropa İttifaqını çox mühüm tərəfdaşımız hesab edirik. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma demək olar ki, 90 faiz hazırdır, orada bir neçə həll olunmamış məsələ qalıb. Lakin, düşünürəm ki, qarşılıqlı xoş niyyəti nümayiş etdirərək biz buna nail ola və Avropa İttifaqı ilə çox mühüm sənədi imzalaya bilərik. Bilirsiniz ki, Azərbaycan assosiasiya formatına qoşulmayıb. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq biz assosiasiya razılaşmasını imzalamadıq. Biz daha çox qarşılıqlı münasibətləri üstün tutduq. Şərq Tərəfdaşlığına gəldikdə isə bu təşəbbüsün əvvəlindən bəri biz onu dəstəkləmişik. Lakin, bizim mövqeyimiz çox aydındır, biz onu Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri kimi görürük. Biz bu tərəfdaşlığa digər üzv ölkələrlə əməkdaşlıq platforması kimi baxmırıq.
Şərq Tərəfdaşlığının altı üzv dövlətinin hər birinin fərqli geosiyasi prioritetləri, fərqli coğrafiyası var və fərqli vəziyyətlərdədir. Onlardan ikisi - Azərbaycan və Ermənistan müharibə vəziyyətində idi. Şərq Tərəfdaşlığının gələcəyinə gəldikdə isə açığını desəm, mən elə də nikbin deyiləm. Bu yaxınlarda mən buraya və Ermənistana səfər edən Avropa nümayəndələrinin böyük bir qrupunu qəbul etdim və gələcək ideyalarımızı müzakirə etdik. Ona görə də düşünürəm ki, hər bir təşəbbüs öz vaxtında yaxşıdır. Şərq Tərəfdaşlığı 2009-cu ildə başlayıb, səhv etmirəmsə, 15 ilə yaxındır.
Əgər Şərq Tərəfdaşlığının üzvü olan altı dövlətə indi nəzər salsanız, siz həmin ölkələr arasında əvvəlkindən də daha böyük fərqlər görəcəksiniz. Bu belə davam etməli deyil. "Avropa siyasi birliyi” platforması yenidir. Biz dəvət olunmuşuq və mən orada fəal iştirak etmişəm. Mən onun təşkil olunmasından razı qaldım. Düşünürəm ki, o çox peşəkarlıqla təşkil olunub. Orada çox səmimi müzakirələr aparmaq və mühüm məsələləri həll etmək imkanı oldu. Beləliklə, bir platforma olaraq, bunun uğurlu olduğunu düşünürəm. Onun gələcəyinə dair isə onu deyə bilərəm, Praqadakı görüşdən məndə belə təəssürat yarandı ki, hətta bu platformanın təşəbbüskarları da gələcəkdə nə olacağını bilmir. Mən düşünürəm ki, proses davam edir və yəqin ki, bu təbiidir. Çünki gözləmək olmaz ki, hər şey artıq əvvəlcədən təşkil olunub və siz də bu təlimatların olduğunu gözləyə bilməzsiniz. Növbədə nədir? Yaxşısı odur ki, bu sammitlərin altı aydan bir keçirilməsi qərarlaşdırılıb. Düşünürəm ki, bu yaxşı əlamətdir. Çünki əgər ildə bir dəfə olsa idi, onda gəlirsən, görüşürsən, unudursan, evə qayıdırsan və hər şey dayandı. Beləliklə, hər altı aydan bir görüşmək daha dinamik olmağa imkan verəcək. Növbəti görüş Moldovada keçiriləcək. Mən bu görüşün Avropa İttifaqının üzvü olmayan ölkədə keçirilməsini çox müdrik qərar hesab edirəm. Beləliklə, görək necə olur. Hər halda biz dəvət olunduğumuza şadıq və əgər növbəti sammitə də dəvət olunsaq, əlbəttə ki, iştirak edəcəyik.
Avropa İttifaqına və şəxsən cənab Şarl Mişelin vasitəçiliyinə gəlincə, biz bunu əvvəldən dəstəkləmişik. Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var. Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub. Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu. Çünki biz görüşdən sonra bəyanat qəbul etdik və bu, faktiki olaraq həll formatını formalaşdırmağa kömək etdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.
Beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı.
Sizə hələ açıqlanmayan və yəqin ki, açıqlanacaq bir məlumat verim. Çox güman ki, tezliklə - dekabrın 7-də Brüsseldə görüş keçirilməlidir. Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir.
Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Bizdə fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu həmin sənədin ilkin mətni vardır, ancaq bizim təkcə Qoşulmama Hərəkatında deyil, - yeri gəlmişkən, bu təşkilatın üzvlərinin bəziləri Frankofoniya Sammitinin üzvləridir, - həm də Avropada dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi faktiki olaraq ləğv edilib. Yəni, onlar çox formal bir sənəd qəbul ediblər. Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq. Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?! Beləliklə, düşünürəm ki, bütün suallarınızı əhatə etdim.
ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran:
-Çox sağ olun, cənab Prezident, burada olmaqdan böyük məmnunluq və şərəf hissi duyuram. Sizdən dünya azərbaycanlıları və İranla münasibətləri soruşmaq istərdim. Siz bu yaxınlarda həm ölkə daxilində, həm də hüdudlarınızdan kənarda azərbaycanlılarla bağlı narahatlığınız barədə çox maraqlı açıqlamalar vermisiniz. Siz Türkiyə-Azərbaycan münasibətlərinin gücü ilə bağlı açıqlamalar da vermisiniz. Mən indi Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyin necə inkişaf etdiyini görürəm. Bu sərhədlərinizin hüdudunda azərbaycanlılara böyük fayda gətirə bilər, mənim ölkəmə də çox faydalı ola bilər. Ölkəni idarə edənlərin bunu anladığına əmin deyiləm. Bu maraqlıdır, Siz ölkənizin hüdudlarından kənarda azərbaycanlılarla münasibətlərin inkişafını necə görürsünüz? İkincisi, sülh prosesinin dayandırılması ilə bağlı indiki şərhləriniz məni təəccübləndirdi. Amma Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə danışıqlar apardığınızı da dediniz. Siz Zəngəzur dəhlizinin Ermənistanla sülh müqaviləsi olmadan davam etməsini təsəvvür edirsinizmi və ruslar bunun müqabilində nə istəyir? Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Bilirsiniz, sualınıza hərtərəfli cavab vermək üçün İkinci Qarabağ müharibəsindən dərhal sonrakı müddətə nəzər salmaq lazımdır. Azərbaycan və Türkiyə nəqliyyat layihələri də daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var, çünki onlar Rusiyanın iştirak etdiyi platformada Gürcüstanın separatçı əyalətlərindəki vəziyyətə görə iştirak edə bilməyəcəyini bildiriblər. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik. Çünki bu dəhlizlər hamımızın marağındadır. Odur ki, indi xəritəyə baxsanız görərsiniz, - xüsusən də əvvəllər əlavə yüklərə ehtiyac olduğu barədə dediklərimizi nəzərə alsaq, - bizə əlavə marşrutlar lazımdır. Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim maraqlarımızdan daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə ilə əlaqələrimizdə biz Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edirik. Naxçıvanın Türkiyə ilə sərhədi var. Bizim Gürcüstan, Türkiyə, Naxçıvan vasitəsilə əlaqəmiz ola bilər. Ona görə də biz bütün bu üstünlükləri nəzərə alaraq 3+3 formatını təklif etdik. Əlbəttə ki, bizim Naxçıvana dəmir yolu və avtomobil yolu ilə əlaqəmiz olacaq. Amma təəssüf ki, bu, dayanıb, çünki bəzi İran rəsmiləri tərəfindən atılan son addımlar və hərəkətlər tamamilə qeyri-məhsuldardır. Biz isə bu narazılığın mənşəyini anlaya bilmirik.
Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.
Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.
Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir.
Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.
ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz:
- Təşəkkür edirəm, cənab Prezident. Mən Sizi işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə, eyni zamanda, ötən otuz ildə baş verənlərlə əlaqədar olaraq Azərbaycan xalqının üzərindən bu utanc hissini götürdüyünüzə görə təbrik etmək istəyirəm. Mən Şuşada oldum, əsas mədəniyyət mərkəzinin dağıdılmasını gördüm. Eyni zamanda, heç nə tikilməmişdir. Maraqlıdır, ötən otuz il ərzində onlar bu ərazilərdə nə edirdilər? Cənab Prezident, Siz bir alim olaraq 1985-ci ildə dissertasiya işinizi Böyük Britaniya Sülh Hərəkatı mövzusunda yazmısınız. Dissertasiya işinizdə Siz Böyük Britaniyada antimüharibə hərəkatının sosial əsası haqqında danışırsınız. İndi bir Prezident kimi yox, sülh hərəkatının alimi olaraq Sizdən soruşmaq istəyirəm ki, bu regionda sülh təfəkkürünün yaradılması üçün cəmiyyət səviyyəsində olan əsas problemi nədə görürsünüz? Çünki Siz tamamilə doğru olaraq iddia edirsiniz ki, sülh müəyyən səviyyədə düşüncə tərzi və öz mövqeyinin bildirilməsini tələb edir. Mən bilmək istəyirəm ki, regional sülhün yaradılmasına mane olan cəmiyyət səviyyəsində problemin nədə olduğunu görürsünüz? Bir alim olaraq hesab edirəm ki, Azərbaycan region haqqında dərsliyin hazırlanması üzrə işçi qrupuna rəhbərlik etməlidir. Mən Ermənistanda bəzi dərslikləri oxudum. Onlar çox mənfidir. Hesab edirəm ki, yollar vacibdir. Sizinlə razıyam, nəqliyyat, dəmir yolları. Lakin biz həm də Sizin də dissertasiya işinizdə ünvanladığınız təfəkkürü yaratmalıyıq. Düşünürəm ki, Azərbaycan bütün region hökumətlərinə müraciət edərək onları orta məktəblərin və ibtidai məktəblərin dərsliklərini nəzərdən keçirməyə dəvət etməlidir ki, görsün, onlar necə dəyişə bilərlər və bu sülh təfəkkürünün yaradılmasına necə kömək edə bilərlər. İkinci sualım ondan ibarətdir ki, mən erməni millətçiliyini anlamağa çalışıram. Bəzi işlərimdə, xüsusilə Osmanlı İmperiyası ilə bağlı erməni millətçiliyinin mənşəyinə toxunuram. Mən erməni siyasi düşüncəsini təqib edirəm. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi təkcə işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnməmişdir. Həmçinin bu müharibə ölkə daxilində erməni siyasi təfəkküründə yeni bir yer tutub. Mən alimləri, Riçard Liberdiyan və başqalarını nəzərdə tuturam, onlar özlərinə hansı dövlətin lazım olduğu sualını ünvanlayırlar. Bizə keçmiş dırnaqarası ədalətsizliklər fonunda yaranmış dövlət lazımdır? Yoxsa, öz milli maraqları haqqında düşünən dövlət lazımdır? Mən Paşinyanın tutduğu bəzi mövqelərini təhlil etməyə çalışıram. Erməni millətçiliyi üzrə ixtisaslaşmış bir alim olaraq deyə bilərəm ki, mənim nəzərimdə Paşinyanı anlamaq çox çətindir. Onunla dəfələrlə görüşdüyünüzə görə bilmək istərdim ki, Paşinyan nə istəyir? Nəyə görə o, gündə yeddi dona girir? Bunu Rusiya, Fransa və ya İrana görə edir? Yoxsa, Paşinyan bu qüvvələri manipulyasiya edir? Yəni, regional qüvvələr onu manipulyasiya etmir, o özü onları manipulyasiya edir. Bu məsələ ilə bağlı fikriniz nədir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Çox sağ olun. Çalışacağam bütün suallarınıza cavab verim. Əvvəla, Şuşanı və azad olunmuş əraziləri ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Siz hər şeyi öz gözlərinizlə gördünüz. Şuşanı ziyarət edən hər kəs, - xüsusilə müharibədən dərhal sonrakı vaxtı nəzərdə tuturam, - bunu görüb. İndi Şuşa dəyişir, biz onu yenidən qururuq və bərpa edirik. Böyük bərpa işləri aparılır. Mən müharibədən dərhal sonra Şuşanı ziyarət edəndə, Şuşaya çatanda hər birimizin hiss etdiyi bütün bu digər hisslərdən əlavə, qürur, ləyaqət hissi, eyni zamanda, uzun illərdir ki, orada ola bilmədiyimizlə bağlı təəssüf hissi keçirdim. Məni şok vəziyyətinə salan bir hiss o idi ki, əgər onlar Şuşanın onların şəhəri olduğunu düşünürdülərsə, nəyə görə o belə pis vəziyyətdədir? Çünki öz şəhərinə belə münasibət bəsləyə bilməzsən. Bir tikili belə bərpa edilməmişdir və ya bir bina belə tikilməmişdir. Laçın yolu üzərində - o yola baxan yerdə yerləşən yalnız iki villa var idi. "De-fakto” Qarabağ rəhbərlərinin iki villası idi. Bu villalarda hovuz, manqal var idi. Bu iki villanı ziyarət edən hər kəs dırnaqarası Qarabağ rəsmilərinin riyakarlıq və kleptokratiya səviyyəsini görür. Çünki söhbət təkcə Şuşadan getmir. Mən işğal zamanı ermənilərin qanunsuz olaraq məskunlaşdıqları kəndləri dəfələrlə ziyarət etmişəm və gördüklərimdən şok hissi keçirmişəm. Azərbaycanın heç bir yerində belə xarabalıq tapmazsınız. Mütləq yoxsulluq idi. Sanki ötən əsrin 60-cı və 70-ci illərinə geri qayıdırsan. Mənim sualım isə ondan ibarətdir ki, ermənilərin hər il topladığı milyonlarla, milyardlarla dollar haradadır? Hər il onlar Amerikadan, Fransadan və dünyanın digər ölkələrindən olan ermənilərdən vəsait toplamaq üçün telemarafonlar keçirirdilər. Hər marafonda onlar əlli və ya yüz milyon ABŞ dolları toplayırdılar. Bu pullar haradadır? Özlərini donor kimi qələmə verən dırnaqarası erməni xeyriyyəçilərinin pulları haradadır? Şuşanı ziyarət edən hər kəs onun qədim Azərbaycan şəhəri olduğunu bilir və indi şəhər kimə məxsus olmalıdırsa, ona - bizim xalqımıza məxsusdur.
Dissertasiya işimlə bağlı bu məsələyə diqqət yetirdiyiniz üçün sizə təşəkkür edirəm. Siz tamamilə haqlısınız. Mövzu Böyük Britaniyada müharibə əleyhinə hərəkat və siyasi partiyaların mövqeyi ilə bağlı idi. Lakin bu, başqa bir ölkədə yazılmış dissertasiya işi idi. O ölkə Sovetlər İttifaqı idi, 1985-ci il idi və əlbəttə ki, orada kommunist partiyasının, Sovetlər İttifaqının ideoloji stereotipləri çox idi. Sizə başqa bir məsələni deyə bilərəm. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olaraq mən diplomatik təcrübə toplamaq üçün Londondakı sovet səfirliyinə göndərilmişdim. Bu, 1981-ci ilə təsadüf edirdi və o zaman antimüharibə hərəkatları güclənirdi. Böyük etiraz aksiyaları keçirilirdi, məşhur şəxsiyyətlər, o cümlədən keşişlər var idi. Onlardan biri Nüvə Silahından İmtina Kampaniyası adlanan QHT-nin rəhbəri idi. Onlar ciddi siyasi qüvvə idi. O zaman onlara Leyborist partiyası və Londondakı sovet səfirliyini müntəzəm ziyarət edən onun məşhur rəhbəri Maykl Fut dəstək göstərirdi. Mən bunun şahidi olaraq ifadə verə bilərəm. Beləliklə, o zaman müharibə əleyhinə hərəkatın gündəminin yaxşı olmasına baxmayaraq, nüvə silahı olmayan dünya müəyyən dərəcədə sovet əlaqələri və sovet təbliğatı ilə əlaqəli idi. Mən yazdığımdan təəssüflənmirəm. O zaman mən də Kommunist Partiyasının üzvü idim. Çalışırdım, maksimum dərəcədə obyektiv olum, bilmirəm, buna nə dərəcədə nail ola bildim.
Bağışlayın, sizi bu təfərrüatlarla yoruram. Siz, həmçinin çox vacib suallar verdiniz. Bu suallar ola bilsin, elə suallardır ki, onlara cavab yoxdur. Əvvəla, regionda sülh mentaliteti. Erməni cəmiyyəti on illər ərzində zəhərlənmişdir. Cəmiyyəti diaspor və erməni millətçilərinin təbliğatı zəhərləmişdir. Onların azərbaycanlılara qarşı törətdiyi dəhşətli hərəkətlərin, bizim şəhərlərimizi nəyə görə məhv etdiklərinin səbəblərindən biri də bu idi. Məsələn, Ağdam, Şuşa, Füzuli və başqa şəhərləri nəzərdə tuturam. Onların beyni diaspor tərəfindən yuyulmuşdur. Çünki biz onlara heç bir ziyan vurmamışdıq. Etmək istəsəydik də, vaxtımız yox idi. Ağdam 1990-cı illərin əvvəlində işğal olunmuşdur. Nəyə görə bu qədər nifrət var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri dağıdırlar? Cavab onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya onların ideologiyasıdır. Həmçinin onlar öz tarixləri, öz tarixi şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər. Düşünürəm ki, bu ideologiya onları fəlakətə apardı. Çünki bir vaxtlar onlar həqiqətən də cəsur əsgər olduqlarını, ən böyük millət olduqlarını, sivilizasiyaların beşiyi olduqlarını və dünyanın mərkəzi olduqlarını düşünürdülər. Bu uydurma reallıq onlara baha başa gəldi. Müharibənin nəticəsi onlar üçün sanki bir soyuq duş idi. Onlar bunun baş verməsini, bu məğlubiyyətlə bu qədər alçalacaqlarını gözləmirdilər. Onlar özləri etiraf edirdilər ki, müharibə vaxtı hərbi xidmətdən yayınmış 10 mindən çox fərari var idi. İndi baş verənlər isə ümid edirəm, onlar üçün məlhəm ola bilər. Çünki onlara müalicə lazımdır. Onların cəmiyyətinə psixoloji yardım lazımdır.
Mən onları təhqir etməyə çalışmıram. Mən bu postmüharibə dövründə hiss etdiklərimi və gördüklərimi deməyə çalışıram. İndi sülh haqqında, Azərbaycanla münasibətlərin normallaşması haqqında eşitdiyimiz səsləri işğal vaxtında biz eşitmirdik. İşğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz. Baxın, görün, nə dərəcədə qeyri-adekvat olmalısan ki, NATO-nun ikinci ordusuna malik, müstəqil xarici siyasət yürüdən və dünyada hər kəsin onun mövqeyi ilə hesablaşmalı olan ölkəyə qarşı ərazi iddiaları irəli sürəsən. Hətta Finlandiya və İsveç terrorçulara sığınacaq verilməsi ilə bağlı Türkiyənin legitim tələbləri ilə hesablaşmalıdır. Bu kiçik, yoxsul, asılı, Rusiyadan asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. Bu, zəhərli şüurdur. Müharibə onlar üçün bir şansdır. Bundan qurtulmaq şansıdır. Beynəlxalq ictimai rəyi manipulyasiya etməkdən qurtulmaq şansıdır, "böyük tarixi” və "böyük xalqı” haqqında uydurduğu hekayələrdən qurtulmaq şansıdır. Paşinyana gəldikdə, ola bilsin, mənim fikirlərim uyğunsuz olacaq. Sadəcə, sizə məlumat vermək istəyirəm, çox obyektiv və bəzilərinin dediyi kimi "no comment” şəklində. İşğal zamanı mənim cənab Paşinyanla bir neçə görüşüm olub. Mən bizim 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin sammitində birinci görüşümüz haqqında bir dəfə danışmışam. Yeri gəlmişkən, həmin gün sentyabrın 27-si idi. Düz iki il sonra həmin gün İkinci Qarabağ müharibəsi başladı. Bu görüşdən sonra, - mən təfərrüatlara varmaq istəmirəm, - biz razılaşdıq ki, sərhəddə atəşkəs rejimini gücləndirəcəyik. Biz atışmaları dayandıracağıq və bu da baş verdi. Bir il ərzində bu baş verdi. Bu il ən sakit il idi və bu ildə demək olar ki, heç bir itkimiz olmadı. Bəs sonra nə baş verdi? O yəqin, bunun zəiflik əlaməti olduğunu düşündü və sonra bu məşhur bəyanatlar səsləndi ki, "Qarabağ Ermənistandır”, "Yeni ərazilər uğrunda yeni müharibə aparılacaq”. Sonra təxribatlar oldu, iyul ayında, avqust ayında və sairə.
Onun indi dedikləri o vaxt dediklərindən fərqlidir. Mən həmişə sual edirəm ki, kimin kim olduğunu başa düşmək üçün onlara həqiqətən də bu müharibə lazım idi? Mən çalışırdım başa salam, çalışırdım deyəm ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik. Bu, mənim sitatımdır: "Müharibə başlasa, biz sizi məhv edəcəyik”. Bu, cəsurluq və ya təbliğat əlaməti deyildi, bu, reallıq idi. Biz nəyə qadir olduğumuzu bilirdik. Biz onların nəyə qadir olduğunu bilirdik. Hətta onlara başqa ölkələr tərəfindən hərbi dəstək göstərilsəydi, - mən fiziki hərbi dəstəyi nəzərdə tuturam, - bu, bizi dayandırmayacaqdı. Bizim motivasiyamız var idi, biz belə davam etməkdənsə ölməyə hazır idik.
İndi biz ritorika dəyişikliyini görürük. İndi onlar Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəklədiyimizi deyirik. Biz buna etiraz etmirik, əksinə, biz istəyirik ki, bu iki məsələ paralel getsin - Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması. İndi onlar sülh və sair haqqında danışırlar. Mən bunun nə dərəcədə səmimi olduğunu, onların tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara daha bir soyuq duşun lazım olub-olmadığını bilmirəm. Lakin onlar öz təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər. Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar tamamilə çaş-baş qalacaqlar. Onlar başa düşdülər, xüsusilə, dünən cənab Paşinyanın öz həmkarlarına qarşı çox qeyri-diplomatik və deyərdim ki, özünə qarşı zərərli olan demarş etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin sammitindən sonra. O başa düşür ki, biz istəsək bir çox şeylər edə bilərik və heç kəs bunun qarşısını ala bilməz. Məsələ burasındadır ki, biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə etmək istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey deyil. Biz onların ərazisini istəmirik. Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz - nə onun Qərbi Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən qonşusu.
Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf:
- Cənab Prezident, vaxt ayırdığınıza və səmimiyyətinizə görə çox sağ olun. Biz ilk dəfə 16 il bundan əvvəl Belçika Parlamentində lanç vaxtı Sizin Belçikanın Baş naziri ilə görüşünüzdən sonra görüşmüşdük. O vaxt biz Sizin Kremlin psixologiyasını necə izah etməyinizə heyran olmuşduq. Sizin illər sonra baş verəcəyini proqnozlaşdırdığınız hər şey faktiki olaraq baş verdi. Yenə də indi Sizdən soruşmaq istərdim, bilirəm ki, bu, böyük bir sualdır. Sizin nöqteyi-nəzərinizdən bu münaqişədə Ukraynaya nə olacaq? Qarşıdakı aylarda, bəlkə də illərdə Kremlin psixologiyasının necə olacağını nəzərdə tuturam. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Düşünürəm ki, heç kim nə baş verəcəyini bilmir. Biz birbaşa bu prosesdə iştirak etmirik. Məlumatı əsasən açıq mənbələrdən alırıq. Lakin başa düşdüyümüzə görə, bu müharibə ilə bağlı beynəlxalq prosesləri qətiyyən proqnozlaşdırmaq mümkün deyil. Düşünürəm ki, ən mühüm sual odur ki, bu, nə vaxt bitəcək və necə bitəcək? Dünyada çox şey bundan asılı olacaq. Ona görə də bunun necə davam edəcəyini şərh etmək mənim tərəfimdən bir növ məsuliyyətsizlik olar. Bu, bir sıra amillərdən - Rusiya hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərb alyansından asılıdır. Beləliklə, başa düşmək lazımdır ki, müharibəyə son qoyulmalıdır. Düşünürəm ki, bu, bir nömrəli məsələdir və sözsüz ki, Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqedə qalırıq.
Biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Başqa bir məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi. Biz dedik ki, yaxşı, bu, reallıqdırsa, onda biz bu reallığı dəyişəcəyik və biz reallığı dəyişdirmək üçün özümüzü hazırlamağa başladıq. Bu, belə baş verdi.
Vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu. Beləliklə, reallıqlar dəyişməlidir. Sizin bunu etmək üçün gücünüz varmı? Varsa, bunu edirsiniz, yoxdursa, güc toplayırsınız. Əgər sakit həyat istəyirsinizsə, bu reallıqla razılaşırsınız. Bizim seçimimiz fərqli idi. Mənə yuxusuz gecələrlə bağlı sual verildi. Bəli, işğal dövründə çox olub qəzəb hissinə görə, nə isə baş verəcəyi hissinə görə deyil, qəzəb hissinə görə və bəzən dünyanın bu ədalətsizliklə necə nizamlandığını anlamağa görə. Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə inanmağa başladım. Ona görə də yenə də bunun sonunun necə olacağını bilmirəm. Bizim etdiklərimiz açıq-aşkardır. Bizim ərazi bütövlüyünün bərpası ilə bağlı vəziyyətə necə yanaşdığımız da məlumdur. Ona görə də siz güclü olmalısınız. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur. Siz, sizin xalqınız, ordunuz və sizin ədalət hissiniz.
ABŞ-ın Hərbi Dəniz Donanma Məktəbinin professoru Brenda Şafer:
-Bizi qəbul etdiyinizə görə çox sağ olun. Burada olmaq gözəldir, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Əgər mümkündürsə, mənim 2 sualım var. Azərbaycan özünün 30 illik strateji layihələrində tələblərin, ehtiyacların artacağını strateji olaraq beynəlxalq neft şirkətlərindən, xarici hökumətlərdən çox qabaq görür. Buna Cənub Qaz Dəhlizi layihəsini misal göstərə bilərik. Hətta Avropa institutları təbii qaza ehtiyacın az olacağını hesab edərkən, şirkətlər Yekun İnvestisiya Qərarında hər şey - maye qaz və bərpaolunan enerji tətbiq olunacaq deyə bu layihəni son meqaqaz layihəsi kimi qələmə verərkən belə, Azərbaycan gələcəyi gördü, tutumu artırıla bilən, ikiqat tutumlu kəmərlər inşa etdi və artıq 2 ildir ki, Avropa sifariş verib. Bu həftə baş çəkmək şərəfinə nail olduğum daha bir infrastruktur layihəsi də Zəngilanda idi. Kiminsə "burda hava limanına nə ehtiyac var? Niyə burada, bu məkanda gözəl evlər və müasir şəhər inşa edilir?” dediyini gördükdə. Əlbəttə, Sizin də qeyd etdiyiniz kimi, haqq-ədalət üçün. Keçmiş köçkünlər öz evlərinə qayıdırlar. Biz hər zaman münaqişələr haqqında, qaçqınların üzləşdikləri çətinliklər, ədalətsizliklər haqqında eşidirik. Ancaq qaçqınların öz yurdlarına qayıdanda buradakı kimi həyəcanlı olduqlarını xatırlamıram. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi, Bakı Tbilisi Ceyhan kimi burada da gələcəyi görən bir baxış var. On il ərzində Zəngilan ətrafında daha böyük region olaraq haranı görürsünüz? Bu hava limanından kim istifadə edəcək? İranın şimalındakı şəhərlər və ya Türkiyənin şərqi olacaq? Regionun inkişafını necə görürsünüz?
İkinci sualım. Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə mühüm böyük proseslərin şahidi oluruq. Deyə bilərik ki, İbrahim razılaşmasında nəzərdə tutulan hər şey - Yaxın Şərqdə əməkdaşlıq sahələri və nəqliyyat marşrutları dəyişib. Əgər İran əvvəllər müsəlman ölkələrinə dəstək simvolunu təcəssüm etdirirdisə, aydındır ki, 30 illik işğal dövründə Sizin də dediyiniz kimi, bir dəfə də işğalla bağlı səsini çıxarmayıb. Hətta "Xudafərin” və "Qız Qalası” kimi Su Elektrik stansiyaları kimi iqtisadi layihələrin icrası, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası və Şuşadakı məscidin qismən restavrasiyası ilə bağlı da. Açığı, İran artıq İslam həmrəyliyindən danışmır. Deyə bilərik ki, Türkiyə bir çox müsəlman ölkələrinin ordu quruculuğunda iştirak edir. Səudiyyə Ərəbistanının digər OPEC ölkələrindən daha çox Rusiya ilə neft əməkdaşlığı var. İran özünü şiə dövləti adlandırır, ancaq əsl müsəlman ölkəsi, əsl dini hökumət qadınları necə başından vuraraq öldürə, onlarla bu cür davrandığı kimi davrana bilər? Biz yeni modelin formalaşmaqda olduğunu görürük. Xüsusilə şiə müsəlmanları artıq üzlərini Quma yox, Nəcəfə və ya digər şəhərlərə, bəlkə də tam fərqli bir modelə, məsələn, Azərbaycandakı modelə döndəriblər. Hansı ki, dünyəvi dövlət, dünyəvi hökumət, dünyəvi təsisatlar olsa da, burada dinə inanan insanlar ənənəvi İslama daha çox bağlıdır, harada ki, dini liderlər idarəçilikdə deyillər, dövlət qurumlarından ayrıdırlar. Çox sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Siz çox mühüm məsələlərə toxundunuz. Bu suallara cavab verərkən, sadəcə, demək istəyirəm ki, bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal deyil. Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq. Məsələn, bizim indi Qarabağda gördüyümüz işlər, sizin qeyd etdiyiniz hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir. Bu, böyük qalmaqal idi. Biz o zaman hətta İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər etməyə belə haqqınız yoxdur. Bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik nümayişi idi. Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, - inək və donuzlar üçün tövlə kimi, minarəni isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir və bizim heç birimiz bunu unutmamışıq. Ona görə də, qeyd etdiyim kimi, din siyasi həyatdan ayrı olmalıdır, bizim modelimiz budur. Bu modelin uğurlu olduğu sübut edilib. Siz sualınızda təsvir etdiklərinizin heç biri Azərbaycanda yoxdur. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər. Əgər onların hamısı azərbaycanlıdırsa, biz onları necə ayıra bilərik. Eyni qan, eyni etnik mənsubiyyət. Bu, bəlkə də Azərbaycanda verilən ən son sualdır. Siz bizim ölkəmizi çox yaxşı tanıyırsınız. Biz hamımız müsəlmanıq və aramızda heç bir bölgü yoxdur. Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Müsəlman dünyası birləşmiş olmalıdır. Biz nə edirik? Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər. Məsələn, biz artıq Türkiyə-Azərbaycan əməkdaşlıq formatını müzakirə etdik. Türkiyə-Azərbaycan əməkdaşlıq formatının üstünlüklərindən biri odur ki, biz birgə fəaliyyət qurmuşuq. Məsələn, Azərbaycanın daha yaxşı əlaqələrinin və ya Türkiyənin daha yaxşı əlaqələrinin olduğu ölkələr də əlavə potensial yaradır. Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük.
Yenidənqurma proseslərimizə gəlincə, sözsüz ki, ilk növbədə, gördüyümüz işləri oraya yaşamağa gələcək insanlar üçün görürük. Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq. Zəngilana dəmir yolu artıq tikilir, yəqin ki, siz onu görmüsünüz. Gələn il o, demək olar ki, Ermənistan sərhədinə çatacaq. Füzulidəki hava limanından hazırda fəal şəkildə istifadə olunur. Çox sayda qonaq, o cümlədən beynəlxalq qonaqlar ondan istifadə edirlər. Sözsüz ki, Laçındakı hava limanı xüsusi əhəmiyyətə malikdir, çünki Laçına gediş asan deyil. Oraya Kəlbəcər dağları vasitəsilə, - mən indini nəzərdə tuturam, - çatmaq olar ki, bu, bəzən yayda belə mümkün olmur, ya da Qubadlı vasitəsilə. Ona görə də bu, əsasən orada yaşayacaq insanlar üçün əhəmiyyət kəsb edir.
Bunun gələcəkdə region üçün əlavə faydalarının olub-olmayacağına gəlincə, sözsüz ki, olacaq. Biz Bakı-Tbilisi-Qars dəmir yoluna investisiya yatırmağa başlayanda da suallar var idi ki, başqa bağlantılarımız olduğu halda, niyə biz bu qədər vəsait, demək olar, 800 milyon ABŞ dolları sərf edirik. İndi isə biz görürük ki, vəziyyət dəyişib. Onun 5 milyon tonadək genişləndirilməsinə ehtiyac var və biz artıq bunu edirik. Gələn ilin sonunadək o, hazır olmalıdır. Qarabağla bağlı da eyni olacaq. Çünki o, Azərbaycanın inkişafı üçün aparıcı qüvvə olacaq, orada çox sayda işçi qüvvəsi toplanacaq. Bu, bizə işsizliyi aşağı səviyyədə saxlamağa imkan verəcək.
Əlbəttə ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq. Lakin siz məktəbdə 70 uşaq görürsünüz. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz. Əminəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:
-Cənab Prezident, Siz artıq iki saatdır ki, bizimlə intensiv söhbət aparırsınız. Bizim hələ dörd sualımız da var.
Prezident İlham Əliyev: Oldu. Gəlin, davam edək.
Hikmət Hacıyev: Təşəkkür edirəm, cənab Prezident.
Cenevrə Geostrateji Müşahidə Təşkilatının vitse-prezidenti Ventz Sabev:
-Təşəkkür edirəm. Bu suala görə minnətdaram. Əslində, Brendanın verdiyi sualdan sonra Azərbaycanda mədəniyyətlərarası və xalqlararası həmrəylik modelinə dair çox münasib sualdır. O, hazırda azad olunmuş əraziləri də əhatə edir. İctimaiyyət tərəfindən qavranılması haqqında danışsaq, Cenevrə dünya məsələlərində bir qovşaq olaraq idarəçilik və insan hüquqları dialoqu üçün münasib məkandır. Beynəlxalq əlaqələr şəhəri Cenevrənin mərkəzində dözümlülük və mədəniyyətlərarası həmrəylik imicini yaratsaydınız, Qarabağ həmrəyliyini, yəni, qonşulara və dünyaya açıq əlin uzadılmasını özündə əks etdirən bir imici, vahid obyekti və ya cəhəti təsvir etmək imkanı olsaydı, həmin obyekt, imic və ya rəmz nə ola bilərdi? Siz həmin bölgəni "cənnət guşəsi” adlandırdınız. Həmin cənnətin bir hissəsini "Millətlər” meydanında təsvir etsəydiniz, əla olardı. Çətin, lakin gözəl bir məkan.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. Bu, hər zaman belə olub. Niyə? Ola bilsin, əsas cavab onunla bağlıdır ki, hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, burada, Azərbaycanda özünü rahat hiss edir. Fikrimcə, bu, bizim həqiqi mənada üstünlüklərimizdən biridir. Bu, xüsusən də müstəqillik illərinə aiddir. Həmin illər asan olmamışdır. Xüsusən də müstəqilliyin ilk illərində müharibə, işğal, bir milyon qaçqın və köçkün var idi. Dövlətimiz və xalqımız həmvətənlərimiz üçün ümumi olan cəhətləri qoruyub saxladı. Lakin həmin vəziyyət bizi daha qəzəbli və əsəbi etmədi. Bu isə çox vacibdir. Bu, həmçinin cəmiyyətimizin möhkəmlənməsi üçün əhəmiyyətli idi. Azərbaycanda təşkil etdiyimiz tədbirlər, yəni, humanitar forumlar, iki ildən bir keçirdiyimiz Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlər həmin məqsədlərə xidmət edirdi. Yeri gəlmişkən, gələn ilin mayında biz pandemiyadan sonra bu tədbiri bərpa edəcəyik və Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunu keçirəcəyik. Qonaqlarımızı, vaxtları olarsa, tədbirə dəvət edirəm. Çünki onlar bütün dünyaya real olaraq tolerantlıq ruhunu, mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı nümayiş etdirirlər.
2008-ci ildə biz sonradan "Bakı Prosesi” adı almış prosesin təşəbbüskarı kimi çıxış etdik. Həmin vaxt tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT "Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir. Mən söylədiklərimi əks etdirən bir çox tədbirləri, o cümlədən Zati-müqəddəsləri Roma Papası Fransiskin Azərbaycana səfərini qeyd edə bilərəm. Biz ilk müsəlman dövlətlərindənik ki, o, səfər etdi. O, katolik kilsədə ibadət təşkil etdi. Sonra isə Azərbaycanın dini rəhbərləri ilə görüşmək məqsədilə məscidi ziyarət etdi. Bütün bunlar, həmçinin Azərbaycanın daxilində həmrəylik ruhunu gücləndirir.
İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi. Biz bir "dəmir yumruq” kimi birləşdik. Fikrimcə, əgər görülmüş işləri bir sözlə və ya tədbirlə ifadə etsək, mən Şuşanın azad olunmasından sonra orada artıq iki dəfə keçirilmiş "Xarıbülbül” Musiqi Festivalını deyərdim. Birincisi ötən ilin mayında baş tutdu. Söhbət bərpa etdiyimiz ənənəvi festivaldan gedir. Ötən il həmin festivalda Azərbaycanın müxtəlif etnik qruplarını təmsil edən sənətkarlar çıxış etmişdilər. Bunun rəmzi mənası var. Səmimi desəm, bu, mənim ideyam idi. Mən istədim ki, Azərbaycandakı bütün etnik azlıqların qrupları və nümayəndələri orada, bütün azərbaycanlılar üçün müqəddəs məkanda, Cıdır düzündə olsunlar və Qələbənin hamımızın olduğunu nümayiş etdirsinlər. Hər bir Azərbaycan vətəndaşı bundan fərəhlənir. Bir çox digər elementlər də ola bilər. Siz sual verdiniz, ona görə düşündüm ki, bu, ən yaxşı təqdimat ola bilərdi.
Türkiyənin Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun baş tədqiqatçısı Fərhad Pirinççi:
-Sağ olun, cənab Prezident. Əslində, Sizə verəcəyim sual Şuşa ilə bağlıdır. Şəhəri ziyarət etdim və işğal altında olmuş ərazilərdə bütün dağıntıları gördüm. Ötən il mən Gəncəyə səfər etdim və raketlərin düşdüyü yerləri, dağılmış mülki binaları gördüm. Həm işğal, həm də müharibə zamanı insanlığa qarşı hərbi cinayətlər törədilmişdir, mədəni obyektlərə ziyan dəymişdir. Məhkəməyə müraciət etməyi və ya sülh prosesində təzminat almağı planlaşdırırsınızmı? Sağ olun.
Prezident İlham Əliyev: Bəli, biz bu prosesə başlamışıq. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra tam aydın olan hərbi cinayətlərə gəldikdə, burada bizə yardımçı olacaq beynəlxalq hüquq firmasını cəlb etmişik. O vaxt ermənilər dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tuturdular. Münaqişənin getdiyi yerdən xeyli uzaqda yerləşən ondan çox şəhər ballistik raketlərlə atəşə tutuldu. "SKAD”, "Elbrus” və hətta "İsgəndər” raketlərindən istifadə etdilər. Özü də "İsgəndər-M” raketi onlarda heç cür ola bilməzdi. Bu, yalnız Rusiyanın silahlı qüvvələri tərəfindən istifadə edilən raketdir. "İsgəndər-E” adlı raket də var. Yəni, o, ixrac üçün nəzərdə tutulur. Lakin Şuşada aşkar etdiyimiz və hazırda Bakının Hərbi Qənimətlər Parkında nümayiş etdirilən raket "İsgəndər-M”dir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir.
Biz hüquqi prosedurlara başladıq. Başqa qeyri-qanuni fəaliyyət də olmuşdur, yəni, qeyri-qanuni məskunlaşma. Bu, həmçinin Cenevrə konvensiyalarına uyğun olaraq hərbi cinayət hesab edilməlidir. Çünki məkanların tarixi irsinin dəyişdirilməsi və təbii sərvətlərin qanunsuz istismarı halları var. Xüsusən də Zəngilanda və təkcə orada deyil, digər yerlərdə həmin əməliyyatlara, o cümlədən qızıl hasilatına qoşulmuş bir sıra Avropa şirkətləri olmuşdur. Söhbət təkcə qızıldan getmir. Bütün bu hallar üzrə proses artıq gedir. Bilirsiniz ki, həmin proses sürətli deyil, vaxtaparan olur. Biz uğur qazanmaq üçün hər şeyi lazımi qaydada həyata keçiririk.
Əlbəttə, əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməsə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalmayıb işlərə obyektiv qaydada baxarsa, onda, əlbəttə ki, işi udacağımıza böyük şans var. Həmçinin dağıdılmış bütün şəhər və kəndlərdə rəsmilərimiz tərəfindən artıq monitorinq aparılıb. Biz hər binanın pasportunu hazırlamışıq. Ermənilərin törətdikləri artıq göz qabağındadır və sənədləşdirilib. Bütün bunlardan hüquqi prosedurlarda tərəfimizdən istifadə ediləcəkdir. Biz onların nə qədər çəkəcəyini bilmirik. Biz bunları əsasən ictimaiyyətə təqdim etmədən edirik. Söhbət hazırda aparılan təfərrüatlı işdən gedir. Əminəm ki, əgər ədalət zəfər çalarsa, biz təcavüzkarları işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq.
Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun prezidenti Ekaterine Metreveli:
-Cənab Prezident, vaxt ayırdığınıza və bizimlə fikirlərinizi bölüşdüyünüzə görə təşəkkür edirəm. Gürcü olaraq, ilk növbədə, mən bu yaxınlarda Gürcüstana səfər etdiyinizə görə minnətdaram. Ekspertlər Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığı yüksək dəyərləndirirlər. Biz özümüzü təbii müttəfiq hesab edirik. Bunun əsaslarını Azərbaycanın və Gürcüstanın mərhum prezidentləri qoyublar. Biz bu əməkdaşlığın daha da inkişafını səmimiyyətlə arzulayırıq. Mən, həmçinin ərazilərimizin işğalı səbəbindən Gürcüstanın 3+3 formatında iştirak etməməsinin Azərbaycan tərəfindən anlaşılmasını da yüksək dəyərləndirirəm. Rusiyanın Ukraynaya müdaxiləsi, İranın əcaib davranışının səbəbləri həmin formata əngəl kimi götürülə bilər. Yəni, bu, təkcə Gürcüstanla bağlı deyil. Bununla belə, mən Sizin diqqətinizi Praqada "Avropa siyasi birliyi” Zirvə Toplantısı zamanı irəli sürdüyünüz çox mühüm təşəbbüsə - regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq platformasının zəruriliyinin müzakirəsinə yönəltmək istərdim. Anlayıram ki, dekabrın 7-si üçün nəzərdə tutulan görüşə Ermənistanın şərt qoyması hadisəsindən sonra bu cür vasitə hələ ki, uzaq görünə bilər. Yenə də bu cür əməkdaşlıq formatı ilə bağlı Sizin fikirlərinizi və mövqeyinizi bilmək mənim üçün maraqlı olardı. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Mənim Gürcüstana səfərim, həmçinin əlaqələrimizin və bütün hallarda birgə olmağımızın zəruriliyinin təzahürü idi. Həmrəylik, qarşılıqlı dəstək və əlbəttə, enerji nəqli layihələri və Gürcüstanın Baş naziri ilə müzakirə etdiyim bəzi yeni ideyalar var. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, çox yaxşı nəticələr var. Biz hazırda çox fəal işləyirik. Bəlkə də o qədər də açıq olmasa, lakin fəal çalışırıq ki, karbohidrogenlərin və yüklərin yeni həcmləri üçün hazır olaq.
Eyni zamanda, Siz də düzgün qeyd etdiyiniz kimi, hətta əməkdaşlıq olmasa belə, Azərbaycan da heç olmasa üç Cənubi Qafqaz ölkəsi arasında məsləhətləşmələr formatı ideyasına dəstək vermişdir. Hesab edirik ki, bu təbiidir, çünki biz eyni bölgədə yerləşirik.
Gürcüstan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, Gürcüstan və Ermənistan arasında münasibətlər də yaxşıdır. Ona görə mən bunun təbii olduğunu düşünürdüm. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi buna çox müqavimət göstərirdi. Biz bunun səbəbini başa düşə bilmirdik, lakin güman edə bilərik ki, onlar yəqin bəzi sponsorlarını məyus etmək istəmirlər. Lakin istənilən halda, Ermənistan Gürcüstan, Azərbaycan və Ermənistan xarici işləri nazirlərinin görüşünün Gürcüstanda keçiriləcəyinə razı olduqda, biz kiçik fürsəti əlimizə keçirə bildik. Yenə də bizə və gürcü ev sahiblərinə onların qəribə davranışını başa düşmək çətin idi. Onlar deyirdilər ki, görüşlər ancaq ikitərəfli olmalıdır, Gürcüstan nümayəndəsi iştirak etməməlidir. Biz bunu başa düşə bilmirik. Gürcüstana səfərim zamanı Baş nazir Qaribaşvili ilə bu ölkədə üçtərəfli sammitin keçirilməsi perspektivlərini müzakirə etdim. Ermənistan hazır olarsa, biz bu sammitin vaxtında keçiriləcəyini düşünürük.
Çünki ilk növbədə, onlar həqiqətən də sülh istəyirlərmi? Sual budur. Çünki bu olmasa, heç bir şeyin mənası yoxdur. Əgər onlar həqiqətən də sülh istəyirlərsə, bu formatdan çəkinməməlidirlər. Çünki kommunikasiya, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət - bütün bunlara nail olmaq olar. Düşünürəm ki, Ermənistan işğalının mənfi fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərlə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq imkanını da itirdi. İndi vaxtdır. Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışmaq tezdir, lakin düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin nədən ibarət olduğunu, buna razılaşmamaqla kimdən qorxduğunu bilmirəm. Lakin düşünürəm ki, əgər onlar həqiqətən də sülh istəyirlərsə, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir zamanda reallaşa bilər. Əgər baş verməsə, yaxşı, bu, olduğu kimi davam edəcək. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz onlarsız, Ermənistansız da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda, bu, belə davam edəcək.
Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, baş məsləhətçi Laslo Vasa:
-Burada iştirak etmək üçün şərait yaratdığınıza görə təşəkkür edirəm, cənab Prezident. Mənim sualım Türk Dövlətləri Təşkilatı ilə bağlıdır. Siz Orta Dəhliz boyu iqtisadi əməkdaşlıqda bu təşkilatın rolunu nədə görürsünüz?
Prezident İlham Əliyev: Biz artıq uzun illərdir ki, Macarıstanın təşkilatda müşahidəçi olmasına şadıq. Baş nazir Orban mütəmadi olaraq Zirvə görüşlərində iştirak edir. Təşkilat adını dəyişdirib və artıq beynəlxalq arenada getdikcə fəallaşır. Biz şadıq ki, üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı, əlbəttə, bunun bariz təzahürü idi. Bağlılıq məsələsinə gəldikdə, Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq.
Bu yüklərin əksəriyyəti Mərkəzi Asiyadan Avropaya Transxəzər marşrutu vasitəsilə nəql edilir. Bununla yanaşı, mənim Mərkəzi Asiya ölkələrinə səfərlərim, Türkiyə Prezidentinin oraya səfərləri, Türk dövlətlərinin liderlərinin Türkiyəyə səfərləri onu nümayiş etdirir ki, qarşılıqlı ticarətin səviyyəsinin artırılması üçün yeni imkanlar var. Türkiyə ilə biz bu gün rüsumsuz idxal olunan məhsulların siyahısının artırılması üzərində fəal çalışırıq. Yəni, biz Azad Ticarət Sazişinin bağlanmasına doğru addım-addım irəliləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard dollardan artıqdır və biz bu artımı digər ölkələrlə münasibətdə də görürük. Yəni, bu, Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır.
Eyni zamanda, digər böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlbedici hesab etməsi vacibdir. Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik. Tarif siyasəti vahid formaya gətirilməli, gömrük orqanlarının fəaliyyəti əlaqələndirilməlidir ki, yüklərini nəql etmək arzusunda olan şirkətlər bu dəhlizdən yalnız vaxta qənaət etmək üçün deyil, həm də pula qənaət baxımından istifadə etsinlər. Bunun üçün isə vahid tarif siyasəti, gömrük orqanlarının fəaliyyətinin proqnozlaşdırılabilən və ədalətli olması tələb edilir. Beləliklə, potensial var və biz düzgün istiqamətdə irəliləyirik.
İtaliyanın Avropa Evi – Ambrosetti Mərkəzinin baş icraçı direktoru Luka Miraqlia:
-Əvvəla, bu konfransa dəvətə görə təşəkkür edirəm və gözəl təşkilatçılıq münasibətilə ADA Universitetini də təbrik edirəm.
Sentyabr ayının əvvəlində Siz Çernobbio İqtisadi Forumunda iştirak etməklə bizə şərəf verdiniz. O zaman çıxışınızda Siz ikitərəfli münasibətlərimizə diqqət ayırdınız. Siz təhsil haqqında danışdınız, çünki hər bir ölkənin inkişafı üçün qabiliyyətlər və imkanlar tələb olunur. Bu gün bu universitetdə olmaq çox xoşdur. Əlbəttə, Siz enerji sahəsində ikitərəfli əməkdaşlığımız haqqında danışdınız. Biz çox kritik məqamda Azərbaycan tərəfindən qaz həcminin artırılmasını yüksək qiymətləndiririk.
Qarşıdan gələn dövrdə bizim yeni geosiyasi nizam şəraitində olacağımızın ehtimalı yüksəkdir. Azərbaycanın burada rolu daha da əhəmiyyətli və strateji olacaqdır. Burada söhbət, əlbəttə ki, enerjidən və bugünkü konfransın mövzusu olan Orta Dəhlizdən gedir. Şəxsən mən bu müzakirəni genişləndirərək İtaliyanı mövzuya əlavə etmək, ikitərəfli və çoxtərəfli əsasda burada nə etməli olduğumuzu müəyyənləşdirmək istərdim. İtaliya və Azərbaycan mühüm tərəfdaşlardır. Bizim hazırda yeni hökumətimiz var. Biz buna artıq alışmışıq. Biz artıq prosesin davamlılığının təmin edilməsi yolunu tapmışıq.
Sualım belədir: İtaliya ilə münasibətlər baxımından əsas hədəflərin, eyni zamanda, problemlərin nədən ibarət olduğunu düşünürsünüz? Məlumdur ki, Trans-Adriatik layihəsi nəticə etibarilə icra olundu, ancaq bu, asan iş olmadı.
Prezident İlham Əliyev: Birincisi, Çernobbioda göstərilən qonaqpərvərliyə görə sağ olun. Mən ölkənizin bu gözəl guşəsində, dünyanın bu gözəl hissəsində olmaqdan həqiqətən də zövq aldım. Eyni zamanda, həmin mötəbər auditoriya qarşısında çıxış üçün dəvətə görə də sizə təşəkkür edirəm. Bu, həm ikitərəfli, həm də beynəlxalq gündəliyimizə aid məsələlər haqqında danışmaq üçün yaxşı fürsət idi. Mən bunu Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığın növbəti əlaməti hesab etdim. İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Yəni, biz strateji tərəfdaşıq və ikitərəfli gündəliyimizi artırır və genişləndiririk.
İtaliyaya son səfərim zamanı mən Romada Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin yenidən qurulmuş binasının açılışında iştirak etdim. Bundan sonra rektor Hafiz Paşayev və beş italyan universitetinin rektoru İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdilər. Həmin universitet təqribən bu ərazidə yerləşəcək. Bildiyimə görə, tikinti işləri artıq başlayıb. Növbəti il üçün büdcəsi tam təsdiq edilməsə də, sizə bir növ sirr aça bilərəm ki, sərmayə proqramımızda İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub.
Bu, bizim ikitərəfli əlaqələrimiz və qeyd etdiyiniz kimi, təhsil sahəmiz üçün mühüm bir töhfə olacaqdır. Çünki İtaliyanın beş qabaqcıl universiteti İtaliya-Azərbaycan Universitetinin təsisçisi olacaq. Bizim xarici işlər naziri İtaliyanın xarici işlər naziri ilə telefon danışığı zamanı onu bu münasibətlə təbrik etmişdir. Ümid edirik ki, biz İtaliya hökumətinin üzvləri ilə yaxın əlaqələr quracaq və uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.
Enerji təchizatına gəlincə, biz təbii qaz təchizatını artırmaq üçün əlimizdən gələni edirik. Siz qeyd etdiniz ki, TAP boru kəmərinin tikintisi ilə əlaqədar müəyyən çətinliklər mövcuddur. Biz bu barədə bilirik. Həmçinin bizə məlumdur ki, bu maneələr süni xarakter daşıyır. Biz onları aradan qaldırmaq üçün ciddi səy göstərmişik. Düşünürəm ki, artıq hamı zeytun ağaclarının heç bir zərərə uğramadığını, onların başqa yerdə əkildiyini, həmçinin İtaliyanın enerji təhlükəsizliyinin daha yaxşı təmin olunduğunu anlayır.
Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var. Lakin biz başa düşürük ki, bu həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir. Mən bu məsələni keçmiş Baş nazir cənab Mario Draqi ilə müzakirə etmişdim. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik. Bunun üçün müvafiq qərar qəbul olunmalıdır. Bu qərar nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar. Çünki hazırda TAP boru kəməri var gücü ilə işləyir. Yeni qaz həcmlərini nəzərə alaraq, bu işi tez yerinə yetirmək lazımdır. Əlbəttə, Trans-Balkan boru kəməri olsa da, onun da imkanları müəyyən dərəcədə məhduddur.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra biz ondan çox Avropa ölkəsindən sifarişlər almışıq. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur. Hazırda biz bütün bu sifarişləri qiymətləndiririk. İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur. Eyni zamanda, biz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Biz interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyirik. Belə interkonnektorlardan birinin açılış mərasimi keçən ay mənim də iştirakımla Sofiyada keçirilmişdir. Söhbət Yunanıstan-Bolqarıstan İnterkonnektorundan gedir.
Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Bu barədə mənə iki gün əvvəl Serbiyada məlumat verildi. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək.
Hazırda inşa olunan bütün interkonnektorların yeganə məqsədi enerji təhlükəsizliyini təmin etməkdir. Bizim ehtiyatların həcmi məlumdur, mən bu rəqəmləri bir neçə dəfə səsləndirmişəm. Biz investisiya həcminin artırılmasında maraqlıyıq. Əvvəl də dediyim kimi, biz Türkiyə ilə təchizat məsələlərinin həllini başa çatdırdıqdan sonra hüquqi bazanın nədən ibarət olduğunu və təchiz ediləcək qazın həcmini biləcəyik. Bu məsələlər həll edilmədən buna nail olmaq mümkün deyil. Ümid edirəm ki, ilin sonunadək biz bu işləri başa çatdıracağıq. Bu, əlbəttə ki, bizim vahid enerji strategiyamızın bir hissəsini təşkil edəcəkdir.
Bu ilin iyulunda mənimlə xanım Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumunda biz yalnız qaz təchizatı məsələsinə deyil, habelə elektrik enerjisi və "yaşıl hidrogen” daxil olmaqla, hidrogen təchizatı məsələsinə də toxunmuşuq.
Biz, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırırıq. O ki qaldı təchizat prosesini məhdudlaşdıran amillərə, bunlardan biri TAP qaz boru kəməri, digəri isə Türkiyənin qazötürmə infrastrukturu ilə bağlıdır. Hazırda Türkiyənin qazötürmə infrastrukturu Azərbaycandan daxil olan elektrik enerjisini məhdud həcmdə qəbul edə bilir. Lakin bizim elektrik enerjisinə Balkan ölkələrində, Serbiyada, Bolqarıstanda, Rumıniyada və bəlkə də digər Avropa ölkələrində tələbat var. Lakin buna nail olmaq yalnız komanda işini davam etdirməklə və sərmayə qoyuluşları vasitəsilə mümkündür. Biz elektrik enerjisinin Avropaya mühüm ixracatçısı olmağı planlaşdırırıq. Bazar bizim üçün çox cəlbedicidir.
Bizim İtaliya ilə olan münasibətlərimizə gəlincə, əminliklə deyə bilərəm ki, onlar əla səviyyədədir. Biz öz öhdəliklərimizə sadiqik və İtaliyanın yeni hökuməti ilə də bu strateji işbirliyinə davam edəcəyik.
Hikmət Hacıyev: Cənab Prezident, bu, bizim sonuncu sualımız idi. Bizimlə iki saat yarımdan çox vaxt keçirdiyinizə görə qrupumuz adından Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik. Cənab Prezident, Siz 16-dan çox suala hərtərəfli və təfərrüatlı cavab verdiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Təmkinli olduğunuz, bizimlə bir yerdə olduğunuz üçün çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram.
X X X
Rektor Hafiz Paşayev: İcazənizlə, cənab Prezident, bu gün bizimlə olduğunuz üçün Sizə təşəkkür edirəm. Sizin İtaliyada etdiyiniz çıxışı xatırlayıram. Hər kəs gözləyirdi ki, Siz ən azı çıxışınızın əvvəlində enerji, boru kəmərləri marşrutları ilə bağlı məsələlərə toxunacaqsınız. Lakin Siz təhsil haqqında danışdınız. Bu, Sizin ölkəmizdə təhsil sahəsinə verdiyiniz böyük dəstəyin göstəricisidir. Bu gözəl universitetin əsası qoyulduğu ilk gündən Siz hər zaman bizə böyük dəstək göstərmisiniz. Əvvəlcə düşünürdüm ki, bu tədbirin açılış çıxışında Sizə ADA Universitetinə göstərdiyiniz dəstəyə görə təşəkkür edim. Lakin italiyalı nümayəndəyə təşəkkür edirəm, onun verdiyi fürsətdən istifadə edərək bir daha xatırladıram ki, Sizin İtaliyaya etdiyiniz səfər çərçivəsində bütün digər vacib məsələlərlə yanaşı, imkan tapıb İtaliya-Azərbaycan Universitetinin yaradılması məsələsinə də toxundunuz. Bir daha italiyalı nümayəndəyə təşəkkür edirəm ki, Siz onun sualına cavab verərkən mənim bir çox sualıma da cavab vermiş oldunuz.
Prezident İlham Əliyev: Smeta ilə bağlı hər şey yaxşı olacaq.
Rektor Hafiz Paşayev: Çox sağ olun, cənab Prezident. Sizə və bu gün burada iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Yaxın gələcəkdə başqa bir tədbirdə görüşənədək.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
x x x
Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.