Çətin sınaq günlərinin möhkəm və etibarlı
Azərbaycan-Türkiyə birliyi
Zamanın gərdişi, qloballaşan dünyada cərəyan edən hadisələr, Azərbaycan-Türkiyə əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi və bunun fonunda bütün türk xalqlarının həmrəyliyi bu gün Türkiyə-Azərbaycan birliyini daha da aktual edir.
Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzolunmazdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr yeni inkişaf mərhələsinə yüksəlmiş, dahi liderin "bir millət, iki dövlət" kəlamı isə xalqlarımızın birliyinin, dövlətlərimizin müttəfiqliyinin təməl prinsipinə çevrilmişdir. Azərbaycanın müstəqilliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması və diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsidir. Belə ki, müstəqilliyinin bərpasının ilk illərində Türkiyə Azərbaycanın hərtərəfli inkişafına yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında mühüm rol oynamışdır.
Türkiyə-Azərbaycan münasibətlərini hər zaman yüksək dəyərləndirən ümummilli lider Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun təməlini hələ 90-cı illərdə qoymuşdur. Ortaq dinimizə, dilimizə, tariximizə böyük önəm verən Heydər Əliyev türk dövlətləri ilə əlaqələrin qurulmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. 1991-ci ildə müstəqilliyinə doğru gedən çətin, keşməkeşli yolda da, İkinci Qarabağ müharibəsi dövründə də Türkiyə Azərbaycana olan sevgisini bütün dünyaya nümayiş etdirdi. Ərazi bütövlüyü uğrunda Ermənistana qarşı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan elə ilk gündən Türkiyəni yanında gördü. Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi, böyükdən-kiçiyə türk xalqının "qardaş, mən səninləyəm" söyləməsi dövlətimizi gücləndirdi, xalqımızı daha təmkinli, mətanətli etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birinə səmimi münasibətləri dövlətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə"si bunun bariz nümunəsidir. Bu gün Azərbaycan-Türkiyə birliyinin yeni tarixi yazılır.
Dostluğun, qardaşlığın və ən əsası yaxın müttəfiqliyin ən gözəl nümunəsi olan Türkiyə-Azərbaycan birliyi bu gün hər sahədə özünü göstərir. İkitərəfli münasibətlərdə ortaq hədəflər istiqamətində birgə addımlayan, ümumi maraqlar uğrunda səylə mübarizə aparan iki qardaş ölkə istər iqtisadi, istər siyasi sahədə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirirlər. Bu il aprel ayının əvvəlində Türkiyə ilə Azərbaycan arasında "Güzəştli Ticarət Sazişi"nin əhatə dairəsinin genişləndirilməsinə dair protokolun imzalanması iki ölkə arasında ticarət həcminin artırılması istiqamətində atılan uğurlu addımdır. Samsun Qazi Muzeyində keçirilən imzalanma mərasimində çıxış edən ticarət naziri Mehmet Muş qeyd edib ki, protokola əsasən güzəştli ticarət çərçivəsində iki ölkə arasında ticarət həcmini artıraraq 150 milyon dollara çatdıracağıq: "Həm beynəlxalq arenada, həm də ikitərəfli münasibətlərdə ortaq hədəflər yolunda birgə çalışır və mübarizə aparırıq. Biz uzun müddətdir ki, iqtisadi əlaqələrimizdə siyasi əlaqələrimizə, qardaşlığımıza uyğun zəmin hazırlamaq üçün çalışırıq. Bu gün biz bu zəminin yaradılması istiqamətində daha bir addım atdığımız üçün xoşbəxtik".
"Güzəştli Ticarət Sazişi"nin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı protokolun Samsunda imzalanmasından məmnunluğunu bildirən ticarət naziri Mehmet Muş protokolla yaradılacaq əlavə ticarət həcminin mühüm əhəmiyyət kəsb etdiyini və qardaş Türkiyənin istehsal və logistika sahəsindəki imkanlarının ticarət dövriyyəsinin artırılmasında əsas bazaya çevriləcəyinə və bunun ölkələrin iqtisadiyyatına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Bu razılaşmanın əldə olunmasının əhəmiyyətini vurğulayan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə ticarət əməkdaşlığı mövcuddur. Ölkələrimiz arasında enerji, kənd təsərrüfatı və sənaye zonaları sahələrində əməkdaşlıq edilir. Bildirmək istərdim ki, birgə həyata keçirdiyimiz layihələrin sayı artmaqdadır".
"Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir", "bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulmuş Azərbaycan və Türkiyə dövlətləri bu gün bütün dünyanın həsəd apardığı, qibtə etdiyi birlik, həmrəylik nümayiş etdirirlər. Ortaq sivilizasiya və dilə malik, tarix boyu bir-birindən ayrılmayan iki dövlət gələcəyə birlikdə inamla addımlayır. Bu qətiyyətin, inamlı addımların arxasında isə hər iki ölkə liderinin əldə etdikləri uğurlar dayanır.
May ayının 2-də "Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması"nın təşkilatçılığı ilə "Türkiyə və Azərbaycanın ortaq gələcəyi" adlı konfransda ölkələrimizin gələcəkdə də birgə fəaliyyət göstərməsinin əhəmiyyəti vurğulanmışdır. Bütün sahələrdə dinamik inkişaf edən Türkiyə bu gün uğurlu siyasəti, qətiyyətli və müstəqil mövqeyi ilə müasir dünyada qlobal aktorlardan birinə çevrilib. Cənubi Qafqazda, eləcə də yeni dünya düzənində cərəyan edən proseslərdə söz sahibi olan, xüsusilə müdafiə sənayesi sahəsində çoxsaylı nailiyyətlər əldə edən qardaş ölkə dünya birliyində daha güclü, qüdrətli ölkələr sırasında qərarlaşıb.
2018-ci ildən etibarən Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Səlcuq Bayraktarın rəhbərlik etdiyi "Türkiyə Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının 2022-ci ildə ilk dəfə Türkiyədən kənarda olaraq Bakıda keçirilməsi Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının, strateji müttəfiqliyinin möhtəşəm təntənəsidir. Gələcəyə birgə addımlayan iki qardaş ölkə bu festivalı Azərbaycanda gerçəkləşdirməklə bir daha bütün dünyaya "bir millətik, iki dövlət mesajını göndərdilər. Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalında iştirak edən Prezident İlham Əliyev demişdir: "Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar".
Türkiyədə milli texnologiyaların inkişafında mühüm rol oynayan, bir çox qurumun tərəfdaşlığı ilə ərsəyə gələn aviasiya, kosmos və texnologiya festivalı ölkəmizin innovasiya məkanının genişləndirilməsi, gənclərin özlərini sınaması, texnologiya və innovasiya sahəsində potensiallarını üzə çıxarması üçün yeni platformadır.
"TEKNOFEST-2023" 2,5 milyondan çox ziyarətçi ilə bütün dünyaya səs saldı. 27 aprel - 1 may tarixlərində İstanbulda Atatürk Hava Limanında keçirilən festivalda çıxış edən TEKNOFEST İdarə Heyətinin və T3 Vəqfi Mütəxəssislər Şurasının sədri Səlcuq Bayraktar TEKNOFEST-in rekordlar qıran, gələcəyimizə xoş ümidlər bəxş edən bir festival olduğunu bildirdi. 2019-cu ildə 1 milyon 720 min ziyarətçi ilə dünya rekordu qırdıqlarını xatırladan Səlcuq Bayraktar - "Dünən 1 milyon qardaşımız Milli Texnologiya Hərəkatı ilə görüşmək üçün igidlər meydanı olan Atatürk Hava Limanına gəldi. Biz dünya miqyasında daha bir rekord qırdıq. "TEKNOFEST-2023" 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük təşkilatı kimi tarixə düşdü. Buna birlikdə nail olduq".
Qeyd edək ki, bu il "TEKNOFEST"də 102 müxtəlif kateqoriya üzrə 41 əsas yarış keçirilmiş və yarışlarda 332 min komanda və 1 milyondan çox rəqib iştirak etmişdir. Ağıllı nəqliyyat, biotexnologiya innovasiyası, çip dizaynı, şaquli eniş raketi, təhsil texnologiyaları, maneəsiz yaşayış texnologiyaları kimi bir çox kateqoriyada keçirilən yarışlarla yanaşı, maraqlı tərəflər də inkişaf etdirdikləri məhsulları və təqdim etdikləri xidmətləri stendlərdə sərgiləyiblər. "Bayraktar Kızılelma" və "Bayraktar Akıncı" da daxil olmaqla Türkiyə müdafiə sənayesinin bir çox nümunələri ziyarətçilərə təqdim edilib. Bu il Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı da ilk dəfə olaraq "TEKNOFEST" də nümayiş olunub. Tədbirdə, həmçinin yerli istehsal olan Milli Qanadların nümayiş uçuşları, Akıncı Taaruzi Pilotsuz Uçuş Aparatı (TİHA), Bayraktar TB2, Kızılelma, Hürkuş, Aksunqur/Anka, Atak Helikopteri, Gyrocopter, Gökbey Helikopteri, MB-339NAT Fursan Al-Emarat, S - 70 Skorsky, BEL 429 Helicopter, Cirrus/Cesna və Türk Silahlı Qüvvələrinə aid F-16 təyyarələri SoloTürk və Türk Ulduzlarının akrobasi uçuşları da həyata keçirilib. Türk Ulduzları və Birləşmiş Ərəb Əmirliklərinin Fursan Al Emarat Air Akrobatika komandasının İstanbul səmasında birgə nümayiş etdirdiyi uçuş şousu da maraqla izlənilib. Mərakeş Hərbi Hava Qüvvələri komandaları tərəfindən ilk dəfə "TEKNOFEST"də uçuş nümayiş etdirilib.
Qeyd edək ki, aprelin 27-dən Türkiyənin İstanbul şəhərində start verilən "TEKNOFEST-2023-Türkiyə" festivalında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunmuşdur. Festival çərçivəsində Azərbaycanın Kosmik Agentliyi - Azərkosmosun da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatlar nümayiş etdirilmişdir. Festivalda iştirak edən ölkə başçımız demişdir: "Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir".
Bu gün Türkiyə-Azərbaycan tərəfdaşlığı günü-gündən daha da möhkəmlənir. Bütün çətinlikləri birlikdə, çiyin-çiyinə dəf edən dövlət başçılarımız ən güclü sərvətimiz olan qardaşlığımıza xələl gətirmək istəyənlərə dövlətlərimizin qüdrəti, xalqlarımızın sarsılmaz birliyi ilə göz dağı verirlər. İndi qədim sivilizasiyamızın ədalət, mərhəmət, xeyirxahlıq və humanistlik dəyərlərinə sadiq qalan, haqq yolundan geri dönməyən Türkiyə və Azərbaycan var.
Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.