Yeraltı təkanlar Şamaxıda bəzi evlərdə dağıntılara səbəb olub
CarciTV xəbər verir ki, Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub.
Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından saat 00:00-dan etibarən "mavi yanacağ”ın verilişi dayandırılıb.
İlkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər üzrə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib.
Təcili yardıma 30 müraciət daxil olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Digər çağırışlar həyəcandan təzyiqi qalxan şəxslərlə bağlı olub. Onlara tibbi yardım göstərilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi hazırda dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçirirlər.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.
***************************
Ağsuda ardıcıl iki zəlzələ baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda - Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Həmçinin saat 23:37-də Pirqulu stansiyasından 8 kilometr qərbdə - Ağsu ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
**************
İsmayıllı ərazisində zəlzələ qeydə alınıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
*****************
Qurban Yetirmişli: Zəlzələlərdən sonra 130-dan çox afterşok qeydə alınıb
Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında 5 bala yaxın və 6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlardan sonra 130-dan çox afterşok qeydə alınıb. Onların bir neçəsinin maqnitudası 3 və ondan çox olub. Təkanlardan bəziləri isə zəif hiss edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Baş direktor bildirib ki, seysmik proses hələ də davam edir: "Ola bilsin ki, həmin ərazilərdə hiss olunan yeraltı təkanlar qeydə alınsın. Ancaq bu təhlükəli deyil. Çünki enerji boşalmaları gedir və gərginlik azalır. Ancaq hazırda həmin ərazilərdə 6 baldan yuxarı zəlzələ olacağı gözlənilmir. Şamaxı-İsmayıllı zonası Azərbaycanda seysmoloji cəhətdən ən aktiv bölgədir. Bu ərazi üçün seysmik aktivlik xarakterikdir. Bölgə həm təkanların sayına, həm də ayrılan enerjinin miqdarına görə fərqlənir. Bu da onu göstərir ki, həmin ərazilərdə litosferdə hərəkətlər aktiv vəziyyətdədir”.
"Fevralın 5-də İsmayıllıda baş verən altı bal gücündə baş verən zəlzələ orta güclü hesab olunur. Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə zəlzələ bölgəsinə baxış keçirdik. Hadisə nəticəsində bəzi evlərdə çatlar yaranıb. Buna səbəb həmin evlərin inşası zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Zəlzələ Bakının Yasamal, Nəsimi, Xətai rayonlarında çoxmərtəbəli binalarda da hiss olunub. Paytaxtın bütün rayonlarında hiss edilməməsinə səbəb Bakının mürəkkəb geoloji quruluşudur”, - deyə baş direktor vurğulayıb.
Qurban Yetirmişli RSXM-nin əməkdaşlarının zəlzələ baş verən ərazilərdə araşdırmaları davam etdirdiklərini də diqqətə çatdırıb.
*****************
Kəmaləddin Heydərov: Zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evlərin sakinləri müvəqqəti başqa evlərdə yerləşdiriləcəklər
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin əraziyə gəliblər.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb.
Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.
Diqqətə çatdırılıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.
Qeyd edək ki, zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.