Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edirik.
Heydər Əliyevin Moskva həyatı
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar "Kreml beşilliyi” adlandırdı.
25 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiya iclasını keçirdi.
30 yanvar. SSRİ Yollar Nazirliyinin, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin geniş iclasında çıxış etdi.
20-23 fevral. SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi Bakıda bir sıra görüşlər keçirdi.
26 fevral. Polşa Xalq Respublikasının SSRİ-də olan fövqəladə və səlahiyyətli səfiri Stanislav Koçyoloku qəbul etdi.
29 mart. İspaniyanın nəqliyyat, turizm və rabitə naziri Enrike Baron Krespo ilə görüşdü.
1 aprel. Macarıstanın Moskvada keçirdiyi milli yubiley sərgisinin açılış mərasimində çıxış etdi.
27 may. Moskvada "Səhiyyə – 85” beynəlxalq sərgisinin açılışında nitq söylədi.
25 iyun. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Xalfdan Teodor Maler ilə görüşdü.
21-23 iyun. Kazanda işgüzar səfərdə oldu.
14 iyul. "Moskovskiye novosti” qəzetində müsahibəsi dərc olundu.
20 avqust. Finlandiya Respublikasının hərbi naziri Veykko Pixlayamyakini qəbul etdi.
16 noyabr. Kurqanda dəmiryolçuların hesabat-seçki konfransında nitq söylədi.
30 noyabr - 3 dekabr. Anqola Əmək partiyasının II qurultayında çıxış etdi.
X X X
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev ittifaq respublikaları arasında təsərrüfat əlaqələrinin inkişafında nəqliyyatın roluna xüsusi diqqət yetirir, mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə nəzarət edirdi. 1985-ci il yanvarın 25-də Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiya iclasında çıxış edən Heydər Əliyev görülmüş işlərə yekun vurdu, qarşıda duran vəzifələri müəyyənləşdirdi. Yanvarın 30-da isə Yol Nəqliyyatı Nazirliyinin, Dəmiryol Nəqliyyatı və Nəqliyyat-Tikinti Fəhlələrinin Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin geniş iclası keçirildi. İclasda dəmiryollarının, şöbələrin, sənaye müəssisələrinin və sahə tikinti təşkilatlarının fəaliyyəti hərtərəfli müzakirə edildi. Heydər Əliyevin iclasdakı çıxışı mühüm proqram sənədi kimi qəbul olundu. Çox keçmədən bu sahədə əhəmiyyətli dönüş yarandı.
1985-ci ildə SSRİ-də ən nəhəng infrastruktur layihəsi olan Baykal-Amur magistralı tikintisinin ikinci mərhələsinə başlanıldı. Layihənin reallaşdırılmasında BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri Heydər Əliyevin xidmətləri bu gün də xatırlanır.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev İttifaqın xarici siyasəti üzrə bir sıra sahələrə kuratorluq edirdi. Bu sıraya Yaxın Şərq, Mərkəzi və Cənubi Avropa, Latın Amerikası ölkələri ilə əlaqələr daxil idi. Heydər Əliyevin 1985-ci ilin fevralında Polşanın SSRİ-dəki səfiri Stanislav Koçyolok, mart ayında İspaniyanın nəqliyyat, turizm və rabitə naziri Enrike Baron Krespo ilə keçirdiyi görüşlər Sovet İttifaqının beynəlxalq əlaqələrinin genişləndirilməsinə töhfə verdi. Bu baxımdan aprel ayında Macarıstanın Moskvada keçirdiyi milli yubiley sərgisini də xatırlamaq yerinə düşər.
Ümumiyyətlə, 1982-ci ilin dekabrından başlayaraq Heydər Əliyevin kuratorluğunda olan bütün sahələrdə nəzərəçarpan irəliləyiş müşahidə olunurdu. Təsadüfi deyildi ki, 1985-ci ilin martında Sov. İKP MK-nın Baş katibi Konstantin Çernenkonun vəfatından sonra Mərkəzi Komitənin Siyasi Bürosunda ən yüksək posta yalnız iki nəfərin namizədliyi barədə düşünürdülər: Heydər Əliyevi və Mixail Qorbaçov. SSRİ rəhbərliyinə gətirilən Qorbaçov Heydər Əliyevin şəxsində özünə rəqib görür, onun imicinə kölgə salmağa çalışırdı. Xatırlatmaq yerinə düşər ki, həmin illərdə Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövr təftiş olunur, qarayaxma kampaniyası aparılır, onun Mərkəzi hökumətdəki fəaliyyətinə bilərəkdən maneələr yaradılırdı. Heydər Əliyev təqib və təzyiqlərə mətanətlə sinə gərir, işini əvvəlki məcrada davam etdirməyə çalışırdı.
Həmin mürəkkəb dövrdə, 1985-ci il aprelin 15-də Ulu Öndər ağır itki ilə üzləşdi, sədaqətli ömür-gün yoldaşı, həyat yollarında onunla daim birlikdə addımlayan Zərifə xanım Əliyevanı itirdi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin nəzarət etdiyi sahələrdən biri də səhiyyə idi. O, mayın 27-də Moskvada "Səhiyyə-85” beynəlxalq sərgisinin açılışında İttifaq səhiyyəsinin inkişaf istiqamətlərindən bəhs edən nitq söylədi. İyunun 25-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Xalfdan Teodor Maler ilə görüşdü. Onunla apardığı danışıqlar SSRİ-nin səhiyyə sahəsində beynəlxalq əlaqələrinin genişlənməsinə təkan verdi.
Heydər Əliyevin zəngin təcrübəsini, bacarığını, işin öhdəsindən layiqincə gəlməsini nəzərə alaraq SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin qərarı ilə 1985-ci ildə ona SSRİ-nin Yüngül sənayesinin, Ticarət Nazirliyinin kuratorluğu da həvalə olundu.
SSRİ hökumətində yüksək vəzifə tutan Heydər Əliyev doğma Vətəni Azərbaycanın inkişafı üçün əlindən gələni edir, öz səlahiyyətlərindən istifadə edərək İttifaq əhəmiyyətli bir sıra mühüm layihələri respublikamıza yönəldirdi.