HEYDƏR ƏLİYEV İRSİ AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR
NƏŞR / 07.02.2023 23:07
Heydər
Əliyev–100
HEYDƏR ƏLİYEV İRSİ AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR
HEYDƏR ƏLİYEV:
"Nə qədər ki Azərbaycan var, mən də varam.
Mən isə Azərbaycanda əbədi olacağam!”
Hər bir lider öz xalqının yetirməsi, hər
bir ölkə öz liderinin əsəridir. Azərbaycanın müasir tarixi Ümummilli Lider Heydər
Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifidir. Onun
adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir,
xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.
XX əsrin 60-cı illərinin ortalarından
etibarən Azərbaycanda əhalini narahat edən problemlər və ictimai ovqatda hakim
olan ideyalar cəmiyyətdəki keçmiş Sovet respublikaları arasında aydın hiss
olunan geriliyi aradan qaldırmaq, neqativ hallarla qəti mübarizə aparmaq,
iqtisadiyyatı və sosial sahəni inkişaf etdirməklə birbaşa əlaqədar idi. O
zamankı Azərbaycanın lideri Heydər Əliyevin fəaliyyətinin hərəkətverici qüvvəsi
kimi çıxış edən arzuları da məhz həmin aktual problemlərin həlli üzərində kökləndiyindən,
onun mahiyyət etibarilə yenilikçi xətti insanlar tərəfindən qətiyyətlə dəstəklənir
və lazımi səmərə verirdi.
Heydər Əliyevin ötən əsrin 70-ci illərində
Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri
yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda
o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları
istifadə edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı
ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın
və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas
məqsədinin həyata keçirilməsinə- əhalinin rifahının yaxşılaşdırılmasına
etibarlı əsaslar yaratdı.
Müstəqil Azərbaycan dövlətinin qurulması
və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzularının və
ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər və sayılmalıdır. Onun müstəqil
Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində
reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi
arzularını həyata keçirməyə real şərait yaratmışdı. Dərin vətənpərvər insan
olan Heydər Əliyev indi həmin arzu və ideyalarını həyata keçirməyə tarixi şəraitin
yetişdiyini dərk edir və bütün fəaliyyətini bu istiqamətdə qururdu.
Müstəqil Azərbaycan dövlətinin qurulması
Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer
tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin
qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən
fikrin təsdiqi kimi başa düşülməlidir.
Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına
rəhbərlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə
çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər
Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını öz çiyinləri üzərinə
götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr
aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi
islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın
faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin
sahibi oldu.
Keçən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı
azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin
erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması,
1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və
xalqa yaşatdırdığı müsibətlər həqiqi faciələr olaraq tariximizə həkk olunub.
Müasir tariximizə Heydər Əliyevin möhtəşəm
qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı,
insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi,
dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər
uğurlarla müşayiət olunmuşdur. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları
narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya,
hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini
yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün
dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən
başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət
böhranına son qoyuldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması
Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi.
Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük
iqtisadi və geopolitik dividendlər gətirdi.
Azərbaycanın müstəqilliyi möhkəm və
etibarlı bünövrə üzərinə qoyuldu, inkişafa və tərəqqiyə xidmət edən islahatlar
həyata keçirilməyə başladı. Ölkənin iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə
təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi
islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə
yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl
prinsipləri yaradıldı.
Heydər Əliyev xalqımızın tarixinə müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq
ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat
və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü,
ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində
qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir
dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.
Məhz elə buna görə Azərbaycan
Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə
potensialına sahib olduğunu nümayiş etdirir, xalqımızın iradəsini və
maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli Lider müstəqil
Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini
birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin
misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir.
Xalqa xidmət etmək arzusu və bu arzuların
ümumiləşdirilmiş ifadəsi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkin şərti
kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana
uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış nailiyyətlər
qazanması onun öz xalqına təmənnasız, bütün imkanlarını səfərbər edərək xidmət
göstərmək istəyinin qabarıq ifadəsidir. Böyük şəxsiyyətlərin həyatının təhlili
göstərir ki, xüsusi fitri istedad və əyilməz iradə ilə yanaşı, xalqa təmənnasız
xidmət etmək istəyi olmadan tarixin diqqətini cəlb edə biləcək nailiyyətlər
qazanmaq, həqiqi lider səviyyəsinə yüksəlmək mümkün deyildir. Digər tərəfdən,
tarixi şəxsiyyət səviyyəsinə yüksəlmiş liderin arzularının təcəssümü olan
ideyaları xalqın istəklərinin, dövrün tələblərinin daha dəqiq və əhatəli ifadəsi
olması ilə ictimai dəstək qazanır. Bu mənada, tam qətiyyətlə deyə bilərik ki,
Heydər Əliyevin arzuları və bu arzuların təcəssümü olan ideyaların qida mənbəyi
həmişə xalqın istəyi və dövrün sifarişi olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin və onun
etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması Heydər
Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu
olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin
imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində müstəsna
rol oynamışdır. Əgər bugünkü Azərbaycanın inkişafının bir neçə
fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə neft strategiyasını və
onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.
Heydər Əliyevin böyük arzuları Azərbaycanın
təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun
arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş
strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda
atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada
onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.
Heydər Əliyevin fəaliyyəti, xalq
qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm
idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli
Lider həm də böyük optimist idi. Tale onun optimizminə həmişə haqq
qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi,
günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə
əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Heydər Əliyevin böyüklüyü, onun ideyalarının
əbədiyaşarlığı öz ifadəsini müstəqil Azərbaycanın Ulu Öndərin dünyasını dəyişməsindən
sonra davam edən davamlı və dayanıqlı inkişafında tapmaqdadır.Azərbaycanın
iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin
artması və Qarabağın azad edilməsi, bütün sahələrdə möhtəşəm uğurların
qazanılması inkişafın yeni - İlham Əliyev mərhələsinin təcəssümü hesab edilir.
Son 19 il ərzində Azərbaycan öz
iqtisadiyyatını dəfələrlə genişləndirməklə dünyada rekord göstəricilərdən birinə
imza atıb. Ölkədə yaradılan müasir infrastruktur, neft gəlirlərindən səmərəli
istifadə edilməsi postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli
addımları əks etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində
respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycanın təşəbbüsü
və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng
transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa,
təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin
genişlənməsinə mühüm töhfələr verir.
Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm
uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham
Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan
dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə böyük iqtisadi tərəqqi
və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə
daha inamla və böyük ümidlərlə baxır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz
siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi,
bir milyona yaxın vətəndaşın məcburi koçkünə çevrilməsi Birinci Qarabağ müharibəsinin
acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir. Təəssüf hissi ilə
qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən ozamankı iqtidarlar nə ölkənin ərazi
bütövlüyünün qorunması, nə də əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün
sistemli konsepsiya hazırlayıb həyata keçirməkdə bacarıqlı olmadılar. Dövlətin
və cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər
etməyin öhdəsindən gələ bilmədilər və ya bunu bəlkə də istəmədilər. Müharibə
xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətin baş verməsinə
səbəb oldu. Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi,
bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi
dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırıla bilmədi.
AXC-Müsavat iqtidarının yarıtmaz hakimiyyətinin
qoyub getdiyi total böhran mirası Qarabağın işğalı və kütləvi köçkünlər
problemləri ilə təsəvvüredilməz dərəcədə ağırlaşmışdı və xalqın təkidli xahişləri
ilə hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinləri üzərinə Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanması kimi ağır tarixi missiya qoyulmuşdu.
Qarabağın azad edilməsi, Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin
edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq
onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu
özü dəfələrlə etiraf etmişdi. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini
verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə
nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə
edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində
mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi.
Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa
müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi
İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm
siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini
doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu
fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı,
lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı,
Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu
müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci
il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş
Komandan İlham Əliyevin dediyi "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam
ki, ata vəsiyyətini yerinə yetirdim" fikirləri Heydər Əliyevin arzularının
ən böyük təntənəsi sayıla bilər və sayılmalıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu
fikri xüsusi qeyd etdi ki, ulu öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz
onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan
reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.
"Heydər Əliyev İli” dahi şəxsiyyətin Azərbaycan
dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinə, Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılmasında, hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasında kimə
borclu olduğumuza bir daha işıq salacaq. Çoxəsrlik tariximizin Heydər Əliyev
epoxasının hər bir səhifəsi daim vərəqlənəcək, indiki və gələcək nəsillərə
çatdırılacaq. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam
xüsusi qeyd edilir ki, müstəqillik tariximiz tarixi paralellər fonunda təhlil
edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ümummilli Liderin şah əsəri olan
müasir müstəqil Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənləri
görməyən, o dövrü bilməyən gənc nəslə aşılanmalıdır ki, nəyin bahasına
azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Bütün bunlar üçün kimə
borcluyuq. Əgər ümummilli lider Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu
gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir
yarımmüstəmləkə kimi mövcud ola bilərdi. Biz bu tarixi bilməliyik.
Ulu öndər Heydər Əliyevin xidmətlərinin
miqyası o qədər genişdir ki, şübhəsiz, onları bir müsahibə çərçivəsində əhatə
etmək qeyri-mümkündür. Uğurlarla, nailiyyətlərlə dolu olan ötən hər günümüz
Heydər Əliyev yolunun təqdimatıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki
dövrü, həmçinin fəaliyyətinin Naxçıvan illəri ilə bağlı cild-cild kitablar,
elmi əsərlər yazılsa da yenə də yeni nəşrlərə, araşdırmalara böyük ehtiyac var.
Ömrünü Vətəninə, xalqına həsr edən ulu öndər Heydər Əliyevə milyonların
sevgisini qazandıran və son 19 ildə Onun siyasi kursunu bütün sahələrdə uğurla
davam etdirən cənab Prezident İlham Əliyevin ətrafında xalqı sıx birləşdirən əsas
amil də məhz təbii ki, hər iki Liderin torpağa, Vətənə bağlılıq hissindən
qaynaqlanan işləri görməkdən yorulmaması, əksinə, xalqdan aldıqları güc, dəstək
əsasında daha böyük fədakarlıqlar göstərmələridir. Dahi şəxsiyyət Heydər Əliyev
bu fikirləri ilə Azərbaycanı, döğma Vətəni üçün gördüyü işlərin aydın mənzərəsini
təqdim etmişdir: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
əbədi olacağam!”
Ümummilli Lider hakimiyyətinin birinci
dövründə Azərbaycanı necə keçmiş SSRİ məkanında geridə qalmış respublikadan
qabaqcıl diyara çevirdisə, 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin
müstəqilliyinin xilaskarı kimi onun daimiliyini, sarsılmazlığını təmin etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda
ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə
görə axırıncı yerlərdə dayanırdı. Heç də təsadüfi deyildi ki, məhz Ulu Öndərin
titanik fəaliyyəti nəticəsində Azərbaycan çox qısa müddətdə keçmiş SSRİ-də iki
donor müttəfiq respublikadan biri oldu. O vaxt Ümummilli Liderin həyata
keçirdiyi məqsədyönlü tədbirlər sayəsində respublikamızda həm sənaye, həm də kənd
təsərrüfatı sürətlə inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin
qətiyyəti, cəsarəti, müdrikliyi, insanlarla daim təmasda olması, korrupsiyaya və
rüşvətxorluğa qarşı amansız mübarizə aparması dahi rəhbərə xalqın dərin rəğbətini
qazandırdı.
Hələ o vaxtlar Azərbaycanın müstəqil gələcəyini
düşünən ulu öndər Heydər Əliyevin həmin illərdə gördüyü işlərin xronologiyasına
diqqət yetirməklə bunun əyani təzahürlərini görə bilərik. Həmin illərdə azərbaycançılıq
ideologiyasının inkişaf etdirilməsi əsas hədəflərdən idi. Azərbaycanın bügünü
üçün kadr potensialının təməli məhz o illərdə qoyuldu. Ümummilli Liderin səyləri
nəticəsində minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərildi. Hərbi kadrların yetişdirilməsi üçün Cəmşid
Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu gün müstəqil Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabitlərin böyük əksəriyyəti həmin
liseyin yetirmələridir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə
üz-üzə olduğu məlumdur. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan onu itirmək,
bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Məhz
Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, idarəçiliyi, ən əsası Vətəninə,
xalqına bağlılığı Azərbaycanı bu təhükələrdən xilas etdi. Ulu Öndərin istər ölkəmizdə
hakimiyyətinin hər iki dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində
atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın
azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi
görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü
illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar,
düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan
quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Milli Konstitusiyamız qəbul
edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycanın
ətrafında yaradılan informasiya blokadası yarıldı.
Ümummilli Liderin xarici ölkələrə elə
bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsinin əsl
mahiyyəti dünya ictimaiyyətinə çatdırılmasın. Erməni yalanları faktlar əsasında
ifşa edildi. Ölkəmiz iqtisadi imkanlarını genişləndirdi. Böyük investisiyalar məkanına
çevrildi. Ordu quruculuğu dövlət siyasətimizin əsası oldu. Ümummilli Lider bu
çağırışı etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu
olmalıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından dərhal sonra ordu
quruculuğu istiqamətində mühüm addımlar ataraq möhkəm təməl formalaşdırdı.
Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası bu gün Azərbaycana
böyük uğurlar qazandırır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz
sahibidir. Respublikamız dünyanın ən
islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan, eyni zamanda, demokratik dəyərlərə
sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası müstəqil dövlətimiz
sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir
imkanları ilə təsdiqləyir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bütün çətinlikləri arxada
qoyacağını, hər bir azərbaycanlının belə qüdrətli, güclü dövlətin vətəndaşı
olması ilə fəxr edəcəyini əminliklə bildirmişdi. Azərbaycan çox qısa zamanda
Ümummilli Liderin qarşıya qoyduğu məqsədlərə yüksək səviyyədə nail oldu. Dahi
liderin ən böyük arzularından biri olan Azərbaycanın dünyaya Günəş kimi doğması
məramı real həyatda öz təsdiqini tapdı.
Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti
Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq
edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı
və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Azərbaycanın Dövlət bayrağı
elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də,
Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı. Ulu Öndərin fəaliyyətinin
Naxçıvan mərhələsində xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri
insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il
dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən "31 Dekabr -
Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul
edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Həmin illərin ən mühüm tarixi
hadisələrindən biri hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan
Partiyasının yaradılmasıdır.
Yeni Azərbaycan Partiyasının yaradılması
ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bu tarixi hadisənin Azərbaycan
üçün əhəmiyyəti dövlət başçısı İlham Əliyevin 2021-ci il martın 5-də tarixi Zəfərimizin
reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı
"Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər.
Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O
tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi
yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından
yox” fikirlərində özünün aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyevin
"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi
bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisi oldu. Dövlət başçısı, Yeni
Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaradılmasında xüsusi
rolu olan, Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən "91-lər”in
əməyini hər zaman yüksək qiymətləndirərək bu çağırışı sələndirir ki, onları Azərbaycan
xalqı unutmamalıdır: "Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək
qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona
görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından
üstün tutdular.” Bu gün YAP-ın sıralarında 800 minə yaxın üzvün birləşməsi sadəcə
statistika deyil. Bu, partiyanın cəmiyyətdə rolunun, onun yaradıcısı, ulu öndər
Heydər Əliyevin ideyalarına sədaqətin, son 19 ildə Azərbaycanı təkmil
islahatları, yeniliyi özündə əks etdirən uğurlu siyasəti ilə daha böyük zirvələrə
yüksəldən, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim
edən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin,
Azərbaycanın seçdiyi yolun gələcəyimiz üçün yaratdığı möhkəm təməlin mənzərəsini
təqdim etməklə yanaşı, bu inamı da ifadə etdim ki, Heydər Əliyev yolu bundan
sonra da uğurla davam edəcək, qalib Azərbaycanın qarşısında daha geniş imkanlar
açacaq. 19 ildə Azərbaycanın möhtəşəm uğurları, xalqın Prezident İlham Əliyevin
ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla addımlaması bu ünvanın
düzgünlüyünü, xalqımızın seçimindən qürur duyduğunu nümayiş etdirir. Ümummilli
Lider həmin tarixi müraciətində bildirdi ki, başa çatdıra bilmədiyi layihələri,
işləri xalqın dəstəyi ilə cənab İlham Əliyev həyata keçirəcək. Dahi lider Ona
Özü qədər inandığını bildirdi. Həmin müraciətdə etimadın ünvanı kimi Yeni Azərbaycan
Partiyası da göstərilmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər
Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda yeni tərkibini
formalaşdırmaqla, mühüm qərarlar qəbul etməklə gələcəyə doğru böyük inamla
addımlayır.
Tarixi Zəfərimiz keçilən yolun aydın mənzərəsidir.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini
qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər
qazanmaqla sübuta yetirdi. Azərbaycan möhkəm təməl üzərində bütün sahələrdə
daha da gücləndi, qüdrətləndi, diplomatik mübarizədə mühüm uğurlara imza atdı,
hərbi qüdrətini artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə,
dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi
sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə sayəsində
ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin
edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan
azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: "Mən bu gün ulu öndər
Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə
dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün
aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz
haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik,
inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu,
iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa
hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt
biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya
bilmərik” fikirləri tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Artıq bu
torpaqlarımız azaddır, genişmiqyaslı bərpa-quruculuq mərhələsini yaşayırlar.
Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur
turizm məkanı kimi dünyanın diqqətində olacaq. İkinci Qarabağ müharibəsini Zəfərlə
başa vuran Azərbaycanın qarşısında duran həllivacib məsələlərdən olan Zəngəzur
dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən biri idi.
Azərbaycanın hər bir uğuru Heydər Əliyev
siyasətinin təntənəsidir. Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident
seçildikdən sonra keçirilən andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə
müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi bugünümüzün
reallıqlarında öz əksini tapır: "Mən bu gün bu yüksək kürsüdən əziz
Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz
olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf
etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Məhz Heydər
Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların
reallaşması insan fenomeninin gücünə mümkündür” fikirləri dahi şəxsiyyətin
böyüklüyünün, xeyirxah əməllərinin, çoxşaxəli fəaliyyətinin təqdimatıdır.
Mehriban xanım Əliyeva bu fikirlərinin davamı olaraq bildirir ki, böyük və
nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın
daşıyıcıları olurlar. Belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi
sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət
edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında
bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev
qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü
nailiyyətləridir.
Heydər Əliyev Fondu dahi şəxsiyyətin Azərbaycan
xalqı üçün böyük sərvət olan irsinin təbliği ilə yanaşı, uğurlu layihələri ilə
Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın davamlı uğurlarına böyük töhfələr
verir. Hazırda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq
işlərini tezliklə, eyni zamanda, yüksək səviyyədə başa çatdırmaqdır. Bu
torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan
bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur
hissi doğurur. Qarabağımızın və Şərqi Zəngəzurumuzun azad edilməsi ilə yanaşı,
soydaşlarımızın Böyük Qayıdışının tam təmin olunması, bu torpaqlarda həyatın
canlanması dahi şəxsiyyətin ruhunu şad edəcək.
Bu gün tarixi ədalətə söykənərək Qərbi
Azərbaycana qayıdacağımızı bəyan edirik və əminik ki, qayıdacağıq. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan
xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.
Atılan hər bir addım, qarşıya qoyulan hədəf
ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatına yeni-yeni əlavələr
edir. Uğurlarımızın davamlı olması qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu
ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır. Müstəqil Azərbaycan
ümummilli lider Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Ulu Öndərin
zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə,
uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik
həyata keçirdi və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik
Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.
HEYDƏR ƏLİYEV:
"Nə qədər ki Azərbaycan var, mən də varam.
Mən isə Azərbaycanda əbədi olacağam!”
Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Oxunub: 163
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim