Ana dilimizin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu
Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur! Məlumdur ki, hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, keçmişi ilə bu günü və gələcəyi arasında əbədi, qırılmaz körpü yaradan ən mühüm və ən güclü vasitə dildir. Torpaq və dil qədər Vətəni Vətən edən başqa bir məfhum yoxdur. Biri xalqın coğrafi, digəri mənəvi ərazisidir. Dili qorumaq, yaşatmaq, inkişaf etdirmək missiyası əsrlər boyu həmin dildə danışan xalqın yetirdiyi böyük tarixi şəxsiyyətlərin üzərinə düşüb. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ümumiyyətlə, böyük şəxsiyyətləri tarix, zaman özü yetişdirir və onlar öz əməlləri ilə tarixi yaradır, zənginləşdirir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu gün də bu zirvədən xalqın dünəni, bu günü və sabahı görünür. Onun kimi şəxsiyyətin həyat yolu, xalqı üçün göstərdiyi fədakarlıqlar, titanik fəaliyyəti azərbaycanlılar bütövlükdə Azərbaycan və türk dünyası üçün misilsiz dərəcədə qiymətlidir. Ulu öndərin adı ölkəmizin və bütövlükdə türk dünyasının tarixinə qızıl hətflərlə yazılmışdır. O, hələ sağlıqında xalqının sevgisini qazanaraq zirvələrə ucalmış sözün əsl mənasında, Vətəninin böyük oğlu olmağı bacarmış DAHİDİR.
Müdrikliyi, uzaqgörən siyasəti ilə dünyanın sayseçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan əvəzolunmaz şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyevin hər bir kəlməsi, sözü bitib tükənməyən bir xəzinə olmuşdur. Onun dilimiz haqda dediyi bu kəlmə də hər zaman qiymətli olaraq qalacaqdır. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi diqqət və qayğı göstərmişdir. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Azərbaycanın hələ Sovet imperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücumların yeni dalğası başlamışdı. "Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi. Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. SSRİ məkanında 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Beləliklə Azərbaycan, yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri oldu. Bu da, Ulu öndərimizin dilimiz uğrunda atdığı ən önəmli addımlardan biri idi. Heç kimin etmədiyi addımı məhz bu Dahi insan etdi. Bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidməti idi. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu.
Ana dilinə olan bu sonsuz bağlılıq, hüdudsuz xalq, millət sevgisi Ümummilli liderin hakimiyyətə ikinci qayıdışından sonra özünü daha qabarıq büruzə verdi... Azərbaycan dilinin milli, dövləti əhəmiyyətinin ön plana çəkilməsi, aktuallaşdırılması, tədrisi, tətbiqi, tədqiqi ilə bağlı imzalanan neçə-neçə tarixi fərman və sərəncamlar mükəmməl dil quruculuğu konsepsiyasının bünövrəsini qoymaqla yanaşı, dilimizin inkişafı, məzmun və mahiyyətinin zənginləşməsi, istifadə və ifadə arealının genişlənməsi istiqamətində əsaslı tarixi dəyişikliklər yaratmışdı. Göründüyü kimi, Heydər Əliyev, qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. 2002-ci il 30 sentyabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən 1 avqust tarixi hər il "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunmaqdadır. Bu da, Azərbaycan dili tarixində əlamətdar və önəmli bir hadisədir.
Ulu öndər Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə, elmi-nəzəri əsaslara söykənən prinsipiallıqla mübarizə aparması, obyektiv, real nəticələrə nail olması dünyada yaşayan bütün azərbaycanlılara, 50 milyonluq Azərbaycan xalqına ən gözəl nümunədir. Onun dil siyasətinin uğurları bütün incə, "görünməz” məqamları ilə öyrənilməli, ciddi elmi-analitik təhlil, tədqiq yolu ilə xalqımıza, xüsusilə gənc nəslə çatdırılmalıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə hər zaman böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” (1.4).
Bu günlərdə böyük şəxsiyyətin dünyaya, gəlişinin 100-cü ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik. Onu sadəcə doğum və ölüm günündə deyil, hər an, hər saat minnətdarlıqla anırıq. Və təbii ki, dünya durduqca, müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız durduqca onu heç unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, ona minnətdar olacağıq. Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan ana dilimiz – Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir. Biz dahi xilaskarımız, Ulu öndər Heydər Əliyevdən doğma xalqa, Vətənə, Azərbaycana yorulmadan xidmət etməyi, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağı, müqəddəs sərvətimiz olan Azərbaycan dilini sevməyi, bu dildə danışmaqdan qürur duymağı öyrənməliyik.
Nəticə. Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıqlar tamamilə aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeyi tam şəkildə bərpa olundu.
Kərimova İradə Məzahim qızı,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent