Pünhan Şükür
Haqlı olaraq nisbi anlayış kimi qəbul edilən xoşbəxtliyin əlamətləri çoxdur. Bu əlamətlərdən kiminin payına az, kiminəsə çox pay düşür. Gəlin, əvvəlcə bizim boynumuza şükranlıq borcu gətirən əzəli qismətimizdən danışaq. Hamımızın bəxtimiz onda gətirib ki, doğulmuşuq. Özü də saysız-hesabsız ulduzlar arasında canlı aləmin mövcudluğu üçün şəraitin olduğu hələlik yeganə bəlli məkan olan Dünya adlandırdığımız Yer adlı planetdə. Hələ üstəlik, Azərbaycan adlı doqquz iqlimli gözəl ölkədə, Odlar Yurdunda.
Dostum, qələmdaşım Daşdəmir Əjdər oğlu Tağıyevin (Daşdəmir Əjdəroğlu) bəxti həm də o cür istəyib ki, qədim və şanlı tarixə, əsrarəngiz təbiətə malik, rəngarəng mədəniyyət və sənətkarlıq ənənələri daşıyan bölgələrimizdən olan İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açıb. Üstəgəl, əsli-nəcabəti ilə seçilən, nümunəvi əxlaqları ilə fərqlənən, halal zəhmətləri ilə tanınan valideynlərin ailəsində.
Taleyin var-dövləti əsirgəmədiyi çox adam var ki, inadla heç kəsə yaxşılıq etmək istəmirlər. Bu, onların xəsisliklərindən deyil, qismətinə qail olan insanlara paxıl və kinli münasibətlərindən irəli gəlir. Amma Daşdəmirin xoşbəxtliyini səciyyələndirən bir əsas cəhət də nəsibinə düşən mənəvi zənginlikdən öz işıqlı aurası, savab əməlləri ilə çevrisindəkilərə pay verməyə çalışması, ətrafına işıq saçmasıdır. Xüsusən də dostlara qarşı səhər mehi kimi həzindir. "Sevinc paylaşdıqca artır, kədər bölüşdükcə azalır” prinsipinə daim sadiq qalan Daşdəmir Əjdəroğlu qohumcanlı, dostcanlı, sözübütöv insandır, xeyirdən-şərdən qalmır, köməyinə ehtiyacı olan şəxslərə əlindən gələn yardımı əsirgəmir.
Kişilik meyarlarına hərtərəfli cavab verən Daşdəmir Əjdəroğlunun kişi qeyrətli qadın dostları da çoxdur. Bu xüsusiyyəti ilk növbədə onun valideynlərindən aldığı tərbiyədən su içir, anasına sonsuz məhəbbətindən, böyüyüb boya-başa çatdığı ailədə özündən böyük iki bacısına qardaşdan artıq fövqəlmünasibətindən qaynaqlanır. Bəlkə də gənc Daşdəmirin vaxtilə atasının yarım əsrə yaxın işlədiyi, Basqalı dünyada tanıdan istehsalat sahəsində, kəlağayı sexində (İsmayıllı Yerli İstehsal Kombinatının Basqaldakı 3 nömrəli toxuculuq müəssisəsi) ilyarım çalışması da bu məsələdə təsiredici amil olub: Axı ipəkdən hazırlanan kəlağayı ismət atributu, həya örpəyi olaraq Azərbaycan qadınının zərifliyinə, gözəlliyinə milli ornament, bədiilik qatan mədəni irsdir.
Daşdəmiri yaxından tanıyanlar yəqin məni belə bir müqayisə aparmaqda qınamazlar: O, daş kimi sərt qətiyyətə, dəmir kimi möhkəm iradəyə, eyni zamanda ipək kimi kövrək xasiyyətə malikdir. Gördüyü hörməti qat-qat artıq ehtiramla cavablayır, bəzən dostlarına gözləmədikləri dərəcədə yerinə düşən xoş sürprizlər edir. Dost hesab etdiyi şəxslərdən adekvat münasibət görməyəndə (təəssüf ki, bəzən belə də olur) haqlı gileyini bildirməkdən, iradını üzə vurmaqdan çəkinmir. Bununla belə, heç vaxt qəlbində kinə-küdurətə, qisasçılıq hisslərinə yer verməyib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Daşdəmir Tağıyev "Ədalət” qəzetində məsul katib işləyib, bir çox başqa dərgilərlə əməkdaşlıq edib, hazırda Milli Məclisin orqanı olan "Azərbaycan” qəzetində məsul vəzifədə işləyir. Həmişə sözün keşiyində duran istedadlı jurnalistin indiyədək minlərlə publisistik məqaləsi çap edilib, onlarla kitabın redaktorudur, yüzdən çox kitaba rəy və ön söz yazıb. "Xatirələrə sığmayan ömür”, "Basqalın Miryavər abidəsi”, "Basqal”, "Yarımçıq qalan ömür” və daha bir neçə kitabın müəllifidir.
Tale elə gətirib ki, Daşdəmir Tağıyev təhsildə də, əmək fəaliyyətində də həmişə işin ağır tərəfindən yapışıb. "Qəzetçilik korrekturadan başlayır” – deyən Daşdəmir bircə hərfin səhv getməsinin doğura biləcəyi fəsadın məsuliyyətini dərindən dərk edir. Qəzet işindən başı çıxanlar bilirlər ki, cəmi bir hərf və ya durğu işarəsi yanlışlığı olsa belə, onu aşkarlamaq üçün mətni başdan-ayağa (bəzən təkrarən) oxumalısan. Bu isə dərin ədəbi savad, yorucu zehni əmək tələb edən, vaxtaparan işdir. Bununla belə, daim mükəmməlliyə doğru can atan Daşdəmir Tağıyev yaradıcılıq müstəvisində də geri qalmasın deyə, gecəni gündüzə qatıb iş vaxtından sonra ona heç də həmişə maddi qazanc vəd etməyən, amma ciddi ictimai-sosial əhəmiyyət kəsb edən mövzularda köşə yazılar işləmiş, texnikasını cilalamışdır. Zəngin söz ehtiyatına malik olması ona qələmini təkmilləşdirməkdə kömək etmişdir.
Həyat hər addımbaşı Daşdəmirə imtahanlar qurmuşdur desək, yanılmarıq. Başqalarına "iki vuraq iki” qədər asan başa gələn işlər ona çatanda sanki düyünə düşmüşdür. Daşdəmir Tağıyev "Nüanslar” qəzetinin baş redaktoru, görkəmli jurnalist Fərhad Ramizoğluna verdiyi müsahibədə başına gələn bir kuryoz hadisəni danışıb: Universitetdə imtahan vaxtı vəsiqəsini müəllimin stolunun üstündə unudur. Səhvən başqa tələbənin "2” ("qeyri-kafi”) qiymətini onun vəsiqəsinə yazırlar. Sonra məsələnin üstü açılanda təklif edirlər ki, qiyməti dəyişməyə tələsməsinlər; ola bilsin, Daşdəmir imtahanda qeyri-müvəffəq qiymət alar, heç "2”-ni dəyişməyə ehtiyac qalmaz. Təsəvvür edin, bu cür neqativ ehtimal tələbəyə necə mənfi psixoloji təsir edə bilərdi. Axı Rezerford demişkən, ön mülahizəni dəyişmək atomu parçalamaqdan çətindir. Əlbəttə ki, Daşdəmir o imtahandan üzüağ çıxıb, fələyi də özü kimi saymağa vadar edib.
Daşdəmir Tağıyevin heç vaxt başqasının "5” qiymətində gözü olmayıb, kiminsə haqqına əl qoyanlara nifrət edib. O üzdən 2013-cü ildə jurnalistlər üçün inşa olunan binadan ona mənzil veriləndə də bu mükafatı haqq etdiyinə heç kim şübhə etmədi. Bundan başqa, o, müxtəlif media qurumları tərəfindən "Peşəkar jurnalist”, "Vicdanlı qələm”, "Qızıl qələm” media mükafatlarına layiq görülüb.
Müasirləşmə, zamanla infrastrukturun təkmilləşdirilməsi, turizmin inkişafına yönəlik layihələrin həyata keçirilməsi nə qədər vacib olsa da, təəssüf ki, bu prosesləri müşayiət edən assosiasiya olaraq təbiətə antropogen müdaxilə Daşdəmirin doğma yurdu İsmayıllını əzəli cazibədarlıqdan tədricən məhrum edir. Amma bu yurdun övladı Daşdəmir yaşının üstünə yaş gəldikcə öz ipək saflığını qoruyub saxlayıb.
Qədim Roma filosofu, stoistik fəlsəfə ruhlu traktatların müəllifi Lutsi Anney Seneka əsərlərinin çoxları tərəfindən bəyənildiyini görəndə məyus olurdu. Çünki ağıllı adamı ümumi təriflər çiyrindirir. Şəxsiyyətinə, daşıdığı dəyərlərə qiymət verdiyi müasirlərinin (elə bu sətirlərin müəllifinin də) portretini usta publisist qələmi ilə çəkən Daşdəmir Əjdəroğlunun oçerklərində ümumi, gəlişigözəl, səhifə doldurmağa xidmət edən sözlərə rast gəlmək qeyri-mümkündür.
Elə onun haqqında yazan Fərhad Əsgərov, Məhəmməd Nərimanoğlu, Cəmil Zəbhullaoğlu, Rahib Kərimli, Elxas Comərd, Hacıməmməd Məmmədov və başqa müqtədir qələm adamları da məqalələrində "saflıq simvoludur”, "örnək vətəndaşdır”, "yorulmaz jurnalistdir” deməkdə tam olaraq səmimidirlər. Mən də səmimi olmaq üçün bacardığımı etdim.
Əxlaqı insanlara, peşə fəaliyyəti yetişməkdə olan gənc jurnalistlər nəslinə örnək sayılmağa layiq Daşdəmir Tağıyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, peşə fəaliyyətində və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.