reklam
USD
9 ℃
EUR
BAKI

20 NOYABR 1991-Cİ İL QARAKƏND TERRORU Yaxud, torpağa gömülən həqiqətlər

NƏŞR / 19.11.2021 02:04

20 NOYABR 1991-Cİ İL QARAKƏND TERRORU
Yaxud, torpağa gömülən həqiqətlər


    Terror müasir beynəlxalq və milli hüquqa görə transmilli cinayət hesab olunur. Ona görə də, bu cinayətə qarşı mübarizə həm beynəlxalq hüququn, həm də milli hüququn narahatlıq mövzusudur. Bir qayda olaraq terrorizmin anlayışı və mahiyyətinə münasibətdə beynəlxalq və milli hüquq eyni mövqedən çıxış edir.
    Professor L.V. İnoqamova-Xeqay terrorçuluğu beynəlxalq cinayət kimi xarakterizə edərək yazır ki, beynəlxalq terrorizim mahiyyət etibarilə sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən cinayətlərdən biridir. Beynəlxalq terrorizmin təsir obyektini beynəlxalq sülhün təmin olunması üzrə ictimai münasibətlər, dövlətlərin dinc yanaşı yaşaması, ictimai təhlükəsizlik, insan hüquqları və əsas azadlıqları, habelə cəmiyyətin demokratik əsasları təşkil edir.
    Ümumiyyətlə, Ermənistanın terror cinayətləri beynəlxalq hüquqi cəhətdən hələki, yetərli şəkildə nə araşıdırılmayıb, nə də bu cinayətlərə beynəlxalq instansiyalarda, xüsusilə beynəlxalq məhkəmə qurumlarında hüquqi qiymət verilməmişdir.
    Xüsusi qeyd olunmalıdır ki, terrorla bağlı ulu öndər Heydər Əliyev vurğulamışdır ki, "dünyа sоn dərəcə mürəkkəb bir dövr yаşаyır. Bеynəlхаlq tеrrоrizm bəzi dövlətlərin dəstəyindən istifаdə еdərək dünyа nizаmınа qаrşı həmlələr еdir, еkstrеmizm, təcаvüzkаr millətçilik və dаvаkаr sеpаrаtizm idеоlоgiyаsı əsаsındа yеni qаrşıdurmа хətləri yаrаtmаğа çаlışır, sərhədləri yеnidən bölməyə və dəyişməyə cəhd göstərir”.
    1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.
    Azərbaycanda dinc əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir.
    Ermənilərin törətdiyi ən ağır cinayətlərdən biri də 20 noyabr 1991-ci ildə baş vermiş Qarakənd terrorudur. Qarakənd terroru beynəlxalq hüquqi cəhətdən qiymətini almamış erməni cinayətlərindən biridir. Müasir beynəlxalq hüquqa görə bu hadisə tamamilə beynəlxalq terror kimi tövsif edilə bilər.
    Qeyd edək ki, bu terror cinayəti 1991-ci il noyabrın 20-də ermənilər tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi üzərində 22 nəfərlik sülhməramlı missiyanı Xankəndinə aparan "Mi-8” vertolyotunun vurulması ilə törədilib. Erməni terroru nəticəsində – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.
    Bu beynəlxalq hüquqa zidd olan əməlin terror kimi tövsif olunması üçün ilk növbədə bəzi beynəlxalq konvensiyaların müddəalarına diqqət yetirmək zəruridir.
Beynəlxalq terrorçuluqla bağlı qlobal miqyasda mükəmməl konvension əsaslı bütöv bir qanunvericilik sisteminin yaradılmasına hələ ötən əsrin 30-cu illərindən başlanılmışdır. Həmin konvensiyaların böyük əksəriyyəti dövlətlərin beynəlxalq terrorçuluqla birgə mübarizə aparmasını və fəaliyyətlərini əlaqələndirmələrini nəzərdə tuturdu. 1937-ci il tarixli Cenevrə Konvensiyasından sonra "Terrorçuluğun qarşısının alınması və cəzalandırılması haqqında” Vaşinqton, "Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasını, 1970-ci il tarixli "Hava nəqliyyatının qanunsuz zəbtinə qarşı mübarizə haqqında”, 1971-ci il tarixli "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında”, 1973-cü il tarixli "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında”, 1979-cu il tarixli "Girovların götürülməsi ilə mübarizə haqqında”, 1997-ci il tarixli "Bomba terrorizmi ilə mübarizə haqqında” beynəlxalq konvensiyaları və digər beynəlxalq sazişlərin strateji əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bundan əlavə, terrorla bağlı BMT, ATƏT, Avropa Şurası, İKT və MDB çərçivəsində də bir sıra mühüm sənədlər imzalanmış, razılaşmalar əldə olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində ölkəmiz bir sıra konvensiyalara qoşularaq qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmışdır. Respublikamız terrorizmlə mübarizə üzrə BMT-nin 11 beynəlxalq-hüquqi, habelə Avropanın 10 sənədinə imza atmışdır. Azərbaycanın da qatıldığı Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında 9 dekabr 1999-cu il tarixli Beynəlxalq Konvensiyada (AR 1 oktyabr 2001-ci il tarixdə qoşulub), Bomba terrorizmi ilə mübarizə haqqında 15 dekabr 1997-ci il tarixli Beynəlxalq Konvensiyada (02.02.2001) Terrorizmin qarşısının alınması haqqında 27 yanvar 1977-ci il tarixli Avropa Konvensiyasında (05.12.2003) və "Terrorizmin qarşısının alınması haqqında Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” 15 may 2003-cü il tarixli Protokolda (22.02.2008) media və terrorizmin qarşılıqlı əlaqəsi məsələsinə də toxunulmuşdur. Eyni zamanda, Cinayət Məcəlləsində terrorçuluğa görə konkret cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
    Terrorizmin qarşısının alınması haqqında Avropa konvensiyasına görə (Strasburq, 27 yanvar 1977-ci il) Konvensiyanı imzalayan Avropa Şurası üzvü olan dövlətlər, bu cür aktları törədən şəxslərin istintaqdan və cəzadan yayınmasının qarşısının alınması məqsədi ilə tədbirlər görülməsinə çalışmalıdırlar.
    Qeyd edək ki, birincisi, bu terror cinayətinə görə bu günə qədər heç bir erməni məsuliyyətə cəlb olunmayıb. İkincisi, 20 Noyabr terror aktı təkçə Azərbaycan əleyhinə yönəlimiş cinauyət deyil, Rusiya və Qazaxıstandan olan dövlət, hərbi və ictimai xadimlərin hədəfə alındığı beynəlxalq terror aktıdır. Yəni, bu cinayət bütövlükdə region ölkələrininə qarşı bir təhdid olmaqla, həm də Ermənistanın Rusiyaya qarşı terror siyasətinin göstəricisi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu hadisəyə həm də ermənilərin ilk anti-rus, Dağlıq Qarabağda sabitliyin təmin olunmasında rusların aparıcı rol oynamasına yönələn hərbi akt kimi də baxmaq olar. Üçüncüsü, bu terror cinayətinin çəzasız qalmasının nəticəsi idi ki, azərbaycanlılara qarşı növbəti terror və digər beynəlxalq cinayətlər baş vermişdir.

    Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub.
    Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
    Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.
    20 noyabr faciəsi... 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı.
    Xatırlayırsınızsa, əhaliyə, eləcə də dünyaya yalan informasiya verilərək bildirildi ki, vertolyot duman olduğundan qəzaya uğrayıb. Ancaq sonra məlum oldu ki, bu faciəni törədən yenə də ermənilərdir.
  Mixail Qorbaçovun şəxsi köməkçisi 1991-ci il noyabrın 18-də Kremldən Bakıya zəng edir. Respublika rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Polyaniçko rəhbərlik etməli idi. Siyahının tərtibi dövlət müşaviri Məhəmməd Əsədova və Osman Mirzəyevə tapşırılır. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
    Hansı səbəbdənsə rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz "KQB"-nin Dağlıq Qarabağdakı nümayəndəsi Georgi Septa çatdırır. Qəribəsi o idi ki, Moskva Bakını qoyub, Dağlıq Qarabağdakı təhlükəsizlik polkovnikinə zəng vurur. Beləliklə, 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi qüvvədə qalır.
    Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi.
    Bütün sənədlərdən və hadisələrin gedişindən görünür ki, Moskva hər şeyi Dağlıq Qarabağdakı vassalı, polkovnik Georgi Septa ilə həll edib. Əslində Septanın ora göndərilməsində də Moskvanın razılığı olub. Beləliklə, yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23-də təsdiq edir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam aeraportuna, hərbi komendanta və bir də Moskvaya göndərilir...
    Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə qəribə bir üçlük nəzarət edir: Dağlıq Qarabağın təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov(yan).
    1991-ci il noyabrın 20-i saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.
    İkinci vertolyot - Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyotun müşayiəti olmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
    Mİ-8 N72 vertolyotunda yanğından əvvəl atışma olub. İlk atəşi böyük ehtimallara görə, vertolyotu idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış vertolyotun qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri təsdiqləyir. İstintaq sənədlərində bu, aydın görünür... Vertolyot Qarakənddə yerə endirilib. Malik Paşayan və Safur Alamzaryanın "ASALA" qrupu məhz bundan sonra sərnişinləri tərksilah edib.
    Xankəndindəki rus qarnizonun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verilib-red.) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayət işi açır. Qeyd edək ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı "ermənilər göstərib".
    Vertolyotun qara qutusunu da Lazutikin ələ keçirir. Hərbi prokuror qara qutuya toxunmağı qadağan edir və belə bir məlumat yayır ki, qara qutu "istidən", "yanğından", "partlayışdan" sıradan çıxıb, əriyib. Mütəxəssislərimiz isə yaxına buraxılmır. Halbuki "qara qutu"nun sirləri Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi.
    20 noyabr vertolyot faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular. Ancaq verilən məlumatlara və şahid ifadələrinə görə, Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıblar. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurlarıyla birgə onlar da vertolyotda uçublar.
    30 ildir faciənin qurbanlarının doğmalarını, yaxınlarını, eləcə də Azərbaycan xalqını bir çox suallar düşündürür. Məsələn, nədən ölkənin yüksək çinli dövlət məmurlarının hamısı eyni vaxtda bir vertolyota miniblər? Və yaxud, nədən onları digər hərbi vertolyotlar müşayiət etməyib? Vertolyot hansı səbəbdən partlayıb? Rusiyalı generallar hadisə yerindən necə yoxa çıxıblar? Ölənlərin cəsədlərinin vertolyotdan bir qədər kənarda yandırılması və faciə qurbanlarına məxsus bəzi əşyaların bu zaman kənara düşməsi və s. bu kimi suallar hələ də cavabını gözləyir. Cavab isə verilmir. Çünki bu faciənin kökü lap dərinliyə gedir ki, həmin dərinliklərə baş vuracaq kimsə hələ də yoxdur...
    Bu hadisənin səhəri erməni mətbuatında çox təlaşla bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni bağışlamayacaq və toparlanıb qisas alacaq. Hətta ermənilər Xankəndini belə tərk etməyə başlamışdılar. Ancaq nə yazıqlar ki, əlimizə düşən məqamı dəyərləndirə, toparlanıb ermənilərin cavabını verə bilmədik.
     Məkrli düşmən Azərbaycana qarşı torpaq iddiasına düşəndən bu yana xalqın qeyrətli oğulları hərə öz sahəsində sözünü deməyə, nəyə qadir olduğunu göstərməyə başladı. Onlar arasında təbii ki, 20 noyabr faciəsinin qurbanları da varıydı. Tofiq İsmayılov Azərbaycanın dövlət katibi postuna yenicə təyin olmuşdu. O, eyni zamanda Azərbaycanın deputatı kimi o vaxtkı SSRİ-nin yüksək kürsülərindən erməniləri ifşa edirdi, haqq səsimizi dünyaya çatdırmağa çalışırdı. Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan götürmək istəyirdilər.
    Azərbaycanın baş prokuroru İsmət Qayıbovu və daxili işlər naziri Məhəmməd Əsədovu isə ermənilər özlərinin bir nömrəli düşmənləri sayırdılar. Hətta onların hər ikisinin başına erməni lobbisi küllü miqdarda pul ayırmışdı.
    Xatırlayırsınızsa, bir dəfə Azərbaycan Televiziyasında İsmət Qayıbov həbs olunan ermənini sorğu-suala tutaraq, onların hansı haqla Azərbaycana qarşı torpaq iddiasına düşdüklərini soruşmuşdu. İsmət Qayıbov bildirmişdi ki, ermənilərin Dağlıq Qarabağla bağlı arzuları gerçəkləşməyəcək, gec-tec xalqımız işğal altında qalan torpaqları geri qaytaracaq. Nə yazıqlar ki, nəinki işğal altındakı torpaqları geri qaytara bildik, hətta Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı itirdik, üstəlik Xocalı faciəsini yaşadıq. Daxili işlər naziri postunda otursa da, sıravi əsgər kimi döyüş bölgələrini qarış-qarış gəzib insanlarda döyüş əhval-ruhiyyəsini qaldıran Məhəmməd Əsədovun da başı düşmən üçün qiymətli idi. Fürsət gözləyirdilər ki, onları məhv etsinlər. Faciədən bir müddət sonra xalq arasında şaiyə yayıldı ki, İsmət Qayıbovla Məhəmməd Əsədovu ermənilər əsir götürüblər. Və onları işgəncələr verə-verə öldürəcəklərini bildiriblər. Bütün bu şaiyələrin yayılmasının səbəbini isə yanan cəsədlərin onlarınkı olmamasıyla izah edirdilər. Bəlkə də elə buna görədir ki, həm İsmət Qayıbovun, həm də Məhəmməd Əsədovun ömür-gün yoldaşları onların yoxluğuna inanmırdılar. Güman edirdilər ki, onlar nə vaxtsa qayıdacaqlar. Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə xanımın general haqqında xatirələri: "Məni heç kim Məhəmmədin yoxluğuna inandıra bilməz. Hər dəfə qapı döyüləndə elə bilirəm o gəlir. Hətta böyük oğlumun toyunu bir neçə il ona görə gecikdirdim ki, gəlib özü xeyir-dua versin". Çünki əzizini itirən hər bir kəs bu hissi yaşayır. Ancaq İsmət Qayıbovun həyat yoldaşı da eyni fikri söyləmişdi. Məndə tam əminlik yaranır ki, hər iki şəxs ölməyib, onları ermənilər girov götürüblər. Sonrası isə Ulu Tanrıya bəllidir.

   ... Fəxri Xiyabanda bir sırada cərgələnmiş qara mərmər daşların üzəri hər il qərənfillərlə bəzədilir. Həmişə belə olacaq. 20 noyabr faciəsi qurbanlarının əzizləri, yaxınları yenə də qara mərmər daşların önündə dayanaraq çox suallara cavab axtarmağa çalışacaqlar. Ancaq yenə də sualları cavabsız qalacaq. Çünki bütün həqiqətləri onlar özlərilə birgə torpağa gömüblər...

Rahib KƏRİMLİ


Oxunub: 1140






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim