HƏKİMLİK MÜQƏDDƏS PEŞƏDİR
Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
A.P.Çexov
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə "el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.
İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
Xalq şairi Səməd Vurğunun xaricdə ağır xəstə olarkən dediyi misralar bu mənada çox maraqlıdır:
Vaxtsız əcəl, məndən uzaq dayan dur,
Qürbət eldə can vermərəm ölümə.
Qılıncını məndən uzaq dolandır,
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.
Şair inanır, "əcəl” qürbət eldə onunla haqq-hesab çəkə bilməz. O, yalnız uğrunda canından keçməyə hazır olduğu, gözəlliyini tərənnüm etməkdən doymadığı vətənində ölə bilər. Bu inam çox ciddi xəstəliyə tutulmuş şairin vətənə sağ qayıdıb gəlməsinə yəqin əsas səbəb olmuşdur.
Bu günlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında səhhətimlə bağlı oldum. "Ədalət və Həqiqət” qəzetinin baş redaktoru, "Turaztv.az” saytının rəhbəri Cəmil Dadaşov bildirdi ki, illər öncə burada müalicə alıb, hər cür şəraitə malik bu tibb müəssisəsində öz işini bilən, sevən həkim-tibb heyəti çalışır. Gözəl jurnalist ifadələri ilə məni və həmkarımız Rahib Kərimlini də şirnikləndirdi. Hər ikimiz qolumuzdan şikayətlənirdik. "Ya Allah” deyib onunla birlikdə adıçəkilən xəstəxanaya baş çəkdik. Görünən kəndə nə bələdçi lazımdır – deyib atalarımız. Həqiqətən Cəmil müəllimin söylədiyi kimi, burada onun dediyindən də artıq sağlam, nümunəvi kollektivlə rastlaşdıq. Bizi dəhlizdəcə qarşılayan Cəmil müəllimin köhnə tanışı dilli-dilavər xanım idi. Mülayim və səmimi olan bu xanım xəstəliyimizin səbəbini bilib xəstəxananın revmotoloqu Cəmilə xanım Hüseynovanın qəbuluna yazdırdı. Düzü, burada olduqca çox adam – xəstə var idi. Hamısı həkimdən imdad diləyirdi. Elə Rahiblə mən də Cəmilə xanıma ürəyimizi açdıq, xəstəliyimizin tarixini danışdıq. Bizi diqqətlə, səbirlə və həkim üçün son dərəcə vacib olan mədəniyyətlə dinləyəndən sonra əvvəlcə rengen, sonra da ürək müayinəsindən keçməyi məsləhət gördü. Arada burada da son dərəəcə fədakarlıq göstərən və öz işlərini sevən qeydiyyatçı qızlarla da rastlaşdıq. Burada da xeyli növbə var idi. Bu qızlar da onlara müraciət edən hər kəsi səbirlə, təmkinlə dinləyir, lazımi prodessurları xüsusi zövqlə yerinə yetirirdilər. Qızların xəstələri bu cür qarşılamaları hər bir xəstədə məmnunluq doğururdu. Ürəyimizdə əmək haqqı cüzi olan, amma bu cüziliyin müqabilində böyük işgüzarlıq nümayiş etdirən qeydiyyatçı xanımların hər birinə dərindən, içdən gələn təşəkkürümüzü bildirdik. Təbii ki, minnətdarlıq hissi buradan ayrılarkən xüsusi formada bildirildi.
Bəli, təxminən 3-4 saatlıq müayinə zamanı həqiqətən öz işini dərindən bilən, onlara müraciət edən hər kəsə xüsusi qayğı və ehtiramla çalışan revmotoloq Cəmilə xanım Hüseynova, kardioloq Həyat xanım kimi peşəkar həkimlərlə rastlaşdıq. Hiss etdik ki, onlar xəstəni müayinə və müalicə edərkən "Hippokrat” andına sədaqət prinsipini həmişə rəhbər tuturlar. Onlar bir həkim kimi eyni zamanda xəstənin adət və xasiyyətlərini, əsəbi vəziyyətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri diqqətlə öyrənir, nəzərə alırlar. Səmimiyyətimizə inanın, qəbullarında olduğumuz hər bir həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi bizim vəziyyətimizə xüsusi olaraq müsbət təsir göstərdi. Rahib Kərimli də, mən də bu münasibətdən sonra eyni fikirdə olduq: heç müalicə almasaq belə, biz artıq yaxşılaşmağa doğru gedirik.
Təcrübədən bilirik ki, ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Cəmilə xanımın xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək vərdişi ikimizin də çox xoşuna gəldi. O, bir həkim olaraq xəstəni müayinə edərkən kimdən nəyi soruşmaq və necə soruşmaq lazım olduğunu gözəl bilir, xəstənin yaşı, təhsili, dünyagörüşü və s. xüsusiyyətləri nəzərə alır. Eyni xəstəlik müxtəlif adamlarda müxtəlif formalarda təzahür edir. Buna görə də müşahidə etdik ki, Cəmilə xanım hər bir xəstə üçün yalnız onun özünəxas fərdi müalicə üsulu tapmağı bacarır. İnsanların keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. C.Hüseynova da əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacarır, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterini nümayiş etdirir.
Bu işgüzar şəraiti uzun illər həkimlər həkimi kimi tanıdığımız Telman İbadovun, müavini Mahir müəllimin yaratdığını qeyd etdilər. Biz də xüsusilə bu iki insanın – öz işini sədaqətlə quran həkimlərin ünvanına ürəyimizin içində keçirdiyimiz hisslərdən doğan minnətdarlığımızı bildirdik. Və bu mehriban kollektivdən ayrılarkən həmişə sevə-sevə İslam Səfərlidən dinlədiyimiz "Həkim qız” şeiri yadımıza düşdü. Üçümüz də mızıldayaraq buranı xoş ovqatla, böyük əhvali-ruhiyyə ilə tərk etdik.
Gülərüzlü həkim qız,
Ey gözləri bənövşə,
Qapımızdan keçəndə
Sarsılıram həmişə.
Başım da ağrımır ki,
Bir yanına gəlim mən
Geyinib ağ xalatı
Qəlbimi dinləyəsən.
Söylə, intizarını
Nə vaxtadək çəkim, qız?
Oxuyuram səninçün
Bu nəğməni həkim-qız.
Günəş kimi təmizdir,
Safdır sənin niyyətin.
Ellərə ömür verir,
Həyat verir sənətin.
Qoy toxunsun sinəmə,
O şəfqətli əllərin.
Ürəyinlə dinlə bir,
Ürəyimin tellərin.
Söylə, intizarını
Nə vaxtadək çəkim, qız?
Oxuyuram səninçün
Bu nəğməni həkim-qız.
Daşdəmir ƏJDƏROĞLU