Duyğularımın Sehirli açarı.
Yuxusuz insan olduğum üçün hələ lap uşaqlıq illərindən tez – tez səhərin necə açılmasına baxa – baxa onu qarşılamalı oluram. Səhər açıldıqca ona xüsusi zövq və maraqla baxmalı oluram. Qaranlıq gecə yerini aydın səhərə verdikcə, ətraf astaca ağarır və səhər qaranlığı dəf edib öz yerini aldıqca insanı qorxuya salan sükutu quşların səsi, insanların və maşınların səsləri pozaraq bu gözəl səhərə xüsusi bir rəng və maraq qatmalı olurlar. Hər kəs bu səhəri qarşılayaraq bu səs – küyə qoşulmalı olur.
Uşaq ikən yaz – yay - ayları səhərlər bülbülün səsini dinləyə - dinləyə səhəri açmaqdan daha çox zövq alırdım və bu səsin sehrinə düşürdüm. Heç bülbülün susmasını istəmirdim, dinlədikcə - dinləmək istəyirdim və bu musiqili səsi eşitdikcə sanki başqa bir aləmə düşüb orada dincəlirdim. Yaşlı insanlar rəvayət edirdilər ki, " bülbül güllərin açılmasını həddindən artıq çox sevdiyi üçün "gül açıl- açıl” oxuya oxuya güllərin açılmasını musiqi ilə qarşılayırlar. Amma güllər açılan kimi bülbüllərin gözləri tutularaq kop olur və arzusunda olduğları güllərin açılmasını heç vaxt görmürlər”. Bu həqiqətdi və ya əfsanədi bilirəm, amma o vaxtlar bu rəvayəti eşidəndə bülbüllərin bu acınacaqlı həyatına çox, lap çox kövrəlmişdim və tez- tez Tanrıya üz tutub yalvarırdım ki, elə bir möcüzə olsun ki, bülbüllər kor olmasın və güllərin açılmasını gözləri ilə görüb ürəklərindəki arzularına çatsınlar. Bülbüllərin bundan başqa nə arzuları ola bilər axı? Çox heyf ki, bu arzuları da ürəklərində qalır.
Tələbəlik illərində isə səhərin açılmasını xüsusi diqqət və məmnunluqla qarşılayırdım. Həmin saat balkonda dayanıb dənizə göz qırpmadan tamaşa edirdim. Günəş dənizin lap dibindən əvvəlcə kiçik, lap kiçik nöqtə kimi çıxırdı sanki. Bu kiçik nöqtə yavaş – yavaş yuxarı qalxaraq böyüyür və səmaya üz tutaraq ətrafı işıqlandırırdı. Bu gözəlliyə baxsıqca baxmaq, yendən təkrarlamasını arzulayır insan. Elə bir sirli – sehirli bir dünyaya düşürsən və bu dünyanın səni gözəlliyə aparmasından bir məmnunluq, bir füsün duyurursan sanki. İlahi, təbiətimizin nə qədər əvəzsiz gözəllikləri və möcüzələri var. Yetər ki, bunları duyub ondan zövq almağı bacarasan.
Amma anam dünyasını dəyişən gün açılan səhər mənim həyatımın ən ağrılı, ən acılı bir səhəri oldu. Bütün gecəni anamın yanında oturub səhərin gec açılmasını,duyğularımın dili ilə desəm, heç açılmamasını istəyirdim. Çünki, bilrdim ki, səhər anam həmişəlik məni tərk edəcək. Bütün gecəni anamın yanından ayrılmadım və gözlərimi də ondan çəkmirdim. Başımı qaldırıb səhərin alatoranlıqda yavaş-yavaş açıldığını görəndə elə bildim dünyam çökdü, bu gündən sonra daha həyat olmayacaq. Ürəyimdə fantan vuran qanla bu açılan səhərin qarşısını almaq istəsəm də, nə faydası var idi ki? Bu qan fantanını yalnız mən özüm görürdüm və onun ağrı – acısını yaşamaq məcburiyyətində idim. Səhər də öz qaydası ilə açıldı, günorta anamı da əlimdən alıb apardılar. Mən isə nə bu ağrılı səhərin qarşısını ala bildim, nə də anamı saxlaya bildim. İndi artıq bu acılı səhərdən altı il keçibsə də mənim xatirəmə əbədi yara vuraraq getdi bu "qara səhər”.
Yenə də həmin səhərlərdən biri idi. Çoxları kimi mən də evdən çıxıb işə tələsirdim. Hər dəfə başımı aşağı salıb yol getmirdim nədənsə. Ətrafıma diqqət yetirə - yetirə yoluma davam edirdim. Balaca uşaqlar baxçaya, məktəblilər məktəbə, böyüklər işə tələsirdilər. Hamı yolu tələsə - tələsə gedirdilər. Hətta maşınlar da tələsik şütüyərək iş başına yol alırdılar. Toyu olacaq cavan qızın maşınla gözəllik salonuna tələsdiyini gördüm. Dünyasını dəyişən insanın son mənzilə yola salmağa gedənlərin yolda tələsdiyini gördüm. Bunlara baxa- baxa yoluma davam edirdim ki, birdən qarşıma bir pişik çıxdı, çox qəribədir ki, o da tələsirdi. Ona baxıb öz – özümə gülümsəyərək bunları düşündüm ki, dünyamızın ən xoşbəxt sakini bəlkə də elə sənsən. Pul dərdi çəkmirsən, yemək dərdi çəkmirsən,paltar dərdi çəkmirsə. Tanrımız yaratdığını canlının ruzusunu özündən qabaq göndərir, deyirlər. Sən də ruzunu tapıb yeyirsən, gəzib – dolanırsa. Bəs sən hara tələsirsən görəsən? Sualım özümə də gülməli gəldi və qəflətdən qəlbimdən keçirdim :” kaş elə bir an olaydı ki, yerdən bir sehirli açar tapa biləydim. İlahi, onda mən bu sehirli açarın köməyi ilə nələr eləməzdim, nələr ...
Bu sehirli açarın köməyi ilə mən elə bir dünya qurardım ki, orada nə bir dərd, nə də bir pis gün olardı. Dünyamızdan bütün müharibələri ləğv edərdim, bütün insanlar üçün xoşbəxtliklərlə dolu bir aləm bəxş edərdim. Topların, tüfənglərin dəhşətinin olmadığı bir aləm bəxş edərdim bütün dünyamıza. Düşmənçiliyin tək özünü deyil, ümumiyyətlə bu sözün özünü bütövlükdə ləğv edərdim insan lüğətindən. O zaman heç bir ana gözüyaşlı oğul dərdi, ovladlarımız ata niskilli, qızlarımız qardaşsız, gəlinlərimiz dul qalmazdı. Dünyamızın dörd bir yanın açardım bütün insanların üzlərinə və bu dünyanın hər yanından onlara yalnız bir xöşbəxtlik və fərəh payı göndərərdim. Hər bir insan bir – birlərini dost kimi, qardaş kimi, öz əzizi, doğması kimi qarşılayıb yola salardı. Bütün xəstəlikləri ləğv edərdim. Heç kəsi dərdli olmağa, umumiyyətlə isə dərdin nə olduğunu heç bildirməzdim bu sehirli açarın gücü ilə bütün insanlara.
Bütün insanlara bəxş olunan bu ömru o qədər gözəl, o qədər mənalı yaşayardılar ki, onların fərəhindən, gözlərindən süzülən bəxtəvərlikdən bütün dünyamıza bir işıq, bir nur süzülərdi. Bu nurdan hər kəsə ömürlük bir pay düşərdi və bu nur insanlarımızı ömürlərinin sonuna qədər yaşadardı.
Amma çox təəssüf ki, bu sehirli açar realda deyil, duyğularımın sehirli açarıdır. Reallıqda isə hər kəs, yaxşı və ya pis, hərə Tanrının ona bəxş etdiyi bir ömrü yaşayır. Hər kəsə xoşbəxtlik arzulamaqdan başqa heç nəyə gücümüz çatmır, çox heyif...
Məryəm Əliyeva.
Kürdəmir rayon MKS – nin metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı.