AZƏRBAYCAN TARİXİNİN ŞƏRƏF GÜNÜ
52 il öncə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızın inkişaf və yüksəliş mərhələsi başladı
Tarix müstəqil dövlətə sahib olmaq xoşbəxtliyini bizə bir neçə dəfə nəsib etsə də, xarici təhdidlər üzündən ömrü uzun sürməmişdir. Zaman-zaman əsarətə məhkum edilmişdik. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay bərqərar olması, sonra süquta uğraması və dəyərli ziyalılarımızın vətənin demokratik gələcəyi ilə bağlı ideyalarının təqiblərə məruz qalması milli dövlətçilik tariximizin daim təəssüflə xatırlanan məqamlarından olmuşdur.
Lakin ötən əsrin ortalarında tarix "səhvlərini düzəltmişdi”. Görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə gəlişi ölkəni misilsiz inkişafa doğru yüksəltmiş, respublika özünün əsl tərəqqi, intibah dövrünü yaşamağa başlamışdı. 1969-cu il iyulun 14-də Ulu Öndərin respublikanın rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın olmuşdur ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. Ümummilli Lider isə hər bir xalqın taleyində nadir hadisə, fenomendir.
Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir. Bununla da müstəqilliyə gedən yolun ilk təməli qoyulmağa başlanmışdır.
Heydər Əliyev xalqın böyük bir nəslini milli dövlətçilik ruhunda yetişdirmiş liderdir. Azərbaycan tarixinin iki son dərəcə mürəkkəb və keşməkeşli mərhələsində respublikaya rəhbərlik edərək ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan dövlət adamıdır.
Bir sözlə, 1969-cu ilin 14 iyulu həyatımızda yeni bir başlanğıca, böyük bir tarixə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan müdafiəsi yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etmişdi.
Heydər Əliyev bir neçə ildən sonra öz istiqlalını elan edəcək Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsaslarını hazırlamışdır. İnfrastruktur təminatını, milli kadr potensialını formalaşdırmışdır. İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşılamışdır. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başlamışdı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərilmişdi. Bütün bunlar uzaqgörən böyük şəxsiyyətin sovet Azərbaycanına rəhbərliyi dövründə siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir.
Zamanın diktə etdiyi seçim
Ölkə rəhbərliyində dəyişiklik o dövrdə zamanın, şəraitin ortaya çıxardığı zərurət idi. Respublikanın sosial-iqtisadi həyatında müəyyən geriləmələr hiss olunurdu. Son on ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov ölkə iqtisadiyyatı və mədəniyyətinin inkişafı, təşkilati-ideoloji işin yaxşılaşdırılması üçün xeyli qüvvə sərf etsə də, səhhətindəki problemlər ona bu ağır və məsuliyyətli işi davam etdirməyə imkan vermirdi. Respublika qarşısında duran çətin vəzifələri yerinə yetirməkdən ötrü daha gənc, enerjili rəhbərə ehtiyac vardı.
Mərkəzin məhz Heydər Əlirza oğlu Əliyevin namizədliyi üzərində dayanması isə heç də təsadüfi deyildi. O, dövlət təhlükəsizliyi sistemində dəmir iradəsi, yorulmazlığı, işgüzarlığı, prinsipiallığı ilə böyük nüfuz qazanmışdı. Moskvada da bu gənc generalın rəyini dinləyir, müxtəlif məsələlərdə peşəkar kimi onunla məsləhətləşirdilər. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların sayının artırılmasında mühüm rol oynamışdı. Ulu Öndər öz nüfuzundan istifadə edərək xalqa sədaqətli, yetkin azərbaycanlı kadrların irəli çəkilməsində səylərini əsirgəməmişdi. Xalqımızın milli ruhlu ziyalılarının təqiblərdən qorunmasında, onlara qarşı hücumların qarşısının alınmasında da onun çox böyük rolu vardı.
Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi hakimiyyətin diqqətini çəkmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədliyinin irəli sürülməsi gözlənilən bir hadisə idi. Həmin plenumda ölkənin sabiq rəhbəri kimi 10 il Azərbaycana rəhbərlik etmiş Vəli Axundov Heydər Əliyev haqqında belə deyirdi: "Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır”.
Ümidləri doğruldan seçim
Plenum yekdilliklə Heydər Əliyevin namizədliyinə səs verdi. O, qısa nitqində deyirdi ki, qarşıda duran çətin və mürəkkəb vəzifələri bütün məsuliyyəti ilə anlayır. Əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”.
Bu ümid özünü doğrultdu. Ulu Öndər Azərbaycanın inkişafına töhfələr vermək, xalqın ölkə rəhbərliyindən gözləntilərini reallaşdırmaq üçün böyük enerji, işgüzarlıq və prinsipiallıqla işə başladı.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər respublika iqtisadiyyatı dərin böhran dövrünü yaşayırdı. İqtisadi inkişafda mənfi meyillər özünü göstərir və onlar daha da artırdı. Bu geriləmələrin müəyyən obyektiv və subyektiv səbəbləri vardı. Azərbaycan bir sıra sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. Ölkənin belə ağır vəziyyətdən çıxması üçün uyğun çıxış yolları axtarılıb tapılmalı idi. İqtisadi inkişaf üçün yeni konseptual proqramın işlənməsinə ehtiyac vardı. Xalq təsərrüfatında köklü dəyişikliklərin aparılması artıq bir zərurətə çevrilmişdi.
Təsərrüfatçılıq işində yeni metodların tətbiqi lazım gəlirdi. Bütün bu işlərin həyata keçirilməsindən ötrü Heydər Əliyev güclü, bacarıqlı təşkilatçı, cəsarətli rəhbər kimi məsuliyyəti öz üzərinə götürdü.
Ulu Öndər özünün fəaliyyət manifestini ölkənin rəhbəri seçiləndən təxminən bir ay sonra keçirilən avqust plenumunda açıqladı. Həmin plenumda geniş məruzə ilə çıxış etdi. Məruzədə respublika iqtisadiyyatındakı acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil edildi, xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmazlıqlar diqqətə çatdırıldı. Heydər Əliyev məruzəsində bütün təşkilatları dövlət və əmək intizamını möhkəmləndirməyə, ölkədə mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa çağırdı. Ümummilli Lider ondan sonrakı plenumlarda, fəallar yığıncaqlarında da məruzələr edir, ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərinin təhlilini aparır, qarşıya yeni vəzifələr qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatının dönüş mərhələsi oldu. Azərbaycanın müasir inkişafının təməli o zamanlarda qoyuldu. Kompleks proqramlar işlənib hazırlandı və icraya yönəldildi. Ulu Öndərin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılıq məharəti həmin illərdə Azərbaycanın tarixi uğurlarının rəhninə çevrildi.
Milli şüurun oyanışı
1969-1982-ci illərdə bütün ölkə boyu aparılan sürətli quruculuq işləri ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycanı qısa zamanda aqrar ölkədən sənaye respublikasına çevirdi. Ölkənin mərkəzi şəhərlərində tikilən onlarca iri sənaye müəssisəsi bir tərəfdən vətəndaşlarımızın məşğulluğuna, digər tərəfdən əhalinin mərkəzləşməsinə, şəhərlərimizdə azərbaycandilli əhalinin sayının artmasına kömək göstərdi. Ümumiyyətlə, Ümummilli Lider ana dilinin qorunmasına həyati vacib məsələ kimi baxırdı. Bunu xalqın mənəvi tərəqqisinin, milli şüurun inkişafının ən mühüm məsələlərindən biri kimi dəyərləndirirdi. Heydər Əliyevin timsalında Azərbaycan xalqı ilk dəfə olaraq mühüm dövlət tədbirlərində öz çıxışlarını məhz azərbaycanca edən rəhbər görürdü. Məhz Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan dili dövlət tədbirlərinin əsas dilinə çevrildi. Ümummilli Lider 1978-ci ildə qəbul edilmiş Konstitusiyada da Azərbaycan dlinin dövlət dili kimi təsbitinə nail oldu. Şəxsi göstərişləri ilə xalqın nüfuzlu ziyalılarının çıxışlarını Azərbaycan dilində təşkil etdi. Ötən əsrin 70-ci illərində Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində keçirilən yubileyləri, bütün ölkə boyu belə şəxsiyyətlərimizə ucaldılan abidələr, milli mənəviyyat işığında yazılan əsərlər, çəkilən filmlər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, tarixi köklərə dərindən bağlılığında müstəsna rol oynadı. O illər milli şüurun oyanışı dövrü idi. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici əlaqələrinin sistemli olaraq genişləndirilməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Xalqın gələcəyini düşünən Lider
Ulu Öndər müdrik zəkası, iti fəhmi ilə elmi-texniki tərəqqinin təsiri nəticəsində dünyanın necə dəyişdiyini, texnologiyaların get-gedə həyatımıza hakim olduğunu görürdü. Bu yenilikləri Azərbaycana gətirməkdən ötrü böyük fədakarlıq göstərirdi. Onun ardıcıl səyləri sayəsində Azərbaycanda o dövrün ən müasir texnologiyaları əsasında qurulmuş onlarca zavod istehsala başladı. Bunların mühüm bir qismi SSRİ müdafiə sənayesinə aid idi və ittifaq səviyyəsində çox mühüm əhəmiyyət daşıyırdı. Bu zavodlar Azərbaycanın sənaye istehsalında elm tutumlu məhsulların həcmini qat-qat artırırdı. Bu, Heydər Əliyev müdrikliyinə, uzaqgörənliyinə ən bariz nümunələrdən biridir.
Ulu Öndər Azərbaycanın gələcəyi üçün müəyyən hərbi potensialı zəruri sayır, eyni zamanda azərbaycanlı gənclərin hərbi biliklərə yiyələnərək bu elitada özlərinə layiqli yer tutmalarına xüsusi əhəmiyyət verirdi. Ona görə də Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinə rəğmən azərbaycanlıların hərbi sahəyə marağını təmin etməkdən ötrü əsaslı tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması həmin addımlardan biri idi. Bu məktəbdə onuncu sinfi bitirən gənclər keçmiş ittifaqın müxtəlif ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün hər il bu ali məktəblərdə müsabiqədənkənar yerlər ala bilir, beləliklə, onların gələcəyinə yaşıl işıq yandırırdı.
Təhsil xalqın gələcəyinin təmin olunması baxımından Ulu Öndər üçün son dərəcə əhəmiyyətli məsələ idi. O, bilirdi ki, getdikcə dəyişən, bilik və peşəkar bacarıqların rolunun artdığı dünyada azərbaycanlıların özlərini tapa bilmələri üçün keyfiyyətli təhsil mütləqdir. Amma Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinə qədər ali təhsil çoxları üçün əlçatan deyildi. Əfsus ki, bu sahədə də ciddi pozuntular vardı. Korrupsiya, rüşvətxorluq kimi mənfi meyillər sadə zəhmət adamlarının ailələrindən çıxmış gənclərin bir sıra ixtisaslara yolunu bağlayırdı. Ulu Öndər bu sahədə vəziyyəti kökündən dəyişdi. Haqqı-ədaləti öz yerinə qoydu. Ali məktəblərin bütün ixtisaslarını bilikdən başqa güvənc yeri olmayan imkansız gənclərin üzünə açdı. Sadə, zəhmətkeş övladlarının, xüsusilə kəndlərdə çalışan gənclərin təhsil ala bilmələri üçün geniş imkanlar yaratdı. Azərbaycanda yeni-yeni ali və orta ixtisas təhsili verən müəssisələr yaratdı.
Ulu Öndər onu da görürdü ki, getdikcə inkişafda olan sənayeni, eləcə də yeni formalaşan fəaliyyət sahələrini lazımi peşəkarlıq səviyyəsinə malik kadrlarla təmin etməkdən ötrü təkcə Azərbaycanın öz ali məktəblərinin imkanları yetərli deyil. Ona görə də hər il minlərlə azərbaycanlı gənci keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərməyə başlamışdı. Həmin gənclər müvafiq sahələr üzrə ixtisas biliklərinə yiyələnərək Azərbaycana peşəkarlar kimi qayıdırdılar. Bu gün də onların əksəriyyəti müstəqil dövlətimizin inkişafına layiqli töhfələr verməkdədir. O illərdə təhsili idarə edən kadrlar arasında da milli ruhlu insanlar üstün mövqelərə çatmağa başladılar.
Milli maraqların mühafizi
Heydər Əliyevin apardığı genişmiqyaslı tikinti-quruculuq tədbirləri Azərbaycanın görkəmini yenilədi. Zəhmət adamlarının dolanışığı yaxşılaşdı. Əhali uzun illərin yoxsulluğundan çıxmağa başladı. Böyük rəhbər işləmək, zəhmət çəkmək, güzəranını yüksəltmək istəyində olan hamıya və hər kəsə geniş imkanlar yaratdı. Səhiyyə və digər sosial xidmətlərin səviyyəsi yaxşılaşdı. Ən ucqar yaşayış məkanlarımızda da müasir infrastrktur quruldu.
Təsadüfi deyil ki, ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycan artıq bütün göstəricilər üzrə müstəqil həyatına davam etməyə qabil ölkə idi. Reallaşdırdığı strateji əhəmiyyətli tədbirlərlə Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri bazanı formalaşdırmışdı. Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
Azərbaycanın milli maraqları bütün dövrlərdə onun üçün öndə idi. Ümummilli Lider bu maraqları hər yerdə böyük əzmkarlıqla qoruyurdu. O, Azərbaycanın uğurlarını sevməyənlər, xalqımıza qarşı mənfur niyyətlər həyata keçirmək üçün fürsət gözləyənlər üçün güclü sipər idi. Bu, danılmaz reallıqdır ki, əgər ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın rəhbəri qeyri birisi deyil, məhz Heydər Əliyev olsaydı, ermənilər ötən onilliklər ərzində bizə yaşatdıqları problemlərin heç birinə cəsarət etməyəcəkdilər. Ulu Öndər sovet Azərbaycanına rəhbərliyi dövründə onların Azərbaycana qarşı ərazi iddialarının qarşısını aldığı kimi, yenə də bu daşnak xislətlilərə öz yerlərini göstərəcəkdi. Təsadüfi deyil ki, Heydər Əliyev ittifaq rəhbərliyindəki yüksək vəzifələrindən uzaqlaşdırılandan, proseslərə təsir imkanları məhdudlaşdırılandan sonra ermənilər öz havadarlarının əli ilə Azərbaycana qarşı hərəkətə keçdilər. Onlar torpaqlarımızın 20 faizini işğal edib, bir milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salıb 30 ilə yaxın müddət ərzində bizə olmazın fəlakətlər yaşatdılar.
Amma deyirlər ki, zaman ən ədalətli münsifdir. O, hər şeyi öz yerinə qoyur. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bəlalardan qurtuluşumuza çevrildi. Ümummilli Lider müstəqilliyinin ilk illərində ağır sosial-iqtisadi böhrandan əziyyət çəkən, siyasi qüvvələr arasında silahlı çəkişmə meydanına çevrilib vətəndaş müharibəsinin bir addımlığına gəlmiş Azərbaycanı bəlalardan qurtardı. Ölkəmizdə ictimai-siyasi sabitliyi, hüquqi dövlət quruculuğu proseslərini, demokratik inkişafı təmin etdi. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi”ni Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təməlinə çevirdi.
Ulu Öndər Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqillik illərində də Azərbaycanın milli-mənəvi dəyərlərinə sahib çıxdı, cəmiyyətin mənəvi sağlamlığını, haqq-ədalət normalarının qorunmasını təmin etdi. Ümummilli Lider təhsili, özünüinkişafı yenidən vətəndaşların həyatında ən mühüm meyara çevirdi. Azərbaycan gəncliyinə diqqət və qayğısı ilə onlara ən doğru yolu göstərdi. Cəmiyyətimizin aydın gələcəyinə yol açdı. Səsimizi-sözümüzü dünyaya yetirdi. Bütün dünya müstəqil Azərbaycan dövlətinin uğurlarını görüb bizi tanımağa başladı. Beynəlxalq aləmdə mövqelərimiz getdikcə möhkəmləndi.
Missiya davam edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan ölkəmizin qazandığı nailiyyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasətinin, Ulu Öndərin vətənpərvərlik məktəbinin yetirdiyi nəslin təmsilçiləridirlər. Cəmi 44 gün ərzində düşməni məhv edən, təcavüzkar Ermənistanın öz ordusu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf siyasətindən, qazanılan nailiyyətlərdən, Vətənə, torpağa bağlılıqdan, Azərbaycana sevgisindən irəli gəlir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan strateji qərarlarla, gələcəyə uzaqgörən baxışla regionu inkişaf mərkəzinə, sülhə, sabitliyə, davamlı inkişafa maraqlı olan hər kəsin faydalana biləcəyi məkana çevirir. Qlobal maraqlar burada uzlaşır, bəşəriyyətin xoşbəxtliyinə xidmət edir. Bu, Heydər Əliyevə xas missiyadır. Onun işıqlı amalları bu gün adını daşıyan fondun fəaliyyətində də yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanımın irəli sürdüyü layihələrlə Ümummilli Liderimizin ideyaları bütün dünyada xeyirxahlıq, mərhəmət, sevgi, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ruhunun işığı kimi yayılır. İnsana və insanlığa xidmət edir.
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş liderdir. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də yaşayacaq və Ulu Öndərin mənəvi-tarixi irsinə aid başqa anlar kimi, 14 iyul günü də daim sevgi ilə, rəğbətlə anılacaq.