Dünya təcrübəsi göstərir ki, dövlətlərin özünəməxsus inkişaf və tərəqqi yolunu müəyyənləşdirən siyasi strategiyalar yalnız xalqına bağlı liderlərin fəaliyyətində reallığa çevrilir. Siyasi liderin ictimai dəstəyinə arxalanaraq milli maraqların təminatçısı olması inqilabi xarakterli nailiyyətlərə yol açır və bunu müstəqil Azərbaycanın nümunəsində də aydın görmək mümkündür.
Müdrik xalqımızın ötən 20 ildə öz taleyini qəlbən inandığı siyasi liderə etibar etməsi hazırda Azərbaycanın iqtisadi və siyasi cəhətdən müstəqil, milli maraqlarını layiqincə müdafiə edən, sayılıb-seçilən dövlətlərdən birinə çevrilməsinə imkan yaradıb. Ölkəmizin müasir tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkiləri xalqımızın seçimində qətiyyən yanılmadığını, Heydər Əliyev siyasi kursunun cəmiyyətin ümumi mənafeyi baxımından alternativsizliyini sübuta yetirib. Dayanıqlı iqtisadi inkişafa, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına zəmin yaradan, qlobal enerji layihələrinin təminatçısına çevrilən, respublikanın regional və beynəlxalq mövqeyini gücləndirən siyasi kursun layiqli davamçısı - cənab İlham Əliyevin bu seçkilərdəki şəksiz qələbəsi cəmiyyətin həlledici çoxluğunun sosial sifarişi, istək və arzusu idi. Bu əlahiddə seçim xalqımızın təkamülə əsaslanan inkişafı dəstəklədiyini, konkret planlara malik çevik, işlək və monolit komandaya güvəndiyini göstərdi. Ötən mərhələnin möhtəşəm uğurları isə sonrakı dövrdə keçirilən bütün seçkilərdə Heydər Əliyev siyasi kursunun birmənalı zəfərini təmin etdi.
2020-ci ildə ərazilərini işğaldan azad edən, bu ilin sentyabrında isə Qarabağdakı qanunsuz rejimin mövcudluğuna son qoyaraq suverenliyini bərpa edən Azərbaycan növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Ötən 20 ildə qazanılan nailiyyətləri gündəlik həyatında hiss edən orta statistik azərbaycanlının "Niyə məhz İlham Əliyevə səs verməliyik?" sualına cavabı birmənalıdır. Ən azı bu baxımdan ki, mürərəqqi inkişaf strategiyası əsasında respublikamızı daha təminatlı gələcəyə, yüksək sosial rifaha, demokratikləşməyə aparan mövcud siyasi kurs milli ideya səviyyəli bütün hədəflərin reallaşmasını təmin edib.
Cənubi Qafqaz regionunun sülh, təhlükəsizlik və əməkdaşlıq adasına çevrilməsi baxımından bu siyasətin varisliyi dünyanın bir çox aparıcı dövlətinin və təşkilatının da maraq dairəsindədir. Cənab İlham Əliyevin Ulu Öndərin təkmil diplomatiya məktəbində formalaşmış peşəkar, praqmatik siyasətçi olması, çağdaş dünya siyasətini adekvat qiymətləndirməsi, qlobal proseslərə nüfuz etmək bacarığı, respublikamızı bütövlükdə Avropa üçün cəlbedici enerji dövlətinə çevirməsi onun beynəlxalq arenada ciddi siyasi dəstək almasını təmin edir. Bu həm də Prezident İlham Əliyevin sözünə imzası qədər sadiq lider olması, ölkəmizi dünyanın bir-birilə geosiyasi rəqabətdə olan əksqütblü güc mərkəzləri üçün etibarlı tərəfdaşa çevirməsi ilə şərtlənir. Azərbaycan bu gün nadir ölkədir ki, həm Rusiya, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ ilə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq meyarları üzərində qurmağı bacarıb. Müxtəlif ölkələrin əlində siyasi alətə çevrilən Ermənistandan fərqli olaraq, ölkəmiz milli maraq və mənafelərini önə çəkərək müstəqil siyasət yürüdür, daxili məsələlərinə müdaxilə cəhdlərinə qarşı barışmaz mövqe tutur.
Xarici siyasətdəki müstəqillik, yürüdülən hücum diplomatiyası ilk növbədə ölkəmizin iqtisadi gücü və qüdrətindən irəli gəlir. Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti 90-cı illərdə ictimai-siyasi və iqtisadi böhrandan inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü siyasi kurs respublikamızın milli inkişaf modelinin formalaşmasını təmin edib. Son 20 ildə dövlət başçısının iqtisadi siyasətinin əsasında məhz güclü dövlət, sabitlik və sosial rifah dayanıb. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü və qüdrətli dövlətə nail olmaq, hər bir fərdin mənafelərini müdafiə etmək mümkün deyildir. Güclü iqtisadiyyatı olan qüdrətli dövlətin, modern ordunun yaradılması, qlobal təhdidləri zərərsizləşdirən çevik diplomatiyanın həyata keçirilməsi, xalqına və dövlətinə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi uzun illər ərzində xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ düyününün milli maraqlarımıza uyğun çözümünə zəmin yaradıb.
Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı bununla bağlı deyib: "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq".
Ötən tarixi mərhələdə reallaşdırılan inqilabi xarakterli islahatlar dövlət idarəçiliyinin yeni çağırışlar əsasında həyata keçirilməsi ilə şərtlənərək, hökumətin cəmiyyət qarşısında müntəzəm olaraq hesabatlar verməsini də mütərəqqi ənənəyə çevrib. Bu hesabatlar konkret dövrdə qazanılmış uğurların qiymətləndirilməsi və ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında açıq müzakirələrin aparılması, problemlərin həlli yollarının tapılması üçün səmərəli platforma rolunu oynayır.
Prezident İlham Əliyev dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmaqla dövlət idarəçiliyinin özünəməxsus modelini yaradıb və xalqın mənafeyinə uyğun fəaliyyətini təmin edib. Xüsusi vurğulamaq istərdik ki, 2017-ci il 21 fevral tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunan Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti ölkədə həyata keçirilən çoxşaxəli islahatların səmərəliliyini daha da yüksəldib. Cəmiyyətin müxtəlif sahələrindəki nailiyyətlərə, yüksək bilik və bacarıqlara malik gənc kadrlar hesabına mükəmməl komanda formalaşdırması Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsindəki uğurlu fəaliyyətini şərtləndirən əsas məqamlar sırasındadır. Cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar onun idarəetmə fəaliyyətinin humanist və insanpərvər mahiyyətini bir daha üzə çıxarıb. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edərək yeniləşmə prosesinə sanballı töhfələr verir. Yaxından iştirakı, idarəetmənin modern əsaslarla aparılması və situasiyaların düzgün idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir.
Vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin açıq, şəffaf, əlçatanlıq və məmnunluq meyarları əsasında qurulması, insanlarda razılıq və ya narahatlıq doğuran məsələlərin müəyyənləşdirilməsi məqsədilə çevik kommunikasiya mexanizmlərinin formalaşdırılması ötən dövrdə aparılan islahatların ana xəttini təşkil edib. "ASAN xidmət", "ASAN kommunal" və "DOST" kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda idarəetmə sistemində inqilabi dəyişikliklərə yol açıb, şəffaflığı və vətəndaş məmnunluğunu təmin edib.
Mərkəzi və yerli icra hakimiyyəti strukturlarında şəffaflığa, hesabatlılığa, "Açıq cəmiyyət" quruculuğu prinsiplərinə əsaslanan çevik idarəetmə modelinin formalaşdırılması yeni mərhələdə aparılan kadr siyasətinin əsas qayəsində yer alır. Bunlar həm də onu göstərir ki, Azərbaycanda başlanmış islahatlar sistem xarakterlidir və ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması üçün ciddi siyasi iradə mövcuddur. Bu islahatların əsas hədəfi eyni zamanda bəzi mərkəzi və yerli yerli icra hakimiyyətləri barəsində uzun illər ərzində formalaşmış mənfi ictimai rəyin aradan qaldırılmasıdır. Müasir idarəetmə meyarlarına uyğunlaşmaq istəməyən məmurlar barəsində sərt ölçülərin götürülməsi, onlardan bir qisminin cinayət məsuliyyətinə cəlb olunması ilk növbədə qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan prinsipial addımlar olub.
Sözünə bütövlüyü, verdiyi bütün vədləri reallaşdırması dövlət başçısının cəmiyyətin həlledici çoxluğunun rəğbət və etimad göstərdiyi liderə çevrilməsinin başlıca səbəblərindən biridir. Nəyi nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin 2023-cü ildə ölkəmizin suverenliyini təmin etməsi bu reallığı bir daha təsdiqləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində hərbçilər qarşısındakı tarixi çıxışı zamanı deyib: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş iclasında cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də baş tutucaq növbədənkənar prezident seçkilərinə namizədliyinin irəli sürülməsi cəmiyyətin sosial sifarişinə əsaslanmaqla, Azərbaycanın hərtərəfli inkişaf və tərəqqisi, eləcə də həyata keçirilən islahatların davamlılığının təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qərarın cəmiyyətin müxtəlif zümrələri tərəfindən dəstəklənməsi ilk növbədə Heydər Əliyev siyasi kursuna olan yüksək etimaddan, bu kursu əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi idarəçilik və liderlik keyfiyyətlərinə olan dərin inamdan qaynaqlanır.
Qeyd edilən bütün bu uğurlar xalqımızın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində azad və tərəddüdsüz, həm də doğru seçim edəcəyinə zərrə qədər də şübhə yeri qoymur. Azərbaycan vətəndaşının dəyişməz seçimini dövlətin və xalqın maraqları, eləcə də regiondakı yeni geosiyasi reallıqlar şərtləndirir.
Mədət ABDULLAYEV,
Sahibkar, iş adamı