reklam
USD
17 ℃
EUR
BAKI

Azərbaycan mətbuatının patriarxı, ictimai xadim, dəyərli alim Teymur Əhmədov Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə, şərəflə yaşadı, nəsillərə nümunə oldu. ALLAH RƏHMƏT ELƏSİN!

CANLI TV / 17.03.2021 22:41
Azərbaycan mətbuatının patriarxı, ictimai xadim, dəyərli alim Teymur Əhmədov Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə, şərəflə yaşadı, nəsillərə nümunə oldu

Yalan, yalan, yalan dünya, yalan olduğu qədər də çətin dünya. Bu çətin dünyada rahat olmaq və həyata sıx bağlanmaq, yalnız torpaqla doğmalığın, həyata və insanlığa məhəbbətin sayəsində mümkün ola bilər. Dünyanın hər üzünü görüb, onun dolanbaclarını mətinliklə, səbrlə, dözümlə aşıb yaşamaq, həqiqətə güvənmək... Onun böyüklüyü bunda idi... Böyük alim, böyük insan - Teymur Əhmədov. Ümid qapısı, mərhəmət ünvanı idi Teymur müəllim. Azərbaycan mətbuatının patriarxı, böyük mühərrir, zəhmətsevər, əla təşkilatçı, ictimai xadim, dəyərli alim, təcrübəli baş redaktor, ləyaqətli-əxlaqlı insan, vətənpərvər, millətsevər Teymur Əkbər oğlu Əhmədov.

Dünyamızın yaxşı və xeyirxah adamlarından biri olan Teymur müəllimdən söhbət açmaq çətin və həm də şərəflidir. İndi bizim üçün belə ağır məqamda o böyük insandan bilsəniz yazmaq nə qədər çətindir. Asan deyil, doğma övladıtək əzizləyib bəslədiyi, hər gün sənət və həyat dərsi verdiyi, səbrlə, təmkinlə qəzetçilik peşəsini içimizə hopdurduğu, nəhayət, ailə həyatı quranda müdrik ağsaqqal kimi irəli çıxıb ata nəvazişi və qayğısı ilə köməyini əsirgəmədiyi redaksiya əməkdaşları üçün indi onun yoxluğu ilə barışmaq məcburiyyətində qalmaq çətin deyilmi? Ustadımızla ayrılıq məqamında bir sual qarşısındayıq: demək istədiklərimizi elə çözələməliyik ki, istəkli müəllimimizin zəngin, çoxçalarlı, mürəkkəb, təqdirəlayiq ömür kitabını bütünlüklə açıqlaya bilək. Yox, bu mümkünsüzdür. Olsa-olsa cürət edib həmin ömür kitabını ötəri vərəqləyib Teymur müəllimin ruhunu şad etmək istəyirik...

Teymur Əhmədov zəngin və şərəfli 90 illik ömür payının 70 ilini mütəmadi, davamlı şəkildə mətbuata həsr edib. Akademik Cəmil Quliyev "Zəhmət və istedadın vəhdəti” məqaləsində yazır: "Soruşularsa Teymur Əhmədov tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə, o, jurnalistik fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir! Ən ümdə Teymur zəhmətkeş, sadə insandır”.

Lap kiçik yaşlarından yazıya-pozuya olan həvəs onu bir gün böyük mətbuata aparan yolun başlanğıcına gətirdi. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra, 1954-cü ilin avqsut ayından doğma yurdu İrəvanda Ermənistan KP Mərkəzi Komitəsinin orqanı olan "Sovet Ermənistanı” qəzeti redaksiyasında əmək fəaliyyətinə başladı. 1959-1961-ci illərdə Moskvada "Pravda” redaksiyasının təşkil etdiyi ikiillik  Ümumittifaq qiyabi jurnalistika lektoriyasında nəzəri biliyini artırdı və SSRİ Jurnalistlər Birliyinə üzv oldu. Gənc jurnalistin qələm məhsulları müxtəlif sahələri əhatə etməklə böyük marağa səbəb olurdu. O, imkan tapdıqca İrəvan Dövlət Tarix Arxivinin dəmir rəflərində üstünü toz basmış qovluqlarda qat kəsmiş, saralmış vərəqləri araşdıraraq çox qiymətli sənəd və faktları aşkara çıxarır, maraqlı yazılarla çıxış edirdi. Həmin vaxtlarda 1918-1920-ci illərin milli münaqişələr zəminində baş vermiş hadisələri əks etdirən çoxlu sayda sənəd və digər materiallar üzə çıxarmışdı. Onların arasında Abbasqulu bəy Şablinski və onun silahdaşlarının qəhrəmanlığı, "Qırmızı tabor”un fəaliyyəti ilə bağlı material toplamış, silsilə yazılar yazmışdı. Erməni qadağalarının, fitnə-fəsadının içində belə, yazdığı o yazılar oxucular tərəfindən maraqla qarşılanırdı. Teymur Əhmədov o zaman erməni mətbuatında Azərbaycan tarixini, onun qəhrəman oğullarını bilərəkdən gözdən salan yazılara da cəsarətlə cavab verir, onların saxtakarlığını ifşa edirdi.

Teymur Əhmədovun İrəvanda "Sovet Ermənistanı” qəzeti redaksiyasında (1954-1961) işləməsi onun vətəndaş ziyalı kimi yetkinləşməsinə ciddi təsir göstərdi, işgüzarlığı, jurnalistika aləmində ilk cəsarətli addımları, arxivlərdə çalışması, inadlı axtarış bacarığı, ilk qələm təcrübələri böyük arzularla yaşayan gəncin sonrakı ədəbi, elmi fəaliyyətinə uğurlu zəmin yaratdı.

1961-ci ildə ailəlikcə Bakı şəhərinə köçən Teymur Əhmədov elə həmin il Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldu. Elmi rəhbəri, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təklifi ilə görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ədəbi irsini araşdırmağa başladı. Sovet hakimiyyəti dövründə adının belə çəkilməsi qadağan olunmuş Nəriman Nərimanov irsini araşdırmaq müşkül məsələ idi. Buna baxmayaraq, gənc tədqiqatçı var qüvvəsi ilə çalışaraq "Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda elmi-tədqiqat əsərini vaxtında yazıb başa çatdırdı. Elmi rəhbəri müdafiədən bir gün qabaq öz xətti ilə ilk aspirantına belə bir məzmunda fototeleqram göndərir: "Əzizim Teymur, təbrik edirəm. İnanıram ki, müdafiən uğurla keçəcəkdir. Mirzə İbrahimov”. Belə də olur. Bundan sonra o, "Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyib onu da uğurla müdafiə edir.

Teymur Əhmədov elmi və jurnalistik fəaliyyətini paralel şəkildə davam etdirir, müqtədir bir elm, mətbuat fədaisi olduğunu sübuta yetirir. Nəşrinə rəvac verdiyi qəzet və jurnalları "Ata yurdu”, "Vətən səsi”, "Elturan”, "Vətən həsrəti”, "Hikmət”, "Yeni fikir”, "Füyuzat”ı yanğı və sevgi ilə işıq üzünə çıxarır.

1996-cı ildə Teymur Əhmədovu Ulu Öndər Heydər Əliyev Prezident Administrasiyasının təsisçiliyi ilə gələcəkdə dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna xidmətləri olan "Respublika” qəzetinə baş redaktor təyin edir. O, düz 25 il müstəqilliyimizin qorunması, dövlət siyasətinin təbliğində, iqtisadi-sosial, ədəbi-mədəni mövzularda mənalı, milli və bəşəri əhəmiyyət kəsb edən oxunaqlı məqalələrlə qəzeti rövnəqləndirdi. Teymur müəllimin bu vəzifəyə təyin olunması heç də təsadüfi deyildi. Çünki Ulu Öndər XX əsrin 90-cı illərində milli oyanış dövrünün ilk mətbuatının yaradıcısı olan bu şəxsin fəaliyyətinə yaxşı bələd idi. Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirən redaktor böyük siyasətçinin "müstəqilliyi əldə etmək necə çətindirsə, onu saxlamaq ondan da çətindir”, - fikrinin məntiqi mahiyyətinə söykənərək ölkə həyatının bütün sahələrindən bəhs edən materiallara qəzetin səhifələrində geniş yer verirdi. Bugün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev ölkənin inkişafında yeni və irimiqyaslı layihələri uğurla həyata keçirir. Bütün bunlar xalqın maariflənməsi ideyası ilə "Respublika”da öz əksini tapır. Bir sözlə, Teymur Əhmədovun mətbuat yaradıcılığında "Respublika” qəzetinin müstəqil dövlətimizin möhkəmlənməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr zəminində inkişaf etdirilməsi, zaman-zaman tarixi həqiqətlərin işıqlandırılmasında onun redaktorluq fəaliyyəti xüsusi bir səhifə təşkil edir. Bu da bir həqiqətdir ki, Vətənin və xalqın taleyinə peşəkarlıqla, bir ziyalı, vətəndaş yanğısı ilə yanaşan Teymur Əhmədovun mətbuat yaradıcılığı bütün zamanlarda ictimai mənafelərin ifadəsinə söykənmişdir.

Teymur Əhmədov Azərbaycanın milli oyanış dövrü mətbuatına həm də yeni nəfəs, ənənə gətirdi. İctimai-siyasi mühitin doğurduğu mövzuları analitik təhlil müstəvisində xalqa təqdim etdi. Məhz bu geniş təcrübə və səriştəsinə görə də respublika jurnalistləri Teymur Əhmədovu özlərinin ağsaqqalı hesab edirlər.

Ədəbiyyatşünas alim, akademik Yaşar Qarayev "Zəhmətkeş alim, xeyirxah insan” adlı məqaləsində yazır: "Nüfuzlu "Respublika” qəzetinin baş redaktoru kimi ağır bir vəzifənin öhdəsindən ləyaqətlə gəlməklə yanaşı, elmi fəaliyyəti davam etdirmək asan iş deyil.... Teymur Əhmədovun təbiəti, həyatı elə qurulub ki, onu tanıyanlar da, elə mən də gənclik illərindən ona ağsaqqal kimi baxmışıq. Bu da onun uzaqgörənliyi, daxili mədəniyyəti, səmimiliyi ilə bağlıdır”.

1996-cı ildə Teymur müəllim "Respublika” qəzetinə baş redaktor təyin olunduqdan sonra redaksiyaya istedadlı və bacarıqlı qələm sahibləri cəlb olundular. Onun baş redaktorluğu ilə qəzet böyük tirajla çıxır, tələbkar oxucu zövqünü oxşayır, rəngarəng yazılarla pərəstişkarlarını sevindirirdi. Elə ilk vaxtlardan öncül mövqeyə çıxan qəzet qısa zamanda özünün əvəzsiz yerini təsdiqlədi. Bunun da əsas səbəbi Teymur müəllimin peşəkar qəzetçiliyindən, günün müasir tələbləri ilə ayaqlaşmağından savayı, geniş dünyagörüşlü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ətrafına toplaması, onların hər birinin qəlbində yaradıcılıq məşəli alovlandırması idi. Teymur müəllim bacarıqlı "komandan” kimi güclü bir "ordu” yaratmışdı.

Redaksiya əməkdaşlarının hər birinin özünəməxsus xüsusiyyətini, xasiyyətlərini bildiyindən onlara fərdi yanaşır, ciddiliyi, ötkəmliyi ilə bərabər, könül almağı, yıxılana, səhv edənə doğru yol göstərməyi, adamları ruhlandırmağı, işçilərini özünə bağlamağı bacarırdı.

Teymur müəllimin qəzetin 25 illiyi ilə bağlı öz arzuları vardı, müxtəlif tədbirlər nəzərdə tutmuşdu... Təəssüf ki, dünyanı cənginə alan pandemiya ilə bağlı onları həyata keçirmək müəyyən çətinliklər yaradırdı. Ömür də vəfa etmədi... Ağırdır, onun yoxluğu ilə barışmaq çox çətindir. Uzun illər onunla çiyin-çiyinə çalışanlar üçün isə daha ağırdır. 25 il əvvəl başlayan yolçuluq, min bir əzab ilə keçən günlər yaddaşlara elə həkk olunub ki... Nağılvari məqamlar, keşməkeşli, çətin, fəqət unudulmayan fərəhli yaradıcılıq saatları, böyük müəlliflər ordusu, tanınmış insanlarla unudulmaz görüşlər... kino lenti kimi göz önündən keçir. Bütün bunlar bir xatirə kimi beyinlərə həkk olunub. Ən başlıcası, uzun illər rəhbərlik etdiyi qəzetin demək olar ki, qurucusu olan Teymur müəllimlə redaksiyada hər günkü təmas, ondan mühüm tapşırıq, göstəriş almaq, yeri düşəndə, ağıllı məsləhətlər eşitmək, hələ üstəlik, nə gizlədək, danlanmaq... yaddan çıxarmı?

Teymur müəllimin Vətən, xalq qarşısında xidmətləri dəfələrlə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, müxtəlif mükafatlara layiq görülüb. 1996-cı ildə "İlin layiqli ziyalısı” fəxri adına layiq görülüb, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə "Tərəqqi” medalı, 2020-ci ildə isə "Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdçüsü idi. Ən böyük mükafatı isə insanların sevgisi idi. O, xoşbəxt insan idi, çünki bu sevgini qazana bilmişdi. Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə, şərəflə yaşadı, nəsillərə nümunə oldu. İnanırıq ki, mətbuat tariximizin ənənələrinə söykənən və onu yeni dəyərlərdə inkişafa aparan cəsarətli, əqidəli, dəyanətli, mətanətli, baş redaktor Teymur Əhmədovun alim və jurnalist kimi fəaliyyəti tədqiqat mövzusuna çevriləcəkdir. Çünki yaşatdığı kimi, yaşamağa da haqqı var.

Ruhunuz şad olsun, hər zaman bizimlə olacaqsınız!..

 

"Respublika” qəzeti


Oxunub: 319






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim