"Dəmir yumruq" Ermənistandan və onun havadarlarından konkret seçim tələb edir
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ətrafında danışıqlar davam edir. Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirməklə öz aləmində vaxt uzadır. Amma bu ölkə anlamır ki, Azərbaycan torpaqlarını artıq işğaldan azad edib, nə "Dağlıq Qarabağ" var, nə də "status".
İndi reallıq budur ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarla bağlı özü qərar verir, Ermənistan kimi kiminsə qulu-vassalı deyil.
Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə reallaşır. Tərəflər arasında intensiv təmaslar yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 3, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə 5 görüş keçirilib.
Bu formatlarda tərəflər arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunub, müvafiq bəyanatlar da imzalanıb. Praqa və Soçidə keçirilən son iki görüşdə imzalanan bəyanatlar isə digər sənədlərdən bir qədər fərqlənib. Düzdür, imzalanan bütün bəyanatlarda Azərbaycanın diplomatik üstünlüyü özünü göstərib. Son iki bəyanatda yer alan müddəalara əsasən isə Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən təsdiqləyib. Qəbul edilmiş bəyanatlar da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçir və sənədlər Azərbaycanın istəklərinə uyğun formada qəbul olunur.
Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prezidenti müəyyənləşdirir. Bütün ağrılı məqamlara, işğalın ağır fəsadlarına, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Həm də Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda İlham Əliyev bir daha aparılan danışıqlara toxunaraq vurğuladı ki, Praqa görüşünün kommünikesinə əsasən, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı Bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz: "Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı".
Bunun ardınca isə İlham Əliyev son zamanlar aparılan danışıqlara Fransanın müdaxilə etməsini və Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməklə Ermənistana dəstək göstərməsini faktlar əsasında ortaya qoydu. Eyni zamanda bildirdi ki, Ermənistan və onun havadarlarının istəyi sülh sazişinin imzalanması deyil, danışıqlar prosesinin uzanmasıdır: "Sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!"
Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq.
İlham Əliyevin bu mesajı Ermənistana 2 yol göstərir. Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Görünən odur ki, Ermənistan rəhbərliyi ölkənin daha acınacaqlı duruma düşməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişini imzalamağa məcburdur. Yəni Ermənistanın qurtuluşu sülh sazişindən keçir.
Rahib KƏRİMLİ,
"Ad günü" jurnalı və "carciTV.az" saytının baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" Media mükafatılaureatı.