Zərifə xanım Əliyevanın
həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri
o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha
bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə
xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı
dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər
bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir.
Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi
keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq.
Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər
Azərbaycan tibb elminin parlaq səhifəsidir. Biz bu haqda nə bilirik? Bu sətirləri
oxuduqca qəlbimiz iftixar hissi ilə dolur.
Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva
oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar
aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən,
Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin
müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması
yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin
istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə
həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri
onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi",
"Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası"
adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik
istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün
yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında
"Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı
traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar",
"Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi",
"Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli
diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz
bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. oftalmologiya
elmində böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin
öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı
yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi",
"Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və s. əsərləri ilə
Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım
Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi
məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu
monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli
illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə
"İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir.
Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə
Zərifə xanım Əliyeva yazmışdır.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə
oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım, sözün əsl mənasında, bu sahənin
ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə
patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik
olaraq elm aləmində yeni bir istiqamətin, "peşə oftalmologiyası"nın əsasını
qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə
bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr
etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya
oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə
olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini
öyrənmiş və bu xəstəliklərin profilaktika tədbirlərini işləyib hazırlamışdır.
Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu
olmayan nadir tədqiqatlar sırasındadır.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində
genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı
elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə
patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya"
və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli
monoqrafiyalarında öz əksini tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə
Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur
oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə
patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək
qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o,
oftalmologiya elmi sahəsində yeni kəşflərin rəhbəri ola bilərdi.
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində
etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya
dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə
qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın
aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırmışdır. Zərifə
xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair
baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq
məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə
deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir,
xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən
dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin
qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin
diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin
təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim
həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas
münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş, "həkim xəstənin
ən doğma adamıdır" demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya
dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin
daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə cəmiyyətdə
insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım
Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində
təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı
gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının
artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin
tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva
oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi"
adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə
Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur
alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik
N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək,
alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor
A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor
N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu
sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.
Praktik əməli həkim fəaliyyəti ilə yanaşı, Zərifə xanım elmi axtarışlarını
davam etdirirdi. Onun ilk tədqiqatlarının mövzusu həyatdan götürülmüşdür.
Özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə,
traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan
antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr
etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə
"Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi"ndə
mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını
təşkil etmişdir. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın
məsələləri ilə ciddi məşğul oldu. Bu sahənin əhatə dairəsinin çox geniş
olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli
marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Uzunmüddətli
müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin, "Azərbaycanın
kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti"
mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etdi. 1976-cı ildə
Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın
müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini
çox yüksək qiymətləndirdilər.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana,
gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox
istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana
idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli
liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana
həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini
əsirgəmirdi.
Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi
və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat
mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini
qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən
ehtiramla yad olunmağa layiqdir.
Rahib KƏRİMLİ