reklam
USD
8 ℃
EUR
BAKI

Nəsirəddin Tusi fenomeni ELM VƏ TƏHSİL

MÜSAHİBƏ / 18.02.2021 00:26
Nəsirəddin Tusi fenomeni
ELM VƏ TƏHSİL


Azərbaycan xalqı, ictimai-siyasi, elmi-ədəbi mühiti və uzun bir tarixi mərhələdə Yaxın Şərqə, bötüvlükdə dünyaya böyük simalar, görkəmli xadimlər bəxş etmişdir. Bu gün də belə bütün bəşər mədəniyyəti və sivilizasiyası Əcəmi Əbubəkiroğlunun memarlığına, Nizami Gəncəvinin poetik istedadına, Bəhmənyarın fəlsəfəsinə, Yusif Məmmədəliyev və Lütfi Zadə kimi alimlərin kəşflərinə minnətdar qalmaqdadır. Görkəmli elm adamı, şair və ədəbiyyatşünas Nəsirəddin Tusi də məhz belə əvəzsiz şəxsiyyət və görkəmli xadimlərdən biridir. Bəşər tarixində onun adı göstərdiyi misilsiz xidmətlərə görə həmişə öndə gəlir. Bu da fəxarət və qürur doğuran haldır ki, Azərbaycan xalqının görkəmli övladları Nizami Gəncəvi bəşər tarixində şeriyyət və sözün qüdrət simvolu hesab olunduğu kimi, Nəsirəddin Tusi də elmin simvolu olaraq ehtiramla xatırlanır.   

Sələfləri və xələflərilə Naxçıvana doğma insan

Nəsirəddin Tusinin anadan olduğu yerin Həmədanda Bahar, bəzilərinə görə Xorasanda Tus vilayəti, bəzilərinə görə Qum, bəzilərinin fikrincə isə, Cəhrud kəndi olması barədə fikirlər mövcuddur. Mənbələrdə onun Naxçıvandan olması ilə də bağlı fikirlər mövcuddur. Hətta bu görkəmli şəxsiyyətin özünün Ordubadda doğulması və buradan Tusa getməsi barədə fikirlər də var. Ordubadda Tusi nəslindən olan bir sülalənin yaşaması da buna dəlil göstərilə bilər. Bu nəslin nümayəndələri də həmişə öz istedad və bacarıqları ilə parlamış, görkəmli şəxsiyyətlər kimi yetişmişlər. Hatəm bəy Ordubadi kimi tanınan görkəmli dövlət xadimi və ədəbiyyat adamı da Tusi nəslinin nümayəndələrindən idi. Səfəvilər sarayının vəziri olan bu görkəmli adam Nəsirəddin Tusi kimi öz zəkası və istedadı ilə tanınmış və yüksək etimad və etibar qazanmışdı. Naxçıvandan olan görkəmli şair İslam Səfərlinin mənsub olduğu sülalənin də Tusilərdən olduğu qeyd edilir. Hətta Nəsirəddin Tusinin nəslinin Naxçıvanda Ordubadda yaşamasını nəzərə alan və ona böyük ehtiram nümunəsi göstərən I Şah Abbas oranı bütünlüklə vergidən azad etməsi barədə 1604-cü ildə fərman da imzalamışdır. Həmin fərman bu gün də XVII əsrdə tikilmiş böyük Came məscidinin qapısı üstündəki daş kitabədə həkk olunaraq qalmaqdadır. Həmin kitabədə əks olunmuş fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...xilafət məkanlı, Cəmşid cəlallı, mələk qoşunlu Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən, ...bu camaatın ümumiyyətlə, fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə-Tusiyyə silsiləsinin fədakarlığı müqabilində şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi”. Həmçinin görkəmli tədqiqatçılardan olan Vaqif Piriyev bu barədə ətraflı bəhs edərkən hətta Cəhrud kəndinin indiki Cəhri kəndi olması barədə mülahizələr də irəli sürmüşdür. Ciddi tədqiqatçılardan olan tarixçi alim Vaqif Piriyev Seyidağa Onullahi və Oqtay Əfəndiyevin fikirlərilə həmrəylik nümayiş et­dirərək "Naxçıvan tarixindən səhifələr” əsərində Nəsirəddin Tusinin Naxçıvanla bağlılığını təsdiq edərək yazırdı: "...Xacə Nəsirəd­din Məhəmməd Tusinin sələfləri və xələfləri Naxçıvan torpağı ilə bağlı olmuşlar. Onun atası Firuzşah gənc yaşlarında təhsil almaq üçün Naxçıvandan Tus şəhərinə getmiş və orada Firuzşah Cəhrudi ləqəbi ilə tanınmışdır. Nəsirəddin Tusi bu şəhərdə təhsil aldığından "Tusi” ləqəbi qəbul etmişdir. Tusinin xələfləri də sonralar Naxçıvan ərazisinə qayıtmışlar və Naxçıvan və Ordubadda məskunlaşmışlar. Onların nəslindən olanlar indi də bu ərazilərdə və Azərbaycanın başqa yerlərində yaşayırlar”.

Bəşəriyyətin müəllimi və alimlər alimi

Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusinin (1201-1274) XIII əsrin görkəmli alim, ictimai xadim və ədiblərindən biri kimi adı çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka sahibi olan və öz sağlığında belə "alimlər alimi” kimi geniş şöhrət qazanmışdır. Onu həm də dövründə "ustad əl-bəşər” ("bəşəriyyətin müəllimi”), "sultan əl-hükəma” ("həkimlər sultanı”), "əsrin yeganəsi”, "sonuncu filosof” kimi mötəbər və möhtəşəm adlarla da çağırmışlar. Hətta şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək adamların arasında qürurla demişdi: "Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”. Bu görkəmli şəxsiyyət haqqında belə bir fikir də deyilmişdi ki: "O, gələcəyin alimi və elm dünyasını özünün idrak nuru ilə işıqlandıracaq görkəmli bir adam olacaq”. Alimin məzarının başdaşı üzərində olduqca gözəl bir xətlə yazılmış bu sözlər də ona verilən yüksək qiyməti özündə ifadə edir: "Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.

Nəsirəddin Tusi təpədən dırnağa qədər əvəzsiz bir alim idi. Doğrudan da, gələcəyinin ən qüdrətli alimlərindən olan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış və hərtərəfli bir elm adamı kimi şöhrət tapmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdur. "Şərh əl-İşarat” ("Fəlsəfə kitabı”), "Zic-i İlxani” ("Astronomiya haqqında”), "Təcrid əl-əqaid” ("Kəlam kitabı”), "Tezker-i hayat”, "Təhrir-i Uqlidis”, "Təhrir əl-Məcəsti”, "Əsas əl-iqtibas” ("Məntiq kitabı”), "Əsraf əl-eşraf”, "Əxlaq-i Nasiri”, "Füsul nəsiriyyə” kimi əsərlər məhz Nəsirəddin Tusinin zəngin elmi-ədəbi dünyagörüşü və bilklərinin monumental göstəricisidir. Nəsirəddin Tusinin dünya elmi qarşısında mühüm xidmətlərindən biri də Marağada böyük bir rəsədxana tikdirməsidir. Həm də görkəmli siyasi xadim olan Nəsirəddin Tusi sahib-mənsəb etibarı və elmin dərinliklərinə nüfuz edən biliklərindən istifadə edərək dövrün hökmdarını inandırmağa çalışmışdı ki, "Marağa” rəsədxanasının tikintisi kainat elmi və hadisələrini qabaqcadan bilmək üçün bir məqam olacaq. Hətta onun hökmdarı inandırmaq üçün istifadə etdiyi boş qazan üsulu bu gün də dillər əzbəri olan bir məsələ çevrilib. Həm də əxlaqçı və tərbiyəçi olan Nəsirəddin Tusi geniş şöhrət qazanmış "Əxlaqi-Nasiri” kimi əxlaq və mənəvi tərbiyə kitabında əxlaqi-ictimai görüşlərini təqdim edibdir.

Ədəbiyyat bilicisi və şair Tusi

Bu görkəmli alim həm bədii yaradıcılığa sahibdir. Ədəbiyyatşünaslıq elmi ilə məşğul olan, poetikaya aid əsərlər yazan Tusi özünü ədəbiyyat bilicisi kimi təsdiq etdmişdir. Tədqiqatçı, filologiya elmləri doktoru Yaqub Babayev haqlı olaraq yazır: "Onun (Nəsirəddin Tusinin-R.Q.) ədəbiyyatşünaslıq bacarığı və bədii talantı nəhəng və uca elmi əzəmətinin kölgəsində qalmış, daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas Tusini unutdurmuşdur”. Bu baxımdan görkəmli alimin "Meyarül-əşar” ("Şeirin ölçüləri”) və məntiqə dair yazılmış "Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr olunan sanballı əsərlər kimi diqqəti cəlb edir. Bu mənada Tusini görkəmli filosof-alim Aristotellə müqayisə edib "Şərqin Aristoteli” adlandırmaq olar. Bu mənada ki, dünyanın 7 müdrikindən biri kimi ad-san qazanmış Aristotel həm də dünya ədəbiyyatşünaslığının elmi cəhətdən əsasını qoyan məşhur "Poetika” əsərinin müəllifidir. Nəsirəddin Tusi öz istedadını daha çox dəqiq elmlərə həsr etməsinə baxmayaraq, zəngin şeir ənənələrindən çıxış edərək poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir.

Alim və şair olan Nəsirəddin Tusi haqqında bəhs edən filologiya elmləri doktoru Yaqub Babayev yazır: "Xacə Nəsirəddinin şəxsiyyət və yaradıcılığında möhtəşəm elmi qabiliyyəti ilə şairlik məharəti qovuşmuş şəkildə idi. Sadəcə olaraq onun elmi siması o qədər parlaq idi ki, danışanları həmişə nisbətən kiçik görünən şair Tusinin deyil, daha əzəmətli görünən alim Tusinin fəaliyyəti cəlb edirdi. Bu mütəfəkkir şəxsiyyət isə şeirin həm nəzəriyyəsi, həm də praktiki inşası ilə məşğul olmuş, qiymətli poeziya nümunələri yaratmışdır”. Onun "Meyarül-əşar” (1251) əsəri və məntiqə aid yazdığı "Əsasül-iqtibas” əsərinin 9-cu fəsli şeirin nəzəri əsaslarına, poetikaya həsr olunmuşdu. "Əsasül-iqtibas” əsərində "Şeir nədir?” sualı ətrafında mühakimə aparan Nəsirəddin Tusi belə mülahizə edirdi: "Şeir məntiq baxımından təxəyyüllü sözdür. Bizim dövrdə isə vəznli və qafiyəli kəlama deyilir. ...Təxəyyüllü, amma vəznsiz və qafiyəsiz olan sözə isə şeir demirlər. Qədimdə isə təxəyyüllü sözə həqiqi vəzni və qafiyəsi olmasa da, şeir deyirdilər”. Müəllif bu barədə fikirlərini inkişaf etdirərək yazır: "Şeirin maddəsi sözdür, surəti isə müasir baxışa görə vəzn və qafiyədir. Məntiqçilərin fikrincə isə, şeirin surəti təxəyyüldür”. Tusi belə qənaətə gəlirdi ki, obrazlılıq, başqa sözlə, bədii yalanpoetik kəlamın bəzəyi və gözəlliyi rolunu oynayır. Buna görə də "şeirin ən gözəli ən yalan olanıdır” və s. Tusi şeirdə bənzətmələrin işlədilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bənzətmələr məhz obrazlılıq göstəricisi kimi çıxış edir. Buna görə də N.Tusi bənzətmələr haqqında bəhs edərkən onları "mümkün və mümkünsüz” deyə iki yerə bölürdü və əhəmiyyətindən bəhs edərək yazırdı: "Bənzətmələri düzgün işlətməyən şairin səhv etməsi ata pəncə, şirə nal çəkən rəssamın səhvi kimidir” deyirdi. Mümkündən mümkünsüzə meyil edən bənzətmələrə xurafat deyirdi N.Tusi: "Amma ola bilər ki, bunu daha üstün saysınlar”. 

Alimin şairlik məharətindən xəbər verirdi ki, o, nücum elminə həsr olunmuş "İxtiyarati-Seyrül Qəmər” və "Şərhi-Təqvim” adlı elmi əsərlərini nəzmlə qələmə almış, elmi mülahizlərini bədii vasitə və dillə ifadə etmişdir. Hətta alimin "Əxlaqi-Nasiri” əsərində də xeyli poetik nümunələr vardır ki, onun şairlik məharəti və poetik düşüncəsini uğurla təcəssüm etdirir.

Alimin bədii yaradıcılığından müəyyən bir hissə elmə məlumdur. Rübai, qəzəl, qitə, təkbeyt və başqa janrlarda yazılmış bu bədii nümunələr həm də məharətli və geniş poetik düşüncəli şair Tusinin istedad və qabiliyyətinin nailiyyətləridir. Bədii yaradıcılığa da malik olan Nəsirəddin Tusi şeirlərindən birində: "Mənim üçün səadət günü və eyşü şadlıq gecəsi mütaliə gecəsidir”, – deyə oxumaq və bilik qazanmağı insan üçün ən vacib hal saymışdır:

Dünya ləzzətləri edəmmir əsir,
Az oldu, çox oldu, eynimə gəlmir.
Eyş-işrət, kef-damaq mənimçün yalnız
Gündüz dərs, gecələr mütaliədir.

Və yaxud:

Elin qayğısını çəkə biləsən,
Sınıq bir ürəyi tikə biləsən.

Ədəbi-bədii yaradıcılığa malik sənətkar olan Tusi bədii əsərlərini nəzm və nəsr şəkilində yazmışdır. Bu əsərlərdə Tusinin nadir istedadı və bədii təfəkkürü özünü nümayiş etdirir. Onun şeirlərində insanın mənəvi gözəllikləri, həyat eşqi əsas yer tutaraq həyatdakı zülmə və zalıma qarşı mübarizə ruhunu əks etdirir. Şeirlərindən birində deyirdi:

Dünyada çoxları çox səy etdilər,
"Kəşf etdim” deyərək səs yüksəltdilər.
Dolaşıq bir düyün rast gələn kimi,
Ona bir düyün də vurub getdilər.

Tusinin bədii irsində ictimai məzmunun aparıcı yerdə dayandığını xüsusilə qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, Nəsirəddin Tusinin mənsub olduğu ictimai mühitin, dövrün özü qarışıq, ictimai-siyasi hadisələrlə zəngin idi. Təsadüfi deyildi ki, Tusinin özü şəxsiyyət və dünyagörüşü etibarilə müxtəlif elm sahələrilə məşğul olan, varlıq, dünya haqqında düşüncələrə sahib bir alim və söz sənətkarı idi. Bu da maraqlı ola bilər ki, dövrün bir sıra ədalətsizlikləri və zülmünə alimin özü də məruz qalmışdı. Xaqani Şirvani, Fələki, M.P.Vaqif kimi görkəmli elm adamı və şair Nəsirəddin Tusi də həm öz istedadına görə paxıllıqla qarşılanmış, həm də hökmdarın zindana salınma cəzasına məruz qalmışdı. Qeyd edək ki, alimin həyatının Kuhistan dövründə əvvəllər ona xoş münasibət bəsləyən hökmdar Nasir Möhtəşəm sonradan onu cəzalandıraraq Ələmut qalasında göz dustağına çevirmişdir. Alim "Şərhül-işarət” adlı əsərində də etdiyi qeydlərdə şəraitinin ağırlığını təsvir etmişdir. Amma bununla belə məhz bu ağır şəraitdə belə istedadlı alim və ədib neçə-neçə qiymətli əsərini qələmə almışdır. Ömrünün ən yaxşı çağlarında gününü zindanda keçirmək bu nəhəng şəxsiyyətin yaradıcılığında ədalət axtarıcılığı, ictimai etiraz və şikayətləri ilə əks olunmuşdu. Bu baxımdan onun bədii irsində "Görürəm” rədifli əsəri xüsusilə diqqət cəlb edir:

Bu qədər cövrü dövrdən ki, məni zar görürəm,
Deyəcək kimsə yox, aləmi tar-mar görürəm.
Hara döndümsə eşitdim qəm ilə qüssə sözün,
Kimə baxsam, gecə-gündüz onu ağlar görürəm.
Heç kim üz tutmayan ən nakəs adamlar indi,
Üzə çıxmış, çatıb hər mənsəbə onlar, görürəm.
Harda pis vardısa, çevrilib olub izzətli,
Əyləşib ali imarətdə tacidar görürəm.
Zamanın gərdişi kinlə zəncirin hazır edib,
Tək hünər əhlini qılmış da giriftar görürəm.

Şairin dövrdən giley üzərində yazılmış bu əsərini Azərbaycan ədəbiyyatında bir ənənə şəklini alan "Görmədim” rədifli şeirlərlə müqayisə etmək olar. İstər aşıq ədəbiyyatındakı Ələsgərin, istərsə də yazılı ədəbiyyatımızakı M.P.Vaqifin  "Görmədim" rədifli şeirləri məhz bu məzmuna uyğundur. Bunu da əlavə etsək ki, şair Nəsirəddin Tusi görkəmli şairlər Xaqani və Fələki Şirvani kimi uzun müddət zindanda qalıb, onun yaradıcılığındakı zülm və sitəmdən şikayətin həmin ədəbi simaların yaradıcılığındakı şikayətlə vəhdətini aydın görmək olar.

Beləliklə, bütün dünyanın nəhəng alim və mütəfəkkir kimi tanıdığı Nəsirəddin Tusi həm də gözəl şair və həssas söz ustadıdır. Onun zəngin elmi irsi ilə birlikdə heç də az əhəmiyyət kəsb etməyən bədii irsi bu görkəmli şəxsiyyətin yaradıcılıq istedadına işıq tutur, ona ədəbiyyatımızın görkəmli söz ustadı kimi əbədiyaşarlıq qazandırır. Azərbaycan dövləti də həmişə bu böyük şəxsiyyətə qayğı ilə yanaşıb, yubileyləri böyük təntənə ilə qeyd edilib, adına medal təsis olunub, əsərləri təkrar-təkrar çap olunubdur. Dünyaşöhrətli alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq aləmdə də təntənəli şəkildə qeyd edilibdir. 

Ramiz Qasımov,

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent


Oxunub: 331






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim