reklam
USD
16 ℃
EUR
BAKI

SÖZ, İŞ, SƏNƏT ÜRƏKDƏN GƏLƏNDƏ…

CANLI TV / 15.05.2020 18:23
SÖZ, İŞ, SƏNƏT ÜRƏKDƏN GƏLƏNDƏ…

(Görkəmli gülüş ustası, Xalq artisti Arif Quliyevin 70 illik yubileyinə )


Həyatda insanları sevindirməkdən, düşündürməkdən, ürəkdən güldürməkdən, onlarda xeyirhaqlığa və gözəlliyə məhəbbət oyatmaqdan böyük xoşbəxtlik, səadət olarmı?! Təbii ki, yox. Lakin bu xoşbəxtlik ömrünü teatr sənətinə həsr etməyi qarşısına məqsəd qoyan hər aktyora, hər aktrisaya nəsib olmur. Ona görə ki, adına səhnə deyilən o müqəddəs meydan bu ünvana hər qədəm basana sevinc paylamır. Aktyor populyarlığı, tamaşaçı məhəbbəti gərgin zəhmətə qatlaşmaqla, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmaqla qazanılır.
Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzlarından biri, teatrsevərlər arasında daim sevilən xalqımızın əvəzsiz sənətkarı Arif Quliyevin həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Arif Quliyevə tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş edib. Onda tükənməz istedadla uyarlı ustalıq da, heç kəsə bənzəməyən bacarığı ilə bağlı əvəzsiz peşəkarlıq da var. Görkəmli aktyorun Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində uzun illər ərzində keçirdiyi çoxşaxəli yaradıcılıq yolu – bütün həyatını, varlığını doğma mədəniyyətimizin inkişafına, tərəqqisinə həsr etməyin, milli incəsənətə, xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. Məhz buna görə də Arif Quliyevin adı haqlı olaraq milli səhnəmizin görkəmli korifeyləri ilə bir sırada çəkilir, sonuncu mogiqanlarından biri kimi qeyd edilir. Bu gözəl insan sanki anadan artist doğulub. Onun barəsində danışmaq Azərbaycan Dövlət Musiqili Komediya Teatrından söhbət açmaq deməkdir.

***

Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub və 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
Hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adını, 1993-cü ildə isə "Humay" mükafatını alıb. 1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub və elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatı, 2014-cü ildə sənətkar medalı ilə səhnə xidmətləri qiymətləndirilib. Prezident təqaüdçüsüdür.
Kino sahəsində də böyük xidmətləri var. Belə ki, "İşgüzar adamlar” (film, 1977), "Evləri köndələn yar” (film, 1982), "Eksperiment” (film, 1984), "Layiqli namizəd” (film, 1984), "100” (film, 1985 - qısametrajlı bədii film-Mozalan № 100, "Cazibə qüvvəsi” (film, 1985), "Əbədi mühərrik” (film, 1985), "Bəyin oğurlanması” (film, 1985), "Qəm pəncərəsi” (film, 1986), "Yay gününün xəzan yarpaqları” (film, 1986), "Sehrli çıraq” (film, 1987), "Yaramaz” (film, 1988), "Güzgü” (film, 1990 - II), "Bəxt üzüyü” (film, 1991), "777 №-li iş” (tammetrajlı bədii film, 1972-ci il), "O dünyadan salam” (film, 1991), "Mənim ağ şəhərim” (film, 1993), "Yarımştat” (film, 1996), "Bakı oğrusu” (film, 1997), "Olacağa çarə yoxdur” (film, 2003), "Şans” (film, 2004), "Adam ol! 2” (tammetrajlı bədii film, 2006-cı il) - rol: Sərxanın tanışı, "Adam ol! 3” tammetrajlı bədii film, 2007-ci il, Lider tv), "Qoy oturmuşuq” (veriliş, 2007), "Halal pullar” (film, 2008), "Evləri göydələn yar” (film, 2010), "Bığ əhvalatı” (film, 1998), "Axırıncı dayanacaq” (film, 2014), "Qız atası” (serial, 2015, Qasım rolunda, 9-cu bölüm), "Dörd yoldaş və qardaş” (film), "Bəxt üzüyü 2” (film, 2017) kimi kinofilmlərdə müxtəlif obrazlar yaradıb.

***

"Ədəbiyyat” qəzetinin 21 fevral 2020-ci il tarixli sayında Şamil Əfşanın imzası ilə çap edilmiş ”Mən öz sənətimin fəhləsiyəm” adlı müsahibəni sevimli aktyorumuzun 70 illiyinə ən layiqli material hesab edib öz yazıma daxil etdim.

***

- Arif müəllim, xoş gördük sizi.
- Xoş gördük. Mən də sizi salamlayıram. İşləriniz xeyirli, uğurlu olsun.
- Təşəkkür edirəm. Oxucularımıza demək istəyirəm ki, Arif müəllim öz təbəssümü-yumoru ilə həmişəki kimi əhval-ruhiyyə bəxş edir insana. İlk olaraq burdan başlayaq ki, yola saldığımız il nə ilə yadınızda qaldı?
- Ötən il bir iki filmə, seriala çəkildim. Düşünürəm ki, bu il də keçən il kimi uğurlu və mənalı bir il olacaq.
- Bir az ötənlərə qaytarmaq istəyirəm sizi. Bildiyimiz kimi, uzun illər müxtəlif teatrlarda çalışmısız...
- Bəli, mən ilk dəfə 1968-ci ildə Mədəni-Maarif Texnikumunun (əvvəllər Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumu idi) mədəni-maarif şöbəsinin aktyor və rejissor fakültəsini bitirmişəm. Həmin ildə üç yerdə dövlət teatrı fəaliyyətə başladı. Sumqayıt, Mingəçevir və Ağdamda. Eyni ildə, həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrı da fəaliyyətə başladı. Çox fikirləşdim ki, görəsən, hansı teatrda işləsəm daha yaxşı olar. Sonra qərara gəldim ki, o dövrdə gənclik şəhəri kimi tanınan Mingəçevirə üz tutum. Təyinatla gəldim bura və aktyor ştatına qəbul oldum. Birinci əmrlə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, gözəl aktyor Mirbaba Xəlilov, ruhu şad olsun. Deyim ki, ilk səhnəyə gəlişim, pərvazlanmağım bu teatrla bağlıdı. Hansı ki, məni tamaşaçılar ilk dəfə məhz bu teatrda salamlayıblar, onların alqışlarını ilk dəfə bu səhnədə eşitmişəm. 73-cü ildə əsgəri xidmətdən qayıdandan sonra sənədlərimi İncəsənət İnstitutuna təqdim etdim və Musiqili komediya aktyorluğu fakültəsinə daxil oldum. Onu da qeyd edim ki, həmin institutda mən 3 dəfə - 1968, 1969, 1970-ci illərdə imtahan vermişəm, qəbul ola bilməmişəm. 1975-ci ildə maddi vəziyyətim ağır olduğundan Tibb İşçiləri Mədəniyyət Evində gözətçi kimi işləməyə başladım. Yaşamağa yerim olmadığından elə orda da qalırdım. 75-ci ildə Musiqili komediya fakültəsinin üçüncü kursunda idim. "İmtahan" tamaşasını göstərirdik, bizə tamaşa etməyə gəldilər, Xalq artisti, Əməkdar incəsənət xadimi Şəmsi Bədəlbəyli, Xalq artisti Nəsibə Zeynalova və Səyavuş Aslan. Onlar kursun tamaşasına baxdılar. Mən də "Gözün aydın" tamaşasında Səlyanski obrazını oynayırdım. Gəlmişdilər aktyorları seçməyə. Mənim çıxışımı gördülər səhnədə, Musiqili Komediya Teatrının yardımçı heyətinə işə götürdülər. Onlar hiss edirdilər ki, mənim xəmirim bu sənətlə yoğrulub. Ümumiyyətlə, bu sənətin ecazkarlığı ondadı ki, başqa sənətləri oxuyub öyrənmək olar. Tutaq ki, fizik, ədəbiyyatçı, tarixçi olmaq olar. Beş sənət var ki, onlar sənin özünlə dünyaya gəlməlidi. Qanında, canında, ürəyində, hərəkətində, baxışında, yerişində və duruşunda olmalıdı. Bu, aktyor, müğənni, rəssam, bəstəkar və heykəltəraşdı. Səttar Bəhlulzadəni götürək, ürəyi diktə edir, gözü görür, sehrli əlləri çəkir. Bu, Tanrıdan gəlir. Deyir ki,

Öz yükünü yükə qatma,
Ucuzunu baha satma.
Təbin yoxsa, qurdalanma,
Söz, iş, sənət ürəkdən gəlir.

Bir az da şeirlə ifadə etmək istədim. Hə, beləliklə 1979-cu ildə institutu bitirdim, nəhayət, məni Musiqili Komediya Teatrında tam ştata işə qəbul etdilər.
- Oxucularımızın diqqətinə onu da çatdırım ki, bu il sizin üçün çox əlamətdardı, yəni yubiley ilinizdi. May ayında 70 yaşınız olacaq. Bəri başdan sizi oxucularımız adından təbrik edirəm.
- Bəli, may ayının 16-da 70 yaşım olacaq. Heç bilmirsən ki, vaxt necə gəldi, getdi. Uçdumu, əridimi? Amma o illər ki, gedib, biz onları yaşamışıq. Həmin illərdə biz insanlar üçün müxtəlif obrazlar yaratmışıq. Mənəvi sevinc bəxş etməyə çalışmışıq. Fəxr edirəm ki, bu sevgini qazanmışam. 85-ci ildə Əməkdar artist, 94-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Həm də prezident təqaüdçüsüyəm. Bu da xalqımızın, tamaşaçılarımın mənə olan sevgisinin təzahürüdü. Deyir, zəhmət çəkməsən, bəhrəsini görməzsən.
- İllərdi ki, insanlara gülüş bəxş edən bir aktyorun cavabı, görəsən, necə olacaq bu suala: Güldürmək çətindi, yoxsa ağlatmaq?
- Əlbəttə, güldürmək çox çətindi. Mənalı, dəyərli, intellektual güldürmək. Aramızda olan neqativ hallara, əyər-əskiyə gülürük. Və o gülüşün içində göstəririk ki, baxın, aramızda yatıb havayı yeyən, içib evə pis halda gələn və yaxud ara vuran, yaltaq. Bu tipləri göstərə-göstərə gülüş obyektinə çeviririk. Və bundan insanlar nəsə götürür. Tutalım mənim qonşum var, belədi. Deməli, kənardan pis baxılır. Aktyorlar həm də müşahidəçidir. Onların fantaziyası olmalı, eyni zamanda güclü yaddaşa malik olmalıdılar. Mən obrazı öyrənməmişəm, mənimsəmişəm, özümünküləşdirmişəm. Ona görə də ordan çıxış eləyəndə, insanı inandırmalısan ki, belə vəziyyət ola bilər. Bu hala düşmək və ya bu vəziyyətdən çıxmaq olar. Yəni insanlar ona görə gülürlər ki, başa düşürlər.
- Təbii ki, bu, həmişə birmənalı qarşılanmır...
- Sözsüz, kimisi nümunə götürür, amma tam başa düşən tamaşaçı üçün bu, məqbul sayılır ki, o görür, beyin süzgəcindən keçirir. Təbii ki, zövqlər müxtəlifdi, həmişə deyirəm ki, bir aktyor hamının xoşuna gələ bilməz.
- Arif müəllim, sözsüz ki, sizin də bir kumiriniz olub. Ondan öyrənməyə çalışmısınız...
- Bəli, baxıb gəlmək olar. Lakin sən o yolu dəqiq gedə biləcəksənmi? "Hamlet" də deyir, olum, ya ölüm. Bu sənətdə də belədir, ya bu sənətə gəlib olmalısan, ya da olmamalısan.
- Dram tamaşasında oynamaq ürəyinizdən keçib?
- Əlbəttə, oynamaq istəmişəm. Bir az əvvəl güldürmək, ağlatmaqla bağlı sual verdiniz. Mən həyatımdan bir epizodu danışmaq istəyirəm: Mingəçevirdə əsgərliyə gedəndə, kollektiv məni yola salırdı. Kiçik bir torbam vardı, içində balaca bir konserva və çörək. Hamı öz doğmalarını ordan hərbi xidmətə yola salırdı. Biri geyindirir, biri ətəyinə baxır, biri yeməyini gətirir. Mənim də heç kəsim yox, ona görə Mingəçevir kollektivi məni yola salır. Avtobusa mindim, təsəvvür edin, bunlar məni yola salıb qayıtdılar. Hər pəncərənin qabağında maşınlar gedir, qucaqlaşırlar, bir tək mənim pəncərəmin qarşısında heç kəs yox idi. Nə əl eləyən, nə yola salan. Bu bir həyat dramıdı. Gülmək məsələsinə gəlincə isə, məsələn, mən taksi saxladım. Sürücü soruşdu: Ay Arif müəllim, hara gedirsiz? Dedim: Əhmədliyə. Dedi: Neçə nəfərsiz? Dedim: İki nəfər. O da görür axı təkəm, deyir, Arif müəllim, təksən axı, deyirəm ayə sən getmirsən? Yəni dediyim odur ki, hər şey vəziyyətin özündən doğur.
- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasız. Harmoniya sizə görə nədir?
- Bu, birləşməkdir, vəhdətdir. Ümumi desək, burda incəsənətin bütün növləri var. Mən daim qəzet oxuyuram. "Ədəbiyyat qəzeti"ni isə xüsusi qeyd etmək istəyirəm. Nə qədər desək də, indi internet zamanıdı, unutmayaq ki, qəzetin özü canlı ünsiyyətdi. Hər hansı bir yazını hazırlayır. Bu, təmasdan yaranır. Yeri gəlmişkən, mənim haqqımda ilk dəfə 1962-ci ildə "Azərbaycan pioneri" qəzetində Əhməd Bağırov adlı-soyadlı jurnalist yazıb. Ümumiyyətlə, qəzetə sevgim təsadüfi deyil. Bir sirr açım, mən özüm bir müddət qəzetdə müxbir işləmişəm.
- Söhbətə görə çox sağ olun, Arif müəllim. Üzünüzdəki gülüş heç vaxt əskik olmasın.
- Siz də sağ olun. Bizim də var dövlətimiz tamaşaçı alqışı, məhəbbətidir. O həmişə bizimlədir.

***

Arif müəllim bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan teatr məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, insanlarda aktyorluq sənətinə sonsuz sevgi və maraq oyadıb. Bəzən insana elə gəlir ki, hər hansı bir sənətkar heç vaxt onun kimi bu qədər bənzərsiz obrazlar qalereyası yarada bilməz. Yaratsaydı belə, bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun "əyninə biçilib”, onun üçün yazılıb. O, təkcə rollarına görə deyil, həm də görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə daim seçilib-fərqlənib. Onun digərlərindən fərqli bir cəhəti də vardı - ilk andan tamaşaçıda yaratdığı gülüş. Böyük tamaşaçı auditoriyasını güldürən bu gülüşün orijinallığı və inandırıcı gücü var. İllər, qərinələr ötsə də, Azərbaycanın sənət tarixinə adı qızıl hərflərlə yazılan Arif Quliyevin gülüşü hər zaman öz solmaz rəngi ilə daim insanlar tərəfindən hörmət və rəğbətlə qarşılanacaq.
Arif müəllim bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardandır. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. A.Quliyev Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Arif Quliyev zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib. Sənətkarın çoxlu tamaşada və bədii filmdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib.
Və sonda belə bir aktyorumuzu anadan olmasının 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, qəlbinin küncündə ilişib qalan hansısa arzusuna çatmağı arzulayırıq. Heç zaman üzünüzdən gülüş, sevinc əskik olmasın, ustad Arif Quliyev!

Daşdəmir ƏJDƏROĞLU

QEYD: "Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, "Turaz” internet TV-nin rəhbəri Cəmil Dadaşov, eləcə də "Carçı” TV-nin rəhbəri Rahib Kərimli və müəllim Qəzənfər Qaraoğlu da komik aktyorumuzu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür, sağlam can arzulayırlar.


Oxunub: 877






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim