200 illik münaqişəyə və 30 illik müharibəyə son qoyan sənəd
10 noyabr üçtərəfli Bəyanatı Azərbaycanın şanlı Zəfərini, İrəvanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirdi
Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını təsdiqləyən tarixi 10 noyabr üçtərəfli Bəyanatının (Azərbaycan, Rusiya, Ermənistan) imzalanmasından iki il ötür.
Bu sənəd savaşdan öncə Azərbaycanı dəfələrlə hədələyən, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparan Ermənistanın biabırçı hərbi kapitulyasiyası oldu. Üç rayonun - Ağdam, Kəlbəcər və Laçının döyüşsüz, bir güllə atmadan qaytarılması isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirildi.
Əgər məğlub Nikol Paşinyan bu sənədi Ermənistan əhalisindən gizi şəkildə, hansısa zirzəmidə imzaladısa, İlham Əliyev qalib sərkərdə kimi xalqının qarşısına çıxaraq qürurla, fəxarətlə çıxış etdi və tarixi Zəfərin sevincini bölüşdü.
İlham Əliyevin təkidli tələbi ilə sənədə daxil edilən bənd
Bəyanatın 3-cü və 4-cü bəndlərinə uyğun olaraq, Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirildi. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Sənədin 9-cu bəndinə əsasən isə tərəflər üzərlərinə öhdəlik götürdülər. Bəyanatda qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Həqiqətən də, bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsi və Zəfərimizin təntənəsi oldu. 10 noyabrda imazalanmış bu sənəd "status-kvo"nu dəyişdi və Azərbaycanın maraqlarını təmin etdi. İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qarabağa heç bir status verilmədi.
Azərbaycan Prezidentinin digər bir israrı isə Naxçıvanla əlaqələrin bərpası ilə bağlı oldu. Sənəddə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi. Burada bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılmasının mümkünlüyü vurğulanır. Bu bənd məhz İlham Əliyevin təkidi ilə bəyanata salınıb. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin birbaşa əlaqəsi yoxdur.
Həmin gün xalqa müraciətində Prezident bu məsələyə aydınlıq gətirdi: "Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz Ulu Öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi".
Göründüyü kimi, Azərbaycan Prezidentinin diplomatik məharəti sayəsində daha bir uğurlu nəticə əldə edildi və Ermənistanın üzərinə öhdəlik qoyuldu.
Hərbi gücün yaratdığı diktə
Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı oldu.
Həmin gün xalqa müraciət edən Prezident İlham Əliyev bəyanatı dəyərləndirərkən vurğuladı ki, sənədin tarixi əhəmiyyəti var və bu, şanlı Qələbəmizin, "dəmir yumruğ"un zərbə dalğasının uğurlu nəticəsidir.
Ümumiyyətlə, hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir, məğlub tərəf qalibin diktə etdiyi reallıqlarla barışmaq məcburiyyətində qalır. Hər iki tərəf yaranmış yeni reallıqlara uyğun addım atır və hətta yeni əməkdaşlıqla bağlı sazişlər də imzalayırlar.
Lakin 2020-ci ilin 27 sentyabr - 10 noyabr aralığında baş verən və keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyan Vətən müharibəsindən iki il ötsə də, hələ də qalib Azərbaycanla məğlub Ermənistan arasında sülh sazişinin imzalanma prosesi reallaşmayıb. Bunun səbəbləri isə hər kəsə bəllidir. Cəmi 44 günə Azərbaycan qarşısında diz çökərək yalvaran Ermənistan sülh sazişinin imzalanma prosesini müxtəlif bəhanələrlə uzadır.
Hazırda isə real vəziyyət göz qabağındadır. Qalib komandan kimi İlham Əliyev Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir.
Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaqla Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi üçün konkret addımlar atır. İlham Əliyev bütün çıxışlarında sülh prosesindən yayınmağın və prosesin alternativinin nə ilə nəticələnəcəyini Ermənistana göstərməklə deyir ki, barış sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət ola bilər. Amma görünən odur ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır.
İlham Əliyevdən Ermənistana növbəti sərt xəbərdarlıq
Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bu məsələlərə toxunaraq Ermənistana və onun havadarlarına növbəti xəbərdarlığını etdi. Prezident vurğuladı ki, iki il ötməsinə baxmayaraq Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına əməl etməyib və öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayb. Həmçinin Zəngəzur dəhlizini Azərbaycana təqdim etməyən bu ölkə vaxtaşırı hərbi təxribatlar törətməklə məşğul olub. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan isə hər zaman olduğu kimi, bu beynəlxalq razılaşmaya da hörmətlə yanaşıb: "Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin
10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk... Bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik".
İlham Əliyev bəyan etdi ki, səbrimiz tükənməz deyil, əgər Ermənistan öhdəliklərini yerinə yetirməsə, Azərbaycan lazımi addımlar atacaq.
Rahib KƏRİMLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" Media mükafatı laureatı.