"carciTV" TƏQDİM EDİR
Ulu öndər Heydər Əliyevin uğurlu dil siyasəti
Ana dili hər bir xalqın, millətin varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin olduqca geniş və zəngin elmi, mədəni irsində dil problemləri xüsusi yer tutur. Heydər Əliyevin əsərlərində Azərbaycan dili problemləri haqqında mühüm elmi-nəzəri fıkirlər var. Heydər Əliyev Azərbaycan dili ilə əlaqədar bir sıra tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.
1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi adət və dəyərlərimizin qorunması, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı.
Azərbaycan dilinin inkişaf və qorunması haqqında danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durum və problemlərinə daim diqqət yetirərək bu istiqamətdə bir sıra vacib tədbirlərin həyata keçirilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyev dilimizin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi cəhətdən müstəsna əhəmiyyəti olan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bu fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili
günü təsis edilmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib təkib hissələrindən biri də "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.
30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir. Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz qüdrətlə, təntənə ilə səslənir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin yürütdüyü dil siyasəti ilə bağlı olmuşdur.
Gülnar MUXTARZADƏ,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi.