31 MART – GENOSİD
"Nəyi görmək dilərsiniz bilməm,
Yаnıyоr zulm içində həp аləm”
Hüseyn Cavid
20 əsr Çin ədəbiyyatının ən önəmli yazıçılartından, eynı zamanda şair, tənqidçi və tərcüməçi Lu-Sin "Sərsəmin gündəliyi” əsərində Konfutsi etikasının mürtəce mahiyyətini belə açıqlayır: "Mən tаrix kitаbını аçdım. Hər səhifəsi "insаnpərvərlik”, "əxlaq”, "fəzilət” sözləri ilə dоludur. Birdən sətirlər arasından оxudum ki, bütün dünyа "insаn əti yеmək” sözündən ibаrətdir.” Sətirlər arasından оxunan "bütün dünyа "insаn əti yеmək” sözündən ibаrətdir”, fikrinin yaranma səbəbi insanların xeyri unudub şərə qulluq etmələridir. Azərbaycanın filosof şair-dramaturqu Hüseyn Cavid dünyanı qana çalxalayan, müharibə ocaqları yaradan, bəşər tarixini müharibə dəhşətləri ilə dolduranların əlehinə yazdığı "İblis” faciəsində müharibə tərəfdarlarının mənfur simalarını; gah Qərbdə zahid, gah Şərqdə abid olan Qərb imperialistlərinin, onların casuslarının əsl simalarını və müharibənin insanlara hansı dəhşətləri gətirdiyini açıb göstərmişdir. Mütəfəkkir şair, 1918-ci il 31 Mart soyqırımının sahidi və zərərçəkmişi kimi, bizzat özü məcazi mənada desək, iblislə, şərlə üz-üzə gəlmişdir. Mart qırğınları zamanı yaşadığı "Təbriz” hotelindən altmış nəfərlə birlikdə əsir alınmış, əsirlərin çoxu Cavidin gözü qarşısında güllələnmişdir. Bir təsadüf nəticəsində sağ qalmış şair yaşadığı dəhşətləri, bütövlükdə müharibənin dəhşətlərini və iblisləşmiş insanların vəhşiliklərini əsərində poetik dillə ifadə etmiş, üz-üzə qaldığı iblisləşmiş insanları, tanıdığı iblisi tanıtmış, "İblisəmi uymuş bəşəriyyət”!? – deyə fəryad etmişdir. Bu sözlər 1918 – ci ildə iblisə uymuş erməni millətçilərinin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının dəhşətli mənzərəsini gözlər önünə sərir. Amma bunun da öncəsi var.
Soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan və ermənilərdən bir vasitə kimi istifadə edən çar Rusiyası onları Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə şirnikləndirir və inandırırdılar. Məlumdur ki, 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda ermənilərin məskunlaşdırılması üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Bu fürsətdən yararlanan ermənilər öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində fasilələrlə, dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin düşünülmüş, planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.
Torpaqlarımızda məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsə də rusların himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuş, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Xəyallarına - "Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılmış, Azərbaycanın tarixi təhrif olunmuşdur.
Azərbaycanlılara qarşı keçiririlən soyqırımı aktının həyata keçirilməsi ermənilərin xəyallarını gerçəkləşdirmək məqsədi daşıyırdı. Bakı şəhərində başlayan dəhşətli qırğın az müddətdə Azərbaycanın bütün ərazisinə yayılmış, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Bu illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir. 1917-ci il oktyabr inqilabından sonra ermənilər iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. Qafqazın fövqəladə komissarı təyin edilən (mart 1918) Stepan Şaumyan Bakıya göndərilmişdir. "Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmiş,” "Müsavat"ın mövqeyinin güclənməsinə imkan verməmiş, hər addımda "Müsavat"ın siyasi təsirini aradan qaldırmaq, sosial dayaqlarını məhv etmək üçün müxtəlif metodlardan istifadə etmişdir. Məsələn, Bakı Soveti 1918-ci ilin yanvar ayında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin (Talışinski rus-yapon müharibəsində Port – Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdur) Bakı vağzalında həbs olunması, şəhər əhalisi arasında hiddətə səbəb olmuş, Bakıda və ətraf kəndlərdə etiraz nümayişləri başlamışdı. Növbəti təxribat "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi olmuşdu. Martın 29-da məşhur kapitalist Ş. Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında "Dikaya diviziya" hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan Lənkərana yola düşmək üçün Bakı limanında "Evelina" paraxoduna minirlər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələri vardı və bolşeviklər buna göz yumurdu. Martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri Stepan Şaumyanın tapşırığı ilə tərksilah edilirlər. Təxribatın təşkilatçılarının məqsədi azərbaycanlıları təxribata sövq emək idi. Müharibəyə başlamaq üçün bəhanə axtaran erməni daşnak-rus bolşevik silahlı dəstələrinin "Evelina" gəmisinə hücum edərək azərbaycanlıları tərksilah etməsi əhali arasında narahatçılığa səbəb olur. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən "Evelina" gəmisindən müsadirə olunmuş silahların geri qaytarılması üçün qərar qəbul edirlər. "Müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultiumatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində Stepan Şaumyanın, eləcə də "Müsavat" partiyası nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə, alınmış silahların "Hümmət" təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən Prokofi Caparidze də (bu tələbin yerinə yetirilməsinə söz versə də, artıq gec idi. Artıq küçədə atışma başlanmışdı. Bir haşiyə çıxaraq qeyd edək ki, P. Caparidzenin 1918-ci ilin mart qırğınları zamanı yerli müsəlman əhaliyə qarşı genosidin təşkilatçılarından və icraçılarından biri olması çağdaş Azərbaycan tarixşünaslığında faktlarla sübut olunmuşdur: Azərbaycan tarixi kitabında (cild 3) yazılır: "müsavat əksinqilabına müqavimətə rəhbərlik etməkdən ötrü, martın 30-dan 31-nə keçən gecə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev, S. Şaumyandan ibarət Bakı və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi təşkil edildi… Bu komitənin çağırışı ilə martın 31-də sovet qoşunları topların, təyyarələrin və donanmanın köməkliyi ilə düşmən üzərinə qəti hücuma keçdilər.”
Beləliklə, Stepan Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və Azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri təxribatın əvvəlində özlərinin bitərəfliyini elan etsələr də sonradan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Əslində, yalnız adı sovetlərin siyahısında olan "Bakı Sovetinin ordusu Erməni Milli Şurasına tabe idi. Bolşevik N. N. Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri belə şərh edərək yazırdı ki: "Müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıх əlaqə saхlayırdı.” Hətta, daşnak silahlı dəstələri N. Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Bütün bünları görən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk – müsəlman əhali üzərində qətli yapdılar."
"Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanan Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirmək üçün fəaliyyətə keçən Bakı Kommunası, Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə qırğınlar törətdi. 1918-ci il martın 30-dan Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlanıldı. Qırğında Bakı Sovetinin 6 min, "Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etdi. Bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş erməni silahlıları, uşaq, qadın, yaşlı, gənc demədən hər kəsi qətlə yetirdi. Üç gün davam edən qırğında bəzi mənbələrə görə (12, bəzi mənbələrə görə 17 min), adam öldürüldü. Həmin dəhşətli günlərin şahidi olmuş Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazır: "Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi." Bu qırğının dəhşətləri qeyri müsəlmanlar tərəfindən də ifadə edilmişdir. O zaman Bakıda olan ingilis konsulu Mak-Donald qeyd edir ki, "Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman qalmamışdı." Yenə də o zaman Bakıda yaşayan bolşevik Bilyumin xatirəsində "Erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdiyini" qeyd etdi. Bilyumin öldürülmüş dövlətli müsəlmanları bu rəqəmə daxil etməmişdir. Soyqırımdan az sonra, 1925-ci ildə Kulner soyadlı bir almanın Bakı qırğını haqqında yazdıqları qırğının dəhşətini gözlər önünə sərir: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”
Rəsmi mənbələrə görə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə dinc əhali etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdi.
Zəngəzurda və Naxçıvanda, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər həyata keçirilən qırğınlarda, Andranikin başçılığı altında erməni qoşun hissələrinin əli ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, bütövlükdə, 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş,sağ qalanlar öz doğma ev-eşiklərindən didərgin salınmış, əmlakları talan olunmuş, evləri dağıdılmışdır. Bu qədər ağır, itkiyə, qırğına baxmayaraq, ermənilərin bu cinayətlərinə siyasi qiymət verilməsinə havadarları tərəfindən imkan verilməmiş, bolşeviklər ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırımı ört-basdır etmişlər.
Yalnız Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələri araşdırılmışdır. Faciənin tədqiqi məqsədi ilə Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılmışdır (15 iyul 1918). Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, "azərbaycanlılara qarşı soyqırımı törədilən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüş, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən, qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.”
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu və 1920-ci illərdə martın 31-i ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və "torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.”
Sovetlər İttifaqının çökməsi nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdi və sələfinin başladığı işi, 31 Mart soyqırımına siyasi qiymət verməyi, başa çatdırmağı tarixi fürsət kimi qiymətləndirdi. 31 Mart soyqırımının araşdırılması, həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla (1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində) 1918-ci il martın 31-i "Azərbaycanlıların soyqırımı günü” elan edilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldı.
Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” fərman həm tarixə obyektiv qiymət vermək və azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəd, eyni zamanda uydurma "erməni soyqırımı” təbliğatına da güclü zərbədir.
Məlum fərmandan sonra, 31 Mart soyqırımının öyrənilməsi istiqamətində mühüm işlər görüldü. Aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanldı. Bir çox əsərlər yazıldı, əcnəbi dillərə tərcümə olundu. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunan Quba soyqırımı məzarlığı (kütləvi məzarlıq) bu dəhşətli faciənin (1918-ci ilin aprel - may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir) sübutudur. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri xüsusi amansızlıqla qətl edilərək basdırılıb.
2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edildi, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alındı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır. Sərancamın içrasından irəli gələn məsələlər geniş şəkildə həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, imzaladığı fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Həmin fərmanla 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu, XX yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan işlər nəticəsində soyqırımın dəhşətli miqyası dünya ictimaiyyətinə çatdırılmışdır. Artıq beynəlxalq aləm erməni qəddarlığı, azərbaycanlılara qarşı törədilən soyqırımı və terror aktları ilə yaxından tanışdır.
Yazımıza Lu-Sinın "Mən tаrix kitаbını аçdım. Hər səhifəsi "insаnpərvərlik”, "əxlaq”, "fəzilət” sözləri dоludur. Birdən sətirlər arasından оxudum ki, bütün dünyа "insаn əti yеmək” sözündən ibаrətdir”, - sözləri ilə başlamışdıq. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması, soyqırıma məruz qalması, XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində 31 Mart soyqırımında "böyük Ermənistan” xülyası ilə sərsəmləşən, bu məqsədə çatmaq üçün hər cür qorxunc vasitələrə əl atan "canlar yakan, evlər yıkan” erməni şovinistlərinin qan süzülən dırnaqlarının izləri var.
Lütviyyə ƏSGƏRZADƏ,
filologiya elmləri doktoru,
N.Gəncəvi adına Ədəbiyyat İnstitutu.