DAHİ HEYDƏR ƏLİYEV HAQQINDA UNUDULMAZ XATİRƏLƏRİM
Azərbaycan xalqı bu gün azad, müstəqil, demokratik ölkədə sabit, firavan, əmin-aman şəraitdə yaşamağına görə xalqın arasından çıxan və fenomenal şəxsiyyət kimi formalaşan Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla anır. Hər bir Azərbaycan vətəndaşı onun öz xalqının rifahı və azadlığı üçün etmiş olduğu mühüm işləri və xilaskarlıq missiyasını daim yüksək dəyərləndirir, onun ruhuna dualar oxuyur. Ona görə ki, cəmiyyətimiz indiki vəziyyətə asanlıqla gəlib çıxmamışdır. Böyük tarixlə müqayisədə qısa bir müddət ərzində Heydər Əliyev adətən bütöv bir əsrdə görülə bilən işlər görmüşdür. Bir sözlə, bugünkü sürətli inkişafımızın təməli məhz elə həmin zamanda qoyulmuşdu. Şükürlər olsun ki, bu gün də Ulu Öndərin mütərəqqi ideyaları yüksək səviyyədə davam və inkişaf etdirilir və Azərbaycanımızın işıqlı gələcəyinin qarantıdır.
Heydər Əliyev haqqında çox yazılıb, çox danışılıb, lakin o, elə bir şəxsiyyətdir ki, hər zaman üçün müasirdir, onun xalqı üçün xeyirxah əməllərinin sayı-hesabı yoxdur, ona görə də onun adı ilə bağlı olan bütün mövzular hər dövrdə aktualdır. Bu həm də onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevi müəyyən zaman kəsiyi öz doğma xalqından ayırsa da, bu zaman məsafəsi artdıqca o, xalqına daha da çox yaxınlaşmış olur. Mən də vaxtilə Heydər Əliyevlə canlı ünsiyyətdə olmuşdum, onunla bağlı xatirələrim kifayət qədərdir. Yəni mənim də onunla ünsiyyətdə olduğum vaxtdan xeyli zaman keçsə də, o mənə daha çox yaxınlaşır və gözümdə daha da ucalır.
İndi isə Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyevlə bağlı olan bəzi xatirələrimi sizinlə bölüşmək istəyirəm.
Hər birimizə bəlli olan "Qırmızı terror” adlandırılan 30-cu illər repressiyaları xalqımızın tarixində ağrılı, acılı illər kimi xatırlanır. Bir çox ailələr kimi, mənim ailəm – babam, nənəm, atam və s. də bu terrorun qurbanlarından olmuş və ya onun acılarını, əzablarını çəkmişdir.
Atam, Əliyev Zeynalabdin Kərbəlayi Ələsgər oğlu universitetin I kursunda oxuyarkən valideyinlərilə birlikdə zəngin adlandırılaraq 1937-ci ilin may ayında vətəndən Qazaxıstana sürgünə göndəriliblər. Təbii ki, onlar tək deyildilər, yüzlərlə azərbaycanlıları vaqonlara doldurub vətənlərindən uzaqlara sürmüşdülər. Uzun illərin əzab-əziyyətindən sonra, 1956-cı il avqust ayının axırında bütün sürgünlər kimi bizim ailəmiz də bəraət aldı və 1959-cu ildə bizə doğma Vətənə qayıtmaq müyəssər oldu. Amma anamın, nənələrimin və babalarımın məzarı o yerlərdə qaldı. Həmin vaxt mən 7-ci sinfi bitirmişdim.
Sürgündən Vətənə böyük bir karvan qayıtmışdı və bizi o vaxtlar DTK-da işləyən Heydər Əliyevin köməkliyi ilə Pirşağı sovxozunda yerləşdirmişdilər. Sürgündən dönənlərin hamısı vətəndə özlərinə ev-eşik tikməyə başladılar, bir neçə il sonra isə Razin, indiki Bakıxanov qəsəbəsinin təməli qoyuldu. Bizimlə birlikdə qayıdanların hamısı orada qalmadı, onların əksəriyyəti H.Əliyevin sayəsində öz kəndlərinə qayıdaraq yenidən doğma yurdlarında məskən saldılar. Onu da qeyd edim ki, o vaxt Heydər Əliyev sürgündən dönənlərə, sadəcə, bunu etməmişdi, o, bütün bu kateqoriyadan olanların işlə təmin olunmasına da köməklik eləmişdi. Yəni o çətin illərdə hamının işə düzəlməyində onun böyük rolu oldu. Maşınqayırma, şin, çörək zavodları sürgündən gələnlərin üzünə bu xeyirxah insanın köməyi ilə açıldı.
Bəraət alıb Vətənə qayıdan ailəmiz üçün uzun illərin ayrılığı öz işini görmüşdü. Qürbətdə yaşayarkən, müxtəlif əzab-əziyyətlərə düçar olarkən heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa doğma yurdumuza qayıdarıq. Heç cür inana bilmirdik, adama yuxu kimi gəlirdi. "Vətən xaini”nin övladları kimi bizi Bakıda nə gözləyirdi? – Bizi Pirşağı qəsəbəsində yerləşdirəndən sonra atam qeydiyyatdan keçmək üçün Dövlət Təhlükəsizlik Nazirliyinə getmiş və orada Heydər Əliyevlə görüşmüşdü. Həmin gündən bizim üçün yeni bir həyat başlandı. Hər an biz onun atalıq qayğısını hiss edirdik. Pirşağıya gələndə yay idi. Tikanlı məftillərin o biri üzündə dustaqlar ev tikirdilər, əks tərəfdə isə kənd adamları məhsul toplayırdılar. Atam istəyirdi ki, biz oxuyaq, savadlı olaq. Biz Qazaxstanda rus dilində məktəbdə oxuyurduq, Pirşağıda isə tədris azərbaycan dilində aparılırdı. Buna görə də atam yenə Heydər Əliyevin yanına getdi. Çünki H.Əliyev sürgündən qayıdanlara xüsusi diqqət və qayğı göstərirdi, onların istək və arzularının həyata keçməsinə bacardığı qədər köməklik göstərirdi.
Günlərin bir günü bizim müvəqqəti məskunlaşdığımız yerdə əsl bayram idi. Heydər Əliyevlə Zərifə xanım görüşümüzə gəlmişdilər. Onların maşından düşüb toplaşanlara tərəf gəlməyi indi də gözümün önündədir. Zərifə xanım güllü paltarda idi. Onların üzlərində təbəssüm var idi, asta addımlarla gəlib mehriban baxışlarla bir-bir onları qarşılayanlarla görüşdülər. Bizə vətən xaini kimi baxanların da olduğunu nəzərə alsaq, onların bizə baş çəkmələri qəlbimizdə ümid çırağı yandırmışdı. Sevinirdik ki, əzizlərimiz bizə baş çəkib. Onlar hamı ilə görüşüb atama yaxınlaşdılar. Mehribanlıqla salamlaşıb hal-əhval tutdular. Sonra mənzilimizə keçdilər. Atamın icazəsi ilə biz – mən və qardaş-bacılarım onlarla salamlaşdıq, onlar bizə əl uzatdılar. Biz onlara əl verdik və Zərifə xanımın əlindən öpdük. O güldü və heyrətini gizlətmədən: "Bunlar adət-ənənə ilə görüşürlər ki…” – dedi. Sonra rusca danışmağımızı görüb "nə yaxşı, rusca danışırlar” – dedilər. Mən azərbaycanca dilləndim: "Biz rusların içində yaşamışıq, axı”. Azərbaycanca danışdığımızı biləndə yenə təəccübləndilər. Başımıza sığal çəkib "Hələ azərbaycanca da bilirlər ki, nə yaxşı uşaqlarsınız, biz sizə kömək edəcəyik, oxuyub savadlı olacaqsınız” – deyib, bizə arxa-dayaq olacaqlarını bildirdilər. Sevincimizin həddi-hüdudu yox idi. Sonra onlar içəri otağa keçdilər. Biz böyüklərin olduğu yerə keçmədiyimizdən söhbətlərini eşitmədik. Amma məzmunu bilirdik. Onlar bu görüşdə bizdən gələcəkdə hansı peşəyə yiyələnəcəyimizlə də maraqlandılar. Qardaşım təyyarəçi, mən isə müəlllimə olmaq arzumuzu bildirdik. Həmin gün yeni həyatımızın başlanğıcı oldu. Heydər Əliyev atamı qardaşı Həsən Əliyevlə tanış etdi, lazım olduqca kömək etməsini tapşırdı.
Bir gün Həsən Əliyev atamı götürüb Bakının rayonlarını gəzməyə çıxdılar. Bütün sürgündən qayıdan azərbaycanlıların arzusunu nəzərə alıb yeni yaşayış məskəni üçün yer axtarırdılar. Razin (İndiki Bakıxanov) qəsəbəsini seçdilər. Qəsəbənin mərkəzində kirayə ev tutmuşduq. Heydər Əliyev Zərifə xanımla bizim o evimizə də tez-tez gəlirdilər. Çay süfrəsi arxasında o qədər onların məsləhətlərini dinləmiş, maraqlı söhbətlərinə qulaq asmışdıq ki...
Biz hədsiz dərəcədə bu insanların səmimiliyini, qayğıkeşliyini hiss edirdik. Tək biz yox, bütün Qazaxıstandan gəlib özlərinə yeni yuva quranlar onların qayğısını hiss edirdilər. Qardaşım onların köməkliyilə Saratov şəhərinə ali təyyarəçilik məktəbinə oxumağa göndərildi. Mən özüm Zərifə xanımın məsləhəti ilə ADU-nun filologiya fakültəsinə daxil oldum. Bir sözlə, həyatda qazandığımız hər bir nailiyyət bu böyük şəxsiyyətlərin adları ilə bağlı idi.
Universitetə daxil olduğumu bilən gün atam bizə dedi: - "Gedin Zərifə xanıma təşəkkür edin”. Zərifə xanım qardaşıma və mənə istədiyimiz vaxt onlara getməyimizi tapşırmışdı. Qardaşımla əl-ələ verib həyətdə əkdiyimiz qızılgüllərdən böyük dəstə bağladıq, elektrik qatarına əyləşib şəhərə gəldik. Mənzilə daxil olanda Zərifə xanımın bizi necə mehribanlıqla qarşıladığını görəydiniz. Bağrına basdı, öpdü. Bizə süfrə açdırdı. Süfrəyə çörək, müxtəlif şirniyyat düzdürdü. Övladlarını çağırıb bizimlə söhbətə başladı. Elə bu zaman Heydər Əliyev gəldi. Bizi görüb: "Bizim Leyla universitetə daxil olub, təbrik etmisinizmi?” – dedi. Zərifə xanım gülləri göstərdi: "Gör nə gözəl güllər gətiriblər”. O söhbət yadıma düşəndə indi də düşünürəm ki, insanda nə qədər mədəniyyət, alicənablıq, ən xırda şeyə də müsbət reaksiya vermək və qiymətləndirmək bacarığı olmalıdır ki, qarşısındakını ucaltsın. Onların dahiliyi bunda idi.
Dahi Heydər Əliyevlə bağlı bir əziz xatirəmi də bölüşmək istəyirəm.
1964-cü il idi, bir gün atam işdən evə gələndə görür ki, küçənin girişinə "929 проезд” yazılıb. Bu "nömrələmə” isə atama sürgün həyatını xatırlatdı. Ona görə də, qərara gəldi ki, Razin qəsəbəsinin (Bakıxanov) sovetliyinə gedərək məsələni aydınlaşdırsın. Sovetlikdə təstiq edirlər ki, küçə bundan sonra belə adlandırılacaq. Təbii ki, atam bundan çox narahat olur və gedir DTK-ya, Heydər Əliyevin qəbuluna.
Heydər Əliyev atamı həyəcanlı görüb, soruşur ki, nə hadisə baş verib? Atam isə küçəyə verilən adla bağlı narazılığını bildirir və deyir ki, biz sürgündə də nömrələnərək "baraklarda” yaşamışıq. İndi isə vətəndəyik. Sizin köməyinizlə, məsləhətinizlə ev-eşik tikdik və sevindik ki, artıq doğma Azərbaycanda azadıq, öz Respublikamızın vətəndaşıyıq. Küçənin adına hansısa azərbaycanlı alimin, qəhrəmanın, şairin adını verərlər, lakin bu küçəni nömrələyiblər. Mən orda yaşayan bütün sakinlərin adından gəlmişəm. Heydər Əliyev atamdan soruşur ki, sakinlər küçəyə hansı adı vermək istəyir? Atam da deyir bu küçədə yaşayanların çoxu sürgündən qayıdan naxçıvanlılardır. Yaxşı olar, küçəyə Naxçıvanın adını verəsiniz. Heydər Əliyev razılaşmır, deyir təkcə naxçıvanlılar yox, Azərbaycanın hər yerindən insanlar repressiya qurbanı olmuşdur.
Bir neçə aydan sonra Heydər Əliyevin məsləhəti və sakinlərin razılığı ilə bütün lazımı sənədlər toplandı, küçəyə Azərbaycanın böyük şairi, represiya qurbanı Hüseyn Cavidin adı verildi. H.Cavid küçəsinin rəsmiləşdirilməsində lazım olan sənədləri mən toplamışdım və bu mənim üçün həm məsuliyyətli tapşırıq, həm də ilk ictimai fəaliyyət idi.
"Dəmir ledi” Marqaret Tetçer demişdir: "Azərbaycan prezidenti Heydər Əliyev zəmanəmizin görkəmli siyasi xadimlərindən biridir”. Mən böyüklərdən eşitmişəm ki, öz xalqını doğru-düzgün yola çəkən, ağır günündə ona dayaq duran şəxsiyyəti peyğəmbərlik zirvəsinə qədər ucaldıb əzizləyirlər, yalnız belə şəxsiyyətlərin anadan olan gününü, ilini ümumxalq bayramı kimi qeyd edirlər. Bu məqamda "Dəmir ledi”nin sözlərinə bir qədər düzəliş edib cəsarətlə deyirəm: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zəmanəmizin siyasi xadimlərinin birincisidir!
Bir sözlə, Azərbaycan xalqının həyatında əldə olunmuş bütün nailiyyətlərin əsl müəllifi məhz Heydər Əliyev və Azərbaycan xalqıdır. Nə qədər ki, Azərbaycan xaqı var, Heydər Əliyev bu xalqın qəlbində daim yaşayacaq, xalqın qəhrəman oğlu kimi hər zaman xatırlanacaq, yaddaşlardan silinməyəcək. Bu o deməkdir ki, Ulu Öndərimiz cismən xalqının arasında olmasa da, sağlığında ruhən xalqına bağlı olduğu kimi, yenə həmişə ruhən xalqının yanında olacaq. Uca Allahdan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevə və onun xanımı gözəl və zərif qəlbli Zərifə Əliyevaya rəhmət diləyirəm, ruhları şad olsun! Heydər Əliyevin siyasi ideyalarını bu gün yüksək səviyyədə davam və inkişaf etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz Mehriban Əliyevaya möhkəm can sağlığı arzulayıram!
Leyla Gərayzadə,
Bakı Dövlət Universiteti, Filologiya fakültəsi,
Rus ədəbiyyatı tarixi kafedrasının professoru