reklam
USD
22 ℃
EUR
BAKI

QƏHRƏMANLIQ NÜMUNƏSİ ŞƏHİD – ƏN ALİ VƏ MÜQƏDDƏS VARLIQ

XƏBƏR / 14.12.2020 10:59

QƏHRƏMANLIQ NÜMUNƏSİ



Azərbaycan - Qəhrəmanlar yurdu, igidlər məskəni! Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq salnamələrinin şahidi olmayasan.
Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Bu gün ölkəmizin güclü, qüdrətli Ordusu, qəhrəman Azərbaycan əsgəri var. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
44 günlük Vətən müharibəsində xalqımız cəbhədən gələn qələbə xəbərlərini "Eşq olsun Azərbaycan əsgərinə!", "İgid əsgər, irəli!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Prezident-xalq-ordu birliyi sarsılmazdır" kimi döyüş ruhlu çağırışlarla Ordumuza dəstəyini ifadə edirdi.
"Öncə Vətəndir!" deyən oğullarımız bizi yenilməz etdi. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir... Böyük qələbəni ölkəmizə qazandıran hər bir əsgər öz qəhrəmanlığı ilə gənc nəsil üçün bir örnək oldu. Onların qəhrəmanlıq yolu hər birimiz üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.
Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız uzun illər sürən danışıqlar, müzakirələr yolu ilə yox, hərbi yolla azad olundu. Azərbaycanın Şanlı Ordusu döyüşərək, qan tökərək, şəhid verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində demişdir: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. ...Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi".
Şuşa uğrunda döyüşlərdə düşmən Azərbaycan əsgərindən daha əlverişli mövqedə olub, daha yüksəkdə qərar tutub, qabaqcadan tədarük etdiyi hücum və müdafiə qurğularından, sığınacaqlardan yararlanıb. Əsgərlərimiz çarpışa-çarpışa irəliləyib düşmənlə qarşı-qarşıya dayanıb. Mərd Azərbaycan əsgəri Şuşamızı dişi-dırnağı ilə, addım-addım təmizləyə-təmizləyə fəth edib. Yaralı, qanı axa-axa cəbhə yoldaşını atıb getməyən, onu da çiyninə alıb sıldırıma dırmanan, qələbəyə, son hədəfə can atan əsgəri olan millət yenilərmi? Belə mərd oğulların var, Azərbaycan!
Sözsüz ki, müharibə itkisiz olmur. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. İkinci Vətən müharibəsində xarici jurnalistlərdən biri hər iki ölkənin əsgərinə sual verir: Döyüşdə nə qədər hərbçi itirmisiniz? Erməni minlərlə əsgər, deyə cavab verir. Üzünü Azərbaycan əsgərinə tutan jurnalist aldığı cavabdan özünü bir anlığa itirir. "Bizdə itki olmadı". Xarici jurnalist soruşur: Necə yəni olmadı". Axı, qarşı tərəfin minlərlə itkisi var. Azərbaycan əsgəri qürurla cavab verir: qazimiz oldu, qəhrəmanımız oldu, şəhidimiz oldu, ancaq ölənimiz olmadı. Doğrudan da, xalqımızın bu müharibədə bir daha qəhrəmanlığının şahidi olduq. Hər dəfə şəhid xəbərini aldıqda hamı bir ağızdan "Vətən sağ olsun!", - dedi.
Düşmənin öz silah-sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynadı. Bundan başqa, cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərdi. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinlikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə, torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdi. Bu böyük qələbəni isə dövlət başçımızın dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgəri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa zəfəri Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir. Bu zəfərə gedən yolda isə minlərlə vətən övladlarının dillərə dastan olacaq çoxsaylı qəhrəmanlıq salnaməsi var. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Tariximizə şanlı qırx dörd günlük müharibə və ya "Dəmir yumruq" əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək bütövləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz şanlı bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya və yüzlərlə kənd və yaşayış məntəqələrimizə sancdı. Əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaqdır.
Qarabağımızın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanın azad edilməsi ilə Ermənistan kapitulyasiya aktı imzalamağa, işğal altında olan Laçın, Ağdam və Kəlbəcər rayonlarından öz işğalçı qoşunlarını döyüşsüz çıxarmağa məcbur edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi barədə verdiyi müjdə, əslində Vətən müharibəsində qazanılmış böyük qələbənin rəsmən elanı idi.
Yaddaşımızda bir çox milli dəyərlərimizi özündə yaşadan Şuşa, həm də milli birliyimizin, həmrəyliyimizin, azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşdi.






ŞƏHİD – ƏN ALİ VƏ MÜQƏDDƏS VARLIQ



"Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”.
(Bəqərə surəsi, 2/154)

Şəhid insan... Şəhid şəhər... Şəhidlər qəbristanlığı... Şəhid ruhlar...
Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son iyirmi bir ildə belə işlək sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. "Şəhid ailəsi", "şəhid anası", "şəhid atası", "şəhid məzarı" - yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi bizim hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.
Qarabağ şəhidləri. 20 Yanvar qurbanları. Xocalıda həlak olanlar. Bunlar Azərbaycan tarixinin ən faciəvi məqamlarıdır. Bir evdən, bir ocaqdan, bir ailədən qopan oğullar, qızlar, təkcə bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, məmləkətin şəhid oğullarına döndülər.
Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır. Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olubdur.. "Hədiqətüs-süəda" əsərində o, əski çağlardan çox yayılan Kərbəla vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, tədqiqatçıların çox doğru qeyd etdiyi kimi, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir etmişdir. Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olmuşdur. Xüsusilə qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur.
Qəhrəmanlıq nə yalnız
bir yüksəliş deməkdir.
Nə də yıldızlar kibi
parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
Qoşar adım getməli
onların arxasından.
Qəhrəmanlıq-içərək
acı ölüm tasından,
irəliyə atılmaq və
sonra dönməməkdir!
(Nihal Atsız)
Azərbaycanın müstəqilliyi təkcə 80-90-cı illərin hadisəsi olmayıb, kökü milli şüurumuzun və azadlıq düşüncələrimizin dərin qatlarına gedib çıxır. Odur ki, poeziyada müstəqilliyimizə qədər gələn arzuların real ifadəsi kimi bir sıra obrazlar diqqəti cəlb edir. Xüsusilə Babəkin qəhrəmanlığı, Nəsiminin şəhidliyi haqqında poeziyamızda onlarca nümunələr yaranmışdır.
Rəsul Rzanın "Babək" şeiri (1977) şəhid olan qəhrəmana möhtəşəm poetik abidə kimi əvəzsizdir. Şair Babəkin ölüm səhnəsini təsvir edir. Babək qan dolu teştdə bir soluna, bir sağına baxır, bir ovuc qan götürür ki, saralan rəngi görünməsin. Sağ qolunu da kəsirlər. Ona elə gəlir ki, qolu deyil, qılıncı yerə düşür. Amma:
Babək nə uf dedi,
nə aman istədi.
Sanki uzaq-uzaqlardan,
qara kəhər atının
kişnərini eşitdi.
Qan qurumuş dodağından
iki kəlmə qopdu:
Gəlmələr! İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı babəkçilər.
Əli Kərimin "Şəhidliyin zirvəsi" şeiri isə Nəsimiyə həsr edilib. Bu şeirdə də şəhidlik ölüm aktı kimi yox, qəhrəmanlıq, dönməzlik faktı kimi poeziya həqiqətinə çevrilir. Yenə də çoxlu belə nümunələr gətirmək olar. Mən burada Xalq şairi Sabir Rüstəmxanlının "Sönmüş ocağın ağısı" poemasında rus imperiyasına qarşı kiçik bir dəstə ilə vuruşan Cavad xanın qəhrəmanlığı və şəhidliyindən söz açılır.
Fəlakət Cavad xanı oyatmışdı. Mənliyi, qüruru, vicdanı, ürəyi oyanmışdı. Ölümünə bircə gün qalsa da oyanmışdı. Təkəbbürlülüyünü, hansı xanlasa ədavətini unutmuşdu. Ya Gəncə darvazalarının qapısını açıb təslim olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq! Cavad xan ikinci yolu seçdi. Bu yol Beyrəyin qanlı köynəyindən, Nəsiminin edam edildiyi dar ağacından, Koroğlunun hayqırtısından keçirdi. İndi Cavad xan üçün yaşanılmamış ömür yoxdur! Qeyrət var, ölümünü duyub bu ölümü mərdanə qarşılamaq var. Və bir də acı bir təəssüf hissi:
Özümüz balta çaldıq kökümüzə o ki var,
Qolumuzu budayıb ocaq qaladıq yada.
Qardaşı olmayanlar özgəni qardaş tutar,
Qardaşı ola-ola yetim qaldıq dünyada.
Cavad xan şəhid oldu, amma öz qanı ilə tarixləri qızartdı. Biz 1918-ci ilin Mart qırğınlarını da unuda bilmərik!
Yazıçı Ənvər Məmmədxanlının çox sevdiyi bir ifadə vardı- "azadlıq yanğısı". O, azadlıq yanğısı idi yüz minlərlə insanı Azadlıq meydanına çəkib aparan. Bu azadlıq yanğısından Müstəqil Azərbaycan doğuldu. Demokratik Azərbaycan Respublikasının süqutundan sonra 71 il 5 ay ərzində xalqın ruhunda yaşayan o azadlıq yanğısını söndürmək üçün Azərbaycan torpağında Qarabağ müharibəsi əkildi, 20 Yanvar, Xocalı qırğınları törədildi, Bakıya rus tankları yeridildi, şəhərlərimiz, kəndlərimiz işğal olundu. Bu azmış kimi, Azərbaycanda Vətəndaş müharibəsi təhlükəsi yarandı. İlk istiqlal şairlərimizdən Əhməd Cavadın Ortaq türk dilinin yaradıcısı İsmayıl bəy Qaspralıya yazdığı şeirdən bu misraları xatırlayırsan:
Milli sazlar çalır matəm...müsibət,
Başdan-başa qan ağlayır bir millət!
Dağlarına çökmüş matəm havası,
Baxdım, ağlar türkün bağı-bağçası.
Oxunur alnında dərin bir tasa,
Qoca türk, sən nədən batdın bu yasa?
Ancaq nə qədər oxşar olsa da, milli sazlar indi də hərdən qəmli-qəmli ötsə də, Azərbaycan öz müstəqilliyini, öz bayrağını və varlığını qorudu. Ulu öndərimiz Heydər Əliyevin böyük əzmi sayəsində!
XX yüzilliyin ən dəhşətli, ən faciəli 20 Yanvar və Xocalı hadisələri poeziyamızın yaddaşına əbədi köçdü.Həmin mövzuda ilk şeirlər Mirvarid Dilbazinin, Qabilin, Fikrət Qocanın, Məmməd Aslanın, Zəlimxan Yaqubun, Ələkbər Salahzadənin qələmindən çıxdı.
Qərənfil-şəhid qanı;
Ağla, qərənfil ağla!
Ağla, inlət dünyanı;
Ağla, qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu allahsız qurğuya
Ağla, qərənfil, ağla!
(Məmməd Aslan)
Xalq şairi Qabilin həmin günlərdə yazdığı "Mərsiyə" şeiri də dillər əzbəri oldu. Bu şeirin dini mərsiyələrdən fərqi orasında idi ki, o mərsiyələrdə hansısa bir imamın və ya imam övladlarının müsibətinə yas tutulurdu, Qabilin mərsiyəsində isə bütöv bir xalqın faciəsi əks olunmuşdur.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər.
Məlum məsələdir ki, əgər bir mövzu yalnız bir dövrü əhatə etməyib sonrakı illərdə də davam etdirilirsə, bu zaman həmin mövzu ya təqlidçiliyə yol açır, ya da yeni çalarları, ifadə vasitələri ilə diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması bu mənada 20 Yanvar faciəsinin fəlsəfi-poetik dərki kimi poeziyamızda xüsusi yer tutur. Bu poemadan əvvəl B.Vahabzadə "Şənbə gecəsinə gedən yol" publisistik əsərini yazmış, 20 Yanvar faciəsinin səbəbləri haqda geniş söz açmış, günahkarları danılmaz faktlarla suçlandırmışdı.
"Şəhidlər" poeması proloq, son söz və on yeddi fəsildən ibarətdir. Fəsillərin hər biri bu və ya digər dərəcədə mövzu ilə bağlıdır, həmin mövzuya bilavasitə dəxli olan müəyyən bir hadisədən söz açır. Bilirik ki, 20 Yanvar faciəsi adi qırğın deyildi, İmperiyanın "dərs vermək", cəzalandırmaq praktikasının sübutu idi. Ancaq bu faciə Azərbaycanı Müstəqilliyə doğru gedən yoldan çəkindirə bilmədi. Şəhidlik həm də qəhrəmanlıq kimi dərk edildi, çünki xalq bu müsibətdən, faciədən ayıldı, özünü dərk etdi.
Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə,
Ölüm aşağıdır Vətən eşqindən.
Adımız dolaşdı bütün dünyanı,
Çox da ki, ağımız qara yozuldu.
Azadlıq yolunda ölümlərə də
Hazır olduğunu göstərdi xalqım.
Bu poema bir neçə aspektdən poeziyamızın uğuru sayıla bilər. Birincisi, əsər baş verən faciəli hadisənin səbəbləri üzərində dayanır və vətəndaş bir şair kimi belə bir sualı aydınlaşdırır ki, 20 Yanvar qırğınına yol hardan başlayıb, bunun kökü hardan gəlir. İkincisi, poemada konkret hadisələr və vaqiələr təsvir olunur, konkret adlar çəkilir, günahkarların kimlər olduğu aydınlaşdırılır. Poemada bir ümumi ŞƏHİD obrazı var, bu obraz şairin bütün şəhid qəhrəmanlarının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Poemanın lirik-publisistik ritmi və axarı da bu aspektdə qurulub. Üçüncüsü, poemanın adı "Şəhidlər" olsa da, burada şəhidlik məfhumu öncə qeyd etdiyimiz kimi, qəhrəmanlıq anlamında dərk olunur.
Bəli, poeziyamızda, nəsrimizdə 20 Yanvar qırğını elə 20 Yanvar günündən başladı. Ürəyi sözlə dolu cavan bir şair-Ülvi Bünyadzadə bu haqsızlığa dözmədi. Az sonra Ülvinin əlyazmaları içində başdan-başa etiraz və üsyanla dolu şeirlər, publisistik yazılar üzə çıxdı.
Əlbəttə, bütöv bir xalqa qarşı törədilən bu vəhşilik ziyalıları, söz adamlarını ayağa qaldırmaya bilməzdi. Çox çəkməz, istiqlal şairi B.Vahabzadə yazacaqdı: "Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz".
Şeirimizdə bir neçə il matəm ruhu dolaşdı. Mövzunun özü bunu tələb edirdi. Elə bir şair olmadı ki, həmin müsibəti öz şeirlərində əks etdirməsin. Amma çox çəkmədi ki, 20 Yanvar, onun ardınca Xocalı faciələri qloballıq kəsb etdi, dərin kədər hisslərini qəzəb, nifrət əvəz etdi, şəhidlik fəlsəfi düşüncələrə, geniş publisistik şərhlərə yol açdı, yeni əsərlər meydana gəldi. Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun "Dur ayağa, Azərbaycan!" nidaları eşidildi.
Ayağa dur, Azərbaycan!
Səninləyəm.
Səndən qeyri biz hər şeyi
Bölə billik
Səndən qeyri biz hamımız
Ölə billik.
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
Baban deyir.
(Məmməd Araz)
Nifrətini silah elə, gəl silahı gözləmə,
Sarıl bu gün inamına, gəl, sabahı gözləmə.
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə,
Ona-buna göz tikənə yoxdu mənim rəğbətim,
Dur ayağa, məmləkətim, qalx ayağa millətim!
(Zəlimxan Yaqub)
20 Yanvardan sonra xalqımız çox-çox müsibətlərlə üzləşdi, Qarabağ torpağında igidlərimizin qanı bir şəhid kimi dolandı bu məmləkəti. Ancaq 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, bu gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.
Beləcə 20 Yanvar - qanlı şənbə bizimlə yol gedir... Ruhumuzda, mənəvi dünyamızda, şeirmizdə... Düşmənimizi tanımaq, özümüzü dərk etmək, müstəqilliyimizi qorumaq üçün. Şəhidliyimizi Qəhrəmanlıq kimi anlamaq üçün.
Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,
Nəğdi-can sərf eyləyib dünyadan kam almaq gərək.
Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
(M.Füzuli)

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.
Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.
Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Belə ki, 1990-cı ilin 20 yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin ağır texnika ilə silahlanmış ordusu öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza divan tutmaq və xalqın mübarizə əzmini qırmaq üçün vəhşiliklər törətdi. Həmin gün paytaxt Bakı dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı və mübarizə əzmini göstərdi.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Bəxtiyar Vahabzadə "Şəhidlər” şeirində həmin günü və şəhidləri belə təsvir edir:
ŞƏHIDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənimdə haqqım var”, - deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
(Bəxtiyar Vahabzadə)

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...
Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

VƏTƏN UĞRUNDA ŞƏHİD OLANLAR UNUDULMAYACAQ!

"carci.TV” saytı
12 dekabr, 2020.




Oxunub: 231






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim