"carciTV" TƏQDİM EDİR
Heç kim təsadüfən yaxşı insan olmur...
Hörmətli dostlarım!
Paylaşacağım bu status xüsusilə hamı üçün önəmlidir. Burada bəzi işbazlar və dələduzlar meydana çıxıblar. Bir çoxunun səhifələrini oğurlayıb həmin profil sahibərinin adından onun dostlarına müxtəlif mesajlar göndərir, müxtəlif formalarda yardım etmələrinin xahiş edirlər. Halbuki əsl profil sahibinin bu mesajların heç birindən xəbəri yoxdur. Tələbə yoldaşım, Əməkdar jurnalist Şəmsiyyə Musaqızı bu barədə məni məlumatlandıranda və narahatlığını bildirəndə mən də heyrətləndim. Səbəbi ilə maraqlandıqda qeyd etdi ki, burada xüsusi qruplar var ki, bu işlə məşğul olurlar. Bu halla rastlaşan bir neçə dostumuzun adını da çəkdi, onlar da belə halları narazılıqla qarşılayıb, həm də çox marahat olublar. Məqsədim budur ki, belə hallarla kimlər rastlaşıblarsa, qrup şəklində öz etirazlarını bildirsin, haqlı səsini qaldırsınlar. Mən Şəmsiyyə xanım "Heç kim təsadüfən yaxşı insan olmur..." adlı "Modern.az" saytında yerləşdirilmiş maraqlı yazısını özünün feysbuk səhifəsində paylaşa bilmədiyi üçün mən paylaşmağa qərar verdim. Həmin yazı ünlü ziyalımız, dəyərli, mərhəmətli, xeyirxah insan, Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun 60 illik yubileyi ilə bağlıdır. Ona görə istərdim ki, həm mənim dostlarım, həm də Şəmsiyyə xanımın dostları həmin yazını buradan izləmək, oxumaq və lazım gələrsə, rəy yazmaq imkanı qazansınlar. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Heç kim təsadüfən yaxşı insan olmur...
... Əslində, bu yazını martın əvvəlində yazmalıydım. Amma bir gözləntim vardı, ona görə əl saxladım. Fikirləşdim ki, qoy bu məsələ də olsun, sonra bir şeylər yazım... Nəyi gözlədiyimi bir mən bilirəm, bir də haqqında söhbət açacağım adam. Çünki özünə dedim ki, bəs mən filan məsələyə görə yazımı yubileyindən sonraya saxlayıram... Gülümsədi, sadəcə dedi ki, gözləmə, olmaya da bilər... Həm də yubileyqabağı onun haqqında çox yazan oldu və olacğını da bilirdim ... Gözlədiyimin biri də həmin yazılarda onun haqqında mənim düşündüklərimdən, bildiklərimdən daha kimin bəhs edəcəyini bilmək idi... Çox şeyləri dedilər, yazdılar, ancaq bəzi fikirlər var ki, yazan olmadı. Bunu da mən yazacam... Bu yazıda onun portret cizgilərini olduğu kimi göstərməyə çalışacam...
Əvvəlcədən deyim ki, bu yazıda onun nə Milli Məclisdəki, nə də ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətini təqdir etmək fikrim yoxdur. Çünki onun hər iki sahədəki fəaliyyəti dövlət rəhbərliyi tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb...
Elə adamlar var ki, onların ömür yolu tək özləri üçün deyil, bütün el üçün, xalq üçün mənalı keçir. İldən-ilə daha da zəngin, daha yaddaqalan olur. Mənim bu yazıda bir insan obrazında xarakterizə etdiyim Novruz Aslan ömrü kimi. Haqqında söhbət açdığım insan bu gün hamının sevimlisnə çevrilən, xalq arasında yaxşı tanınan Novruz Aslanovdur. Onu musiqisevərlər sadəcə, Novruz Aslan kimi tanıyırlar. Gözəl, lirik, qəlbləri duyğulandıran, könülləri riqqətə gətirən bəstələrin müəllifi kimi onu sevənlər saysızdır...
Xalq arasında hamı onu xeyirxah, mərhəmətli, ədalətli, sədaqətli insan kimi tanıyır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, 2005-ci ildən Milli Məclisin deputatı olan Novruz Aslanov Vətənini, xalqını, Prezidentini, dövlətini, dövlətinin qanunlarını sevir, hörmət edir. O, mərd, yurda, torpağa bağlı, Azərbaycana, elinə, obasına şöhrət gətirən kişilərdəndir. Novruz müəllim xalq üçün, el-oba üçün yaşayan insandır. Onu tanıdığım ilk gündən necə görmüşəmsə, elədir - sadə, mehriban, ədalətli, mərhəmətli, xeyirxah, təvazökar, haqq yolunda inamla addımlayan, haqq işi ilə tanınan, xeyirxahlığı ilə seçilən, yaxşı əməlləri ilə ürəklərə yol tapan, əl tutmağı, yaxşılıq etməyi özünün kredosu bilən...
Novruz Aslan baharın yurdumuza qədəm qoyduğu ilk gündə dünyaya göz açıb. Bu bahar ömrünün 60-cı pilləsindən qalxıb, yeni bir pilləyə qədəm qoydu. Ötüb keçən illər Novruz müəllimi ucaldıb, desəm, yanılmaram. İllər ötüb keçdikcə Novruz müəllimin müdrikliyi də artıb, səxavəti də, mərhəməti də, humanistliyi də...
Zəruri qeyd:
Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirmişdir. Həmin il Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutunun) "Avtomatika və elektron hesablama texnikası" fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışmışdır.
1990-1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
2005-ci il, 2010-cu il və 2015-ci il (III, IV və V çağırış) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Bitərəfdir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. 10 ədəbi, elmi-kütləvi kitabın - belə ki, daha çox oxucu auditoriyasına malik olan "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bügün, sabah" bu və ya digər, "Xeyir və Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan və onun möcüzəli dünyası", "Əbədi həyat və möcüzəli varlıq" kimi kitabların müəllifidir.
Ailəlidir, 4 övladı var.
2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş "Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili" adına layiq görülüb.
Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə "2008-ci ilin adamı” elan edilib, 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə "İlin Adamı" medalı ilə təltif olunub.
Novruz Aslanov "Yusif Məmmədəliyev" adına medala layiq görülüb və respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "Tərəqqi” medalı, 4 mart 2010-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə", 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Düzdür, bu gün Novruz müəllimin saçlarına dən də düşüb, ancaq xasiyyəti, əməli dəyişməz qalıb. Bu illər ərzində ürəklərə ümid, gələcəyə inam, könüllərə nur çiləməsi Novruz Aslanda olduğu kimi qaldığını görmək olur. Hələ lap gənc yaşlarından müdrik insan kimi tanınıb və həmişə imkansızlara arxa durub. Yaxşılığı özünə peşə seçən Novruz Aslan xalqın güvəndiyi adamdır. Hay deyəndə imdada çatan, yardıma möhtac olandan köməyini əsirgəməyəndir. Deputat seçildiyi İsmayıllı rayonunda onun yolunu hər həftə səbrsizliklə gözləyənlər var. Yaxın, uzaq kəndlərdən qəbuluna gələnlər ən müşkül işlərinin həllində Novruz müəllimdən kömək istəyirlər. Heç biri də naümid qayıtmır. Xəstəsinin müalicəsinə köməklik istəyənlər, övladının təhsil haqqını ödəyə bilməyənlər, iş tapmaqda çətinlik çəkənlər və s. hamı ona müraciət edir. Bu, hər adama nəsib olan iş deyil. Yəni, hər adama ümid yeri kimi baxmırlar. Çünki hər adamda Hatəm səxavəti olmur. Hər adam əl tutmağı bacarmır. Novruz Aslan isə səxavəti ilə, nəzakəti ilə adamların güvənc yerinə çevrilib, könüllərdə taxt qurub.
Novruz müəllimin xüsusi qayğısı, diqqəti şəhid ailələrinin, 44 günlük Vətən müharibəsi qazilərinin də üzərindən əskik olmur. Hər bir şəhid ailəsində olur, bütün bayramlarda, özəl günlərdə onların adını anır, ehtiyacları ilə mraqlanır, köməyini əsirgəmir.
Novruz Aslanı bir çoxlarından fərqləndirən, bəlkə də çoxlarında olmayan bir xüsusiyyətini xüsusilə qeyd etmək istəyirəm. Dostluqda çox sədaqətlidir. Biz çoxlarını tanıyırıq ki, həyatda dostluq etdiyi adam dünyadan köçəndən sonra oradaca unudur...
Ancaq Novruz müəllimdə elə bir xüsusiyyət var ki, o, həyatdan köçmüş dostlarını heç vaxt unutmur, ailə üzvlərindən əlaqəsini kəsmir... Hətta onların övladlarının işlə təmin olunmasına yardımçı olur. Hətta bəzilərinin övladını yanında işə götürüb. Dəfələrlə görmüşük ki, dünyadan köçmüş dostlarının məzarlarını ildə iki dəfə: ölüm və doğum günlərində ziyarət edir.
Buna misal olaraq Xalq artistləri İlhamə Quliyeva və Rəfael Dadaşovu göstərə bilərəm. Musiqisevərlər yaxşı bilirlər ki, Novruz Aslanın bəstələrinin ən gözəl ifaçısı Xalq artisti İlhamə Quliyeva olub və onun ifasında bu mahnılar sevilib. Uzun illər yaradıcılıq əlaqələri davam edib. Novruz müəllim hər il İlhamə xanımın doğum günündə və ölüm günündə onun sağlığında sevdiyi ağ qızılgüllərdən çələng bağladıb məzarını kollektivi ilə ziyarət edir... Bu, ən yüksək insani keyfiyyətdir. Bunu Novruz müəllimdə çox dəyərləndirirəm. Heç kim təsadüfən yaxşı insan olmur. Kim orta insandan yüksəkdədirsə, onunla ali şeylər haqqında danışmaq olar. İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır, deyirlər. Bizim tanıdığımız Novruz Aslan da belə adamlardandır.
Bu gün Novruz Aslan təmənnasız bir ömür yaşayır. Gənc yaşlarından özündən kiçiklərə də, böyüklərə də nəsihətləri ilə ürəklər yol tapıb. Böyük amallarla yaşayan, ömrünü yüksək ideyalara həsr edən, nikbinliyini heç vaxt itirməyən Novruz Aslan hər zaman millətin, xalqın, dövlətin şərəfini qoruyur. Novruz Aslan kimi şəxsiyyətlərdən öyrəniləsi xüsusiyyətlər çoxdur. Vətənə, millətə gərəkli və layiqli övlad olmaq, həyatda faydalı işlər görmək üçün gərək Novruz müəllim kimi olasan, onun kimi düşünəsən.
İndi Novruz müəllim ömrünün ən coşqun, ən mənalı çağlarını yaşayır. 60 ili arxada qoyan gözəl ziyalımıza ömür yolunda bundan sonra da yeni-yeni uğurlar diləyirik.
Yubileyin mübarək olsun, Vətən oğlu!
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist