31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda hazırlanan mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəldib. Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdıb.
"Xocalıya ədalət" kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi olub. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.
Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun bir qədər əvvəl açılmış Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Yüz illərdir erməni millətçiləri çalışır ki, Azərbaycan xalqının tarixi yaddaşını silsinlər. Bunun üçün maddi və mənəvi abidələrimizi dağıtmağa can atırlar. Ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə xalqımızın tarixini məhv etmək istəyirlər. Həyata keçirdikləri "mədəniyyət soyqırımı” da Azərbaycan xalqının tarixi yaddaşını oğurlamaq arzusudur. Bu abidələr, təkcə yaddaş obyektləri deyil, həmçinin maddi və mənəvi abidələr tarixi və mədəni yaddaşın canlı laboratoriyasıdır. Ümumiyyətlə, mədəni irsin məhv edilməsi bəşəriyyətə qarşı yönələn qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vandallıq heç bir insanlığa sığmır.
Müharibənin öz qaydaları var. Bütün beynəlxalq sənədlər mədəni irs obyektlərinin, tarix və arxeologiya abidələrinin müharibə hədəfi kimi istifadə olunmasına qarşıdır. Ancaq erməni barbarları heç bir qaydaya məhəl qoymurlar. Halbuki beynəlxalq humanitar hüquq silahlı münaqişədə tərəfləri mədəniyyət abidələrini qorumağa və onlara hörmət etməyə məcbur olduğunu bildirir.
Müharibə qaydalarına əsasən, münaqişə iştirakçılarına mədəni irs obyektlərinə hücum etmək və onlardan hərbi məqsədlər üçün yararlanmaq qadağandır. Lakin ermənilər uzun illər işğal altında olan torpaqlarımızda abidələri hərbi obyekt kimi istifadə ediblər. Bundan başqa, münaqişə tərəfləri maddi və mənəvi abidələrin oğurlanmasının və ya talan edilməsinin qarşısını almalıdırlar. Ancaq ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq Azərbaycanın işğal olunmuş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik edib və İrəvana daşıyıblar. Azərbaycan erməni vandallığı haqqında hazırlanan sanballı elmi araşdırmaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Mənfur qonşularımız hazırda yaşadıqları türk-müsəlman torpaqlarında da Azərbaycanın mədəniyyət izlərini yox etməyə çalışırlar. Təkcə İrəvan xanlığının mirasının məhv edilməsini qeyd etmək yetər. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində türk-İslam dünyasına məxsus dəyərli nümunələr aşkarlandığı dünya tədqiqatçıları tərəfindən dəfələrlə qeyd olunub. Avropadan və Rusiyadan gələn bir çox tədqiqatçıların əsərlərində Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları türk-müsəlman abidələri kimi təsvir ediblər.
XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidə tədricən erməni vandalları tərəfindən dağıdılıb. Lakin mövcud olan mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərindən də görünür ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, onları öz adlarına çıxmağa cəhd etsələr də, tarixin yaddaşından onları silmək mümkün deyildir. Erməni vandalları bu sahədə istəklərinə nail ola bilmədilər. Biz öz torpaqlarımızı azad etdik və bütün tarixi abidələrin qədimliyini qoruyaraq bərpa edirik. O torpaqların əsl sahiblərinə aid olduğunu bütün dünya da gördü.
Bu səbəbdən də indiki Ermənistanda, yəni qədim Azərbaycan torpaqlarında qalan bütün abidələri mənfur qonşularımızda tamamilə məhv etmək istəyi yaranıb. Çünki artıq özləri də bütün həqiqətləri yaxşı başa düşürlər. Buna görə də İrəvanda azərbaycanlıların ən kiçik bir izini belə saxlamaq istəmirlər. Müzəffər Ali Baş Komandamızın sərkərdəlik məharəti, güclü siyasi iradəsi, Ordumuzun gücü və xalq-iqtidar birliyi erməni terrorçularının bu niyyətlərini puça çıxardı.
Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan, həmçinin dost, qardaş Türkiyəyə qarşı da qondarma "erməni soyqırımı” iddiası ilə çıxış edib. Siyasi mənsubiyyətindən asılı olmayaraq Ermənistanın bütün hakimiyyətləri bu niyyətlə Yerevanda ucaldılan "erməni soyqırımı” abidəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. İşğalçı dövlətə səfər edən hansısa ölkənin dövlət başçısının "protokol qaydaları” adı altında həmin abidənin ziyarət etdirilməsi artıq dünyaya "erməni soyqırımı”nın tanıdılması mesajı kimi təqdim edilir. Atdıqları hər addımlarında hiyləgərliklərini nümayiş etdirən mənfur düşmən hər dəfə qondarma "erməni soyqırımı” iddiasını irəli sürəndə Türkiyə rəsmiləri tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılması, dünya arxivlərinin açılması təklifi ilə çıxış edir. Belə məqamlarda Ermənistan hökuməti isə daş atıb başını tutur ki, bu işlərlə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Bu faktın özü işğalçı dövlətin apardığı siyasətin nə qədər cılız, reallıqlardan uzaq olduğunu nümayiş etdirir. Düşünürdülər ki, belə ajiotaj yaratmaqla həqiqətləri gizlətmək, tarixi faktları ört-basdır etmək mümkün olacaq. İşğalçı Ermənistan nəhayət anlamalı idi ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin öndə saxlanıldığı, informasiya mühitinin bütün dünyaya açıq olduğu bir zamanda yenə də yalan təbliğat aparmaq artıq mümkünsüzdür.
Məhz 44 günlük İkinci Qarabağ müharibəsi illər boyu davam edən erməni yalanlarına birdəfəlik son qoydu. Azərbaycan Vətən müharibəsinin davam etdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində malik olduğu imkanları nümayiş etdirdi, mənfur düşmənə əsl yerini göstərdi, dünyaya sərt mesajlarını ünvanladı. 30 ilə yaxın müddətdə superdövlətlərin maraqları ucbatından dondurulan beynəlxalq hüququ Azərbaycan 44 gündə işlək vəziyyətə gətirdi. Regionda və dünyada yeni reallıqlar yarandı və beynəlxalq aləmə bu mesaj ünvanladı ki, hər kəs mövcud vəziyyətlə barışmalıdır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməsi ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. 35-dən artıq media orqanının 50-yə yaxın sualını faktlar əsasında cavablandıran Prezident İlham Əliyev bir daha Azərbaycanın apardığı təbliğatın real faktlara, tarixi həqiqətlərə əsaslandığını bəyan etdi. Möhtərəm Prezidentimiz hər zaman ikili siyasətin yaratdığı problemlərdən bəhs edərkən bu çağırışı edirdi ki, dünyanın bu yanaşması bizi ruhdan salmamalı, daim mövqeyimizin müdafiəsi istiqamətində səylərimizi artırmalıyıq.
Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması dövlətimizin beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan mövqeyinin bir daha təsdiqidir. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır.
İşğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları 30 ilə yaxın dövrdə hansı vəhşi ilə üz-üzə olduğumuzu nümayiş etdirir. Bu reallıqlar fonunda ermənilərin yenə də yalanları ilə gündəmdə olmaq cəhdləri diqqətdən kənarda qalmır. Görünür mənfur düşmən 44 günlük müharibənin dərslərindən nəticə çıxarmayıb. Dünya ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda törətdikləri vəhşilikləri gördüyü halda Ermənistanın guya Azərbaycanın azad edilmiş ərazilərində "mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayılda erməni hərbçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqdansa, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycana məxsus mədəni irsə qarşı törədilmiş vandallıqlara diqqət yetirsinlər.
Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.
Rahib KƏRİMLİ